Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-220/2023 08.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 1(076)-15/2023 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 1(076)-15/2023 saylı hökmü ilə (sədrlik edən Teleh Musayev) xx xxxx 1972-ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, subay, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olmaqla, Şəmkir rayonu, Abbaslı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, icra məmurunun qanuni tələblərini yerinə yetirmək və yığılmış aliment borcunu ödəmək vəzifələrinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, hökmün icrasının Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 1(076)-15/2023 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxsə daha yüngül cəza növünün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş və həmin məhkəmə aktının icrasına maneçilik törətmişdir. Belə ki, o, cavabdeh kimi ondan, xx.xx.2014-cü il tarixdən hesablanmaqla, xx.xx.2008-ci il təvəllüdlü Ayxan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(104)-799/2015 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə, habelə Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi əsasında inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 20 gün, 10 gün və 15 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2021-ci il,xx.xx.2022ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3.410 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək, zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Belə ki, birinci instansiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmadan, təqsirləndirilən şəxsin ailə vəziyyətini, həyat şəraitini nəzərə almadan hökm çıxarmış, ona olduqca ağır cəza təyin etmişdir, həmin cəza onun şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Belə ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir, özünü ona istinad edilən cinayət əməlinin törədilməsində təqsirli bilir, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, zərərçəkmiş şəxslə barışmağa cəhd etmişdir, yaranmış aliment borcundan bir qismini ödəmişdir, əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Göründüyü kimi birinci instansiya məhkəməsi onun barəsində yüngülləşdirici halları nəzərə almadan hökm çıxartmışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi, təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halların nəzərə alınmaqla ona daha yüngül cəza növünün təyin edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də şikayətdə göstərilənlərin nəzərə alınmasını, ona daha yüngül cəza növünün təyin edilməsini xahiş etdi. Bundan başqa müdafiəçi əlavə olaraq bildirdi ki, iş üzrə zərərçəkmiş şəxs öldüyündən uşaqların ataya verilməsi ilə bağlı birinci instansiya məhkəməsinə mülki iddia qaydasında müraciət olunmuşdur, hazırda həmin iddia məhkəmənin icraatındadır, göründüyü kimi şərait dəyişdiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edilərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə alındığını, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması, həmin halların nəzərə alınaraq ona daha yüngül cəza növünün təyin edilməsindən, həmçinin şəraitin dəyişməsi nəzərə alınaraq iş üzrə icraata xitam verilməsindən ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 306.1-ci maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin tam etirafedici ifadələrini, eləcə də zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və icra sənədini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-nın 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətində müdafiə tərəfi işin faktiki hallarını, təqsirlilik məsələsini və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları sadalamaqla həmin halların kifayət qədər nəzərə alınmamasını qeyd etmiş, həmin halların nəzərə alınaraq təqsirləndirilən şəxsə daha yüngül cəza növünün təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunan cəzanı yüngülləşdirən halların nəzərə alınmaması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 41.2, 58.3, 59-cu maddələrini rəhbər tutaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, həmçinin təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və cinayətin törədilməsi nəticəsində dəymiş ziyanın bir qismini ödəməsini cəzanı yüngülləşdirən hal kimi, eyni zamanda əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış, ona CM-in 306.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş cəza təyininin ümumi əsaslarını nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmiş və hazırki halda məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirici və ağırlaşdırıcı halları, apellyasiya instansiyasında tədqiq edilən halları təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Bununla yanaşı məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiçisinin məhkəmə iclasında şəraitin dəyişməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi ilə bağlı apellyasiya şikayətinə əlavə etdiyi dəlilinə də hüquqi qiymət verərək qeyd edir ki, müdafiəçinin həmin məsələ ilə bağlı qeyd etdiyi xüsusat məhkəmə kollegiyasının cinayət işi üzrə gəldiyi hüquqi nəticəyə heç bir təsir etmək imkanına malik olmadığından həmin dəlillər əsaslı hesab edilərək təmin oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasında hökmün dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 1(076)-15/2023 saylı hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 1(076)-15/2023 saylı hökmü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-220/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-220/2023
08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver