Məhkəmə qərarları › İş №1(104)-226/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-226/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-226/2024 12.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Əliyev Nural Turab oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 1(021)-52/2024 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə Rayon Məhkəməsinin (hakim Fuad Babaşov) 20 fevral 2024-cü il tarixli, 1(021)-52/2024 nömrəli hökmü ilə xx.xx.2003-cü ildə Bərdə rayonu, Lək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bərdə rayonu, Lək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan,barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, üzərinə Bərdə rayonu, Lək kəndi ünvanındakı yaşayış yerini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 7,48 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 08 noyabr 2023-cü il tarixdə saat 12:10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə rayonu, Alaçadırlı kəndində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 7,48 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli hökmü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri, Narkoloji Dispanserin 20 dekabr 2023-cü il tarixli 2073 saylı rəyi nəzərə alınmaqla ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməklə təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 7,48 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək üstündə saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin şəxsiyyətini xarakterizə edən halları nəzərə almadan ona daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Məhkəmə öz hökmündə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etməklə yanaşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri, Narkoloji Dispanserin 20 dekabr 2023-cü il tarixli 2073 saylı rəyində olan təqsirləndirilən şəxsin narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyini, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunu nəzərə almamış və barəsində yalnız yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata götürülməsini düzgün hesab edərək cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini və məhkum barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri, Narkoloji Dispanserin 20 dekabr 2023-cü il tarixli 2073 saylı rəyi nəzərə alınmaqla ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməklə təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya protestinə etiraz etdi, protestin dəlilləri ilə razılaşmayaraq göstərdi ki, törətdiyi əməldən peşmandır, bir daha belə işlərlə məşğul olmayacaqdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini, apellyasiya protestinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya protestinə etiraz etdi, məhkum barəsində olan yüngülləşdirici halların nəzərə alınaraq apellyasiya protestinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılması hüdudlarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin təmin olunmasına dair dövlət ittihamçısının, apellyasiya protestinin təmin edilməməsinə dair məhkumun və müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli hökmü cinayət qanunvericiliyinin normaları düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Cinayət hadisəsinin məhkum tərəfindən törədilməsi məhkumun etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya protestində də əməlin tövsifi, təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmir. Məhkəmə apellyasiya protestinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə məhkuma təyin edilən cəza ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları (əməlini etiraf etməsini və törətdiyi əməldən səmimi peşman olmasını) və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq qanuni və əsaslı cəza təyin etmişdir. Təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkumun cəzasının daha ağır cəza ilə əvəz edilməsi üçün qanuni əsaslar yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs – 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Apellyasiya protestinin təmin ediləcəyi təqdirdə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı Təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini təklif etmişdir. Dövlət ittihamçısı istər məhkəmə çıxışında, istərsə də protestdə maddənin sanksiyasında 2 alternativ cəza nəzərdə tutulduğu təqdirdə, təqsirləndirilən şəxsə hansı səbəbdən məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Dövlət ittihamçısı apellyasiya protestində məhkuma daha ağır cəza təyin edilməsinin zəruriliyini onunla əsaslandırmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin şəxsiyyətini xarakterizə edən halları nəzərə almamışdır. Məhkəmə tərəfindən iş materialları yenidən tədqiq edilmiş, birinci instansiya məhkəməsinin məhkum barəsində nəzərə aldığı yüngülləşdirici hallara dair iş materiallarında sübutların mövcudluğuna qiymət verilmiş və belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi yüngülləşdirici halları nəzərə alarkən iş materiallarına əsaslanmış və apellyasiya protestinin dəlilləri iş materialları ilə təkzib edilir. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günlərindən törətmiş olduğu cinayət əməlini səmimi etiraf etmiş, əməlindən peşmançılıq çəkmiş və öz əməlinə tənqidi münasibət bəsləmişdir. Qeyd olunan hal Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra öz əməlinə tənqidi münasibət bəsləməyən və əməlindən peşmançılıq keçirməyən digər məhkumlardan fərqləndirmək üçün ciddi əsasdır. Məhkəmə qeyd edir ki, CM-nin 234.1-ci maddəsi ilə törədilən cinayət əməlinin ziyan vurduğu münasibətlərin ən birincisi elə şəxsin öz sağlamlığıdır. Belə olan halda məhkəmə tərəfindən məhkuma cəza təyin edilərkən, onun cinayətə qədər və cinayətdən sonrakı davranışı, öz davranışı ilə islah yoluna qədəm qoyması, cinayət əməlini törətdikdən sonra yeni cinayət əməlləri törətməsi ehtimalı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə əməlindən peşman olan şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Bundan başqa məhkumun apellyasiya instansiya məhkəməsinin iclasında davranışı, təqsirini etiraf etməsi, törətdiyi əməldən səmimi peşman olması məhkəmədə belə bir inam yaradır ki, məhkum islah yoluna qədəm qoymuş və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə həmin halları CM-nin 59-cu maddəsinə əsasən məhkumun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin edilmiş cəza da kifayət qədər ciddi eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi CM-nin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə bu konteksdən çıxış edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları düzgün olaraq nəzərə almış, qanuni və əsaslı hökm çıxarmışdır. Beləliklə məhkəmə törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan yüngülləşdirici halları, həm də apellyasiya instansiyasında tədqiq edilən halları təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təyin edilmiş cəzanın ağırlaşdırılmasını məqsədəmüvafiq hesab etmir. Həmçinin məhkəmə qeyd edir ki, protestin əsas dəlili ondan ibarətdir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri, Narkoloji Dispanserin 20 dekabr 2023-cü il tarixli 2073 saylı rəyində olan təqsirləndirilən şəxsin narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyini, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunu nəzərə almamış və barəsində yalnız yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata götürülməsini düzgün hesab edərək cinayət qanunu normasını düzgün tətbiq etməmişdir . Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri, Narkoloji Dispanserin 20 dekabr 2023-cü il tarixli 2073 saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Beləliklə, məhkəmə iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 1(021)-52/2024 nömrəli hökmü cinayət qanunvericiliyinin normaları düzgün tətbiq edilməklə dəyişdirilməli və Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb olunmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 1(021)-52/2024 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin. Hökm qalan hissədə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar