Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-228/2023 18.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), X4 və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qazax Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1(023)-06/2023 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Qazax Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1(023)-06/2023 saylı hökmü ilə (sədrlik edən Fəxri Məmmədov) xx.xx.1973-cü ildə Türkiyə Respublikası Reyhanlı şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, orta təhsilli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ailəli, himayəsində bir azyaşlı uşağı olan, Türkiyə Respublikası, Antakya şəhəri, Akasiya mahallesi 148 küç. No 12 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 aprel 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan 3 (üç) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, onun narkoloji kabinetdə profilaktik qeydiyyata alınması qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1(023)-06/2023 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla ümumilikdə 6,708 qram psixotrop maddə hesab edilən metamfetamini cəmi 05 kağız bükümdə qablaşdıraraq onun 4 bukümünü 1 sellofanda yerləşdirib idarə etdiyi “Volvo” markalı 31RB775/31RB776 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin salonunda sərnişin oturacağının üzərinə, digər 1 bükümünü isə əynindəki şalvarın sol cibində olan pul kisəsinin içərisinə qoyaraq saxlamış, Gürcüstandan tranzit keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış, 22 aprel 2022-ci il tarixdə saat 21 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda idarə etdiyi “Volvo” markalı 31RB775/31RB776 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etmədən qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Belə ki, birinci instansiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmadan, təqsirləndirilən şəxsin ailə vəziyyətini, həyat şəraitini nəzərə almadan hökm çıxarmış, ona olduqca ağır cəza təyin etmişdir, həmin cəza onun şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Belə ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir, özünü ona istinad edilən cinayət əməlinin törədilməsində təqsirli bilir, evli olmaqla himayəsində azyaşlı uşaqları var, uşaqlarından biri nazofaringit xəstəliyindən əziyyət çəkir, ailədə yeganə qazanc gətirən şəxsdir, bundan başqa onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Bununla yanaşı 6 mart 2023-cü il tarixdə Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində təqsirləndirilən şəxsin ailə üzvlərinin və yaxın qohumlarının məskunlaşdığı Hatay vilayətinin Antakya şəhərindəki dağıntılar nəticəsində bir çox yaxınlarını itirmiş, bütün mal varlığı olan tək evi də yararsız vəziyyətə düşmüşdür. Bu hadisə təqsirləndirilən şəxsi dərindən sarsıtmış və mənəvi cəhətdən tam olaraq çökməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi onun barəsində yüngülləşdirici halları nəzərə almadan hökm çıxartmışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi, təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında baxılarkən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, özünü təqsirli bilir, əməlindən səmimi peşman olmuşdur, evli olmaqla himayəsində azyaşlı uşaqları var, uşaqlarından biri nazofaringit xəstəliyindən əziyyət çəkir, ailədə yeganə qazanc gətirən şəxsdir, Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində bir çox yaxınlarını itirmiş, bütün mal varlığı olan tək evi də yararsız vəziyyətə düşmüşdür, evsiz qalan ailəsinin hazırda ona ehtiyacı vardır. Ona görə də şikayətdə göstərinlərin nəzərə alınmasını, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə tövsif edildiyini bildirdi, məhkuma cəza təyin edərkən şəxsiyyətini, ailə vəziyyətini kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması, həmin halların nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 206.2 və 234.1-ci maddələri ilə üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddələr ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilibedilməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxsı Azərbaycan Respublikası CM-nın 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-nın 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə baxış iclasında müdafiəçi təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları sadalamaqla həmin halların kifayət qədər nəzərə alınmamasını qeyd etmiş, həmçinin birinci instansiya məhkəməsi tərəfindən hökm qəbul edildikdən sonra təqsirləndirilən şəxsin həyat şəraitinin dəyişməsini (baş vermiş zəlzələ nəticəsində bir çox yaxınlarını itirməsini və bütün mal varlığı olan tək evinin yararsız vəziyyətə düşməsini) bildirərək azadlıqdan məhrimetmə ilə əlaqədar olmayan daha yüngül cəza növünün təyin edilməsini xahiş etdi. Apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir ki, cəza təyini zamanı məhkum barəsində olan bütün yüngülləşdirici hallar, cinayət törədildikdən sonrakı davranışı, təyin olunmuş cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsiri səviyyəsi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız azadlıqdan məhrumetmə cəzasının təyin olunması şəraitində mümkündür və məhkəmə kollegiyası ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi üçün qanuni və hüquqi əsaslar görmür. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə kollegiyası məhkumun şəxsiyyətini və apellyasiya məhkəməsinin iclaslarındakı davranışını nəzərə alaraq, təqdim olunmuş sübutlara hərtərəfli, tam və obyektiv hüquqi qiymət verərək hesab edir ki, işdə olan yüngülləşdirici hallar məhkuma təqsirli bilindiyi CM-in 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az həddə cəza təyin edilməsinə, eyni zamanda təqsirli bilindiyi CM-in 234.1ci maddəsi ilə təyin edilmiş cəzanın aşağı endirilməsinə əsas verir. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası işdə olan yüngülləşdirici halların nəzərə alınması fonunda birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının sərt olması qənaətinə gəlir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir, özünü təqsirli bilir, əvvəllər məhkum olunmamışdır, evli olmaqla himayəsində azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir. Bundan başqa apellyasiya məhkəməsinə təqdim olunmuş sənədlərdən görünür ki, 6 mart 2023-cü il tarixdə Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində təqsirləndirilən şəxsin ailə üzvlərinin və yaxın qohumlarının məskunlaşdığı Hatay vilayətinin Antakya şəhərindəki dağıntıların təsirindən bir çox yaxınlarını itirmiş, bütün mal varlığı olan tək evi yararsız vəziyyətə düşmüşdür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsinin tətbiq edərək ona təqsirləndirildiyi CM-in 206.2-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsinin mümkünlüyü nəticəsinə gələrkən onun yuxarıda sadalanan yüngülləşdirici hallarla yanaşı, onun ailəsinin həyat şəraitinə birbaşa təsir göstərən hadisə olan baş vermiş zəlzələ nəticəsində çətin vəziyyyətə düşmüş ailəsinin mənəvi və maddi dəstəyə ehtiyacı olmasını da nəzərə alır. Ona görə də məhkəmə kollegiyası qeyd olunan halların məcmusunu Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 206.2-ci maddəsinə münasibətdə müstəsna hallar kimi qiymətləndirir və hesab edir ki, bu hallar CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsas ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Plenum Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, CM-nin 62.1-ci maddəsinin mənasına görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ, daha yüngül cəzaların olması (məsələn, CM-nin 177.2 və 178.2-ci maddələri) həmin maddədə müəyyən edilmiş hər hansı cəza növünün aşağı həddindən də az cəza təyin edilməsinə mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 206.2-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəzanın təyin edilməsi, eyni zamanda CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın aşağı endirilməsi mümkündür və bu cəza CM-nin 41.2-ci maddəsinin tələblərinə cavab verir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəzanı yüngülləşdirən halları nəzərdə tutan CM-in 59.2-ci maddəsində cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halların da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilməsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan halları onun cəzasını yüngülləşdirən hallar kimi cəza təyini zamanı nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa Təqsirləndirilən şəxs əməlində AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası o qənaətdədir ki, Təqsirləndirilən şəxs barəsində hazırda nəzərə alınması qeyd olunan cəzasını yüngülləşdirən halların məcmusu məhkuma təyin olunmuş cəzanın ağır olduğunu göstərməklə, onun islah olunması məqsədinə cavab verdiyi anlamına gəlməyə əsas verir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs özünün davranışları, danışıq tərzləri ilə törətmiş olduğu cinayət əməlinə görə cinayət əməlini törətdiyi gündən bu günə kimi keçən müddət ərzində islah yoluna qədəm qoymasına məhkəmə kollegiyasını inandırmış və bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddi məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun deyil, buna görə də təqsirləndirildiyi CM-nin 206.2-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəzanın təyin edilməsi, eyni zamanda CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın aşağı endirilməsi mümkündür və bu yanaşma ədalət və hümanizm prinsiplərinin tələblərinə uyğundur. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, məhkumun şəxsiyyətinə uyğun olmasını, sosial ədalətin bərpası məqsədi daşımasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, barəsində apellyasiya şikayəti verilmiş məhkuma aid olan cəzasını yüngülləşdirən hallar qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən yuxarıda sadalanan halları, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və təqsirləndirildiyi CM-nin 206.2-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəzanın təyin edilməsini, eyni zamanda CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın aşağı endirilməsini məqsədəmüvafiq, ədalətli, işin hallarına uyğun hesab edir Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 206.2-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəzanın təyin edilməli, eyni zamanda CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın həddi aşağı endirilməlidir. Şərh olun anlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 399, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1(023)-06/2023 saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 9 (doqquz) ay müddətinə və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 6 (altı) ay müddətinə endirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-228/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-228/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver