Məhkəmə qərarları › İş №1(104)-23/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-23/2023

08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-23/2023 08.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15in nümayəndəsi X6 iştirakı ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin 9 avqust 2022-ci il tarixli, 1(125)-10/2022 saylı hökmündən Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin 9 avqust 2022-ci il tarixli, 1(125)-10/2022 saylı hökmü ilə (sədrlik edən Cavid Tağıyev) xx.xx.1952-ci il tarixdə Goranboy rayonunun, Dəliməmmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə X12 şəxs Gəncə Şəhər Birləşmiş xəstəxanası X15 Abbas Səhhət adına xəstəxananın Cərrahiyə şöbəsinin həkim travmatoloq-ortopedi vəzifəsində işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1və 313-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün həmin maddə ilə ona cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzasını iş yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin Təqsirləndirilən şəxs3 qazancından dövlət nəfinə tutmalar aparıldığı vaxtdan hesablanması, barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan xx.xx.2016xx.xx.2017-ci il tarixli 5627 saylı stasionar xəstənin tibbi kartasından çıxarış, xx.xx.2018xx.xx.2018-ci il tarixli 151saylı stasionar xəstənin tibbi kartasından çıxarış və 1 mart 2018ci il tarixli 0509003AABYX nömrəligöndərişin cinayət işinin materiallarında saxlanılması, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15in mülki iddiasının təmin edilməsi, Təqsirləndirilən şəxs3 20961,20 (iyirmi min doqquz yüz altmış bir manat 20 qəpik) manat maddi ziyan alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15in hesabına ödənilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 9 avqust 2022-ci il tarixli, 1(125)-10/2022 saylı hökmündən Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs3 1 noyabr 2002-ci il tarixdən ittiham olunanadək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın travmatologiya şöbəsinin həkim travmatoloqu vəzifəsində işləyərkən həmin nazirlik üzrə 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak etmək və tibbi-sosial ekspertiza üçün zərurisənədləri hazırlaması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görmək və digər səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxs yanında saxta nüfuzqazanmaq, eləcə də tanışı olan şəxsin əlilliyə görə maddi yardım almasına köməkliketmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Kəlbəcər rayon hərbi komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılaraq döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin noyabr ayında yaralanaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 270 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı "Odlu silah mərmi partlamasından sonrakı sağ arxa ənsə nahiyəsində bir ədəd, başın sol təpə nahiyəsində bir ədəd, qarının ön-yan səthində bir ədəd, sol mil-bilək oynağının arxa səthində bir ədəd, sol əlin arxa səthində 2-ci daraq sümüyünün orta 1/3 səviyyəsində bir ədəd, sağ əlin arxa səthində 2-ci daraq sümüyünün distal ucu səviyyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində iki ədəd, sağ baldırın yuxarı 1/3-nin ön səthində iki ədəd köhnə çapıq toxumaları. Sol əlin İİ barmağının proksimal falanqasının yumşaq toxumaları arasında 4 mm ölçüdə metal qəlpə" diaqnozu qoyulmuş, xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbli müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilmiş və əlilliyin səbəb-əlaqəsini dəyişmək üçün Gəncə şəhər Müharibə və X2 xx.xx.2016- cı il tarixdən qeydiyyatda olmaqla poliklinika tərəfindən verilmiş göndəriş əsasında Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın Travmatologiya şöbəsində stasionarmüalicə alması üçün özünə müraciət etmiş xx xxxx 1960-cı il təvəllüdlü, Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında təcili tibbi yardım maşınında sürücü işləyən, Kəlbəcər şəhəri, N.Gəncəvi prospekti, ev 150-də qeydiyyatda olan və Gəncə şəhəri, 1500 ailəlik məcburi köçkün şəhərciyi, ev 20, mənzil 8-də yaşayan Şahid8 barəsində, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 2 ünvanında yerləşən ünvan 3məti otağında Şahid8 barəsində obyektiv, laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2018- ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilətəsdiq olunmuş “Əlilliyin müəyyən olunması Meyarlarına dair Əsasnamə”yə əsasən “qıcolma tutmaları” diaqnozu əlillik təyininə əsas verdiyindən rəsmi sənəd hesab edilən xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 137 nömrəli əmrlə təsdiq olunmuş 5627 və 151 saylı stasionar xəstənin tibbi kartasından çıxarışa xx.xx.2017 və xx.xx.2018ci il tarixlərdə tam diaqnoz kimi (əsas xəstəliyi, yanaşı, ağırlaşma) “kəllədaxili travma, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, kəllədaxili hipertenziya tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə). Sol tərəfli hemoparez” kimi bilə-bilə yalan diaqnozlarını vahid şəxsi niyyətlə qeyd edərək vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta xəstəlik tarixlərini Şahid8 təqdim etdikdən sonra sonuncunun həmin xəstəlik tarixini 1 mart 2018-ci il tarixdə Gəncə Müharibə və X3 Həkim məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid8 həmin diaqnozların olduğuna qeyd edilən xəstəlik tarixinə istinadən əmin olub 1 mart 2018-ci il tarixli 0509003AABYX nömrəli elektron göndərişə əsas diaqnozu qismində “kəllədaxili travma, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, kəllədaxili hipertenziya tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə). Ağırlaşma diaqnozları Sol tərəfli hemoparez, sol yuxarı və aşağı ətrafların funksiyasının pozulması” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə Şahid8 beş il müddətə, yəni xx.xx.2023-cü il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2018-ci il tarixli qərar verilməsi nəticəsində sonuncuya həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə 20961,2 manat (iyirmi min doqquz yüz altmış bir manat iyirmi qəpik) məbləğində pul vəsaitinin ödənilməsinə nail olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, habelə Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın (xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə X12 şəxs Gəncə Şəhər Birləşmiş xəstəxanası X15 Abbas Səhhət adına xəstəxana olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan hökm çıxarmışdır. Belə ki, ona qarşı irəli sürülən ittiham əsassızdır. Onun əməlində heç bir cinayət tərkibi yoxdur, ona istinad edilən cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi hökm çıxararkən yalnız ittiham tərəfinin təqdim etdiyi qeyri mötəbər sübutları əsas götürmüş, digər sübutlara isə qiymət verməmişdir. Onun tərəfindən Şahid8 “qıcolma tutmaları” diaqnozu qoyulmamışdır. Həkim-travmatoloq olaraq xəstənin nevroloji müayinələrini aparmaq onun səlahiyyətində deyildir. Qıcolma tutmalarının sayının önəminin olub-olmaması məhkəmə istintaqı zamanı araşdırılmamışdır. Onun tərəfindən hər hansı bir qanun pozuntusuna və qayda normalarına zidd hərəkətlərə yol verilməmişdir. Bu hallara birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı məhkəmə istintaqı Məhkəmə kollegiyası apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını qərara almış, bu məqsədlə Təqsirləndirilən şəxs3, həmçinin iş üzrə Şahid10 və mütəxəssis X9 dindirilmiş, işdə olan digər sübutlar təkrarən tədqiq edilmiş və qiymətləndirilmişdir. Apellyasiya şikayətinə cinayət prosesi tərəflərinin münasibəti Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə etdilər, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə tövsif edildiyini, məhkuma cəza təyin edilərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə alındığını, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində islah işləri cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin hökmünün ədalətli və qanuni olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Təqsirləndirilən şəxs3 ifadəsi Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əlilliyin verilməsi ilə bağlı xəstəxanaya müraciət edən şəxsin tibbi sənədləri yoxdursa ona göndəriş verilərək müayinələrdən keçirilir, zərurət olduqda digər klinik xəstəxanalara göndərilir,ambulator və stasionar müalicələr aparılır, əgər xəstəliyi ilə bağlı sənədləri varsa və əlavə müalicəyə ehtiyacı yoxdursa sənədlər toplanaraq komissiyaya təqdim edilir. Xəstə Şahid8 stasionara yerləşdirilməsini novropatoloqa məsləhət görmüş, xəstəyə köməkçi müayinələr aparmışdır. Xəstə müalicə aldığı dövrdə kəllənin və döş qəfəsinin rentgen müayinəsindən keçirilmiş, nevropatoloqun konsultasiyasında olmuş, xəstənin şikayətləri dinlənilmişdir. Xəstəyə nevropatoloq tərəfindən qıcolma diaqnozu qoyulmuşdur. Nevropatoloq həkimi diaqnozda qıcoloma qeyd etdiyi üçün o, Goranboy rayonunda işləyən həkimə zəng edərək qıcolma diaqnozunun ayda neçə dəfə qeyd olunmalı olduğunu soruşduqda o isə 7-8 dəfə qeyd olunmalı olduğunu bildirmişdir. Xəstənin xəstəlik tarixçəsini o, tərtib etmiş, köməkçisi müayinələrlə xəstənin tibbi kartı açılmışdır. O, qanunsuz olaraq heç bir şey etməmişdir. Belə ki, diaqnozu xəstəyə nevropatoloq qoymuşdur. Şahid10 ifadəsi Məhkəmə kollegiyasının iclasında iş üzrə Şahid10 ifadəsində göstərdi ki, o, 2015-ci ildən Gəncə şəhər Müharibə və X1 həkim-məsləhət komissiyasının üzvidir. Şahid8 poliklinikaya müraciət edərək Azərbaycan Respublikası müdafiəsi zamanı aldığı kəllə beyin travma ilə əlaqədar olaraq əlillik səbəbinin dəyişdirilməsini xahiş etmişdir. Belə ki, o insult xəstəsi olduğu üçün bir neçə ilə əvvəl ona 2-ci qrup əlillik dərəcəsi verilmişvə o xəstəliyə görə pensiya almışdır. Xəstədə söhbət zamanı əsəbi olduğu, yaddaş pozğunluğu aşkar etmişdir. Söhbət zamanı xəstə 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə kəllə beyin travması aldığını bildirmişdir. Eyni zamanda xəstə Gəncə müalicə diaqnostika mərkəzində kəllə beyin müayinəsi etdirmişdir. Əldə etdiyirəsmi sənədləri ona təqdim etmiş və həmin sənədlərdən məlum olmuşdu ki, həqiqətən də həmin şəxs kəllə beyin travması almışdır. Bundan sonra xəstə haqqındapoliklinikada ambulator xəstənin tibbi kartası açılmışdır. Xəstənin təqdim etdiyi tibbi sənədlər əlavə olunduqdan sonra stasionar müalicə və müayinə olunması üçün Gəncə şəhər Abbas Səhhət adına xəstəxanasına göndəriş verilmişdir. Qeyd olunan diaqnoz ona Abbas Səhət adına Gəncə şəhər 1 saylı Xəstəxanasından verilmiş epikrizlər əsasında yazılmışdır. Həmin diaqnozları xəstəxananın Travmatologiya şöbəsi qoymuşdur. Həkim məsləhət komissiyasında ixtisas həkimi özü olmuşdur, çünki xəstənin diaqnozları nevropatoloqun sahəsinə aid olmuşdur. Xəstə komissiyaya müraciət edərkən hansısa yerdə işləməsi barədə heç bir məlumat verməmişdir. Xəstə müraciət edən zaman stasioanar qaydada müalicələr alması barədə epikrizlər təqdim etmiş və həmin epikrizlər əsasında da ona forma 88 yazılmışdır. X8 ifadəsi Məhkəmə kollegiyasının iclasında mütəxəssis X9 ifadəsində göstərdi ki, hal-hazırda X16 Mərkəzi və X4 həkim nevropatoloq işləyir. Xəstəliyin ağırlaşmasının sayı yox, növü əhəmiyyətlidir. Xəstəliyin növü barədə diaqnozu nevropatoloq qoyur. Qıcolmaların sayının dəqiqləşdirilməsi üçün elektrofriksiya aparılır. Həmin zaman xəstəliyin təxminən 70 faizi müəyyən edilir. Heç bir laborator və kliniki müayinələr zamanı epilepsiya müəyyən olunmur. Qıcolmalar ya irsi olur, ya da qazanılmış olur. Bir dəfə epilepsiya tutması olubsa xəstəlik müalicə olunmur, lakin 2 və ya daha çox tutma olubsa xəstə müayinə olunur və antiepileptik dərmanlar təyin olunur. 2 və daha çox tutma olubsa bu çoxsaylı hesab edilir. Tutmalar davamlı olursa və onun qarşısı alına bilmirsə onda həmin xəstəni müalicəsi nevropotoloqun səlahiyyətindən çıxır, həmin xəstənin müalicəsi psixiatr həkimə həvalə olunur, kəllə daxili travmanı isə travmatoloq müalicə edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsə ittiham olunduğu maddələr üzrə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs3 istinad olunan 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, müddi sübutlar, istintaq hərəkətinin protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi həmin hissədə əməlin tövsifində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs3 ittiham olunduğu CM-in 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci və apellyasiya instansiya məhkəmələrinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməsi xahişini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs heç bir cinayət əməli törətməmişdir, onun tərəfindən xəstəyə “qıcolma tutmaları” diaqnozu qoyulmamışdır. Həkim-travmatoloq olaraq xəstənin nevroloji müayinələrini aparmaq onun səlahiyyətində deyildir. Diaqnozu xəstəyə nevropatoloq qoymuşdur. Onun tərəfindən hər hansı bir qanun pozuntusuna və qayda normalarına zidd hərəkətlərə yol verilməmişdir, müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə tərəfindən rədd edilmiş və buna dair məhkəmə tərəfindən heç bir əsas göstərilməmişdir. Məhkəmə tərəfindən hökmdə olan ifadələr doğru qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan, “İşin halları” bölməsində təsvir edilmiş faktiki halların şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunan faktiki halların Təqsirləndirilən şəxs3 ittiham olunduğu CM-in 308.1 və 313-cü maddələri ilə müqayisəsi isə onu göstərir ki, həmin cinayət-hüquqi norması təqsirkarın əməlinə düzgün şamil edilmişdir. İş materiallarında olan xx.xx.2016-xx.xx.2017-ci il tarixli 5627 saylı Stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, müalicə həkimi Təqsirləndirilən şəxs3 tərəfindən Şahid8 “Odlu silah mərmi partlamasından, başın sağ arxa ənsə, sol təpə nahiyəsinin, bədənin çoxsaylı qəlpə yaralanmasından keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət (1992). Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Travmadan sonrakı ensefalopatiya İİ mərhələ. Tez-tez təkrar olunan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə). Kəllədaxili hipertenziya. Asteno-nevrotik vəziyyət. Keçirilmiş işemik insultdan (2016) sonrakı qalıq əlamətləri. Sol tərəfli hemoparez. Hipertenziya xəstəliyi İİ b mərhələ. Böyrək daşı xəstəliyi. Sağ böyrəyin daşı. Sağ tərəfli xroniki piolenefrit xroniki böyrək çatmamazlığı" diaqnozu qoyulmuşdur. (cild Vİİİ, i.v 10) İş materiallarında olan xx.xx.2018-xx.xx.2018-ci il tarixli Stasionar xəstənin tibbi kartasından çıxarışdangörünür ki, müalicə həkimi Təqsirləndirilən şəxs3 tərəfindən Şahid8 “Odlu silah mərmi partlamasından, başın sağ arxa ənsə, sol təpə nahiyəsinin, bədənin çoxsaylı qəlpə yaralanmasından keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət (1992). Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Travmadan sonrakı ensefalopatiya İİ mərhələ. Tez-tez təkrar olunan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə). Kəllədaxili hipertenziya. Asteno-nevrotik vəziyyət. Keçirilmiş işemik insultdan (2016) sonrakı qalıq əlamətləri. Sol tərəfli hemoparez. Hipertenziya xəstəliyi İİ b mərhələ. Böyrək daşı xəstəliyi. Sağ böyrəyin daşı. Sağ tərəfli xroniki piolenefrit xroniki böyrək çatmamazlığı" diaqnozu qoyulmuşdur. (cild Vİİİ, i.v 11) İş materiallarında olan 1 mart 2018-ci il tarixli 0509003AABYX nömrəli elektron göndərişdən görünür ki, Şahid8 qeyd olunan elektron göndərişində əsas diaqnozu kimi “Kəllədaxili travma, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri (1992). Kəllə daxili hipertenziya tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 7-8 dəfə). Ağırlaşma diaqnozu kimi Digər paralitik sindromlar, Sol tərəfli hemeparez, sol yuxarı və aşağı ətrafların funksiyasının pozulması. Hərəkət məhdudluğu» diaqnozları qeyd olunaraq Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Həmin göndəriş xx.xx.2018-ci il tarixdə Nazirlik yanında Dövlət Tibb Sosial Ekspertiza və Reablitasiya Xidmətində qiymətləndirilmiş və Şahid8 Azərbaycan Respublikasının ərazibütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İş üzrə ifadələrdən və işin müəyyən edilmiş obyektiv hallarından görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, habelə Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyəsistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, hazırki iş üzrə şahid qismində ifadə vermiş Şahid7 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdirinin müavini vəzifəsini icra edir. Vəzifəsi Respublika üzrə tibbi sosial ekspertizanın təşkili, əlilliyin qiymətləndirilməsi və sair bu kimi işlərdən ibarətdir. Əlillik təyinatları üzrə risk qrupuna daxil olan şəxslərin əlillik vəziyyətlərinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi araşdırmalar aparılır və əlillik dərəcəsi verilmiş şəxslərin əlillik vəziyyəti təkrar qiymətləndirilir. Bu səbəbdən Nazirlik yanında Dövlət Tibbi Sosial Ekspertiza vəReabilitasiya xidmətində komissiya yaradılmış və o, həmin komissiyada ekspert həkim cərrah kimi üzvlüyünə daxil edilmişdir. Yaradılmış həmin komissiyanın işi keçmiş əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı verilən qərarların əsaslığının araşdırılması və əyani müayinə edilərək əlillik vəziyyətinin yenidən qiymətləndirilməsindən ibarətdir. Bu məqsədlə bir çox əlilliyi olan və eləcə də əlil kimi qeyd edilmiş şəxslərin Nazirliyin Mərkəzi Elektron İnformasiya sisteminin Əlillik Alt sisteminə səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilərək elektron formada daxil edilmiş göndərişləri (forma 88) təftiş edilmiş və müəyyən edilmişdir ki, göndərişdə qeyd olunmuş diaqnoz və ağırlaşmalar köməkçi diaqnostik müayinələrlə əsaslandırılmamışdır. Bu səbəbdən imtina qərarı verilmiş, şəxs narazı olduqda isə sonuncu təkrar əyani müayinəyə cəlb edilmiş və müayinə olunaraqəlillik vəziyyəti qiymətləndirilmişdir. Kəlbəcər rayon sakini Şahid8 əlillikvəziyyəti Gəncə şəhər Müharibə və X3 0509003AABYX nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslılığının araşdırılması ilə bağlı Nazirlik tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində, göndərişdə qeyd olunmuş stasionar müalicə müddətində Şahid8 məxsus aktiv əmək müqaviləsi olduğu, işə cəlb olunmaqla ona əməkhaqqı ödənildiyi və həmin əməkhaqqı əsasında digər məcburi dövlət ödənişlərinin aparıldığı müəyyən olunmuşdur. Bununla da, həmin göndərişdə qeyd olunmuş stasionar müalicəyə dair məlumatlar təsdiqini tapmadığından 0509003AABYX nömrəli göndəriş əsasında aparılmış əlillik təyinatı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində etibarsız edilmişdir. Aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması zamanı Şahid8 aid göndərişdə qeyd olunan stasionar müalicə tarixində onun Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında təcili yardım maşınında sürücü işlədiyi və ona əmək haqqı ödənildiyimüəyyən edilmişdir. Yəni, Şahid8 əlillik təyinatı zamanı əsas götürülmüş müalicəmüddətlərinə dair məlumatlar öz təsdiqini tapmamış, ona məxsus aktiv əmək müqaviləsi olduğu müddətdə xəstəxanada stasionar müalicə almışdır. Ona görə də əlilliyi etibarsız hesab edilmişdir. 2020-ci ilə qədər əlillik təyinatı ilə əlaqədar forma 88 Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə daxil edildikdə şəxsin adına əmək müqaviləsinin olubolmaması, ona əmək haqqı verilib-verilməməsi, bülletendə olub-olmamasını müəyyən etmək mümkün deyildi. Lakin, 2020-ci ildə sistemdə aparılmış təkmilləşdirilmə nəticəsində həmin funksionallıq artırıldığından indi bu barədə məlumatı əldə etmək mümkündür. Şahid8 xx.xx.2021-ci il tarixdə Agentlikdə əyani müayinə olunan zaman onda Gəncə şəhər Müharibə və X3 göndərişində əsas diaqnoz kimi qeyd edilmiş “Kəllədaxili travma, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri (1992) Kəllə daxili hipertenziya tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 7-8 dəfə)” və ağırlaşma kimi qeyd edilmiş “Sol tərəfli hemeparez, sol yuxarı və aşağı ətrafların funksiyasının pozulması” diaqnozu öz təsdiqini tapmamışdır ki, bu ağırlaşmalar da əlillik üçün əsasdır. Yəni, qıcolma və sol tərəfli hemeparez yoxdusa digər travmalar əlillik üçün əsas deyil. Bu ağırlaşmalar olmasa digər diaqnozlar əlilliyin təyininə əsas vermir. Sol tərəfli hemaparez sol yuxarı və aşağı ətrafların iflici deməkdir. Həmin diaqnozlar isə xəstənin obyektiv müayinəsində aşkar edilməmişdir. Həmin diaqnozlar Şahid8 barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 270 nömrəli qərardaöz əksini tapmamışdır. Bundan əlavə “Sol tərəfli hemeparez, sol yuxarı və aşağı ətrafların funksiyasının pozulması” diaqnozu sol tərəfin iflic olması deməkdir ki, Şahid8Agentlikdə müayinə olunan zaman gözlə görünən müayinədə onda həmin xəstəliyin əlamətləri aşkar edilməmişdir. Digər diaqnozlar isə anamnestik məlumatlar və Şahid8 müayinəsi zamanı nevroloji vəziyyəti ilə öz təsdiqini tapmamışdır. Həmçinin “Kəllədaxili travma, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri (1992) Kəllədaxili hipertenziya tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 7-8 dəfə)” diaqnozları öz təsdiqini tapmamışdır. Qeyd olunan diaqnozları müalicə həkimi müəyyən etmək üçünŞahid8 diaqnostik müayinələrdən (baş beyinin MRT, EEQ, EMQ) keçirməliydi. Şahid8 barəsində xx.xx.2016-cı il tarixli Baş beynin MRT müayinəsində “kəllə daxili travma” təsdiqini tapmır. Onda yalnız “Sağ beyin hemisferində, sağ mədəciyin arxa buynuzu qonşuluğunda 10 mm ölçüdə işemik insult sahəsi” aşkar edilmişdir. Lakin, epikrizdə yuxarıda qeyd olunan diaqnozların hansı müayinə nəticəsində yazılması tibbi sənədlərdən görünmür. Epikrizlərdə saxtakarlığa yol verilmişdir. Qeyd edilmiş diaqnozlar köməkçi diaqnostik müayinələr və laborator müayinələrin nəticələri ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxs hər hansısa müayinənin nəticəsində göstərilməməsinə baxmayaraq tanışı olan şəxsin əlilliyə görə maddi yardım almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək stasionar xəstənin tibbi kartasına diaqnoz qismində “tez-tez təkrarlanan epilektik qıcolma tutmaları (ayda 7-8 dəfə). Ağırlaşma diaqnozları...” bili-bilə yalan diaqnozlar daxil etməklə Şahid8 əsassız olaraq əlilliyə görə pul vəsaitlərinin ödənilməsinə nail olmuşdur. Təqsirəndirilən şəxsin əməli, mötəbərliyi heç bir şübhə doğurmayan CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən onun əməlini düzgün qiymətləndirmişdir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyin, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkəmə kollegiyası təqsirəndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilərək məhkuma bəraət verilməsini mümkün hesab etmir. Odur ki, Təqsirləndirilən şəxs3 həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar apellyasiya şikayətində göstərilən bu dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs3 cəza təyin edərkən CM-nin 41.2, 58.3, 59 və 61-ci maddələrini rəhbər tutaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, həmçinin əməlində cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını nəzərə almış, ona CM-in 308.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməklə düzgün nəticəyə gəlmişdir, hazırki halda məhkuma təyin olunmuş həmin cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı və ağırlaşdırıcı halların olmamasını, apellyasiya instansiyasında tədqiq edilən halları təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin olunmuş islah işləri cəzasının yüngülləşdirilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin 9 avqust 2022-ci il tarixli, 1(125)-10/2022 saylı hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 9 avqust 2022-ci il tarixli, 1(125)-10/2022 saylı hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar