Məhkəmə qərarları › İş №1(104)-235/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-235/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-235/2023 18.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X2, məhkum Təqsirləndirilən şəxs və X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 1(015)-26/2023 nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq, MÜƏYYƏN ETDİ : Ağstafa Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 1(015)-26/2023 nömrəli hökmü ilə (sədrlik edən Zamiq Rəsulov) 12 avqust 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Gəncə şəhəri, Məhrəsə bağı yaşayış massivi, bina 13, mənzil 10-da qeydiyyatda olan və yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan mərhum etmə cəzası, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli hökmü ilə onun üzərində saxlanılmış 01 (bir) il 11 (on bir) ay 28 gün (iyirmi səkkiz) gün müddətə azadlıqdan mərhum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3cü maddəsinə əsasən həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 06 (altı) ay 20 (iyirmi) gün müddət ona qəti olaraq təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan mərhum etmə cəzasından çıxılaraq üzərində 03 (üç) il 05 (beş) ay 10 (on) gün müddətə azadlıqdan mərhum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun cəza çəkmə müddətinin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs o, özgənin əmlakını xeyli miqdarda gizli olaraq talayıb oğurluq etmiş və təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 19 radələrində tanışı Zərərçəkmiş şəxs1 dəvəti ilə sonuncunun yaşadığı ünvan 1 ünvanına getdikdən sonra Zərərçəkmiş şəxs1 yuxuya getməsindən istifadə edərək mənzilin mətbəx otağındaki qabın içərsində Zərərçəkmiş şəxs1 saxladığı yataq otağının qapısını kilidinin açarını tapıb həmin açarla yataq otağının qapısı açaraq içəriyə daxil olub şkafın üzərindəki boz rəngli çantanın içərsindən Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvlərinə məxsus olan ümumi dəyəri 6700 manat təşkil edən, hər birinin üzərində brilyant daşları olan, hər biri ağ rəngli 750 əyarlı qızıldan hazırlanmış çəkisi təxminən 10 qram olan 1 ədəd sep və çəkisi təxminən 5 qram olan klon, çəkisi təxminən 10 qram olan 1 ədəd qolbağı, çəkisi təxminən 4 qram olan 1 ədəd sırğa və çəkisi təxminən 6 qram olan 1 ədəd üzükdən ibarət komplekt dəsti, dəyəri 600 manat təşkil edən 585 əyarlı qızıldan hazırlanmış, çəkisi təxminən 12 qram olan sepi, dəyəri 550 manat təşkil edən 585 əyarlı qızıldan hazırlanmış çəkisi təxminən 5 qram olan sırğa və çəkisi təxminən 6 qram olan üzük dəstini, dəyəri 1200 manat təşkil edən 750 əyarlı qızıldan çəkisi təxminən 7 qram olan qadın üçün brilyant qaşlı üzüyü, dəyəri 1000 manat təşkil edən, 750 əyarlı qızıldan hazırlanmış, çəkisi təxminən 5 qram olan kişi üçün brilyant qaşlı üzüyü, dəyəri 350 manat təşkil edən, 585 əyarlı qızıldan hazırlanmış, çəkisi təxminən 7 qram olan sepi, dəyəri 350 manat təşkil edən, 585 əyarlı qızıldan hazırlanmış, çəkisi təxminən 7 qram olan qolbağı, ümumi dəyəri 375 manat təşkil edən, 585 əyarlı qızıldan hazırlanmış, hər birinin çəkisi təxminən 2-3 qram olan 3 ədəd uşaq üçün qolbağını, dəyəri 150 manat təşkil edən 585 əyarlı qızıldan hazırlanmış, çəkisi təxminən 3 qram olan uşaq üçün sırğanı və 360 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 11,635 manat dəyərində, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə, istintaqa məlum olmayan saatda Ağstafa rayonu Həsənsu kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin açıq olan giriş qapısından evə qanunsuz daxil olaraq yataq otağındakı paltar asılqanından asılmış Zərərçəkmiş şəxs2 məxsus olan qış gödəkçənin cibindən sonuncunun 7300 ABŞ dolları və 1900 manat nağd pulunu, yəni həmin tarixlərdə Azərbaycan Respublikasında ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə əsasən 12410 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 14310 manat dəyərində, xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum apellyasiya şikayəti verərək əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, uşaqlarından birinin xəstə və özünün xəstə olmasını nəzərə alıb barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında müdafiəçi apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, Təqsirləndirilən şəxs səhhətində problemlər var, 2 azyaşlı uşağı onun himayəsindədir, barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ailə vəziyyətini ağırlaşdırır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum bildirdi ki, etdiyi əməldən olduqca peşmandır, səhhəti ağırdır, azadlıqdan məhrum etmə cəzası həm ailə vəziyyətinə, həm də səhhətinə daha da ağır təsir edir. Bunları nəzərə alıb apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi üçün əsas yoxdur. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun barəsində olan yüngülləşdirici halları nəzərə alaraq ona qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar yalnız apelyasiya şikayətinin və ya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətin və ya protestin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Cinayət hadisəsinin məhkum tərəfindən törədilməsi məhkumun, şahidlərin ifadələri, işdə olan və tədqiq olunan sənədlər, iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətində də əməlin tövsifi, təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmir. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Müdafiəçi təqsirləndirilən şəxsin barəsində müəyyən edilmiş yüngülləşdirən halların təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan alternativ cəzanın, yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi üçün əsas olduğu bildirsə də hazırki kollegiya müdafiə tərəfinin bu mövqeyi əsaslı olmadığından razılaşmır. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası islah etmə funksiyasını yerinə yetirə bilmir. Belə olan halda təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət edəcəkdir. Bundan başqa, kollegiya Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini də ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının həddi iki ildən beş ilədək müəyyən edilib, lakin birinci instansiya məhkəməsi düzgün olaraq apellyasiya şikayətində sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alıb üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 1(015)-26/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 1(015)-26/2023 nömrəli hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar