Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-245/2023 05.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasl Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru, kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.9 və 120.2.10cu maddələr ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2020-cı il tarixli, 1(100)-70/2020 saylı hökmü ilə (hakimlər N.T.Əliyev (sədrlik edən), D.H.İmanov və M.Ə.Bağırov) xx xxxxxx 1980-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələri ilə təqsirli bilinmiş və ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını həbsxanada çəkməsi, cəzasının əvvəlinin 30 aprel 2019-cu il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 2018-ci ilin sentyabr ayında Tərtər şəhərində, yaxın qohumlarına pay göndərmək məqsədilə 20 kiloqram çəkidə üzüm almaq üçün rayon mərkəzində yerləşən bazara gedərkən əvvəldən tanıdığı Tərtər şəhər sakini, Tərtər rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin ruhi-əsəb kabinetində «Mikrosefaliya, oliqofreniya yüngül debillik dərəcəsində, emosional davamsızlıqla» diaqnozu ilə dispanser qeydiyyatında olduğunu bildiyi X2 üzümü bazardakı satış qiymətindən bir qədər ucuz qiymətə, yəni 20 manat müqabilində ondan almağı təklif etdikdə onunla 15 manat məbləğinə razılaşaraq, həmin məbləğdə pulu ona vermiş, Rəşad Nərimanlı növbəti gün sifariş olunmuş üzümü Tərtər şəhəri Ədalət Paşayev küçəsində yerləşən, əhali tərəfindən “GES” adlandırılan ərazidə işıqforun yaxınlığındakı qaz borusunun yanına qoyacağını və oradan götürməsini ona bildirdiyi üçün razılaşdıqları tarixdə və vaxtda həmin əraziyə getdikdə Rəşad Nərimanlı tərəfindən oraya üzümün qoyulmadığını görüb, sonuncu tərəfindən aldadıldığını başa düşmüş, bundan sonra pulunu geri almaq üçün bir neçə dəfə Rəşad Nərimanlının yaşadığı ünvan 2 ünvanına getməsinə baxmayaraq sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək ondan aldığı pulu qaytarmayaraq, eyni zamanda verdiyi pulun müqabilində vəd etdiyi üzümü vermədiyindən, eləcə də 06, 08 və 10 noyabr 2018-ci il tarixlərdə Rəşad Nərimanlıdan ona borclu olduğu pulu almaq üçün sonuncunun yaşadığı evə getməsinə rəğmən, sonuncunun müxtəlif bəhanələrlə aldadaraq pulunu qaytarmadığına görə onu qəsdən öldürməklə qisas almaq qərarına gələrək 12 noyabr 2018-ci il tarixdə saat 17 radələrində Rəşad Nərimanlının yaşadığı ünvana gedib, evin yataq otağına daxil olaraq, verdiyi pulun qaytarılmaması ilə bağlı aralarında yaranmış mübahisə zamanı Rəşad Nərimanlının nalayiq ifadələr işlətməklə əlindəki bıçaqla özünün qarın nahiyəsinə zərbə endirməklə xəsarət yetirməyə cəhd etməsindən sonra, Rəşad Nərimanlını öldürməklə qəsdən həyatdan məhrum etmək qərarına gəlib bu məqsədlə otaqdakı masanın üzərində olan şüşə butulka ilə onun baş nahiyəsindən vurmaq istədikdə, butulka çarpayının yuxarı tərəfindəki dəmirə dəyərək sınmış, daha sonra hərəkətlərini davam etdirib çarpayının üzərində uzanıqlı vəziyyətdə olan Rəşad Nərimanlının özünü vurmağa cəhd etdiyi həmin bıçağı götürərək əqli gerilik və davranış pozuntuları səbəbindən öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını yəqinliklə bildiyi Rəşad Nərimanlının köməksiz vəziyyətindən istifadə edərək bıçaqla bədəninin həyat və sağlamlığı üçün təhlükəli olan nahiyələrinə cəmi 19 zərbə endirməklə ona qəsdən sağ ağ ciyərin zədələnməsi, kəskin qanitirmə ilə ağırlaşan boyunun sol yan səthinin aşağı 1/3-nə 4 ədəd, sol qabırğaaltı nahiyəsinə 3 ədəd daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yaradan ibarət olub sağlamlığa yüngül zərər vurmaya aid, sol körpücükaltı, döş qəfəsinin sol yuxarı iç, sol yuxarı tış, sol aşağı iç və tış nahiyələrinə isə daxilə nüfuz edən 12 ədəd kəsilmiş-deşilmiş yaradan ibarət olub sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, cinayətinin izini itirərək basqın görüntüsü yaratmaq məqsədilə otaqdakı elektrik naqilininin bir tərəfini Rəşad Nərimanlının ayaqlarına və boğaz nahiyəsinə dolayıb uzandığı çarpayının baş tərəfinə bağlamaqla kəskin qanitirmə nəticəsində Rəşad Nərimanlını xüsusi amansızlıqla qəsdən öldürərək hadisə yerini tərk etmişdir. Bundan başqa o, 2019-cu ilin aprel ayında Tərtər şəhərində əvvəldən tanıdığı və Tərtər rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin ruhi-əsəb kabinetində «Oliqafreniya debillik dərəcəsi, psixopatabənzər davranış və qıcolma tutmaları» diaqnozu ilə daimi dispanser qeydiyyatında olduğunu bildiyi X5 10 aprel 2019-cu il tarixdə Tərtər şəhəri, Vəzir Orucov küçəsində yerləşən kafedə ona məxsus “Samsung J2” markalı mobil telefonunun yaddaşından icazəsiz mobil nömrələri götürməsini bilib, onun bu kimi hərəkətlərinə əsəbiləşərək onu öldürməklə cəzalandırmaq qərarına gəlmiş, məsuliyyətdən yayınmaq, cinayətin onun tərəfindən deyil özünün və Cavid Məmmədlinin tanıdığı, aralarında mübahisə və ədavət olan Tərtər rayon sakinləri X7 və “Eliş” ləqəbli X8 tərəfindən törədilməsinə inandırmaq üçün 4 ədəd kağız parçasına öz xətti ilə Cavid Məmmədlinin adından 12 noyabr 2018-ci il tarixdə xüsusi amansızlıqla qətlə yetirdiyi Rəşad Nərimanlının guya Qərib Əmirov və Elşən Həsənov tərəfindən qəsdən öldürülməsi, guya hadisənin şahidi olduğu üçün Cavid Məmmədlinin də ölümlə hədələnməsi barədə sözlər yazaraq, 25 aprel 2019-cu il tarixdə saat 17 radələrində qeyd olunan kafedə Cavid Məmmədli ilə görüşüb onunla işi olduğunu bildirərək aldatmaqla özü ilə birlikdə Tərtər rayonu ərazisində yerləşən “Bəybala Meşəsi” adlı yerə aparmış, əvvəlcə Cavid Məmmədlini döyməklə öldürməyi düşünsə də, meşədə qarşısına çıxan sintetik ipi görüb sonuncunun intihar etməsi görüntüsünü yaradaraq cinayətin izini itirməklə şübhələri özündən yayındıracağını fikirləşib Cavid Məmmədlini həmin iplə asaraq öldürməyi qərara almış, bu məqsədlə psixi vəziyyətinə görə özünə qarşı hərəkətlərin xarakterini düzgün qavraya bilməyən Cavid Məmmədlinin qoluna bağladığı iplə onu dartaraq yaxınlıqdakı tut ağacının yanına aparmış, orada Cavid Məmmədliyə onun mobil telefonunun yaddaşından icazəsiz nömrələr götürməsinin cəzasının ölüm olduğunu bildirməklə ondan özünü öldürməsini tələb edərək özü ilə gətirdiyi ipdən ilgək hazırlamaqla Cavid Məmmədlidən ağaca çıxmasını və ipi ağacın budağına bağlayaraq boğazını ilgəyə keçirməsini tələb etmiş, əqli gerilik və davranış pozuntuları səbəbindən öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmayan Cavid Məmmədli saat 18 radələrində ağaca çıxıb ipi budağa bağlayaraq ilgəyi özünün boğaz nahiyəsinə salmış və hər iki qolu ilə ipin bağlandığı budaqdan tutmuş, köməksiz vəziyyətdə olan Cavid Məmmədlini qollarını budaqdan buraxmağa məcbur etməklə onun mexaniki asfiksiya səbəbindən boğulub ölməsinə nail olmaqla təkrarən qəsdən adam öldürmüş, daha sonra törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmaq, cinayətin Tərtər rayon sakinləri X7 və “Eliş” ləqəbli X8 tərəfindən törədilməsi görüntüsünü yaratmaq üçün üzərində olan, guya sonuncuların Rəşad Nərimanlını öldürmələri, Cavid Məmmədlinin də hədələnməsi barədə onun adından yazdığı kağız parçalarını Cavid Məmmədlinin əynindəki qara rəngli şalvarın sol yan cibində olan, üzərinə “Zabitin şəxsi vəsiqəsi” sözləri yazılmış yaşıl rəngli vəsiqə üzlüyünün arasına qoymuş, saat 20:20-də isə Cavid Məmmədliyə məxsus “Samsung J1” markalı mobil telefonun ********** nömrəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək özünü X3 təqdim edib 2-3 nəfərin onu öldürmək istəməsi və bu məqsədlə təqib etməsi, Tərtər rayonundakı Bəybala meşəsində onlar tərəfindən öldürüləcəyi barədə məlumatlar verərək, həmin mobil telefonu sellofan torbaya qoyub hadisə yerindən 800 metr aralıda, Tərtər çayının sahilində yerləşən daşın altında gizlətmiş, Cavid Məmmədlinin adından yazdığı kağız parçaları 26 aprel 2019-cu il tarixdə hadisə yerinə baxış keçirilərkən sonuncunun əynindəki şalvarın cibindən, mobil telefon cihazı isə 30 aprel 2019-cu il tarixdə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüşdür. Birinci instansi instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə CM-nin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək göstərmişdir ki, birinci instansiya məhkəməsi onun işinə ədalətsiz baxmış, qərəzli olmuş, azyaşlı uşağını nəzərə almamış və ona ağır cəza təyin etmişdir. Ona görə də hökmdən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ç.B.Məmmədov) 02 noyabr 2021-ci il tarixli, 1(104)-20/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 1(100)-70/2020 saylı hökmünün cəzaya aid hissədə dəyişdirilməsi, həmin hökmlə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının müddətli azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələri ilə 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ilk iki ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2020-cı il tarixli 1(100)-70/2020 saylı hökmünün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan Dövlət ittihamçısı3 Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya protesi verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərarını ləğv edərək işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ç.Y.Yusifov (sədrlik edən və məruzəçi), Ə.C.Seyidov və N.R.Mövsümov) xx.xx.2023-cü il tarixli, 1(102)-24/2023 saylı qərarı ilə kassasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilmişdir. Təkrar apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək ona yüngül cəza təyin olunmasını məhkəmə kollegiyasından xahiş etdi və göstərdi ki, cinayəti törətdikdən sonra əməlindən səmimi peşman olmuşdur. Əlavə olaraq bildirmək istəyir ki, zərərçəkmiş şəxslərin ölümünə bir qədər də onların özlərinin hərəkətləri səbəb olmuşdur. Hadisədən sonra əməllərindən səmimi peşman olmuşdur. Ona görə də ona yüngül cəza təyin edilməsini kollegiyadan xahiş edir. Təqsirləndirilən şəxsin müdafiəçisi Fuad İsgəndərov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin hökmünün tövsif edilməsi ilə razı olsalar da, hesab edirlər ki, məhkəmə ədalətsiz cəza təyin etmişdir. İşin hallarından görünür ki, hər iki halda zərərçəkmişlərin ölümünə onların öz qanunsuz hərəkətləri səbəb olmuşdur. Birinci halda Rəşad Nərimanlı müdafiə etdiyi şəxsi aldadıb onun 15 manatını ələ keçirmiş, daha sonra aylarla həmin pulu qaytarmamış, Təqsirləndirilən şəxs pulun istəmək üçün onun yaşadığı evə getdikdə isə bir başqa şəxslər birlikdə onu döymüş, sonuncu dəfə isə özünü bıçaqlayaraq Nurunu şantaj etməyə çalışmışdır. Təqsirləndirilən şəxs də hadisələrin axarı zəminində zərərçəkmişə qarşı cinayət törətmişdir. İkinci halda da zərərçəkmişin öz qanunsuz və əxlaqsız hərəkətləri onun öz ölümü ilə nəticələnmişdir. Belə ki, mərhum Cavid Məmmədzadə müdafiə etdiyi şəxsin mobil telefonununa daxil olaraq ona aid nömrələri gizli şəkildə oradan çıxarmış, bu da Təqsirləndirilən şəxs heysiyyatına toxunmuşdur. Çünki onun nobil telefonunda ailə və digə şəxsi məlumatları olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs bu dəfə də hadisələrin axarı zəmininda ona qarşı cinayət törətmişdir. Qeyd etmək istəyir ki, belə hallarda zərərçəkmişlərin qanunsuz və əxlaqsız hərəkətləri cinayətə səbəb olduğuna görə məhkəmə bunları nəzərə almalı idi və belə ədalətsiz cəza təyin etməməli idi. Ona görə də kollegiyadan xahiş edir ki, müdafiə etdiyi şəxsə təyin edilmiş cəza yüngülləşdirilərək müddətli azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Dövlət ittihamçısı Qalib Rizvanov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti ilə razılaşmadı və göstərdi ki, Təqsirləndirilən şəxs iki nəfər özünü müdafiə etmək qabiliyyətindən məhrum olan ruhi xəstələri xüsusi amansızlıqla öldürmüşdür. Bundan sonra törətdiyi əməldən peşman olmaq əvəzinə cinayətləri başqa şəxslərin törətməsi barədə süni sübutlar yaratmağa çalışmışdır. Hazırda zərərçəkmiş şəxslərin hüquqi varisləri Təqsirləndirilən şəxs kəskin şikayətçidirlər. Belə olan halda hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Hesab edir ki, hökm qanuni və əsaslıdır, onun dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini kollegiyadan xahiş edir. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2020-cı il tarixli, 1(100)- 70/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, məhkum edilmiş şəxsə istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi məhkumun edilmiş şəxs ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-nin 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən məhkum edilmiş şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə onun Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-nin 8.1 və 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal hesab etmiş, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Bununla belə birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələrinin sanksiyasında nəzərdə tutulan ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə belə hesab etmişdir ki, Təqsirləndirilən şəxs yalnız ömürlük azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 21-ci maddəsində məhkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Ömürlük azadlıqdan məhrumetmə cəzası qanuna görə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət və dövlət hakimiyyəti, ictimai-təhlükəsizlik və ictimai qayda əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə təyin edilə bilər. Bu zaman təqsirkara müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası deyil, ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökmdə əsaslandırılmalıdır. “ Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərinə nail olunmasının təmin edilməsi baxımından qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının həbsxanada çəkilməsini müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini hökmündə işin müəyyən edilmiş halları və tədqiq edilmiş sübutlar baxımından kifayət qədər əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəza cəzanın məqsədi, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyinetmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq, qanuni və ədalətli nəticəyə gəlinmişdir. Məhkuma təyin edilmiş cəza onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, xüsusən də törədilmiş cinayətin ağırlığına və onun cəmiyyətdə doğurduğu təsirə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Göstərilən halda yalnız məhkuma ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə cəzanın məqsədlərinin təmin edilməsinə və sosial ədalətin bərpa olunmasına nail oluna bilər. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-70/2020 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-245/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-245/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver