Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-249/2023 12.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Xüsusi ittihamçının nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Gəncə Şəhər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(125)-35/2023 saylı hökmündən xüsusi ittihamçı X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Şəhər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(125)-35/2023 saylı hökmü ilə (sədrlik edən Orxan Cəfərli) xx.xx.1969-cu il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Dövlət Aqrar Universitetinin “Yerquruluşu” kafedrasının baş müəllimi, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Düz Qırıqlıkəndində qeydiyyatda olmaqla yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş və o, həmin əmələ görə Azərbaycan Respublikası adından təqsirsiz elan edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-cimaddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(125)-35/2023 saylı hökmündən xüsusi ittihamçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148ci maddələri ilə təqsirli bilib ona həmin maddələrin sanksiyası həddində daha ağır cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş və qanun normalarına düzgün istinad etməmişdir. Məhkəmə istinad etdiyi qanun normalarını təqsirləndirilən şəxsin xeyrinə həll edərək, məhkəmə iclası zamanı verilmiş ifadələri təhrif etmiş, nəticədə qanuna zidd olaraq CM-in 147.2-ci madəsi üzrə bəraət vermişdir. X1 xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yəni, facebook sosial şəbəkəsində “Təvəkgül Nəbioğlu saytında” onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yayaraq kollektivdə işgüzar nüfuzuna mənəvi zərər yetirmişdir. Həmçinin həmin məlumatları “WhatsApp”la ona və qrupda olan bütün şəbəkə istifadəçilərinə atmışdır. Bununla da Təvəkgül Sadıqov çalışmışdır ki, onun barəsində yazdığı böhtan xarakterli və təhqir edici məlumatları daha çox sosial şəbəkə istifadəçiləri tanış olsun. Qısa müddət ərzində onun barəsində böhtan xarekterli və təhqir edici məlumatlarnan ADAU-nun bütün tələbə, müəllim və professor heyəti tanış olmuşdur. Ona həmin yazılarla əlaqədar zənglər gəldikcə psixoloii sarsıntı keçirmişdir, ambulator qaydada müalicə alır. Təvəkgül Sadıqovun törətdiyi əməl nəticəsində maddi və mənəvi ziyan çəkmişdir. Bundan başqa təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza çox yüngül olmaqla, onun törətdiyi əməlin təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun deyildir. Hazırki iş üzrə məhkəmənin təyin etdiyi cəzanın həddi olduqca yüngül və ədalətsiz cəzadır. Təqsirləndirilən şəxsdən şikayətçidir və məhkəmə ondan şikayətçi olduğunu nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilib ona həmin maddələrin sanksiyası həddində daha ağır cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etdi, həmçinin bildirdi ki, Təvəkgül Sadıqov cinayət işi apellyasiya məhkəməsinin icraatında olduğu dövrdə yenidən facebook sosial şəbəkəsində nümayəndəsi olduğu şəxs barəsində böhtan və təhqir xarakterli məlumatlar yaymışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilməlidir. Hökmdən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə CM-in 147.2-ci maddəsi ilə verilmiş bəraətin əsassız olduğu, sübutların düzgün tədqiq edilmədiyi göstərilmişdir. Apellyasiya şikayətinin dəlillərinin əsasını iş materiallarında olan sübutların birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmaması təşkil edir. Hökmdən verilmiş apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini araşdırdıqdan sonra məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. (maddə 8.0.3) CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-in 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, “Facebook” və Whasapp sosial şəbəkəsində X5 tərəfindən səsləndirilmiş fikirlərdə böhtan cinayətinin tərkibi mövcud olmamışdır. CM-in 147.2-ci maddəsində ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməkləböhtan atmaya görə məsuliyyət nəzərdə tutulmuşdur. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinin tələbinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.1-ci maddəsində göstərilmişdir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə kollegiyası hesab edir ki, həmin fikirlər sosial şəbəkələrdə yayılan zaman təqsirləndirilən xüsusi ittihamçının məsuliyyətə səbəb olan əməllərin törədilməsi qənaətinə gəlməmişdir. Xüsusi ittihamçının böhtan hesab etdiyi cümlələri Təvəkgül Sadıqov özünün subyektiv bir fikri kimi səsləndirmiş, bu baxımdan həmin fikirlərin həqiqətə uyğun olubolmamasını sübut etmək tələbinə riayət etmək mümkün deyil. Təvəkgül Sadıqovun faktlara görə öz düşüncəsinə münasibətdə fikir bildirməsi böhtan hesab edilə bilməz. Belə ki, Təvəkgül Sadıqovunfaktlara nəzərən öz fərdi və hüquqi düşüncəsi, savadına görə qiymət verməsi faktın təsdiqini istisna etmir, sadəcə fakta nəzərən öz münasibətini bildirir. Təvəkgül Sadıqovun isə fakta münasibətdə xüsusi ittihamçının cinayət törətməsi ilə bağlı ifadələr işlətməsionun hüquqi savadının olmamasına dəlalət edir. Qanunu bilməmək məsuliyyəti aradan qaldırmır, lakin fakta münasibətdə öz fikrini bildirmək heç bir halda cinayət hesab edilə bilməz. Əks halda bu söz və fikir azadlığının pozulması ilə nəticələnə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutları mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirib qeyd edir ki, X2 xüsusi ittihamçıya ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməkləböhtan atmada təqsirliliyi sübut olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz (63-cü maddənin İ, İİ, İİİ və İV hissələri). CPM-in 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmçinin, CPM-in 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, X2 xüsusi ittihamçıya ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməkləböhtan atmasına dair hər hansı sübut toplanmamış, xüsusi ittihamçı da buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Xüsusi ittihamçı tərəfindən təqdim edilmiş sübutlar X2 oğlunun CM-in 147.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Təqsirləndirilən şəxsi, onun müdafiəçisini və xüsusi ittihamçının nümayəndəsini dinləyən, eyni zamanda iş materiallarına əlavə olunmuş sübutları tədqiq edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq işin halları üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, X4 CM-in 147.2-ci maddəsi üzrə bəraət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, araşdırılmış sübutlara CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə əsaslandırılmışdır. Apellyasiya şikayətinin bu hissədəki dəlilləri yalnız mülahizələdən ibarətdir ki, iş materiallarında olan kifayət qədər mötəbər sübutlarla təkzib edilir. Ümumiyyətlə, apellyasiya şikayətinin dəlilləri hökmün ləğv edilməsi, X2 CM-in 147.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətində xüsusi ittihamçı həmçinin təqsirləndirilən şəxsə CM-in 148-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngül olmasını mübahisələndirmiş, təqsirləndirilən şəxsin əməlindən peşman olmamasını, hazırda onunla barışmamasını əsas gətirərək ondan şikayətçi olduğunu bildirmiş, bu səbəbdən də təqsirləndirildən şəxsə təyin olunmuş cərimə cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini bu dəlillərinə də münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası məhkuma təyin edilən cəza ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən CM-in 8, 41.2, 58 və 59-cu maddələrinin tələblərini rəhbər tutaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, xüsusi ittihamçıdan üzr istəməsini) və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxs X2 islah olunmasına təsirini nəzərə almışdır. Məhkəmə kollegiyası xüsusi ittihamçının təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməsi iddiası ilə bağlı qeyd edir ki, törədilən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkum barəsində olan yüngülləşdirici hallar, habelə təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq, təyin edilmiş cəzanın azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi məqsədəmüvafiq deyildir. Bu halda məhkuma təyin edilmiş cəzanın azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi CM-in ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Lakin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növü ilə razılaşmır. Məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, işdə olan cəzanı yüngüllədirən halları nəzərə alaraq təqsirləndirilən şəxsə islah işləri cəzasının təyin edilməsi qənaətinə gəlir. Belə ki, cinayət işi apellyasiya məhkəməsinin icraatında olduğu dövrdə də X5 özünün facebook sosial şəbəkəsində xüsusi ittihamçı barəsində məlumatları yazaraq paylaşmışdır. Bu baxımdan məhkəmə kollegiyası təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə lüzum görmür, lakin onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, bu yolla məhkumun islah olunmasına nail olmaq mümkündür. Məhkumun şəxsiyyəti, davranışı, işin halları, məhkumun törətmiş olduğu əmələ münasibəti məhkəmə kollegiyasına bu nəticəyə gəlməyə əsas verir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, məhkumun şəxsiyyətinə uyğun olmasını, sosial ədalətin bərpası məqsədi daşımasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunması nəzərdə tutulan cəza, cəzanın məqsədinə xidmət edir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. CPM-in 399.1 və 399.1.5-cü maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məsələsi diqqətdə saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsinin «X7rşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə barəbər ədalətin bərqərar edildiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Gəncə Şəhər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(125)-35/2023 saylı hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilməli, təqsirləndirilən şəxsə CM-in 148-ci maddəsi ilə islah işləri cəzası təyin edilməli, islah işləri cəzasını iş yeri üzrə çəkməli, cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(125)-35/2023 saylı hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilsin. X4 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. X5 təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəksin. Cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Qərarın icrası X2 yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-249/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-249/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver