Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-25/2023 30.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi) Muxtarov Teyyub Asif oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin 19 avqust 2022ci il tarixli 1(015)-14/2022 saylı hökmündən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətnə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağstafa Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 1(015)-14/2022 saylı hökmü ilə (sədrlik edən Z.Rəsulov) 24.11,1978-ci ildə Qazax rayonu, Atçılıq zavodunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, iki uşaq atası, işsiz, məhkumluğu olmayan, Ağstafa rayonu, Ağgöl kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanması, yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00- dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında bağladığı xx.xx.2020-ci il tarixli 01 saylı müqavilə əsasında həmin tarixdən hər ay üzrə Zərərçəkmiş şəxs 200 manat zəhmət haqqı müqabilində saxlamaq üçün etibar edib verdiyi, diri çəkisi 17-18 kiloqram olan 4 baş 2-3 illik, 293 manat dəyərində keçi və çəkisi təxminən 20-25 kiloqram olan 76 baş, 7881,3 manat dəyərində qoyun olmaqla ümumilikdə 80 baş xırdabuynuzlu, sonuncuya məxsus heyvanı 2020-ci ilin avqust ayının əvvəlindən 2021 -ci ilin yanvar ayının araşdırmaya məlum olmayan gününə qədər olan müddətdə, Ceyrançöl qış otlaq sahəsinin Ağstafa rayonu ərazisində olan hissəsində saxladığı vaxtlarda qəsdən tamah məqsədi ilə mənimsəyərək talamaq qərarına gəlib ayrı-ayrı şəxslərə satmaqla ona etibar edilmiş ümumi dəyəri 8174,3 manat olan Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda əmlakı vahid niyyətlə, tamah məqsədi ilə mənimsəmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxs apelyasiya şikayəti verərək Təqsirləndirilən şəxs barəsində yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs apelyasiya şikayətində qeyd etmişdir ki, təqsirləndirilən şəxs borcundan 2000 manat ödəniş etmiş, qalan borcu ödəməyəcəyini bildirir. Təqsirləndirilən şəxs əməlindən peşman deyil, ziyanı birmənalı şəkildə ödəməməkdən yayınır. Belə olan halda təqsirləndirilən şəxsə yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalətli deyil. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs şikayəti müdafiə edərək bildirdi ki, təqsirləndirilən şəxs ona dəymiş ziyandan əlavə olaraq 500 manat ödəniş etmişdir. Lakin ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin nümayəndəsi şikayəti müdafiə edərək bildirdi ki, təqsirləndirilən şəxs cinayət hadisəsini 2020-ci ildə törədib, ötən müddət ərzində ziyan ödənilməmiş qalır, bu hal təqsirləndirilən şəxsin əməlindən peşman olmadığını göstərir. Buna görə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs apellyasiya şikayətinə etiraz etdi və bildirdi ki, əməlindən peşmandır, maddi imkanı olan kimi dəymiş ziyanı ödəyir. Ona görə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirdi ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza kifayət qədər ağırdır. İş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halların nəzərə alınaraq şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı şikayətə etiraz edərək bildirdi ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın böyük qismi ödənilmişdir. Buna görə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərinin müddəalarına əməl edilməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Cəza ilə bağlı kollegiya aşağıdakıların qeyd olunmasını vacib hesab etmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Qanununun yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi cəza ilk növbədə cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı kateqoriyaya aid olmasından ibarətdir. Məhkəmə kollegiyası məhkuma təyin edilən cəza ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları (himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, dəymiş zərərin bir hissəsini ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını) və ağırlaşdıran halların olmamasını nəzərə alaraq qanuni və əsaslı cəza təyin etmişdir. Təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkumun cəzasının daha da ağırlaşdırılması üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin edilmiş cəza da kifayət qədər ciddi və real, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi CM-in ədalət və humanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası bu konteksdən çıxış edərək belə nəticəyə gəlir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 1(015)- 14/2022 saylı hökmü zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağstafa Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 1(015)-14/2022 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-25/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-25/2023
30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver