Məhkəmə qərarları › İş №1(104)-252/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-252/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-252/2023 14.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 1(100)-72/2023 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 1(100)-72/2023 saylı hökmü ilə (sədrlik edən sədrlik edən F.N.Mahmudov, hakimlər D.H.İmanov və E.İ.Rüstəmov) xx xxxx 1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcının şübhə edilən şəxs qismində tutulduğu, 17 aprel 2022-ci il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin edilməsi, onun yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 1(100)-72/2023 saylı hökmündən Dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, külli miqdarda 2,054 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 0,191 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə daşımış və üzərində saxlamışdır. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməl, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, həmin maddə ilə təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarixdə və vaxtda qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq külli miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,054 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1(bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,191 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək 17 aprel 2022-ci il, saat 11 radələrinədək, yəni Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qasımbəyli qəsəbəsi ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilməklə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim edənədək satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla saxlamışdır. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarını diqqətlə tədqiq etməmiş, iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışdır. İstintaq orqanı tərəfindən İlqar İmanaquliyevə CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, məhkəmənin hökmü ilə də müəyyən olunmaqla öz əksini tapmış külli miqdarda 2,054 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 0,191 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz əldə etməklə, daşımış və üzərində saxlamışdır. Məhkəmə, 2,054 qram narkotik vasitə olan heroini və 0,191 qram psixotrop maddə olan metamfetaminin İlqar İmanaquliyevə aid olmaqla şəxsi axtarış zamanı üzərindən aşkar edilib götürülməsi hissəsində ibtidai istintaq orqanının gəldiyi qənaəti düzgün qəbul etsə də, həmin narkotik vasitənin satış məqsədilə əldə edilib saxlanılması hissəsində istintaqın gəldiyi nəticəni mübahisələndirmişdir. Məhkəmənin hökmü onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirərkən iki nəfər polis əməkdaşının ibtidai istintaq zamanı verdikləri ifadəsinə, xx.xx.2022-ci il il tarixli əməliyyat tapşırığına cavab məktubuna əsaslanmışdır. Lakin, məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları ifadələrində sonradan keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ya narkotik vasitəni satış məqsədi ilə saxlaması barədə heç bir məlumatın əldə edilmədiyini bildirmişlər. Məhkəmənin mövqeyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin satış məqsədi ilə əldə edərək saxlaması, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmaması barədə xx.xx.2022-ci il tarixli əməliyyat tapşrığına dair cavab məktubunun həqiqiliyi şübhə doğurur. Məhkəmənin qənaətinə əsasən təqsirləndirilən şəxsin həmin narkotik vasitələri satacağı şəxsin, yəni istehlakçının müəyyən edilmədiyi və şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda təkcə narkotik vasitənin külli miqdarda olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkən şəxs üçün aşkar olunmuş narkotik vasitənin çəkisi o qədər də çox deyildir. Lakin, məhkəmə hökmündə Təqsirləndirilən şəxs cinayət əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib elementləri mövcud olması ilə bağlı nəticəyə gəlməsi üçün hər hansı sübuta istinad edilməmiş, istintaq orqanı tərəfindən verilmiş ittihamın təkzib edilməsi, eyni zamanda, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri kifayət qədər əsaslandırlmamış, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş və bununla da, məhkəmə Təqsirləndirilən şəxs əməlini tövsif etməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. İşin faktiki hallarından görünür ki, İlqar İmamquliyev 2,054 qram heroini və 0,191 qram metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 17 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində şəxsi axtarış zamanı həmin narkotik vasitə ondan aşkar edilib götürülmüşdür. Belə ki, xx.xx.2022-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında, satışında və istifadəsində şübhəli olması, eləcə də, həmin vaxt Ağdam rayonu ərazisində olması barədə əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirilməsi haqqdında qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkar edilməsi faktına görə toplanmış materialda satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma və saxlama cinayətinin törədilməsinə dəlalət edən kifayət qədər dəlillər müəyyən edildiyindən xx.xx.2022-ci il tarixdə CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrində götərmişdirlər ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında, satışında və istifadəsində şübhəli olması, eləcə də, həmin vaxt Ağdam rayonu ərazisində olması barədə Ağdam rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılıb şəxsi axtarış zamanı onun üzərindən 2.054 qram heroin və 0,191 qram metamfetamin aşkar edilrək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik maddələrin istifadəçisi olan ayrı-ayrı şəxslərə narkotik maddə satmasına dair əməliyyat məlumatları daxil olsa da, lakin həmin şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. (İ cild səh 127-134, 235-238). Məhkəmə istintaqı zamanı da polis əməkdaşları məhz ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Eyni zamanda Ağdam Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən narkotik vasitə və psixotrop maddəni hardan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində kiminləsə əlbir olmasına hər hansı bir fakt müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ayrı-ayrı narkotik istifadəçilərinə narkotik maddə satmasına dair əməliyyat məlumatları daxil olsa da, həmin şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilənlərin ziddinə olaraq, məhkəmə yalnış qiymətləndirmə aparmış və Təqsirləndirilən şəxs əməlini tövsif edərkən əsas istinad etdiyi halllardan biri də ondan ibarət olmuşdur ki sonuncudan aşkar edilmiş narkotik vasitənin satış məqsədilə əldə edilməsinə dəlalət edən hər hansı sübut olmamış, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satacağı şəxs, yəni istehlakçı müəyyən edilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı faktı ilə deyil, onların satışı məqsədilə əldə edib üzərində saxlaması ilə əlaqədar ittiham verilmişdir. Əgər sonradan onun kiməsə narkotik vasitə satması yəni istehsalçı müəyyən olunsaydı, o zaman Təqsirləndirilən şəxs satış faktı ilə bağlı ittiham irəli sürülə bilərdi. Eyni zamanda, məhkəmə tərəfindən ittihamın əsaslandırılması üçün göstərilmiş sübutlar yəni polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri ifadələrini, məhkəmə istintaqı zamanı da həmin ifadələrini təsdiq etmələri barədə göstərdiklərini, ilkin əməliyyat məlumatı və ibtidai istintaqın sonrakı mərhələsində həyata keçirilmiş əməliyyat tədbirlərinin nəticəsi barədə məktubda əks edilmiş hallar nəzərə alınmamış, hökmdə həmin sübutların rədd edilməsinin motivləri kifayət qədər əsaslandırmamışdır. Bundan başqa, satış məqsədi müəyyən olunarkən narkotik vasitələrin növü, tərkibi, bir yaxud bir neçə bükümdə olması, təqsirləndirilən şəxsin narkotik vasitədən istifadə edib-etməsi, həmçinin şəxsin sosial-maddi durumu kimi amillər əhəmiyyət kəsb edən hallardandır. Təqsirləndirilən şəxs aşkar edilmiş 2,054 qram heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən 14 dəfə çox olması, külli miqdar təşkil etməsi, eyni zamanda üzərindən şəxsi istehlak miqdarından artıq 0,191 qram metamfetamin aşkar edilməsi, təqsirləndirilən şəxsin işləməməsi, himayəsində azyaşlı uşağının olması, narkotik vasitənin əldə edilməsi ilə bağlı maddi durumu, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları, bununla bağlı polis əməkdaşlarının ifadələrində göstərdiyi xüsusatlar və bu kimi işin digər faktiki halları Təqsirləndirilən şəxs əməlində narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilib, saxlanılmaqla daşınmasını ehtiva etdiyi halda, məhkəmənin sübutları əlaqəli şəkildə təhlil etməməsini və gəldiyi nəticələrin əsassız olduğunu təsdiq edir. Bununla yanaşı ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində onu narkotik maddə qəbul etməyə heç kimin təhrik etmədiyini, keçmiş əri Təqsirləndirilən şəxs narkotik maddə qəbul etməsini bildikdən sonra öz istəyi ilə narkotik maddə qəbul etməyə başladığını, Təqsirləndirilən şəxs narkotik maddə qəbul etdiyi vaxtlarda özü üçün əldə etdiyi narkotik maddənin bir qismini ayırıb ona verdiyini, bunun qarşılığında ondan verdiyi narkotik maddənin miqdarına uyğun olaraq bəzən 5 manat, bəzən isə 10 manat pul aldığını, Təqsirləndirilən şəxs ona sonuncu dəfə “kakos” adı ilə tanıdığı narkotik maddəni 2022-ci ilin aprel ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə və vaxtda Ağdam rayonu Qasımbəyli qəsəbəsində yaşadığı evin həyətində 5 manat müqabilində satdığını, həmin vaxt yanlarında heç kimin olmadığını bildirmişdir. Lakin, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxslə arasında narazılıq yarandığı üçün istintaq zamanı onun əleyhinə ifadə verməsini, yəni birlikdə narkotik vasitə qəbul etdiyini və narkotik vasitədən ona da verməsini bildirmişdir. Bununla bağlı məhkəmə tərəfindən düzgün qiymətləndirmə aparılmamış, istintaq zamanı toplanılmış sübutlarla qarşılıqlı təhlil aparılmadan Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsinin həqiqətə və işin faktiki hallarına uyğun olması, məhkəmədə verdiyi ifadəsinin qeyri-səmimi olması qənaətinə gəlinməmişdir. Həmçinin, məhkəmə narkotik vasitə olan heroindən və metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkən şəxs üçün aşkar olunmuş narkotik vasitənin çəkisinin çox olmamasını əsas gətirməklə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin və metafetaminin şəxsi istifadə məqsədi ilə əldə etməsi, daşıması və saxlaması ilə bağlı qənaətə düzgün gəlməmişdir. Məhkəmənin istinad etdiyi həmin hal Təqsirləndirilən şəxs həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, daşıması və saxlamasını təkzib edən amil kimi çıxış edə bilməz. Yuxarıda sadalanan halların məcmusundan görünür ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini tövsif etməklə düzgün olmayan nəticəyə gəlmiş, iş materiallarında olan ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların məhkəmə tərəfindən rədd edilməsinin motivlərini əsaslandıra bilməmişdir. Qeyd edilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış edərək əlavə olaraq göstərdi ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə əldə edib daşıyaraq saxladığı külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlamasını təsdiq edən toplanmış kifayət qədər sübutları müqayisəli şəkildə tədqiq etməyərək əsassız olaraq hökmdə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də Təqsirləndirilən şəxs CMin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya protestinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, narkotik vasitəni və psixotrop maddəni satmaq niyyəti olmamış, özü istifadə edə bilməsi üçün saxlamış və həmin narkotik vasitədən və psixotrop maddədən heç kimə satmamışdır. O, heç kimə narkotik vasitə və psixotrop maddə satmamış və belə məqsədi olmamışdır, buna baxmayaraq əməlindən səmimi peşman olmuşdur, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Ona görə də apellyasiya protestinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığını qeyd etmiş, onun əməlinin CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmədiyini qeyd etmiş, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsini xahiş etmişdir. Göstərilən dəlillərə hüquqi münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq saxlaması sübuta yetirilməmişdir. Əksinə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda 2,054 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 0,191 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə saxlamasını təsdiq edə biləcək heç bir sübut yoxdur. İş materialları ilə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlaması öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə saxlaması öz təsdiqini tapmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əldə edib daşıyaraq üzərində saxladığı narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə etmişdir. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 882 saylı rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınmasıməsləhət görülür. Bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisinin külli miqdarda və psixotrop maddə olan metamfetaminin isə şəxsi istehlak miqdarından artıq miqdarda olması təşkil etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, həmin narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətinin olmadığını bildirmişdir. Belə ki, nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamasını təsdiq edən real məlumatlar və faktlar müəyyən olunmamışdır. Cinayət işinin materiallardan görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində “aşkar edilmiş kütlənin özünə məxsus olduğunu etiraf edərək həmin narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün saxladığını” bildirmişdir. Həmçinin, cinayət işi üzrə həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmiş, birinci instansiya məhkəməsində dindirilmiş polis əməkdaşları isə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin qəbul etməsi, üzərində saxlaması və satış məqsədi ilə əldə etməsi barədə ibtidai istintaq zamanı verdikləri ifadələrini onunla əsaslandırmışlar ki, “təcrübələrində belə halların çox olur, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilir, onlar da qanunsuz dövriyyəni əldə etmə, saxlama, gəzdirmə, istifadə, satma və ya satış məqsədiilə əldə etmədə şübhəli olması kimi qəbul edirlər, raportu və qərarı bu məzmunda tərtib edirlər. Şübhəli şəxs saxlanıldıqdan sonra araşdırma zamanı məlumatda göstərilən məsələn, narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması öz təsdini tapmır. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır.” Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2015-ci ildən 2020-ci ildək qeyri rəsmi nigahda olmuşlar, həmin evlilikdən X4 adlı azyaşlı övladı var. O, keçmiş əri Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisi olması barəsində təxminən 2016-cı ilin dekabr ayında bilmişdir. Belə ki, 2016-cı ilin dekabr ayında o, Təqsirləndirilən şəxslə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şuşa şəhərciyi”ndə hazırda nömrəsini və dəqiq yerini xatırlamadığı ünvanda kirayənişin kimi yaşayarkən dəqiq xatırlamadığı tarixdə səhər saatlarında yaşadıqları evin həyətində yerləşən hamamdan səs gəldiyini görüb həmin yerə baxdıqda əri Təqsirləndirilən şəxs əlində şprislə qoluna iynə vurduğunu görmüşdür. Həmin vaxt o, gördüyü mənzərədən çox sarsılmış və həmin gün İlqarla bu barədə söhbət etdikdə İlqarın narkotik maddə istifadəçisi olduğunu bilmişdir. 2020-ci ilin yay aylarında o, Təqsirləndirilən şəxs ayrılaraq azyaşlı qızı Aysu ilə birlikdə Ağdam rayonu Qasımbəyli qəsəbəsində yaşayan anası X1 yaşadığı ünvana gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə və vaxtda Ağdam rayonu Qasımbəyli qəsəbəsinə azyaşlı qızı Aysunu görmək məqsədilə gəlmişdir. Həmin vaxtlarda Təqsirləndirilən şəxs Ağdam rayonu Qasımbəyli qəsəbəsində yaşadıqları evin həyətində yerləşən tualetə gedərək orada narkotik maddə qəbul etmişdir. Təqsirləndirilən şəxs narkotik maddələri haradan vəya kimdən əldə etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs onunla bacısı X3 istifadəsində olan 050 *** ** ** saylı mobil nömrədən onun istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəyə “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə zəng etməklə və mesaj yazmaqla əlaqə saxladığını, Təqsirləndirilən şəxs təxminən bir ilə yaxındır ki, özünün mobil telefonu olmadığını bildirmişdir. Təqsirləndirilən şəxslə arasında narazılıq yarandığı üçün istintaq zamanı onun əleyhinə ifadə vermiş, yəni birlikdə narkotik vasitə qəbul etdiyini və narkotik vasitədən ona da verməsini demişdir. Lakin sonradan düzgün ifadə verərək İlqarın ona da əvvələr narkotik vasitə vermədiyni demişdir. İlqar heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Şahid4 birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsi iş materialları və məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin obyektiv halları ilə uyğunluq təşkil etdiyindən birinci instansiya məhkəməsi haqlı olaraq həmin ifadəyə mötəbər sübut kimi qiymət vermişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə saxlaması haqqında da heç bir sübut əldə edə bilməmiş, cinayət işi üzrə sübutların qiymətləndirməsi qərarında da onun narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi qənaətinəgələrkən heç bir dəlilə əsaslanmamış, əksinə toplanmış sübutlar Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə deyil, özü qəbul etmək üçün əldə etməsini təsdiq ediyi halda təkcə narkotik vasitənin və psixotrop maddəni çəkisinin çox olmasına istinad edib ehtimalla narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə saxlaması qənaətinə gəlinmişdir ki, bu tamamilə yanlışdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab edilən heroini və psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda 2,054 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 0,191 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsi barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında da belə sübut yoxdur. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Qeyd olunan maddələrin mənasına görə şəxsin təqsirli olduğuna (ittihamın sübuta yetirilməsində) şübhələr olduqda məhkəmə ya bu sübutları aradan qaldırmalı, ya da onları təqsirləndirilən şəxsin xeyrinə həll etməlidir. Qanunun tələbinə görə belə əsaslı şübhələr digər şəkildə həll ola bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq apellyasiya protestinin Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini və həmin əsaslarla da birinci instansiya məhkəməsinin onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməsinin düzgün olmaması barədə dəlillərini mülahizə (ehtimal) xarakterli dəlillər kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək məhkum olunmuş şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilmiş hesab olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərini kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit olunmuşdur ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası məkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəza məsələsini də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən törədilmiş əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, işdə cəzanı yüngülləşdirən halları və şəxsiyyətini nəzərə almaqla ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşiman olmasından ibarət şəxsiyyətini xarakterizə edən halları cəzasını yüngülləşdirən hallar kimi və Azərbaycan Respublikası CM-in 61-cı maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qənaətə gələrkən, törətdilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini kifayət qədər nəzərə almış və məhkum olunmuş şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olub-olmaması, təyin olunmuş cəzanın çəkilməli olub-olmadığı məsələlərini müzakirə edərək cəzanın məqsədinə, cəza təyin etmənin ümumi əsaslarına, iş materialları ilə müəyyən olunmuş faktiki və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara uyğun qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni hökm çıxarılması üçün əsas kimi qəbul oluna bilməz və ona görə də apellyasiya protesti təmin olunmamalı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 1(100)-72/2023 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya protesti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 1(100)-72/2023 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar