Məhkəmə qərarları › İş №1(104)-253/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-253/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-253/2023 20.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Əliyev Nural Turab oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru, kiçik ədliyyə müşaviri X2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-96/2023 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X7 Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-96/2023 saylı (hakimlər F.N.Mahmudov (sədrlik edən), D.H.İmanov və E.İ.Rüstəmov) hökmü ilə xx xxx 1972-ci ildə Şəmkir rayonu, Dəllər Cəyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Dəllər Cəyir kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinməsi və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının şübhə edilən şəxs qismində tutulduğu 14 iyul 2022-ci il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəza çəkdiyi müddətdə ona narkomaniyadan məcburi müalicənin təyin edilməsi, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmiş, həmçinin iş üzrə maddi sübutlarla və məhkəmə xərcləri ilə bağlı olan məsələlər həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəllərində, istintaqa məlum olmayan tarixdə Şəmkir rayonu Dəllər Cəyir kəndində yaşadığı evin həyətyanı sahəsində yerləşən istilikxanada qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda 17 (on yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 14 iyul 2022-ci il tarixdə saat 11:00 radələrində Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən orada yerləşən istixanada Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan külli miqdarda 17 (on yeddi) ədəd çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 1(100)-96/2023 saylı hökmünün ləğv edilməsini, iş üzrə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 62-ci maddəsini tətbiq etməklə ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, onun əməlində cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Belə ki, iş materiallarında olan Şəmkir rayon Dəllər-Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Dəllər-Cəyir kəndində həyat yoldaşı Şahid6 Oqtay qızı, övladaları X5 və X3 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Odur ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 1(100)-96/2023 saylı hökmünün ləğv edilməsini, iş üzrə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 62-ci maddəsini tətbiq etməklə ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Samir Əsgərov apellyasiya şikayətini müdafiə edib şikayətdə göstərilən məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməklə, onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilərək təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Qalib Rizvanov apellyasiya şikayətinə etirazını bildirərək göstərdi ki, məhkəmənin təqsirləndirilən şəxsə təyin etdiyi cəza cinayətin xarakterinə və onun şəxsiyyətinə uyğundur. Hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin cinayət əməli tam sübuta yetirilmiş, ona qanuni, əsaslı və ədalətli, yəni təqsirli bilindiyi CM-nin 237.2.3-cü maddəsinin saksiyasının ən aşağı həddində cəza təyin edilmişdir. Cəza təyin edilərkən apellyasiya şikayətinin dəlillərində göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmışdır. Həmin hallar təqsirləndirilən şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə əsas vermir. Ona görə də apellyasiya şikayətinin təmin edilmədən, hökmün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkum və müdafiəçisinin, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməli, mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmişdir. İbtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq, həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün etiraf edici ifadəsi, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətdə işin faktiki halları və məhkumun təqsirliliyi məsələləri mübahisə edilmir. Şikayətdə cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla CM-nin 62-ci maddəsi tətbiq edilərək ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin CM-nin 62-ci maddəsinin tətbiq edilərək məhkuma daha yüngül cəza təyin edilməsi dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №li Qərarının 8-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal köməklik göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davarınışı nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi məhkum Təqsirləndirilən şəxs əməlində CM-nin 62-ci maddəsinin tətbiqini zəruri edən, xüsusən də onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud deyildir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, eləcə də CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasının müəyyən edilməsini nəzərə almışdır. Müdafiə tərəfi CM-nin 62-ci maddəsinin tətbiq olunmalı olduğunu iddia etsə də, birinci instansiya məhkəməsində müəyyən edilmiş qeyd edilən cəzanı yüngülləşdirən hallar, eləcə də şikayətin dəlillərində istinad edilən digər hallar törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan və ümumiyyətlə təqsirkara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edilməsini mümkün edən müstəsna hallar hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası CM-nin 62-ci maddəsinin tətbiqi barədə apellyasiya şikayətinin dəlillərini əsassız və bu məsələdə də birinci instansiya məhkəməsinin mövqeyini qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü maddəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 9, 41.2, 58.1 və 58.3-cü maddələrini rəhbər tutaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlıqdan məhrum etmə cəzası təyin edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edildiyi nəzərə alınaraq ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza ədalətli olmaqla, onun tərəfindən törədilmiş cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və şəxsiyyətinə uyğundur. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar mövqeyini düzgün hesab edir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər əsasında hökmün dəyişdirilərək, məhkum Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edilməklə yüngülləşdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-96/2023 saylı hökmü əsaslı olduğundan apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-96/2023 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar