Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-26/2023 17.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X4 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin «29» avqust 2022-ci il tarixli, 1(021)-156/2022 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Bərdə Rayon Məhkəməsinin (hakim Fuad Babaşov) «29» avqust 2022-ci il tarixli, 1(021)-156/2022 nömrəli hökmü ilə xx xxxx 1996-cı ildə Bərdə rayonu Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə rayonu Alaçadırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 оğlu CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, üzərinə Bərdə rayonu, Alaçadırlı kəndindəki yaşayış yerini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarətin yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi, onun yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,654 qram olan narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlamış, 19 aprel 2022-ci il tarixdə saat 23:55 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bərdə şəhəri, Sənayə küçəsi ərazisində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan şalvarın sol yan cibində saxladığı 01 (bir) ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,654 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heorin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün dəyişdirilməsini və məhkuma cinayət qanununun müddəalarına uyğun daha ağır cəza - təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəliliyinə uyğun gəlməyən yüngül cəza təyin etmişdir. Məhkəmənin hökmü ilə işin müəyyən edilmiş faktiki halları, yəni Təqsirləndirilən şəxs1 əməlinin hüquqi tövsifi mübahisə doğurmur. Lakin məhkəmənin hökmü əsassız olduğundan dəyişdirilməlidir. İşin hallarından görünür ki, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından dəfələrlə çox, yəni bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,654 qram narkotik vasitə olan heorini satış məqsədi olmadan qanunsuz olaraq əldə edən Təqsirləndirilən şəxs1 məhkəmə CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza növü təyin etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə aldığını göstərsə də, faktiki olaraq cəza təyini zamanı Təqsirləndirilən şəxs1 tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamışdır. Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitə olan heroin müvafiq qanunla müəyyən edilmiş həmin növ narkotik vasitə heroinin şəxsi istehlak miqdarından 11 dəfə çoxdur. Həmin halın cinayətin ictimai təhlükəliliyini artıran hal olması məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə alınmamışdır. Beləliklə məhkəmə tərəfindən təyin olunmuş cəza törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamaqla ədalətsiz olmuşdur. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqla cəzanın təyin edilməsinin ümumi əsaslarına zidd olan, cəzanın məqsədini təmin etməyən cəza təyin etməkdə səhvə yol vermiş, onun peşman olmasının nədə ifadə edilməsi hökmdə göstərilməmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs onun üstündən aşkar olunmuş narkotik vasitəni yoldan tapdığını bildirməklə, əslində həmin narkotik vasitəni əldə etdiyi mənbəni gizlətmiş, cinayətin üstünün açılmasına heç bir kömək göstərməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini, hökmün dəyişdirilməsini və məhkuma təqsirli bilindiyi maddə ilə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya protestinə etiraz etdi və apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsində iştirak edən məhkum apellyasiya protestinin dəlillərinə etiraz etdi, əməlindən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini, hazırda islah olunduğunu bildirdi və apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılması hüdudlarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, protestdə məhkum barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın ağırlaşdırılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkum Təqsirləndirilən şəxs1 əməlini düzgün qiymətləndirmiş, apellyasiya protestində işin faktiki halları, əməlin tövsifi və təqsirlilik məsələləri mübahisə edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs1 cinayət əməli özünün verdiyi ifadələrlə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növü və həddi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə kollegiyası işin hallarını, məhkum barəsində olan cəzanı yüngülləşdirən halları və apellyasiya protestinin dəlillərini əlaqəli şəkildə təhlil edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs1 cəza təyin edərkən etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, eləcə də ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, barəsində cəzasını ağırlaşdıran halın olmamasını, nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə kollegiyasının iclasında və müşavirə otağında müzakirə edilərək təhlil edilmiş işin hallarını, iş üzrə toplanmış sübutları, məhkumun törətmiş olduğu cinayət əməlinin törədilməsi üsulunu, məhkumun davranışını, törətmiş olduğu cinayət əməlinə münasibətini, cinayət əməli törətməmişdən əvvəlki və cinayət əməli törətdikdən sonrakı davranışını nəzərə alaraq hesab edir ki, apellyasiya protesti təmin edilməli, məhkum barəsində CM-in təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkum Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın növü ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqunda tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs1 məhz ağır cəzaların təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Birinci instansiya məhkəməsi cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Yuxarıda qeyd olunanlara baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam müəyyən edilməmiş, təqsirləndirilən şəxsin üzərindən şəxsi istehlak miqdarından 11 dəfə artıq miqdarda narkotik vasitə aşkar edilməsi cəzanın növü müəyyən edilərkən kifayət qədər nəzərə alınmamış və əsassız olaraq Təqsirləndirilən şəxs1 törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza təyin edilmişdir. Cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, əlavə obyekti ictimai təhlükəsizlik və insanın sağlamlığıdır. Təqsirləndirilən şəxs1 üzərindən şəxsi istehlak miqdarından 11 dəfə artıq miqdarda narkotik vasitə aşkar edilməsi cinayət əməlinin ictimai təhlükəliliyini artıran hallar kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olan azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi o halda ədalətli hesab olunardı ki, törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran digər səbəblər olmasın və ya təqsirləndirən şəxsin cəzasını yüngülləşdirən kifayət qədər əsaslar olsun. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına, ictimai təhlükəliliyinə və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. CPM-in 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Bundan başqa iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 məhkəmə kollegiyasının iclaslarına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Təqsirləndirilən şəxs1 oğlunun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun tapılaraq məhkəməyə təqdim edilməsinədək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin 17 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 15 dekabr 2022-ci il tarixdə Bərdə rayonu ərazisində tutularaq, Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı müddət onun cəzaçəkmə müddətinə daxil edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin «29» avqust 2022-ci il tarixli, 1(021)-156/2022 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin başlanğıcı həbs edildiyi vaxtdan yəni, 15 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm və qərar icraya yönəldilənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 397, 398, 399, 404, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin «29» avqust 2022-ci il tarixli, 1(021)-156/2022 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu 02 gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, 15 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm və qərar icraya yönəldilənə kimi dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-26/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-26/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver