Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-260/2023 25.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X2 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin «28» fevral 2023-cü il tarixli, 1(076)-74/2023 nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Şəmkir Rayon Məhkəməsinin (hakim Rəşad Mustafayev) «28» fevral 2023-cü il tarixli, 1(076)-74/2023 nömrəli hökmü ilə xx.xx.1994-cü ildə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmuş, ünvan 1 ünvanlarda kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs 31 iyul 2022-ci il tarixdə saat 07 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Mersedes Benz markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, S.Vurğun küçəsində Şəmkir şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və həmin qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməli olduğu halda, yəni hərəkət surəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə idarə edərək qarşıda əks hərəkət zolağında hərəkətdə olan avtomobilin sola doğru dönmə əməliyyatı aparmasını nəzərə alaraq vaxtında avtomobili öz hərəkət zolağında dayandırması üçün tədbir görməli, sağa doğru təhlükəsizliyi təmin etməyən manevr aparmamalı olduğu halda buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yol hərəkəti qaydalarını pozaraq qarşıdan gələn X1 idarə etdiyi Maz 54322 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ehtiyyatsızlıqdan idarə etdiyi avtomobilin ön oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs sol bazunun yuxarı üçdə birinin bayır səthinin əzilmiş yaraları, sağ körpücük sümüyünün distal epifizinin minimal yerini dəyişmiş sınığı, sol qamış sümüyünün yuxarı üçdə birinin oynaq daxili, qəlpəli, qapalı yerini dəyişmiş sınığı ilə müşəyiət olunan, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, məhkum apellyasiya şikayətində hökmün dəyişdirilməsini və barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra səhhətində narahatlıqlar yaranmış, ailə vəziyyəti ağırdır. Məhkəmə tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır. Belə vəziyyətdə onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətsiz hesab edir. Əməlindən peşmandır. Hesab edir ki, qeyd olunan halların mövcudluğu nəzərə alınmaqla onun barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi ədalətli olar. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, əməlindən peşman olduğunu, təqsirini etiraf etdiyini göstərdi. Odur ki, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi, məhkumun barəsində olan yüngülləşdirici halları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, hökmün dəyişdirilməsini, məhkuma təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin məhkuma cəza təyin edərkən işin hallarını, məhkumun şəxsiyyətini və ailə vəziyyətini kifayət qədər nəzərə aldığını, onun törətdiyi cinayət əməlinə uyğun cəza təyin etdiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmiş, apellyasiya şikayətində də təqsirlilik məsələsi, əməlin tövsifi və işin faktiki halları mübahisələndirilməmişdir. Apellyasiya şikayətində məhkum barəsində təyin edilmiş cəzanın şərti hesab edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmamasını və barəsində məsuliyyətini ağırlaşdıran (cinayətin təkrar törədilməsi) halı, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə düzgün nəticəyə gəlmiş, işin hallarını, məhkumun barəsində olan halları kifayət qədər araşdırmış və nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Daha sonra o, yenidən eyni xarakterli cinayət əməli törətmişdir. Məhkumun əməlləri ehtiyatsızlıqdan törədildiyindən onun hərəkətlərində cinayətlərin residivi yaranmamış, birinci instansiya məhkəməsi onun əməlini cinayətin təkrar törədilməsi kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 yanvar 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, CM-in 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı yaranır. CM-in 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Cinayətkarlığa qarşı tətbiq edilən hüquqi təsir vasitələrinin səmərəliyi hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətləri, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Qeyd edilən cinayət qanunu normasının mənasına görə şərti məhkum etmə institutu stimullaşdırıcı xarakter daşımaqla cəzaya qənaət prinsipinin realizə üsullarından biridir. Şərti məhkum etmə institutu cəza çəkmədən də məhkumun islah olunmasının ehtimal edildiyi şərtlər çərçivəsində (törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla) cəza təyin etmənin ümumi əsaslarına riayət etməklə, ədalətlilik prinsipini rəhbər tutmaqla tətbiq olunması məhkəmənin səlahiyyətinə buraxılan xüsusi normalar məcmusudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Lakin işin müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı real olaraq çəkmədən islah olunması mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum cinayət törətdikdən sonra zərərçəkmiş şəxslə barışmamış, zərərçəkmiş şəxs ondan şikayətçidir. Məhkuma daha yüngül cəza təyin edilməsi və ya ona təyin edilmiş cəzanın şərti hesab edilməsi yolu ilə cəzanın məqsədlərinə nail olmaq mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, istinad olunan maddə üzrə ona cəza növü kimi təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Bütün bu qeyd edilən hallar Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddəyə CM-in 70ci maddəsinin tətbiqinin mümkünlüyünü istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun apellyasiya şikayətində qeyd olunan hallar onun islah olunan olmaqla CM-in 70-ci maddəsinin tətbiqinə əsas verən həddə deyildir və məhkum ona təyin edilmiş cəzanı real olaraq çəkməlidir. Məhkəmə kollegiyası eyni zamanda təyin edilmiş cəzanın həddi ilə də razılaşır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə ona təyin edilmiş cəza ədalətlidir, törətmiş olduğu cinayət əməlinə adekvatdır, bu səbəbdən təyin edilmiş cəzanın növünün və ya həddinin dəyişdirilməsini, eləcə də məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsini və ya onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsini qeyri-mümkün hesab edir. Çünki məhkuma bu qaydada güzəşt edilməsi cəzasızlıq mühitinin yaranmasına səbəb olmaqla, CM-in 41.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmiş olar. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, məhkumun apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin «28» fevral 2023-cü il tarixli, 1(076)-74/2023 nömrəli hökmü məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin «28» fevral 2023-cü il tarixli, 1(076)-74/2023 nömrəli hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-260/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-260/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver