Məhkəmə qərarları › İş №1(104)-264/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-264/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-264/2023 02.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Apellyasiya Məhkəmələrində X3 üzrə İdarəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum Təqsirləndirilən şəxs Şəhniyar oğlunun və onun müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Şəhniyar oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 1(062)-26/2023 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs Şəhniyar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tovuz Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 1(062)-26/2023 saylı (sədrlik edən hakim X4) hökmü ilə xx.xx.1975-ci ildə Tovuz rayonu, Əlibəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu ödənilməmiş və götürülməyən, İİ dərəcəli əlil, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, ona Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(062)-16 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 6 (altı) ay 13 (on üç) gün hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməsi və ona hökmlərin məcmusu üzrə olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalından həbs olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 01 fevral 2023-cü il tarixdən hesablanması, narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Hökmə əsasən, məhkum Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda içərisində təmiz çəkiləri 3,88 qram və 3,64 qram olan iki ədəd kibrit qutusunda, ümumi təmiz çəkisi 7,52 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 12 oktyabr 2022-ci il tarixində üzərində saxlamış, həmin tarixdə saat 18:10 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasına dəvət olunmuş, həmin tarixdə saat 18:40 radələrində orada üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib üzərində saxladığı, ayrı-ayrılıqda içərisində təmiz çəkiləri 3,88 qram və 3,64 qram olan, iki ədəd kibrit qutusunda, ümumi təmiz çəkisi 7,52 qram qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qeyd olunan hərəkəti ilə CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 1(062)-26/2023 saylı hökmünün ləşv edilməsini, barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ona ağır cəza təyin etdiyi üçün həmin cəza ilə razı deyil. Belə ki, CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasından başqa azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Həmçinin onun Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrup əlilliyi vardır. Əmək pensiyası və Prezident təqaüdü alır. Əlilliyi müddətsizdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Əməlindən səmimi peşmandır və islah olunmuşdur. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi F.İ.İskəndərov apellyasiya şikayətini müdafiə etdilər, şikayətdə göstərilən məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməklə məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ona azadlığın məhdududlaşdırılması cəzasının təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı R.N.Alıkişiyev məhkumun apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, məhkəmənin məhkuma təyin etdiyi cəza cinayətin xarakterinə və məhkumun şəxsiyyətinə uyğundur. Hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirkarın cinayət əməli tam sübuta yetirilmiş, ona qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Həmin cəzanın yüngülləşdirilməsi üçün əsaslar görmür. Ona görə də apellyasiya şikayətinin təmin edilmədən, hökmün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməli mötəbərliyi heç bir şübhə doğurmayan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətdə işin faktiki halları və təqsirlilik məsələləri mübahisə edilmir. Şikayətdə məhkuma təyin olunan cəzanın yüngülləşdirilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın həmin bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, içtimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq cəza haqqında məsələni düzgün həll etmiş, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində, eləcə də hökmlərin məcmusu üzrə ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, ikinci dərəcə əlil olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən, cinayətlərin residivni isə CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab etmişdir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. İş materiallarında məhkum Təqsirləndirilən şəxs CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin edilməsinə əsas verə bilən hər hansı bir müstəsna halın olması müəyyən edilmir. Apellyasiya şikayətində göstərilən hallar da məhkuma CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin edilməsinə əsas verə bilən müstəsna hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 9, 41.2, 58.1, 58.3, 65.1 və 65.2-ci maddələrini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini kifayət qədərə nəzərə alaraq, ona CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 1(bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, eləcə də cəzasını ciddi rejimli cəza çəkməsini müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Təyin edilmiş cəza ədalətli olmaqla işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərinə nail olunmasını təmin edir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi üçün heç bir əsas görmür və apellyasiya şikayətində cəzanın yüngülləşdirilməsi ilə bağlı göstərilən dəlilləri əsassız hesab edir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar mövqeyini düzgün hesab edir. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Tovuz Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 1(062)-26/2023 saylı hökmü əsaslı olduğundan apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 1(062)-26/2023 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar