Məhkəmə qərarları › İş №1(104)-265/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-265/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-265/2023 07.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), X3 və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 317- 2.1 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 1(021)-9/2023 saylı hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 1(021)-9/2023 saylı hökmü ilə (sədrlik edən Fuad Babaşov) xx.xx.1984-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, Bərdə rayon məhkəməsinin 4 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü hissəsinə əsasən cəzası 6 ay azaldılıb üzərində qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 317- 2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu andan yəni, 13 iyul 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 1(021)-9/2023 saylı hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsə ittham olunduğu CM-in 228.1-ci maddəsi üzrə bəraət verilməsini, CM-in 317-2.1-ci maddəsi ilə təyin olunmuş cəzanı çəkib qurtardığından onun həbsdən azad olunmasını xahiş etmişdir. Həmin hökmdən həmçinin Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, işinə yenidən baxılaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs оğlu təqsirləndirilir оndаn ötrü ki, о, qanunsuz olaraq odlu silahı, döyüş sursatlarını əldə edib saxlama və daşıma və istintaq təcridxanasında qadağan olunmuş əşyanı saxlama, gəzdirmə və istifadə etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs оğlu Bərdə rayon məhkəməsinin 4 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq Gəncə Apellyasiya Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü hissəsinə əsasən cəzası 6 ay azaldılıb üzərində qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmaqla Gəncə Apellyasiya Məhkəməsinin hesabında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılarkən “İstintaq təcridxanalarının daxili intizam qaydaları” ilə həbsdə saxlanılanlar üçün qadağan olunmuş əşya hesab edilən, daxilində ***-***-**-** nömrəli danışıq kartı olan, işlək vəziyyətdə “Nokia” markalı “Mini Phone” modelli “**********14312, **********14320” “imei” kodlu mobil telefonu istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək özündə saxlamış, gəzdirmiş, həmin telefona qoşulmuş, atası Şahid10 adına olan 055- 817-49-83” nömrəli danışıq kartı vasitəsilə ***-***-**-** və ***-***-**-** nömrələrinə zəng edərək telefondan istifadə etməklə atası Şahid10 və kürəkəni Şahid11 ilə əlaqə saxlamış, 18 noyabr 2021-ci il tarixdə saat 10:30 radələrində təcridxananın 3 saylı rejim korpusunun 60-cı kamerasında alınmış əməliyyat məlumatının yoxlanılması məqsədilə təcridxana əməkdaşları tərəfindən keçirilmiş qəfləti axtarış-baxış tədbirləri zamanı həmin kamerada saxlanılan tanışı və həmyerlisi Şahid4 təcridxananın rentgen müayinəsindən keçirilən vaxt düz bağırsağında gizlətdiyi, qadağan edilmiş həmin mobil telefon daxilində danışıq kartı ilə birlikdə aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi SSRİ dövründə 1939-cu ildə Tula silah zavodunda istehsal olunmuş, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı yivli odlu döyüş silahı olan 01 ədəd ЧФ-775 №-li “Tokarev” konstruksiyalı tapançanı, həmin tapançanın komplekt hissəsi olan bircərgəli, 08 ədəd 7,62x25 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz 01 ədəd darağı və 7,62x25 mm kalibrli olmaqla “Tokarev” konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança və pulemyotların ştat patronu olan, atəşə yararlı, döyüş sursatı hesab edilən 3 ədəd patronu idarə etdiyi “BMW” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamış və daşımış, Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdə saat 19:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı küçədə idarə etdiyi “BMW” markalı avtomobillə birlikdə saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən 1 ədəd ЧФ-775 №-li “Tokarev” konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd patron darağı və döyüş sursatı hesab edilən 3 ədəd patron aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan hökm çıxarmışdır. Belə ki, təqdirləndirilən şəxsə qarşı CM-in 228.1-ci maddədi ilə irəli sürülən ittiham əsassızdır. Onun əməlində heç bir cinayət tərkibi yoxdur, ona istinad edilən cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxsin avtomobilindən tapança aşkar edilməsi və tapançanın babasına məxsus olması faktı tamamilə yalandır, həmin tapança polis əməkdaşları tərəfindən onun avtomobilinə qoyulmuşdur. 12 iyul 2022ci il tarixdə təqsirləndirilən şəxs avtomobilində hərəkətdə olduğu zaman polis əməkdaşları onu saxlamış və qanunsuz olaraq onun avtomobilini polis şöbəsinə gətirmişlər. Həmin vaxt təqsirləndirilən şəxs avtomobilində olmamışdır. 12 iyul 2022-ci il tarixdə təqdirləndirilən şəxsi bir gün qanunsuz olaraq polis şöbəsində saxladıqdan sonra 13 iyul 2022-ci il tarixdə onun avtomobilinə baxış keçirmişlər. Avtomobilin yük yerindən aşkar edilmiş tapança, patron darağı və döyüş sursatı hesab edilən patronlar təqsirləndirilən şəxsə məxsus olmamışdır. Təqsirləndirilən şəxs heç vaxt üzərində, avtomobilində və ya evində silahsursat saxlamamışdır. Bundan başqa ibtidai istintaq zamanı həmin silah-sursatın qeydiyyatda olub-olmaması barədə heç bir araşdırma aparılmamışdır. Bu hallara birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Ona görə də təqsirləndirilən şəxsə ittham olunduğu CM-in 228.1-ci maddəsi üzrə bəraət verilməsini, CM-in 317-2.1-ci maddəsi ilə təyin olunmuş cəzanı çəkib qurtardığından onun həbsdən azad olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs isə apellyasiya şikayətində işinə yenidən baxılaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətlərini müdafiə edərək təqsirləndirilən şəxsin ittiham olunduğu CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməl üzrə təqsirliliyinin sübuta yetirilmədiyini, işin obyektiv araşdırılmadığını, yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar əsasında qanunsuz və əsassız ittiham hökmünün çıxarıldığını qeyd edərək apellyasiya şikayətinin təmin edilməsini, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsə CM-in 228.1-ci maddəsi üzrə bəraət verilməsini, CM-in 317-2.1-ci maddəsi ilə təyin olunmuş cəzanı çəkib qurtardığından onun həbsdən azad olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Bundan başqa təqsirləndirilən şəxs əlavə olaraq polis əməkdaşları tərəfindən ona fiziki təsir göstərildiyinə görə aşkar edilmiş silahın özünə məxsus olmasını bildirdiyini qeyd etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 317-2.1 maddələri ilə tövsif edildiyini, məhkuma cəza təyin edilərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə alındığını, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş apellyasiya şikayətlərində təqsirləndirilən şəxsə ittiham olunduğu CM-in 228.1-ci maddə üzrə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs istinad olunan 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təqsirləndirilən şəxsin ilkin ifadələri və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi həmin hissədə əməlin tövsifində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətlərində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, təqsirləndirilən şəxsin CPM-in 91ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməsi xahişini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs heç bir cinayət əməli törətməmişdir, avtomobilinin yük yerindən aşkar edilmiş silah-sursat ona məxsus deyil, polis əməkdaşları tərəfindən onun avtomobilinə qoyulmuşdur, müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə tərəfindən rədd edilmiş və buna dair məhkəmə tərəfindən heç bir əsas göstərilməmişdir. Məhkəmə tərəfindən hökmdə olan ifadələr doğru qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərkən ona əsaslanır ki, işin hallarından göründüyü kimi ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulanadək ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. Əvvəllər Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləməmiş və fərdi əməklə məşğul olaraq ailəsini dolandırmışdır. Ona mərhum babası Dadaş Bağırovdan 1 ədəd “Tokarev” markalı “TT” adlandırılan tapança, həmin tapançanın komplekt hissəsi olan 1 ədəd patron darağı və 3 ədəd 7,62 kalibrli patron yadigar qalmışdır. Həmin silahı, komplekt hissəsini və döyüş sursatını əvvəllər yaşadığı evdə saxlasa da, azyaşlı uşaqlarının görməməsi üçün tutulmazdan bir neçə gün əvvəl idarə etdiyi “BMW” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə qoymuşdur. Qeyd etdiklərini avtomobildə saxlamaqda məqsədi vaxt tapan kimi Bərdə rayon polis şöbəsinə aparıb təhvil vermək olmuşdur. Lakin işləri ilə əlaqədar vaxt tapa bilmədiyindən silahı, darağı və patronları aparıb təhvil verə bilməmişdir. 13 iyul 2022-ci il tarixdə yaşadığı küçədə dayanarkən polis əməkdaşları yaxınlaşıb üzərində və avtomobilində odlu silah saxlaması şübhəsi olduğunu bildirməklə onu Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına heç bir etiraz etmədən “BMW” markalı avtomobillə birlikdə polis şöbəsinə gətirildikdən sonra ona videoçəkilişdən istifadə edilməklə avtomobilə baxış keçiriləcəyi bildirilmiş və buna hər hansı etirazı olub-olmaması soruşulmuşdur. O, ərizə yazıb imzalamaqla baxış keçirilməsinə heç bir etirazı olmadığını qeyd etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı qara rəngli sellofana bükərək avtomobilin yük yerində saxladığı 1 ədəd “TT” adlandırılan tapança, 1 ədəd patron darağı və 3 ǝdəd patron aşkar edilərək götürülmüş və zərfə qoyularaq qablaşdırılıb üzəri möhürlənmişdir. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş tapançadan əvvəllər heç vaxt istifadə etmədiyini, odlu silah və döyüş sursatı saxlamasından heç kimin, o cümlədən ailə üzvlərinin heç bir məlumatı olmadığını, odlu silah və döyüş sursatını saxlaması və ya istifadə etməsi üçün heç kimə vermədiyini, babası Dadaş Bağırovun həmin silahı, patron darağını və patronları nə zaman və haradan əldə etməsi barədə heç bir məlumatı olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 13 iyul 2022-ci il tarixdə polis şöbəsinə Bərdə şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də həmin tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar polis şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Həmin gün saat 18:00 radələrində o, Şahid1 və Natiq Şirinov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Yaşadığı küçədə Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq qanunsuz olaraq avtomobilində odlu silah və döyüş sursatı saxlaması ilə bağlı məlumat əldə edildiyi, buna görə də baxış keçirilməsi üçün avtomobillə birlikdə polis şöbəsinə getməli olduğu bildirilmişdir. Polis şöbəsinin inzibati ərazisinə gətirildikdən sonra Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə avtomobilinə baxış keçiriləcəyi izah olunmuş, Təqsirləndirilən şəxs bu barədə öz xətti ilə ərizə yazıb imzalamaqla “BMW” markalı avtomobilə baxış keçirilməsinə heç bir etirazı olmadığını qeyd etmişdir. Bunun ardınca avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin yük yerindən 1 ədəd “Tokarev” markalı tapança, 1 ədəd patron darağı, 3 ədəd patron aşkar edilmiş və zərfə qoyularaq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “94” saylı möhürü ilə möhürlənməklə qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş odlu silah, döyüş sursatı və patronların mərhum babasından yadigar qaldığını, babasının qeyd edilən silahı haradan əldə etməsi barədə heç bir məlumatı olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı 90- ZB-039 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa yük yerinin ehtiyat təkər yerləşdirilən hissəsindən 1 ədəd 7,62 mm kalibrli “Tokarev” (TT) kontruksiyalı tapança, 1 ədəd həmin tapançanın komplekt hissəsi olan patron darağı və 3 ədəd 7,62x25 mm kalibrli patronlar aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 1 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskin içərisində 13 dəqiqə 37 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa yük yerinin ehtiyat təkər yerləşdirilən hissəsindən 1 ədəd 7,62 mm kalibrli “Tokarev” (TT) kontruksiyalı tapança, 1 ədəd həmin tapançanın komplekt hissəsi olan patron darağı və 3 ədəd 7,62x25 mm kalibrli patronların aşkar edilməsi öz əksini tapmışdır. Bundan başqa apellyasiya məhkəməsində təqsirləndirilən şəxsin 12 iyul 2022-ci il tarixdə bir gün qanunsuz olaraq polis şöbəsində saxlanılması barədə göstərdiyi xüsusatlar əsasında Bərdə rayon Polis Şöbəsinə sorğu göndərilmiş və həmin polis şöbəsindən daxil olmuş sorğuya cavab məktubunda Bərdə rayon Polis Şöbəsinin “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabında” 12 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barədə hər hansı qeydiyyatın olmaması göstərilmişdir. Bununla yanaşı təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona fiziki təsir göstərildiyinə görə aşkar edilmiş silahın özünə məxsus olmasını bildirməsi barədə qeyd etdiyi xüsusatlarla əlaqədar Bərdə rayon Polis Şöbəsinə və 2 saylı İstintaq Təcridxanasına sorğular göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsindən məhkəməyə daxil olmuş 12 may 2023-cü il tarixli sorğuya cavab məktubundan və “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs MSY-nə daxil olarkən ilkin müayinə zamanı onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş 2 saylı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş 5 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təcridxanaya daxil olarkən tibbi müayinədən keçirilmiş və xəsarət aşkar olunmamışdır. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan, “İşin halları” bölməsində təsvir edilmiş faktiki halların şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunan faktiki halların Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 228.1-ci maddəsi ilə müqayisəsi isə onu göstərir ki, həmin cinayət-hüquqi norması təqsirkarın əməlinə düzgün şamil edilmişdir. Təqsirəndirilən şəxsin əməli, mötəbərliyi heç bir şübhə doğurmayan CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən onun əməlini düzgün qiymətləndirmişdir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyin, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkəmə kollegiyası təqsirəndirilən şəxsə ittiham olunduğu CM-in 228.1-ci maddə üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin təmin edilərək məhkuma bəraət verilməsini mümkün hesab etmir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar apellyasiya şikayətlərində göstərilən bu dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 41.2, 58.3, 59 və 61-ci maddələrini rəhbər tutaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, həmçinin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, ona CM-in 228.1 və 317-2.1 maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməklə düzgün nəticəyə gəlmişdir, hazırki halda məhkuma təyin olunmuş həmin cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirici və ağırlaşdırıcı halları, apellyasiya instansiyasında tədqiq edilən halları təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 317-2.1 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 1(021)-9/2023 saylı hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 1(021)-9/2023 saylı hökmü təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar