Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-275/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası-X2 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili - X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 1(076)-8/2023 saylı hökmü ilə (sədrlik edən Ə.Ş.Məmmədova) xx.xx.1990-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən 1 il azadlıqdan məhrum edilmiş, Şəmkir rayonu Əliyaqublu kəndində qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 4 iyun 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması müəyyən edilmiş, həmçinin hökmlə məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 2022-ci ilin may ayının ortalarında istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı Şəmkir rayonu Əliyaqublu kəndində yolun kənarından tapdığı narkotik vasitə olan heroini və psixotrop maddə olan metafetamini qanunsuz olaraq əldə etməklə üzərində saxlayaraq daşımış, 04 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 daxil olmuş əməliyyat məlumatı əsasında həmin şöbənin və Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Şəmkir rayonu Əliyaqublu kəndinin ərazisində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən ağ rəngli sellofanın içərisində kustar üsulla hazırlanmış 0,771 qram çəkidə narkotik vasitə olan heroin və 1 ədəd kağız bükümdə dövriyyəsi qadağan edilmiş təmiz çəkisi 0,821 qram psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi onun himayəsində olan azyaşlı uşağının və xəstə anasının olmasını nəzərə almamış, ona yuxarı həddə cəza təyin edərək övladını atasız, xəstə anasını övladsız və ailəsini başsız qoymuşdur. Hesab edir ki, qeyd etdiyi hallar cəzanın yüngülləşdirilməsi üçün kifayətdir. Ona görə də Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmünün dəyişdirilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o Şəmkir Rayon Məhkəməsinin hökmü ilə razı deyil. Onu əsassız olaraq cinayət məsuliyyətinə cəlb etmişlər. Həmçinin məhkəmə onun barəsində olan yüngülləşdirici halları yetərincə nəzərə almamış və ona ağır cəza təyin etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasında xahiş etdi. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxsin müdafiəçisi Heydər Fərzəliyev apellyasiya şikayətini müdafiə edərək, müdafiə etdiyi şəxsin göstərdiklərinin nəzərə alınmasını, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını, bu mümkün olmadıqda isə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı Qalib Rizvanov apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, Təqsirləndirilən şəxs əməli istər ibtidai istintaq orqanı, istərsə də birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmiş, ona istinad olunan cinayətin onun tərəfindən törədilməsi mötəbər sübutların məcmusu ilə təsdiq edilmişdir. Həmçinin birinci instansiya məhkəməsinin məhkum edilmiş şəxsin barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ədalətli cəza təyin etdiyini, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi əməlin hüquqi tövsifini mübahisələndirir. Belə ki, məhkum edilmiş şəxs ona istinad olunan əməldə özünü təqsirli bilmir və onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, axtarış və götürmə zamanı aparılmış audio və video yazı və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsii və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, cinayət hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 1 ay 22 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində azyalı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətin residivinin olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq, ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyinetmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq, qanuni və ədalətli nəticə çıxarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 1(076)-8/2023 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-275/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-275/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver