Məhkəmə qərarları › İş №1(104)-279/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-279/2023

01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-279/2023 01.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), X4 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru, kiçik ədliyyə müşaviri X2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 1(061)-15/2023 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Rayon Məhkəməsinin (sədrlik edən hakim X3) 22 fevral 2023-cü il tarixli 1(061)- 15/2023 saylı hökmü ilə xx.xx.1986-cı ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ev 18 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 09.09. 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının müddətindən bir günə bir gün hesabı ilə çıxılmaqla ona 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbs olunduğu 13 oktyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, yaşayış yeri üzrə Tibbi Ərazi Bölməsinin İdarəetmə Birliyinin “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X7 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Hökmə əsasən, məhkum Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş 01 ədəd gümüş rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,155 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 02 ədəd göy rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram və 0,019 qram, ümumi təmiz çəkisi 0,331 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərinda saxlamaqla daşımış, 09 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, daşınmasında və istifadə edilməsində şübhəli bilindiyi üçün Tərtər şəhəri, M.F.Axundov küçəsi ərazisində saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilmiş və sonuncunun üzərində şəxsi axtarış aparılarkən şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,155 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram və 0,019 qram, ümumi təmiz çəkisi 0,331 qram psixotrop maddə olan metamfetamin onun əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş 01 ədəd selofan bükümdə ümumi təmiz çəkisi 0,363 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərinda saxlamaqla daşımış, 13 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, daşınmasında və istifadə edilməsində şübhəli bilindiyi üçün Tərtər şəhəri, Cavanşir küçəsi ərazisində saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilmiş və sonuncunun üzərində şəxsi axtarış aparılarkən ümumi təmiz çəkisi 0,363 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmənin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qeyd olunan hərəkəti ilə CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, işinə yenidən baxılıb ədalətli qərar verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinin onun barəsində olan hökmünü ədalətli hesab etmir. İlk dəfədir ki, tutulub. Narkomaniyadan heç bir əziyyət çəkmir. Əlavə olaraq bildirir ki onun himayəsində yaşlı və xəstə anası var. Artıq 5 aydır ki, İstintaq Təcridxanasında həbsdə saxlanılır. Odur ki, işinə yenidən baxıb ədalətli xitam qərarı çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətini dəqiqləşdirərək ilk dəfə məhkum olunmasını, himayəsində yaşlı və xəstə anasının olmasını nəzərə alıb cəzası yüngülləşdirilərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi F.İ.İskəndərov apellyasiya şikayətini müdafiə etdilər, şikayətdə göstərilən məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməklə məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Q.A.Rizvanov məhkumun apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, məhkəmənin məhkuma təyin etdiyi cəza cinayətin xarakterinə və məhkumun şəxsiyyətinə uyğundur. Hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin cinayət əməli tam sübuta yetirilmiş, ona qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Həmin cəzanın yüngülləşdirilməsi üçün əsaslar görmür. Ona görə də apellyasiya şikayətinin təmin edilmədən, hökmün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməli mötəbərliyi heç bir şübhə doğurmayan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətdə işin faktiki halları və təqsirlilik məsələləri mübahisə edilmir. Şikayətdə məhkuma təyin olunan cəzanın yüngülləşdirilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın həmin bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, içtimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini, cəzanı ağırlaşdıran halın olmasını nəzərə alaraq cəza haqqında məsələni düzgün həll etmiş, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab etmiş, həmçinin CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların müəyyən edilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 9, 41.2, 58.1 və 58.3-cü maddələrini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq, ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Təyin edilmiş cəza ədalətli olmaqla işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərinə nail olunmasını təmin edir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi, o cümlədən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi üçün heç bir əsas görmür və apellyasiya şikayətində cəzanın yüngülləşdirilməsi ilə bağlı göstərilən dəlilləri əsassız hesab edir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar mövqeyini düzgün hesab edir. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Tərtər Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 1(061)-15/2023 saylı hökmü əsaslı və qanuni olduğundan apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 1(061)-15/2023 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar