Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-28/2023 17.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X10 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin «17» may 2022-ci il tarixli, 1(066)-73/2022 nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin (hakim Əyyub Kərimov) «17» may 2022-ci il tarixli, 1(066)-73/2022 nömrəli hökmü ilə xx.xx.1976-cı ildə Naxçıvan şəhəri, Qaraçuq kəndində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, məhkumluğu olan, Naxçıvan şəhəri Qaraçuq kəndində daimi qeydiyyatda olmaqla, Bakı şəhəri Xətai rayonu Vinktau 16, ev 29-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs оğlu CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)- 115/2021 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il 1 (bir) ay 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək ona qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs оğlunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-115/2021 nömrəli hökmü ilə xx.xx.2021-ci il tarixdən həbsdə olmasının nəzərə alınması, cəzaçəkmə müddətinin əvvəlinin 09 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs оğlu etibardan sui-isifadə etmə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, о, etibardan sui-isifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ailəvi dostluq etdikləri Zərərçəkmiş şəxs1 10000 (on min) manat qarşılığında Bakı şəhərində mühüm vəzifədə işləyən adını çəkmədiyi tanışlarının köməkliyi ilə X7 polis əməkdaşı kimi işə qəbul etdirəcəyi barədə yalan vədlər verib inandıraraq vahid niyyətlə əhatə olunan davamlı qəsdlə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 ilkin olaraq 29 dekabr 2020-ci il tarixdə Gəncə şəhərində yerləşən “Bank BTB”dən 5000 (beş min) manat pulu göndərtdirib əldə keçirdikdən sonra yenidən 2021-ci ilin yanvar ayında dəqiq günü istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs1 qalan 5000 (beş min) manat nağd pulu Göygöl rayonu Balçılı kəndində sonuncudan götürüb göstərilən dövr ərzində Zərərçəkmiş şəxs1 10000 (on min) manat pulunu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ailəvi dostluq etdikləri X3 və X4 vasitəsilə sonuncuların qohumu Zərərçəkmiş şəxs2 kürəkəni X5 5000 (beş min) manat qarşılığında Bakı şəhərində mühüm vəzifədə işləyən adını çəkmədiyi tanışlarının köməkliyi ilə X6 mühafizə xidmətinə işə bərpa etdirəcəyi barədə yalan vədlər verib inandıraraq vahid niyyətlə əhatə olunan davamlı qəsdlə hissə-hissə olmaqla ilkin olaraq 2021-ci ilin yanvar ayında dəqiq günü istintaqa məlum olmayan vaxtda Göygöl rayonu Balçılı kəndində Zərərçəkmiş şəxs1 vasitəsi ilə 3000 (üç min) manat nağd pulu Zərərçəkmiş şəxs2 alıb əldə etdikdən sonra yenidən 2021-ci ilin yanvar ayında dəqiq günü istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 qalan 2000 (iki min) manat nağd pulu sonuncudan Göygöl rayonu Balçılı kəndində Taleh Hüseynovun vasitəsilə götürüb göstərilən dövr ərzində Zərərçəkmiş şəxs2 5000 (beş min) manat pulunu ələ keçirib dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti, Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən apellyasiya protesti verilmişdir. Məhkum apellyasiya şikayətində ona daha yüngül cəza növü təyin edilməsini, Azərbaycan Respublikası Baş Prokurorunun müavini apellyasiya protestində birinci instansiya məhkəməsinin hökmünün cinayət qanunvericiliyinin müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cinayət işinə baxarkən ədalət və humanizm prinsiplərinə əməl etsə də cinayət qanunu norması düzgün tətbiq edilmədiyindən hökm dəyişdirilməlidir. Belə ki, məhkəmə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmünü öz hökmü ilə CM-in 66.5-ci maddəsinə əsasən qismən birləşdirərək qəti cəza təyin etmişdir. Halbuki məhkəmə ona cinayətlərin məcmusu ilə deyil, hökmlərin məcmusu ilə cəza təyin etməli idi. Bundan başqa məhkəmə ona cəza təyin edərkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmünün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə artıq birləşdirilmiş olmasını nəzərə almamışdır. Məhkəmə cəza təyin edərkən onun “UŞU” Federasiyasının müəllimi və beynəlxalq dərəcəli hakim olmasını nəzərə almamışdır. Azərbaycan Respublikası Baş Prokurorunun müavini apellyasiya protestini onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü cinayət qanununun müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 1 ay 3 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs, bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza CM-nin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanmaqla onun üzərində qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmdən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza hazırkı hökm çıxarılmazdan əvvəl artıq Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş cəza ilə CM-nin 66.5-ci maddəsinə əsasən toplanılmış və həmin hökm qanuni qüvvəyə minmişdir. Göygöl Rayon Məhkəməsinin Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş qəti cəzanı CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə toplamalı olduğu halda, qeyd olunan halı nəzərdən qaçıraraq öz hökmünə düzgün olmayaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanı toplamışdır. Beləliklə də məhkəmə tərəfindən cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini cinayət Qanununun tələblərinin nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, apellyasiya şikayətinin təmin edilməsini, məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq göstərdi ki, apellyasiya protestinə dair qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Apellyasiya məhkəməsində iştirak edən məhkum apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, müdafiəçisinin dedikləri ilə razı olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Zərərçəkmiş şəxslərə vurduğu ziyanın hamısını ödəyəcəyinə söz verir. Əlavə olaraq göstərdi ki, apellyasiya protestinə dair qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Apellyasiya məhkəməsində iştirak edən zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz etmədiyini, məhkumun ona 5000 manat maddi ziyan vurduğunu və həmin ziyanı ödəmədiyini, məhkumun həbsdə qalmasının ona heç bir faydasının olmadığını, azadlığa çıxaraq ona olan borcunu ödəməsini, şikayətin təmin edilməsinə etiraz etmədiyini bildirdi və apellyasiya protestinə dair qanunamüvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Göründüyü kimi apellyasiya protestində və apellyasiya şikayətində əməlin hüquqi tövsifi və təqsirlilik məsələsi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, habelə iş materiallarına əlavə edilmiş digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilir. Apellyasiya şikayətində və protestində də əməlin tövsifi və təqsirlilik məsələsi mübahisələndirilmir. Apellyasiya protestinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Protestin məzmunundan göründüyü kimi protestdə birinci instansiya məhkəməsi tərəfindən cinayət qanun normasının düzgün tətbiq edilmədiyi iddia edilmiş və buna görə də hökmün dəyişdirilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya protestinin dəlillərini əsaslıdır və aşağıda qeyd olunanlara əsasən protestin təmin edilməsi Qanunamüvafiqdir. Belə ki, cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 1 ay 3 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza CM-nin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanmaqla onun üzərində qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü Göygöl Rayon Məhkəməsində işə baxılarkən cinayət işinin materiallarında olmamış, məhkəmə yalnış olaraq öz hökmü əsasında təyin edilmiş cəza ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı qismən toplamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmiş, bundan sonra o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi öz hökmü əsasında təyin etdiyi cəza ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamışdır. Göygöl Rayon Məhkəməsi öz hökmü ilə təyin edilmiş cəzanı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən birləşdirərkən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmünün olmasını və artıq həmin hökmlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın qismən toplanmış olmasını nəzərə almamışdır. Beləliklə qanunvericiliyin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməklə düzgün nəticəyə gəlmiş, lakin CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş cəzaları toplayarkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmiş, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərədə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir və hazırki halda məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə və ya azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, eləcə də məhkum olunduğu maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. CPM-in 399.1 və 399.1.4-cü maddələrinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403.0.1-ci maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu norması məhkəmə tərəfindən tətbiq edilmədikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin və protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti və protesti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin «17» may 2022-ci il tarixli, 1(066)-73/2022 nömrəli hökmü dəyişdirilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.4, 399, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti və apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin «17» may 2022-ci il tarixli, 1(066)-73/2022 nömrəli hökmü dəyişdirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-26/2022 nömrəli hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası Göygöl Rayon Məhkəməsinin «17» may 2022-ci il tarixli, 1(066)-73/2022 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakim: Teyyub Muxtarov
Məhkəmə qərarları › İş №1(104)-28/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-28/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver