Məhkəmə qərarları › İş №1(104)-280/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-280/2023

08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-280/2023 08.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tərtər Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(061)-03/2023 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Tərtər Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(061)-03/2023 saylı hökmü ilə (sədrlik edən Tahir Qubadov) 4 may 1983-cü ildə Tərtər rayonunun Səhləbad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu Səhləbad kəndində qeydiyyatda olmaqla Tərtər şəhəri Ə.Paşayev küçəsi, bina 2, ev 6-da yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin onun Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində narkomaniyadan məcburi müalicənin təyin olunması və yaşayış yeri üzrə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X3 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(061)-03/2023 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 apellyasiya şikayəti vermiş, həmin apellyasiya şikayətinə əlavə və düzəliş barədə verdiyi ərizədə təqsirləndirilən şəxs hökmün dəyişdirilməsini, barəsində olan cəzanı yüngülləşdirən halların nəzərə alınmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının azaldılmasını xahiş etmişdir. Həmin hökmdən həmçinin birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş Dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün təqsirləndirilən şəxsə cinayət qanununun müddəalarına uygun daha ağır cəza növü- yuxarı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, 28 avqust 2022-ci il tarixdə Tərtər rayonu Qarağacı kənd ərazisində su kanalının kənarından satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş ümumi çəkisi 460.73 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuananı əldə edərək həmin narkotikdən bir hissəsini, yəni 1 ədəd sarı rəngli sellofon torbada saxladığı təmiz çəkisi 460 qram marixuananı idarə etdiyi “QAZ 3110” markalı **-GR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə, üzərində isə 1 ədəd salfet kağız bükümdə saxladığı təmiz çəkisi 0,73 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuananı əldə edərək 17 sentyabr 2022-ci il tarixdə saat 19 radələrinədək, yəni Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər şəhəri Nizami küçəsində idarə etdiyi “QAZ 3110” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilməklə idarə etdiyi avtomobildə və üzərinə baxış keçirilib götürülənədək qəsdən qanunsuz əldə edib daşımaqla saxlamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Belə ki, birinci instansiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmadan, təqsirləndirilən şəxsin ailə vəziyyətini, həyat şəraitini nəzərə almadan hökm çıxarmış, ona olduqca ağır cəza təyin etmişdir, həmin cəza onun şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Belə ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir, özünü ona istinad edilən cinayət əməlinin törədilməsində təqsirli bilir, evli olmaqla himayəsində iki azyaşlı uşağı, xəstə arvadı və yaşlı anası var, ailədə yeganə qazanc gətirən şəxsdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, bundan başqa onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Göründüyü kimi birinci instansiya məhkəməsi onun barəsində yüngülləşdirici halları nəzərə almadan hökm çıxartmışdır. Apellyasiya şikayətinə əlavə və düzəliş barədə verdiyi ərizədə təqsirləndirilən şəxs hökmün dəyişdirilməsini, barəsində olan cəzanı yüngülləşdirən halların nəzərə alınmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının azaldılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü ilə işin müəyyən edilmiş faktiki halları, yəni Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi mübahisə doğurmur. Lakin, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin şəxsiyyətini xarakterizə edən halları nəzərə almadan ona daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Hazırki cinayət işi üzrə məhkəmə öz hökmündə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs ümumi çəkisi 460,73 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuananı əldə edərək saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Onun külli miqdarı isə 500 qramdan başlanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitə hesab olunan qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarının yuxarı həddindən 92 dəfə çoxdur. Məhkəmə hökmü çıxarılarkən Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitənin növü, çəkisi onun törətmiş olduğu cinayətin ictimai təhlükəliliyini artıran hallardan olması hesab edilməmiş, cəza təyini zamanı həmin xüsusatlar nəzərə alınmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini hökmdə əsaslandırmamış və həmin halların hansı hərəkətlərlə ifadə olunduğunu sübut etməmişdir. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də onların qəbul edilməsinin motivlərini ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində göstərməmişdir. Bundan başqa, məhkəmə hökmündə təqsirləndirilən şəxsi xarakterizə edən halların sırasında onun yaşayış yerində müsbət və ya mənfi xarakterizə olunması qeyd olunmamış, həmin halların təyin edilmiş cəzaya təsiri ilə bağlı hökmün təsviri-əsaslandırıcı hissəsində hər hansı münasibət bildirilməmişdir. Yaşayış yerindən xarakterizə olunma cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunub-olunmaması nəticəsidir. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət və ya mənfi xarakterizə olunması və bunun nədə ifadə olunması məhkəmə hökmünün təsviriəsaslandırıcı hissəsində göstərilməmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İşin bütün halları, təqsirləndirilən şəxslərin şəxsiyyəti, ədalət prinsipi təqsirləndirilən şəxslərə qanunvericiliyin tələblərinə müvafiq cəza təyin edilməsini tələb edir. Şəxsə qeyd olunan maddə ilə azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olan azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi o halda ədalətli hesab olunardı ki, törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran digər səbəblər olmasın və ya təqsirləndirən şəxsin cəzasını yüngülləşdirən kifayət qədər əsaslar olsun. Məhkəmə həmin maddələrin tələblərini nəzərə almadan Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Məhkəmə yuxarıda qeyd olunan, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran halları nəzərə almamış, onlara hüquqi qiymət verməmiş, nəticədə təyin edilmiş cəza törədilmiş cinayətə adekvat olmamış və bunun da nəticəsində eyni qəbildən olan cinayət işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalətli cəza siyasətinin həyata keçirilməsi istiqamətində düzgün mövqe nümayiş etdirilməmişdir. Göstərilənlərə əsasən, Tərtər rayon məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair 15 fevral 2023cü il tarixli hökmü cinayət qanununun müddəalarına uyğun daha ağır cəza növü təyin edilməklə dəyişdirilməlidir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsinin iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz etdi, apellyasiya protestini müdafiə edərək, protestdə göstərilən məzmunda çıxış edərək əlavə olaraq göstərdi ki, birinci instansiya məhkəməsi təqsirləndirələn şəxsə törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz, buna görə hökmünün təqsirləndirilən şəxsə cinayət qanununun müddəalarına uyğun daha ağır cəzayuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş edir. Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya protestinə etiraz etdilər, eyni zamanda məhkəməyə ərizə təqdim edərək apellyasiya şikayətini dəqiqləşdirdiklərini bildirdilər, onun təmin olunmasını və təyin olunmuş cəzanın azaldılmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir, evli olmaqla himayəsində iki azyaşlı uşağı, xəstə arvadı və yaşlı anası var, ailədə yeganə qazanc gətirən şəxsdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ona görə də şikayətdə göstərinlərin nəzərə alınmasını, ona təyin olunmuş cəza həddinin aşağı endirilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya protestinin dəlilləri məhkum edilmiş şəxs barəsində təyin edilmiş cəzanın yüngül olması, işin faktiki halları nəzərə alınaraq təqsirləndirildən şəxsə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmasından, apellyasiya şikayətinin dəlilləri isə cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması, həmin halların nəzərə alınaraq təqsirləndirilən şəxsə təyin olunmuş cəza həddinin aşağı endirilməsindən ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya protestinin və apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi maddə üzrə işin faktiki hallarının müəyyən edilməsi, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmaması, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti qismən təmin edilməli, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəza hissəsində dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək onları həmin cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətində müdafiə tərəfi işin faktiki hallarını, təqsirlilik məsələsini və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları sadalamaqla həmin halların kifayət qədər nəzərə alınmamasını qeyd etmiş, həmin halların nəzərə alınaraq təqsirləndirilən şəxsə təyin olunmuş cəza həddinin aşağı endirilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunan cəzanı yüngülləşdirən halların nəzərə alınmaması dəlili ilə bağlı məhkəmə kollegiyası törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, apellyasiya instansiyasında tədqiq edilən halları təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin olunmuş azadlığın məhdudlaşdırılıması cəzasının həddinin aşağı endirilməsini məqsədəmüvafiq hesab etmir. Dövlət ittihamçısı isə apellyasiya protestində təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngül olmasını mübahisələndirmiş, həmin cəzanın yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza olmasını əsas gətirərək təqsirləndirildən şəxsə yuxarı həddə azadlıqdan məhruetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası məhkuma təyin edilən cəza ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən CM-in 8, 41.2, 58 və 59-cu maddələrinin tələblərini rəhbər tutaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları (ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını) və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə almışdır. Məhkəmə kollegiyası dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməsi iddiası ilə bağlı qeyd edir ki, törədilən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkum barəsində olan yüngülləşdirici hallar, habelə təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alınaraq, təyin edilmiş cəzanın azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi məqsədəmüvafiq deyildir. Məhkuma təyin edilmiş cəzanın növü kifayət qədər ciddi və ağır, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi CM-in ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın həddi ilə razılaşmır. Məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, işdə olan cəzanı yüngüllədirən halları nəzərə alaraq təqsirləndirilən şəxsə təyin olunmuş azadlığın məhdudlaşdırılmasını cəzasının həddinin artırılması qənaətinə gəlir. Bu baxımdan məhkəmə kollegiyası təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə lüzum görmür, lakin onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə yaxın azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, bu yolla məhkumun islah olunmasına nail olmaq mümkündür. Məhkumun şəxsiyyəti, davranışı, işin halları, məhkumun törətmiş olduğu əmələ münasibəti məhkəmə kollegiyasına bu nəticəyə gəlməyə əsas verir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, məhkumun şəxsiyyətinə uyğun olmasını, sosial ədalətin bərpası məqsədi daşımasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunması nəzərdə tutulan cəza, cəzanın məqsədinə xidmət edir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. CPM-in 399.1 və 399.1.5-cü maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tərtər Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(061)-03/2023 saylı hökmü dəyişdirilməli, təqsirləndirilən şəxsə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının həddi artırılmalı, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla bu qərarla ona təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 399, 404, 405, 407- 410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya protesti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(061)-03/2023 saylı hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti artırılaraq ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla bu qərarla ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar