Məhkəmə qərarları › İş №1(104)-283/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-283/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-283/2023 05.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(100)-41/2023 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(100)-41/2023 saylı hökmü ilə (sədrlik edən sədrlik edən D.H.İmanov, hakimlər R.N.Ələkbərli və E.İ.Rüstəmov) 2 may 1982-cı il tarixdə Gəncə şəhərində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 1 (bir) il 5 (beş)ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 8 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuniqüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin edilməsi və onun narkoloji kabinetdə qeydiyyata alınması qərara alınmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(100)-41/2023 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Həmin hökmdən həmçinin birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş Dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, ümumilikdə 6,231 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz əldə etməklə üzərində daşımış və saxlamışdır. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməl, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, həmin maddə ilə təqsirli bilinib, 1 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-6,231 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək həmin metamfetamini iki ədəd bükümdə üzərində saxlamaqla qanunsuz olaraq ünvan 2 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 8 oktyabr 2021-ci il tarixdə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 20:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə gətirilmiş və orada həmin gün saat 21:18-dən keçirilən şəxsi axtarış zamanı əynindəki idman şalvarının sağ yan cibindən qanunsuz olaraq şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd bükümdə ayrılıqda çəkiləri 3,392 qram və 2,839 qram olan ümumilikdə külli miqdarda-6,231 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASİYA PROTESTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarını diqqətlə tədqiq etməmiş, iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, ümumilikdə 6,231 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz əldə etməklə üzərində daşımış və saxlamışdır. Məhkəmə qeyd olunan metamfetaminin Təqsirləndirilən şəxs aid olmaqla onun üzərindən aşkar edilib götürülməsi hissəsində ibtidai istintaq orqanının gəldiyi qənaəti düzgün qəbul etsə də, həmin psixotrop maddənin satış məqsədilə əldə edilib daşınması və saxlanılması hissəsində istintaqın gəldiyi nəticəni mübahisələndirmişdir. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs 2 ədəd bükümdə olan külli miqdarda ümumilikdə 6,231 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 8 oktyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı həmin narkotik vasitə ondan aşkar edilib götürülmüşdür. İş materiallarında olan 8 oktyabr 2021-ci il tarixli raport və qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmçinin iş üzrə şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin əməkdaşı Şahid1 və Gəncə şəhər keçmiş Kəpəz RPİ-nin əməkdaşları Şahid4 və Şahid3 həm ibtidai, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, 8 oktyabr 2021-ci il tarixdə, axşam saatlarında Kəpəz rayonu ərazisində olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin gün keçirilmiş tədbir nəticəsində onun üzərindən çəkiləri 3,392 qram və 2,839 qram olan 2 bükümdə, ümumilikdə külli miqdarda-6,231 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bundan başqa, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 15 dekabr 2021-ci il tarixli ekspert rəyinindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Qeyd edilənlərin ziddinə olaraq məhkəmə Təqsirləndirilən şəxs əməlini tövsif edərkən əsas istinad etdiyi hal ondan ibarət olmuşdur ki, ondan aşkar edilmiş psixotrop maddənin satış məqsədilə əldə edilməsinə dəlalət edən hər hansı sübut olmamışdır. Halbuki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı faktı ilə deyil, onların satışı məqsədilə əldə edib üzərində saxlaması ilə əlaqədar ittiham verilmişdir. Əgər əvvəldən və ya sonradan onun kiməsə narkotik vasitə və ya psixotrop maddə satması müəyyən olunsaydı, o zaman Təqsirləndirilən şəxs satış faktı ilə bağlı ittiham irəli sürülərdi. Odur ki, məhkəmənin həmin istinadı özlüyündə absurddur. Bundan başqa, satış məqsədi müəyyən olunarkən nəzərə alınan hallar- narkotik vasitələrin növ tərkibi, bir yaxud bir neçə bükümdə olması, şəxsin həmin maddələri üzərində yaxud evində saxlaması, maddənin miqdarı, təqsirləndirilən şəxsin narkotik vasitədən istifadə edib-etməsi, həmçinin şəxsin sosialmaddi durumu əhəmiyyət kəsb edən hallardandır. Təqsirləndirilən şəxs əməlinə münasibətdə həmin xüsusatlara baxdıqda aydın olur ki, ümumilikdə ondan külli miqdarda olmaqla iki bükümdə olan metamfetamin onun üzərindən aşkar edilmişdir. Bununla belə, hazırki cinayət işi üzrə məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak və külli miqdarından dəfələrlə çox olmaqla miqdarını, 2 bükümdə olan həmin maddəni üzərində saxlamasını və işin digər hallarını nəzərə almamışdır. Yuxarıda sadalanan halların məcmusundan görünür ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini tövsif etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli hökmü birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə yeni ittiham hökmü çıxarılmalıdır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan hökm çıxarmışdır. Belə ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham əsassızdır. Onun əməlində heç bir cinayət tərkibi yoxdur, ona istinad edilən cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Hökmdə təqsirləndirilən şəxsə verilmiş ittihamı təsdiq edəcək heç bir sübut yoxdur. Bu hallara birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Hökmdə ibtidai istintaqın gəldiyi nəticə əsas götürülmüşdür. Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm məhkəmə araşdırmasında müəyyən olunmuş sübutlara deyil, istintaq orqanının gəldiyi nəticə ilə üstüstə düşmüşdür. Ona görə də təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz etdi, apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış edərək əlavə olaraq göstərdi ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlamasını təsdiq edən toplanmış kifayət qədər sübutları müqayisəli şəkildə tədqiq etməyərək əsassız olaraq hökmdə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya protestinə etiraz etdilər, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, polis əməkdaşları ona narkotik vasitə verib cibinə qoymasını, çəkiliş zamanı cibindən çıxarıb özünə məxsus olmasını, tanımadığı şəxsdən almasını deməsini tələb etmişlər, onu hədələyərək sənədlərə qol çəkdirmişlər, sonra polis əməkdaşları onun narkotik vasitə istifadəçisi olduğunu sübuta yetirmək məqsədi ilə onu xəstəxanaya aparıb analiz götürmüşlər və ona hansısa sənədlərə qol çəkdirib təcridxanaya aparmışlar. Ona görə də apellyasiya protestinin təmin olunmamasını, apellyasiya şikayətinin təmin olunmasını, ona bəraət verilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığını qeyd etmiş, onun əməlinin CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmədiyini qeyd etmiş, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsini xahiş etmişdir. Göstərilən dəlillərə hüquqi münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq saxlaması sübuta yetirilməmişdir. Əksinə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, ümumilikdə 6,231 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz əldə etməklə üzərində saxlamaqla daşımışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə saxlamasını təsdiq edə biləcək heç bir sübut yoxdur. İş materialları ilə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlaması öz təsdiqini tapsa da, onun həmin psixotrop maddəni məhz satış məqsədi ilə saxlaması öz təsdiqini tapmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əldə edib daşıyaraq üzərində saxladığı psixotrop maddəni satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 dekabr 2021-ci il tarixli, 5115 nömrəli rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür.” Bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarda olması təşkil etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, həmin psixotrop maddənin ona məxsus olmadığını bildirmişdir. Belə ki, nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamasını təsdiq edən real məlumatlar və faktlar müəyyən olunmamışdır. Cinayət işinin materiallardan görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində “aşkar edilmiş kütlənin ona məxsus olmadığını” bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulanadək onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə psixotrop maddəolan metafetamin satması, narkotik vasitələrin satışı ilə bağlı digər şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni, hüquq mühafizə orqanları Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv məlumata malik olmamışlar. Həmçinin, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşları təqsirləndirilən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlaması, daşımasıvə satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını bildirsələr də, sonradan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına münasibətdəmüsbət nəticə əldə edə bilmədiklərini məhkəmədə təsdiq etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı cinayət işi üzrə sübutların qiymətləndirməsi qərarında da Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsi qənaətinəgələrkən heç bir dəlilə əsaslanmamış, əksinə toplanmış sübutlar Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə deyil, özü qəbul etmək üçün əldə etməsini təsdiq ediyi halda təkcə psixotrop maddəni çəkisinin çox olmasına istinad edib ehtimalla psixotrop maddəni satış məqsədi ilə saxlaması qənaətinə gəlinmişdir ki, bu tamamilə yanlışdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ümumilikdə 6,231 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında da belə sübut yoxdur. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Qeyd olunan maddələrin mənasına görə şəxsin təqsirli olduğuna (ittihamın sübuta yetirilməsində) şübhələr olduqda məhkəmə ya bu sübutları aradan qaldırmalı, ya da onları təqsirləndirilən şəxsin xeyrinə həll etməlidir. Qanunun tələbinə görə belə əsaslı şübhələr digər şəkildə həll ola bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq apellyasiya protestinin Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsini və həmin əsaslarla da birinci instansiya məhkəməsinin onun əməlinin Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməsinin düzgün olmaması barədə dəlillərini mülahizə (ehtimal) xarakterli dəlillər kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək məhkum olunmuş şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilmiş hesab olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərini kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit olunmuşdur ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsə ümumiyyətlə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətinin protokolları, sənədlər, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi həmin hissədə əməlin tövsifində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələrin polislər tərəfindən döyülərək üzərinə qoyulması ilə bağlı dəlillərini cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edildiyindən və işin müəyyən edilmiş obyektiv hallarına uyğun olmadığından həmin dəlillərə tənqidi yanaşaraq təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə qeyd etdiyi dəlillər kimi qiymətləndirir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və iş üzrə toplanmış başqa sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməsi xahişini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs heç bir cinayət əməli törətməmişdir, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş kütlə ona məxsus olmamışdır, müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə tərəfindən rədd edilmiş və buna dair məhkəmə tərəfindən heç bir əsas göstərilməmişdir. Məhkəmə tərəfindən hökmdə olan ifadələr doğru qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərkən ona əsaslanır ki, işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-6,231 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək həmin metamfetamini iki ədəd bükümdə üzərində saxlamaqla daşımışdır. Bundan başqa Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində, həm də üzərinə şəxsi axtarış keçirilən zaman bildirmişdir ki, o, heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamış, özü ara-sıra narkotik maddə çəkib qəbul etmiş, aşkar edilib götürülmüş metamfetamini özü istifadə etmək üçün saxlamışdır. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan, “İşin halları” bölməsində təsvir edilmiş faktiki hallarını şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunan faktiki halların Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə müqayisəsi isə onu göstərir ki, həmin cinayəthüquqi norması təqsirkarın əməlinə düzgün şamil edilmişdir. Təqsirləndirilən şəxsin əməli, mötəbərliyi heç bir şübhə doğurmayan CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, iş üzrə toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən onun əməlini düzgün qiymətləndirmişdir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyin, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkəmə kollegiyası təqsirəndirilən şəxsə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilərək məhkuma bəraət verilməsini mümkün hesab etmir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar apellyasiya şikayətində göstərilən bu dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Məhkəmə kollegiyası məkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəza məsələsini də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən törədilmiş əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, işdə cəzanı yüngülləşdirən halları və şəxsiyyətini nəzərə almaqla ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasından ibarət şəxsiyyətini xarakterizə edən halları cəzasını yüngülləşdirən hallar kimi və Azərbaycan Respublikası CM-in 61-cı maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb ona 1 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qənaətə gələrkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini kifayət qədər nəzərə almış və məhkum olunmuş şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olub-olmaması, təyin olunmuş cəzanın çəkilməli olub-olmadığı məsələlərini müzakirə edərək cəzanın məqsədinə, cəza təyin etmənin ümumi əsaslarına, iş materialları ilə müəyyən olunmuş faktiki və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara uyğun qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni hökm çıxarılması və ya ona bəraət verilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya protesti və apellyasiya şikayəti təmin olunmamalı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(100)-41/2023 saylı hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(100)-41/2023 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar