Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-294/2023 12.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli, 1(076)-87/2023 saylı hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Şəmkir Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli, 1(076)-87/2023 saylı hökmü ilə (hakim Taleh Musayev) xx xxxxxx 1977-ci ildə Şəmkir rayonu, Şiştəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, orta təhsilli, işsiz, subay, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbsə alınması, cəzaçəkmə müddətinin əvvəlinin 6 mart 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli, 1(076)-87/2023 saylı hökmündən Zərərçəkmiş şəxs apellaysiya şikayəti verərək hökmün təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş və həmin məhkəmə aktının icrasına maneçilik törətmişdir. Belə ki, o, cavabdeh kimi ondan, xx.xx.2012-ci il tarixdən hesablanmaqla, xx.xx.2006-cı il təvəllüdlü Leyla və xx.xx.2010-cu il təvəllüdlü Elvin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 55 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(076)-l953/2012 saylı qətnaməsini, habelə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2016-cı il tarixdən hesablanmaqla həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(076)- 1087/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(076)-999/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi əsasında inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2020-ci il tarixədək 10.490 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək, zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza çox yüngül olmaqla, onun törətdiyi əməlin təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun deyildir. Belə ki, məhkəmə tərəfindən həddən artıq yüngül cəzanın təyin edilməsi heç də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət edə bilməz. Hazırki iş üzrə məhkəmənin təyin etdiyi cəzanın həddi olduqca yüngül və ədalətsiz cəzadır. Belə ki, təqsirləndirilən şəxs maddi durumunun yaxşı olmasına baxmayaraq, öz övladlarının saxlanılmasında ona heç bir köməklik etməmişdir. Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək alimenti ödəməkdən boyun qaçırmış və bunun nəticəsində 10.490 manat aliment borcunu halhazıradək qaytarmamış və qaytarmaqdan imtina etmişdir. Buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir və məhkəmə onun şikayətçi olduğunu nəzərə almamışdır. Hesab edir ki, məhkəmə qeyd olunanları nəzərə alıb məhkuma daha ağır cəza təyin etməlidir. Odur ki, hökmün dəyişdirilməsini, təqsirləndirildən şəxsə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərdiyi məzmunda çıxış edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi, məhkumun ona olan aliment borcunu, buna görə onunla barışmamasını, onun əməlindən peşman olmamasını əsas gətirərək hökmün dəyişdirilməsini, təqsirləndirildən şəxsə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya şikayətinə etiraz etdi və göstərdi ki, maddi imkanı olmadığından alimenti vaxtında ödəyə bilməmişdir, hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, aliment borcunu ödəyə bilmədiyindən buna nail ola bilməmişdir, birinci instansiya məhkəməsi bu halları nəzərə alıb ona ədalətli cəza təyin etmişdir. Həmin cəzadan razıdır və ədalətli olduğundan şikayətin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətinə etiraz edərək təqsirləndirildən şəxsə təyin olunmuş cəzanın ədalətli olduğu bildirdi, təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini bildirdi, bu səbəbdən hökmün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin CMnin 306.1-ci maddəsi ilə düzgün tövsif olunduğunu bildirdi, zərərçəkmiş şəxsin apellyasiya şikayətinə uyğun qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi və əlavə olaraq birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısının təklif etdiyi cəza ilə razı olduğunu, ona görə də zərərçəkmiş şəxsin şikayətinin həmin cəza həddində təmin olunmasına etirazının olmadığını göstərdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri məhkum edilmiş şəxs barəsində təyin edilmiş cəzanın yüngül olması, işin faktiki halları nəzərə alınaraq təqsirləndirildən şəxsə yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasından ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi maddə üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, eləcə də zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və icra sənədini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək onu həmin cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətində zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngül olmasını mübahisələndirmiş, təqsirləndirilən şəxsin ona dəymiş maddi ziyanı ödəməməsini, hazırda onunla barışmamasını əsas gətirərək ondan şikayətçi olduğunu bildirmiş, bu səbəbdən də təqsirləndirildən şəxsə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instasiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın məhkumun islah olunmasına təsirini, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına təsirini nəzərə alaraq ona 1 il müddətinə azadlıqdan məhrumetmə təyin edilməsini qanunamüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası da hesab edir ki, həmin cəza ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan yüngülləşdirici halları, həm də apellyasiya instansiyasında müəyyən edilən halları təyin ediləcək cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq həmin cəzanı ədalətli və adekvat hesab edir, təyin edilmiş cəzanın artırılmasını məqsədəmüvafiq hesab etmir. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məsələsi diqqətdə saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddinin artırılması Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə mütənasib olmazdı. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsinin «X3rşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə barəbər ədalətin bərqərar edildiyi aydın görünməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirldəndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddinin artırılması ədalət prinsipinə (maddə 8), humanizm prinsipinə (maddə 9), cəzanın məqsədinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58) zidd olardı. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Odur ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olduğundan apellyasiya şikayətində göstərilən dəlillər tam əsassızdır və qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasında hökmün dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli, 1(076)-87/2023 saylı hökmü zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli, 1(076)-87/2023 saylı hökmü zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-294/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-294/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver