Məhkəmə qərarları › İş №1(104)-296/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-296/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-296/2023 30.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X2 və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin «21» sentyabr 2022-ci il tarixli, 1(125)-23/2022 nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhər Məhkəməsinin (hakim Gündüz Şirinov) «21» sentyabr 2022-ci il tarixli, 1(125)-23/2022 nömrəli hökmü ilə xx xxxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günə bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla, cəmi 02 gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0.547 qram narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 0.184 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 05 yanvar 2022-ci il tarixdə saat 15:50-də Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda və satmaqda şübhəli bilinərək o, Gəncə şəhəri, Atatürk prospekti 197 ünvanında yerləşən yaşadığı binanın qarşısında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinə aparılmış və üzərində şəxsi axtarış aparılan zamanı sonuncunun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,547 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0,184 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və ona təyin edilmiş cəzanın müddətinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin barəsində çıxarmış olduğu hökm cəza hissəsində əsassızdır. Ona təyin edilmiş cəza müddətinin azaldılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini, heç kəsə narkotik vasitə satmadığını bildirdi. Həmçinin göstərdi ki, həmin mesajlar onun telefonuna gəlməmiş, istintaq orqanının əldə etdiyi mesajlardan məlumatı olmamış, bu barədə heç kimə məlumat verməmişdir. Bundan başqa ***-***-**-** saylı mobil nömrə ona məxsus olmamış, ibtidai istintaqda həmin nömrənin ona məxsus olmasını bildirməmişdir. Ona görə də, şikayətin təmin edilərək təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, məhkumun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini və barəsində olan yüngülləşdirici halları nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını, məhkumun əməlinin cinayət işində olan sübutlarla tam təsdiq edildiyini, məhkumun əməlinin düzgün qiymətləndirilib tövsif edildiyini və məhkuma təyin edilmiş cəzanın ədalətli olduğunu bildirdi, şikayətin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkum apellyasiya şikayətində yalnız təyin edilmiş cəzanı mübahisələndirsə də, o məhkəmə kollegiyasının iclasında özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini bildirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını həm məhkumun əməlinin tövsifi, həm də ona təyin edilmiş cəza hissəsində yoxlayaraq, həmçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda yoxlayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, Təqsirləndirilən şəxs SMS və zəng məlumatları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. CM-in 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma isə həmin Məcəllənin 234.2-ci maddəsinin tərkib əlamətlərini yaradır və satış məqsədi və ya niyyəti olduğu halda əməl CM-in 234.2-ci maddəsi ilə tövsif olunur. Məhkəmə kollegiyası qeyd edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İbtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəyə görə Təqsirləndirilən şəxs satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0.547 qram narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 0.184 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamışdır. Məhkəmə kollegiyası həm işin müəyyən edilmiş faktiki hallarını, həm də toplanmış sübutları məcmu halında təhlil edərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi 0.547 qram narkotik vasitə olan heroini və 0.184 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib üzərində daşıyaraq saxlaması nəticəsinə gələrkən qanuni və əsaslı nəticəyə gəlmişlər. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin və metamfetamin ona məxsusdur. Bu hal cinayət işi üzrə toplanmış sübutlarla, yəni şahidlərin ifadələri, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokol, şəxsi axtarış aparılarkən həmin axtarışın gedişini özündə əks etdirən DVD disklə yanaşı, Təqsirləndirilən şəxs özünün ifadəsi ilə də təsdiq edilir. Təqsirləndirilən şəxs gətirdiyi dəlil isə ondan ibarətdir ki, o, narkotik vasitələri satış məqsədi ilə əldə etməmişdir. Lakin onun bu dəlili cinayət işi üzrə toplanmış digər sübutların məcmusu ilə, xüsusilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olmuş SMS mətnlərlə təkzib edilir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-dən əldə edilmiş sms və zənglərin mümkün məlumatlarını özündə əks etdirən diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrədən “GELİREM CETİNİ QAYTARİM ON MANATİMİ VER USTUNU DUZELDİF YARİ GOTUREJEM BU NEDİ VERİFSEN LOXAM MEN”, “AYE AC GELİM ON MANATDİX CET VER HEC OLMASA HEC OLMASA NARMALNİ VER SEN ATANİN GORU” , “Okuwun cibinde 200? manati vaar acdaana temaa varmi burda seni gozduyuruk”, “Geliremm 15dik hazirla dunen uwaga verdiyin qeder verersen 15 manatdiq”, “PUL TAPMADİM QAQA SABAH SAAT 10DA GELEJEM GOTURUB İWE GEDEJEM MENE BİDENE 20LİK SAXLA SEHER TEZDEN MUTLEQ GELEJEM”, “QAQA GELİM BİDENE 10UX BİDENE 15DİK DUZ QOW ELE CVB VER ZARYATKA AZDİ” məzmununda, 055-535-5730 saylı mobil nömrədən “Ay İlqar deyirem o mendeki siqaret aparati var ey onu saa versem sen maa birdene 10.manatlix vere bilersen mi qaqa emele geler mi hele elemey”, “Qaqa beyax o maa deyen Adam dedi zeh vur gör alinir sa pul verim götür oda sora burcutdu deye gele bilmedim zengine de üzüm gelmedi cavab verim üzürlü s” məzmununda smsləri yazılmışdır. Qeyd olunan SMS-lər 2021-ci ilin iyul ayından dekabr ayınadək olan müddət ərzində yazılmış, həmçinin həmin dövrdə ayrı-ayrı şəxslərlə çoxsaylı telefon zəngləri olmuşdur. SMS mətnlərin məzmunu isə Təqsirləndirilən şəxs məhz narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında həmin nömrədən və SMS-lərdən məlumatı olmadığını, kim tərəfindən yazıldığını bilmədiyini göstərsə də, o, təqsirləndirilən şəxs qismində dindirilərkən istifadəsində olan mobil nömrənin ***-***-**-** saylı mobil nömrə olduğunu göstərmiş (bax İ cild. i.v. 62-64), bundan sonra istintaq orqanı həmin nömrəyə daxil olan və çıxan zənglərlə, eləcə də gələn və göndərilən SMS-lərlə bağlı məlumatların ələ keçirilməsi üçün müvafiq tədbirlər görmüş və son 6 ay ərzində həmin mobil nömrəyə daxil olan və çıxan zənglər və gələn və göndərilən SMS mətnlər əldə edilmişdir. Təqsirləndirilən şəxs mobil nömrənin ona məxsus olmadığını bildirsə də, o təqsirləndirilən şəxs qismində dindirilərkən həmin nömrənin ona məxsus olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası hazırda Təqsirləndirilən şəxs həmin mobil nömrənin ona məxsus olmasını inkar etməsini işin faktiki hallarına uyğun gəlməyən ifadə kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, həmin mobil nömrənin rəsmi olaraq Təqsirləndirilən şəxs adına olmaması həmin nömrənin onun istifadəsində olmamasına dəlalət edə bilməz. Belə ki, ***-***-**-** saylı mobil nömrədən digər nömrələrə göndərilmiş SMS-lərdən görünür ki, SMS göndərilərkən “mənəm İlqar” və digər bu kimi ifadələrdən, həmçinin ***-***-**-** saylı mobil nömrəyə digər mobil nömrələrdən SMS göndərilərkən “Ay İlqar deyirem o mendeki siqaret aparati var ey onu saa versem sen maa birdene 10.manatlix vere bilersen mi qaqa emele geler mi hele elemey” və digər bu kimi ifadələrdən istifadə edilmişdir. Məhz toplanmış bu sübutları eləcə də birinci instansiya məhkəməsinin hökmündə ətraflı şəkildə şərh olunmuş digər sübutları məcmu halında təhlil edən məhkəmə kollegiyası məhkumun əməlinin CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edildiyi nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı sübutların toplanması və araşdırılmasında prosessual pozuntulara, o cümlədən məhkumun CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istər də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessul qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək məhkumun əməlinin tövsif edilməsi və ya onun barəsində bəraət hökmü çıxarılması üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətmiş olduğu cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almış, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasının qeyri-mümkün olması inamına gəlmiş, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanı ən aşağı həddə təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını kifayət qədər araşdırmış və nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını ən aşağı həddə təyin etmişdir və hazırki halda onun məhkum olunduğu maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi yolu ilə ona CM-in 234.2-ci maddəsinin sanksiyasının aşağı həddindən daha yüngül cəza təyin edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Cinayət işinin materiallarından da görünür ki, məhkum eyni dəlilləri birinci instansiya məhkəməsində ifadə verən zaman da irəli sürmüş və onun irəli sürdüyü dəlillər müdafiəçisinin iştirakı ilə hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Miqdarından və növündən asılı olmayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq insanların həyat və sağlamlığına, cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərər vuran, insanların narkotik bəlasına düçar olmasına şərait yaradan şəxsin daha yüngül cəza təyin edilməsi yolu ilə islah olunması, eləcə də cəzanın məqsədlərinə nail olunması məhkəmə kollegiyasına real və inandırıcı görünmür. Məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını birinci instansiya məhkəməsinin təyin etdiyi həddə və real olaraq çəkməlidir ki, sosial ədalət bərpa olunsun, eləcə də həm o, həm də digər şəxslər yeni cinayətlər törətməkdən çəkinsinlər. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin «21» sentyabr 2022-ci il tarixli, 1(125)- 23/2022 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin «21» sentyabr 2022-ci il tarixli, 1(125)-23/2022 nömrəli hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar