Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-299/2023 09.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, onların nümayəndəsi Nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 1(125)-26/2023 saylı hökmündən Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 1(125)-26/2023 saylı hökmü ilə (hakim Asif Əliyev) xx xxxxxx 1967-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2qa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddianın qismən təmin edilməsi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 18.125 (on səkkiz min yüz iyirmi beş) manat məbləğində pulun və ödənilmiş 145 (yüz qırx beş) manat dövlət rüsumunun tutularaq zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilməsi, mülki iddia tələbinin Gəncə X8 İdarəsinə münasibətdə rədd edilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 1(125)-26/2023 saylı hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qızı apellyasiya şikayəti verərək hökmün təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə və mülki iddia tələbinin tam təmin olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Həmin hökmdən həmçinin Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmiş və ya lazımi qaydada yerinə yetirməmiş, nəticədə ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına və bir yaşayış evinə əhəmiyyətli zərər vurulmasına, yəni ehtiyatsızlıqdanfiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Belə ki, o, Gəncə X9 İdarəsinin xx.xx.2015-ci il tarixli 03/K nömrəli əmri ilə Gəncə X8 İdarəsinin Təmir-bərpa xidmətinə xidmət rəisi vəzifəsinə təyin edilib vəzifəsinin icrası ilə əlaqədar olaraq 01 iyul 2021-ci il tarixdə Gəncə X9 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş “Azəriqaz” X1 İstismar İdarəsinin Təmir-Bərpa Xidmətinin rəisinin vəzifə təlimatının 1.1-ci bəndində “İş yerlərinin texniki vəziyyətinə nəzarət etmək, texniki- təşkilati tədbirlər planında nəzərdə tutulan işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək, qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsinə nəzarət etmək, İstismarda olan qaz kəmərlərinin, qaz təchizatı sisteminin, cihazların, bağlayıcı və qaz tənzimləyici qurğuların yerləşməsini, miqdarını, texniki vəziyyətini və təhlükəsiz istismarını təmin etmək” kimi texniki təhlükəsizlik qaydalarına əməl olunması öhdəliyini öz üzərinə götürsə də, vəzifəli şəxs kimi ona həvalə olunmuş həmin vəzifə öhdəliklərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”-nın 8.44-cü bəndində göstərilən “Binaların yaxud obyektlərin qaz avadanlıqlarını sökdükdə onlara gələn qaz kəmərləri paylayıcı qaz kəmərlərinin çıxış yerindən kəsilməli və qaynaq edilməklə bağlanmalıdır” kimi tələbləri vaxtında vəkeyfiyyətlə həyata keçirməyib, öz işinə vicdansız və laqeyd münasibət göstərərək özəməlinin ağır nəticələrə və əmlak ziyanının dəyməsinə səbəb olacağı imkanını lazımidiqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək vəzifə təlimatının və qanunvericiliyin həmin tələblərinə əhəmiyyət verməyib 2021-ci ilin tədbirlər planına əsasən təmir bərpa xidmətinin əməkdaşları tərəfindən 2021-ci ilin aprel ayının sonları və may ayının əvvəllərində Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Cumhuriyyət küçəsindəki evlərin yeraltı qaz xətlərini yerüstü xətlərlə əvəz olunan zaman 32 mm-lik yeraltı polad qaz borusu paylayıcı qaz kəmərinin çıxış yerindən kəsilməklə qaynaq edilməsi təmin olunmadığına və Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Cumhuriyyət küçəsində yerləşən və Zərərçəkmiş şəxs1 faktiki mülkiyyətində olan evin küçəyətərəf divarından 1.9 metr məsafədə ləğv edilmiş 32 mm-lik yeraltı qaz xəttinin sonluğuaçıq vəziyyətdə saxlanıldığı üçün nəticədə 02 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində 32 mm-lik yeraltı polad qaz borusundan sızan qazın evin hamam otağına dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən yanması nəticəsində ev sakini xx.xx.1999-cu il təvəlüdlü Zərərçəkmiş şəxs2 ağır dərəcəli yanıq şoku ilə müşayiət olunan, üzün, qulaq seyvanlarının, boyunun, hər iki çiyinin, dirsəklərin və saidlərin aşağı hissəsinin, hər ikiəlin, əl barmaqlarının, hər iki budun, dizlərin və baldırların, ayaq arxasının 59-60% təşkil edən İİA-İİB-İİİ dərəcəli termiki yanığı yaraları, yüksək hərarətin (alovun) təsirindən törənmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlərini almış, həmçinin Zərərçəkmiş şəxs1 faktiki mülkiyyətində olan evin hamam otağında baş vermiş partlayış-yanğın hadisəsi nəticəsində evin əşyaəmlakına 2210.00 (iki min iki yüz on manat, sıfır qəpik ) manat və tikinti üzrə 15915,0 (on beş min doqquz yüz on beş manat, sıfır qəpik) manat olmaqla ümumilikdə 18.125,00 (on səkkizmin yüz iyirmi beş manat, sıfır qəpik) manat məbləğində əhəmiyyətli zərər dəymiş, bununla da, Təqsirləndirilən şəxs həmin əməli ilə vəzifəli şəxs olaraq işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmiş və lazımi qaydada yerinə yetirməmiş, nəticədə ehtiyatsızlıqdan 1 nəfər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər yetirilməsinə və 1 mənzilə əhəmiyyətli zərər vurulmasına, yəni ehtiyatsızlıqdan fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxslər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi mülki iddianın təmin edilməmiş hissəsini hökmdə əsaslandırmamış, qalnız onun əmlakına dəymiş ziyanı hesablamışdır. Halbuki, hadisə nəticəsində sağlamlığına ağır zərər dəymiş, əmək qabiliyyətini itirmiş, aldığı xəsarətlər nəticəsində xəstəxanada müalicə olunmasına görə 10 min manatdan artıq pul xərcləmişdir. Bütün baş verənlərə görə ona mənəvi zərər dəymiş, üz görünüşü dəyişmiş, tanınmaz hala düşmüşdür. Ona görə də təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə və mülki iddia tələbinin tam təmin olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan hökm çıxarmışdır. Belə ki, ona qarşı irəli sürülən ittiham əsassızdır. Onun əməlində heç bir cinayət tərkibi yoxdur, ona istinad edilən cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Baş vermiş partlayış onun səhlənkarlığı səbəbindən olmamışdır. Təmir-bərpa işlərini yekunlaşdırmış usta öz işini tam yoxlayaraq və imza edərək təhvil vermişdir. Bu hal iş materialları ilə öz təsdiqini tapır. Kimsə günahkar olduğu halda məhkəmə onu təqsirli bilmişdir. Bu hallara birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında baxılarkən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxsin ittiham olunduğu əməl üzrə təqsirliliyinin sübuta yetirilmədiyini, işin obyektiv araşdırılmadığını, yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar əsasında qanunsuz və əsassız ittiham hökmünün çıxarıldığını qeyd edərək apellyasiya şikayətinin təmin edilməsini, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsə bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını, özləri tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiklərini bildirərək apellyasiya şikayətinə baxılmasına xitam verilməsini, verdikləri mülki iddianın Gəncə X2rşı təmin edilməsi mümkün olduğu təqdirdə təmin edilməsi, bunun mümkün olmayacağı təqdirdə mülki iddianın geri qaytarılması və baxılmamış saxlanılması, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər və bu barədə özləri tərəfindən imzalanmış yazılı ərizələrini məhkəmə kollegiyasına təqdim etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edilərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi, eyni zamanda bildirdi ki, verilmiş apellyasiya şikayətindən imtina etmək zərərçəkmiş şəxslərin hüququdur. Həmin ərizənin təmin edilərək apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmir, verilmiş mülki iddia ilə bağlı qanunverciliyin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Cinayət prosesi tərəflərinin fikrini dinləyərək məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 396-cı maddəsinə görə apellyasiya şikayətini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 396-cı maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 apellyasiya şikayətindən imtinası qəbul edilməli, apellyasiya şikayətlərinə baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə baxışı davam etdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs istinad olunan 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi həmin hissədə əməlin tövsifində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxslərin CPMin 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməsi xahişini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs heç bir cinayət əməli törətməmişdir, müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə tərəfindən rədd edilmiş və buna dair məhkəmə tərəfindən heç bir əsas göstərilməmişdir. Məhkəmə tərəfindən hökmdə olan ifadələr doğru qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərkən iş materiallarına əlavə olunmuş aşağıdakı sübutlara əsaslanır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 10/5214 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş partlayışın mənbəyi evin hamam otağının daxilində olmuşdur. Partlayış, evin küçəyə tərəf divarından 1,9 metr məsafədə sonluğu açıq olan 32 mm-lik yeraltı polad qaz borusundan sızan qazın evin hamam otağına dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən yanması nəticəsində baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 7.9 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 1.12, 1.19, 8.44, 9.28 bəndlərinin tələbləri Gəncə X8 idarəsinin Təmir-bərpa xidmətinin rəisi tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-ci il tarixli, 10/2860 nömrəli rəyindən görünür ki, 01 iyul 2021-ci il tarixdə Gəncə X9 idarəsinin rəisi X.İ.Namazov tərəfindən təsdiq edilmiş “Azəriqaz” X1 istismar idarəsinin Təmir-bərpaxidmətinin rəisinin vəzifə təlimatına görə: - bənd 1.1 İş yerlərinin texniki vəziyyətinə nəzarət etmək, texniki-təşkilatı tədbirlər planında nəzərdə tutulan işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək - qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsinə nəzarət etmək - İstismarda olan qaz kəmərlərinin, qaz təchizatı sisteminin, cihazların, bağlayıcı və qaz tənzimləyici qurğuların yerləşməsini, miqdarını, texniki vəziyyətini və təhlükəsiz istismarını təmin etmək, Bununla yanaşı: I. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 №-li qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”-nın tələblərinə görə: - bənd 7.9 Yeni çəkilmiş qaz kəmərlərinin istismar olunan qaz kəmərinə birləşdirilməsi (qaz altında qoşulması) onların istismara qəbul edilməsi barədə akt və qanunvericilikdə müəyyən edilmiş şərtlər əsasında, müəssisənin qaz təsərrüfatının baş mühəndisinin təsdiq etdiyi təlimatlar əasında aparılır. II. 1987-ci ildə təsdiq olunmuş “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”-nın tələblərinə görə: - bənd 1.12 “Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin qaz təsərrüfatlarının istismarı zamanı təhlükəsizliyin təmin edilməsi qaz təsərrüfatlarının ilk rəhbərlərinə həvalə edilir” - bənd 1.19 “Qaz təsərrüfatının ... müəssə və təşkilatların vəzifəli şəxsləri qaydaların pozulması nəticəsində qəza və ya bədbəxt hadisə baş verib-verməməsindən asılı olmayaraq şəxsi məsuliyyət daşıyırlar. Onlar eyni zamanda özlərinin tabeliyində olan şəxslərin buraxdıqları səhvlərə görə də, məsuliyyət daşıyırlar”. - bənd 8.44 “Binaların yaxud obyektlərin qaz avadanlıqlarını sökdükdə onlara gələn qaz kəmərləri paylayıcı qaz kəmərlərinin çıxış yerindən kəsilməli və qaynaq edilməklə bağlanmalıdır”. Rəyin nəticə hissəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”-nın 7.9 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”-nın 1.12, 1.19, 8.44, 9.28 bəndlərinin, “Azəriqaz” X1 İstismarı İdarəsinin rəisinin vəzifə təlimatının 1.1 bəndinin, “Azəriqaz” X1 İstismarı İdarəsinin Baş mühəndisinin vəzifə təlimatının 1.1 bəndinin, X9 İdarələrinin (inzibati rayonlar üzrə) rəis müavinlərinin vəzifə təlimatının 1.1 bəndinin və Gəncə X8 İdarəsinin Təmir-bərpa xidmətinin rəisinin vəzifə təlimatının 1.1 bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilatisəbəbləri olmuşdur. - Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən hadisə baş vermiş evin yaxınlığındakı yeraltı qaz xətləri yerüstü qaz xətləri ilə əvəz olunan zaman 32 mm-lik yeraltı polad qaz borusu paylayıcı qaz kəmərinin çıxış yerindən kəsilməklə qaynaq edilməsi təmin olunmadığına görə “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”-nın 8.44 bəndinin və Gəncə X8 İdarəsinin Təmir-bərpa xidmətinin rəisininvəzifə təlimatının 1.1 bəndinin tələbləri Gəncə X8 İdarəsinin Təmir- bərpa xidmətinin rəisi tərəfindən pozulmuş, bu da hadisənin texniki səbəbinə aid edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan, “İşin halları” bölməsində təsvir edilmiş faktiki hallarını şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunan faktiki halların Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 314.2-ci maddəsi ilə müqayisəsi isə onu göstərir ki, həmin cinayəthüquqi norması təqsirkarın əməlinə düzgün şamil edilmişdir. Təqsirəndirilən şəxsin əməli, mötəbərliyi heç bir şübhə doğurmayan CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən onun əməlini düzgün qiymətləndirmişdir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyin, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkəmə kollegiyası təqsirəndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilərək məhkuma bəraət verilməsini mümkün hesab etmir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar apellyasiya şikayətində göstərilən bu dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir ki, cəza təyini zamanı məhkum barəsində olan bütün yüngülləşdirici hallar, cinayət törədildikdən sonrakı davranışı, təyin olunmuş cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsiri səviyyəsi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətdikdən sonra özünü müsbət mənada göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəzanı yüngülləşdirən halları nəzərdə tutan CM-in 59.2-ci maddəsində cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halların da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilməsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs evli olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi cəza təyini zamanı nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa Təqsirləndirilən şəxs əməlində AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası o qənaətdədir ki, Təqsirləndirilən şəxs barəsində hazırda nəzərə alınması qeyd olunan cəzasını yüngülləşdirən halların məcmusu məhkumun cəza çəkmədən islah olunan şəxs olduğunu göstərməklə, onun islah olunması məqsədinə cavab verdiyi anlamına gəlməyə əsas verir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs özünün davranışları, danışıq tərzləri ilə törətmiş olduğu cinayət əməlinə görə cinayət əməlini törətdiyi gündən bu günə kimi keçən müddət ərzində islah yoluna qədəm qoymasına məhkəmə kollegiyasını inandırmış və bu səbəbdən, həmçinin yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının real çəkilməsi məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun deyil, buna görə də məhkumun barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə onun şərti məhkum edilməsi yolu ilə cəzanın məqsədinə nail olmaq mümkündür və bu yanaşma ədalət və hümanizm prinsiplərinin tələblərinə uyğundur. Şərti məhkum etməni nəzərdə tutan cinayət qanunvericiliyinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, məhkumun şəxsiyyətinə uyğun olmasını, sosial ədalətin bərpası məqsədi daşımasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, barəsində apellyasiya şikayəti verilmiş məhkuma aid olan cəzasını yüngülləşdirən hallar qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən yuxarıda sadalanan halları, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və CM-in 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq, ədalətli, işin hallarına uyğun hesab edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan tələblərindən çıxış edərək zərərçəkmiş şəxslərin mülki iddialarının geri götürülməsi barədə ərizələrini nəzərə alaraq hesab edir ki, mülki iddia üzrə ərizə baxılmamış saxlanılmalı, ödənilmiş dövlət rüsumu geri qaytarılmalı və hökmdən mülki iddiaya dair müddəalar çıxarılmalıdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya sikayətinin baxılmasına xitam verilməli, təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməli, eyni zamanda zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı və hökmdən mülki iddiaya dair müddəalar çıxarılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 399, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına zərərçəkmiş şəxslərin apellyasiya şikayətindən imtina etmələri ilə əlaqədar xitam verilsin. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 1(125)-26/2023 saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Təqsirləndirilən şəxs davranışı üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli 9 iyun 2023-cü il tarixdən hesablansın. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın, ödənilmiş 145 (yüz qırx beş) manat dövlət rüsumu zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 geri qaytarılsın və hökmdən mülki iddiaya dair müddəalar çıxarılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-299/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-299/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver