Məhkəmə qərarları › İş №1(104)-30/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-30/2023

03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-30/2023 03.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Daşkəsən Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 1(030)-10/2022 saylı hökmündən zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Daşkəsən Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 1(030)-10/2022 saylı hökmü ilə (sədrlik edən Mustafa Mustafayev) xx xxx 1988-ci ildə Daşkəsən şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu Zinzahal kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 29 iyul 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 27 (iyirmi yeddi) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesabı ilə hesablanmaqla 1 (bir) ay 24 (iyirmi dörd) gün müddət, ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 1 (bir) il 10 (on) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, cəzanın icrasına nəzarətin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsunması, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə yaşadığı ünvan 1 ünvanındakı mənzili axşam saat 00:00-dan səhər saat 08:00-dək tərk etməmək, Gəncə şəhəri, Daşkəsən və Göygöl rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunması və onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 1(030)-10/2022 saylı hökmündən zərərçəkmiş şəxs X6 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, cavabdeh kimi ondan 4 may 2016-cı il tarixdən başlayaraq 5 sentyabr 2012-ci il tarixdə anadan olmuş X1 və 23 iyul 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 100,00 manat, ümumilikdə cəmi 200,00 manat məbləğində pulun tutularaq X5 ödənilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin 3 iyun 2016-cı il tarixli, 2(030)-384/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsuz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Daşkəsən Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 3(030)-148/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və ona icra sənədindəki tələbi icra etməməsinə görə 31 yanvar 2022-ci və 28 fevral 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 9 mart 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə 11070,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs X5 ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza çox yüngül olmaqla, onun törətdiyi əməlin təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun deyildir. Belə ki, məhkəmə tərəfindən həddən artıq yüngül cəzanın təyin edilməsi heç də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət edə bilməz. Hazırki iş üzrə məhkəmənin təyin etdiyi cəzanın həddi olduqca yüngül və ədalətsiz cəzadır. Belə ki, təqsirləndirilən şəxs ona dəymiş ziyandan qalan 8000 manat borcunu hal-hazıradək qaytarmamışdır, borcunu ödəməkdən imtina etmişdir. Buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir və məhkəmə ondan şikayətçi olduğunu nəzərə almamışdır. Hesab edir ki, məhkəmə qeyd olunanları nəzərə alıb məhkuma daha ağır cəza təyin etməlidir. Odur ki, hökmün dəyişdirilməsini, təqsirləndirildən şəxsə yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərdiyi məzmunda çıxış edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi, məhkumun ona olan borcunu ödəmədiyini, buna görə onunla barışmamasını, onun əməlindən peşman olmamasını əsas gətirərək hökmün dəyişdirilməsini, təqsirləndirildən şəxsə yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya şikayətinə etiraz etdi və göstərdi ki, alimentə görə borclu olduğu məbləğdən imkanı daxilində ödəniş etmiş, maddi imkanı və iş yeri olmadığından borcun qalan hissəsini ödəyə bilməmiş, qalan borcunu hissə-hissə ödəyəcəkdir, birinci instansiya məhkəməsi bu halları nəzərə alıb ona ədalətli cəza təyin etmişdir. Həmin cəzadan razıdır və ədalətli olduğundan şikayətin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətinə etiraz edərək təqsirləndirildən şəxsə təyin olunmuş cəzanın ədalətli olduğu bildirdi, təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə olan borcunun bir qismini ödəməsini, qalan borcunu hissə-hissə ödəyəcəyinə söz verdiyini bildirərək, hökmün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin CMnin 306.1-ci maddəsi ilə düzgün tövsif olunduğunu bildirdi, zərərçəkmiş şəxsin apellyasiya şikayətinə uyğun qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi və əlavə olaraq birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısının təklif etdiyi cəza ilə razı olduğunu, ona görə də zərərçəkmiş şəxsin şikayətinin həmin cəza həddində təmin olunmasına etirazının olmadığını göstərdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri məhkum edilmiş şəxs barəsində təyin edilmiş cəzanın yüngül olması, işin faktiki halları nəzərə alınaraq təqsirləndirildən şəxsə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmasından ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi maddə üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə dair məsələləri yoxlayıb, daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, eləcə də zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və icra sənədini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək onu həmin cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətində zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngül olmasını mübahisələndirmiş, təqsirləndirilən şəxsin ona olan aliment borcunu ödəməməsini, hazırda onunla barışmamasını əsas gətirərək ondan şikayətçi olduğunu bildirmiş, bu səbəbdən də təqsirləndirildən şəxsə yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növü və həddi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə kollegiyası işin hallarını, məhkum barəsində olan cəzanı yüngülləşdirən halları və apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə təhlil edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət nəticəsində dəymiş ziyanı qismən, yəni 4000 (dörd min) manat məbləğində ödəməsini, həmçinin əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə az ağır cinayət törətməsini aylıq aliment məbləğini və qalıq borcdan hissə-hissə ödənilməsi barədə öhdəlik götürməsini cəzasını yüngülləşdirən hallar kimi, eləcə də ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, barəsində cəzasını ağırlaşdıran halın olmamasını, nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə kollegiyasının iclasında və müşavirə otağında müzakirə edilərək təhlil edilmiş işin hallarını, iş üzrə toplanmış sübutları, məhkumun törətmiş olduğu cinayət əməlinin törədilməsi üsulunu, məhkumun davranışını, törətmiş olduğu cinayət əməlinə münasibətini, cinayət əməli törətməmişdən əvvəlki və cinayət əməli törətdikdən sonrakı davranışını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, məhkum barəsində CM-in təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növü ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkum Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində işə baxılarkən mövcud aliment borcundan 4000 manat ödəniş etmiş, qalan borcunu isə hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin, 24 avqust 2022-ci il tarixdən hazırki vaxtadək 6 aydan artıq müddət keçməsinə baxmayaraq mövcud borcdan heç bir ödəniş həyata keçirməmişdir. Məhkımə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü müəyyən edərkən onun törətmiş olduğu əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həmçinin işin müəyyən edilmiş halları ilə yanaşı yuxarıda sadalanan halları da nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqunda tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Həmin qərarın 2-ci bəndinin 5ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs məhz ağır cəzaların təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs xəbərdarlıq edilməsinə baxmayaraq qərarın icrasından qərəzli olaraq yayınmış və sonuncu dəfə 20 gün inzibati qaydada həbs olunaraq bir daha xəbərdar olunmuş, pulu ödəməkdən yayındığına görə barəsində intizam tənbehi tətbiq edilmişdir. Lakin o, bundan heç bir nəticə çıxartmamış, pulun ödənilməsindən boyun qaçırmaqda davam etdiyinə görə barəsində cinayət işi başlanılmış və iş məhkəməyə göndərilmişdir. Cinayət işi məhkəməyə göndərilərkən onun borcu 11070 manat təşkil etmiş, lakin o, qeyd olunan borcdan cəmi 4000 manat ödəniş etmişdir. Halbuki, qətnaməyə əsasən o, 11070 manat ödəməlidir. Birinci instansiyası məhkəməsi tərəfindən ona yüngül cəza təyin edildikdən sonrakı 6 aydan artıq müddət ərzində, cinayət işi apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılarkən də məhkum tərəfindən heç bir ödəmə həyata keçirilməmişdir Belə olan halda onun əməlindən səmimi peşmançılığının nədə ifadə olunması başa düşülən deyildir. Məhkəmə kollegiyası bu halı xüsusilə vurğulamağı zəruri hesab edir ki, məhkum birinci instansiya məhkəməsində aliment borcunu ödəyəcəyini bildirsə də zərərçəkmiş şəxsə aliment borcunu ödəməmişdir. Apellyasiya instansiya məhkəməsində işə baxılarkən məhkum məhkəmə kollegiyasından borcun ödənilməsinə dair vaxt istəmiş, lakin sonradan məhkəmədən yayınmış və məhkəməyə gəlməkdən boyun qaçırmışdır. Məhkumun bu davranışı məhkəmə kollegiyasında belə inam yaradır ki, məhkum zərərçəkmiş şəxsə aliment borcunu ödəmək istəmir, məhkəmə qətnaməsini qərəzli olaraq icra etmir, müxtəlif vədlər verərək məhkəmə kollegiyasını aldatmağa cəhd göstərir və onun bu izahatları qeyri-səmimidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli və “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən suiistifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Beləliklə də, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olan azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi o halda ədalətli hesab olunardı ki, törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran digər səbəblər olmasın və ya təqsirləndirən şəxsin cəzasını yüngülləşdirən kifayət qədər əsaslar olsun. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. CPM-in 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Gəncə şəhər Probasiya Şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş məktubdan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 1(030)-10/2022 saylı hökmündən apellyasiya şikayəti verilməsi səbəbindən həmin hökmün icrası ilə bağlı Gəncə şəhər Probasiya Şöbəsinin icraatında olan 129/2022 nömrəli işə xx.xx.2023-cü il tarixdə xitam verilmiş və Təqsirləndirilən şəxs təyin olunmuş 1 il 10 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2023-cü il tarixə 5 ay 7 gününü çəkmiş, çəkilməmiş qalan müddət 1 il 4 ay 29 gün təşkil edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Daşkəsən Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 1(030)-10/2022 saylı hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin başlanğıcı 3 mart 2023-cü il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsə alınmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 1(030)-10/2022 saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 1(030)-10/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 10 (on) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 5 ay 7 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iki günə bir gün hesablanmaqla 2 (iki) ay 19 (on doqquz ) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və bu qərarla təyin olunmuş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 9 (doqquz) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 3 mart 2023-cü il tarixdən hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar