Məhkəmə qərarları › İş №1(104)-304/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-304/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-304/2023 09.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 1(076)-140/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 1(076)-140/2022 saylı hökmü ilə (hakim Taleh Musayev) xx xxxxxx 1993-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın başlanğıcının onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarətin Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddətinin azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 1(076)-140/2022 saylı hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs psixotrop maddədən istifadə etməsi nəticəsində sərxoş halda olmaqla idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 08 avqust 2021-ci il tarixdə saat 01 radələrində psixotrop maddə hesab edilən metamfetamindən istifadə etməsi nəticəsində sərxoş halda olmaqla texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə olmadan idarə etdiyi X1 məxsus VAZ 21213 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy-Şəmkir yolunun Şəmkir rayonu, Qasımallılar kəndindən keçən hissəsində Şəmkir rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmçinin, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməməsi nəticəsində idarəetməni itirərək avtomobil yolunun ona nisbətdə qarşı zolağının sol tərəfi ilə hərəkətdə olan Kamaz 6520 markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil yolun sol tərəfinin kənar hissəsinə 85 (səksən beş) metr məsafədə yuvarlanmış, nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sol baldırın əzilmiş yarası ilə müşayiət olunan sol diz qapağının açıq, çox qəlpəli, yerdəyişən sınığı, 1-ci bel fəqərəsinin kompression sınığı ilə nəticələnən ağırlıq dərəcəsinə görə sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan hökm çıxarmışdır. Belə ki, ona qarşı irəli sürülən ittiham əsassızdır. Onun əməlində heç bir cinayət tərkibi yoxdur, ona istinad edilən cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Qəza şəraitini digər avtomoblilin sürücüsü törədib. Hadisənin baş vermə səbəbi yolun əks istiqamətindən gələn evakuatorun onun hərəkət etdiyi zolağa çıxması, öz hərəkət zolağına qayıdan zaman isə evakuatorun arxa hissəsinin onun hərəkət etdiyi zolaqda qalması olmuşdur. İttihamda göstərilib ki, onun qanında guya narkotik vasitə aşkarlanıb. Lakin, hadisədən əvvəl nə spirtli içki, nə narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. O, ümumiyyətlə heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Bu hal iş materialları ilə öz təsdiqini tapır. Ola bilsin analiz verən zaman onun qanı digər şəxsin qanı ilə səhv salınıb və ya səhlənkarlıq nəticəsində dəyişdirilib. Bu hallara birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxsin ittiham olunduğu əməl üzrə təqsirliliyinin sübuta yetirilmədiyini, işin obyektiv araşdırılmadığını, yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar əsasında qanunsuz və əsassız ittiham hökmünün çıxarıldığını qeyd edərək apellyasiya şikayətinin təmin edilməsini, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsə bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edilərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə alındığını, ona təqsirli bilindiyi maddənin sanksiyasının orta həddində azadlıqdan məhrumetmə cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs istinad olunan 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətinin protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi həmin hissədə əməlin tövsifində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxslərin CPMin 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməsi xahişini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs heç bir cinayət əməli törətməmişdir, hadisədən əvvəl nə spirtli içki, nə narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir, ola bilsin analiz verən zaman onun qanı digər şəxsin qanı ilə səhv salınıb və ya səhlənkarlıq nəticəsində dəyişdirilib, müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə tərəfindən rədd edilmiş və buna dair məhkəmə tərəfindən heç bir əsas göstərilməmişdir. Məhkəmə tərəfindən hökmdə olan ifadələr doğru qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərkən iş materiallarına əlavə olunmuş aşağıdakı sübutlara əsaslanır: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol– nəqliyyat hadisələri ekspertizaları şöbəsi ekspertinin 16 sentyabr 2021-ci il tarixli 8/2116 nömrəli rəyindən görünür ki, Niva markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə-kimyəvi ekspertinin 10 sentyabr 2021-ci il tarixli 2397/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində fenilalkilamin qrupuna aid olan Metafetamin aşkar edildi. Metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kanabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Məhkəmə tibb-ekspertinin xx.xx.2021-ci il tarixli 781 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol baldırın əzilmiş yarası ilə müşayiət olunan sol diz qapağının açıq, çox qəlpəli, yerdəyişən sınığı, 1ci bel fəqərəsinin kompression sınığı sıyrıqları küt əşyaların təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddətləri 08 avqust 2021ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddirlər. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan, “İşin halları” bölməsində təsvir edilmiş faktiki hallarını şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunan faktiki halların Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 263-1.1-ci maddəsi ilə müqayisəsi isə onu göstərir ki, həmin cinayəthüquqi norması təqsirkarın əməlinə düzgün şamil edilmişdir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyin, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkəmə kollegiyası təqsirəndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilərək məhkuma bəraət verilməsini mümkün hesab etmir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar apellyasiya şikayətində göstərilən bu dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 41.2, 58.3, 59-cu maddələrini rəhbər tutaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, həmçinin zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və onunla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi, eyni zamanda əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış, ona CM-in 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş cəza təyininin ümumi əsaslarını nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasını təyin etmiş və hazırki halda məhkuma təyin olunmuş həmin cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirici və ağırlaşdırıcı halları, apellyasiya instansiyasında tədqiq edilən halları təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 1(076)-140/2022 saylı hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 1(076)-140/2022 saylı hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar