Məhkəmə qərarları › İş №1(104)-305/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-305/2023

19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-305/2023 19.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru, kiçik ədliyyə müşaviri X3, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(045)-23/2023 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə açıq məhkmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Goranboy Rayon Məhkəməsinin (hakim T.M.Ələkbərov) xx.xx.2023-ci il tarixli 1(045)- 23/2023 saylı hökmü ilə xx.xx.1988-ci ildə Goranboy rayonunun Safıkürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Goranboy rayonunun Səfikürd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayır, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsması və qəti olaraq ona 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, azadlığın məhdudlaşdırılması cəzasının icrasının Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmiş, iş üzrə maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdə saat 20:30 radələrində Goranboy rayonu Şəfəq kəndində yaşayan tanışı X2 ümumi təmiz çəkisi 7,34 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı 80 manata satış məqsədi olmadan alıb, qanunsuz olaraq əldə edərək bölüb 6,31 qramını bir ədəd kibrit qutusuna qablaşdıraraq, kibrit qutusunu ağ rəngli “Classik” markalı siqaret qutusuna, siqaret qutusunu isə şəffaf rəngli sellofan paketə qoyaraq əynində olan tünd göy rəngli isti gödəkçənin sağ yan aşağı cibinə, 0,72 qramını bir ədəd etibarnamə dövlət sənədinə bükərək, bir ədəd göy rəngli “Classik” markalı siqaret qutusuna yerləşdirib əynində olan isti gödəkçənin sol yuxarı iç cibinə yerləşdirməklə, 0,31 qramını isə 1 manatlıq pul əskinasına büküb X4 aldığı, lakin öz adına rəsmləşdirmədiyi, sürücülük hüququ olmadan idarə etdiyi VAZ-21150 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunun ötürücüsünün qarşısında olan açıq yerə qoymaqla qanunsuz olaraq saxlayaraq daşımış, həmin gün saat 21:40 radələrində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Goranboy rayonu Səfikürd kəndi ərazisində saxlanılaraq Goranboy rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli isti gödəkçənin sağ yan aşağı cibində şəffaf rəngli sellofan paketdə olan ağ rəngli “Classik” markalı siqaret qutusunun içərisindəki kibrit qutusunda 6,31 qram, əynindəki isti gödəkçənin sol yuxarı iç cibində bir ədəd göy rəngli “Classik” markalı siqaret qutusunun içərisindəki bir ədəd etibarnamə dövlət sənədinə bükülmüş 0,72 qram və idarə etdiyi VAZ21150 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sürətlər qutusunun ötürücüsünün qarşısında olan açıq yerdə 1 manatlıq pul əskinasına bükülmüş 0,31 qram, ümumi təmiz çəkisi 7,34 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Məhkəmənin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qeyd olunan hərəkəti ilə CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə məhkum olunması barədə Goranboy Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmünü ona təqsirli bilindiyi maddənin sanksiyası həddində daha ağır cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında dövlət ittihamçısı X5 cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar nəzərə alınaraq və apellyasiya protestində cəzanın ağırlaşdırılması ilə bağlı dəlillər kifayət qədər əsaslandırılmadığından birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini Azərbaycan Respublikası CPM-nin 390.2-ci maddəsinə əsasən geri götürmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı birinci instansiya məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi apellyasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinə görə apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 396-cı apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Hazırkı iş üzrə cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri yoxdur. Yuxarda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(045)-23/2023 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə apellyasiya baxışına apellyasiya icraatında iştirak edən dövlət ittihamçısı X5 apellyasiya protestini geri götürdüyünə görə xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 390.1, 396, 408-412-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(045)- 23/2023 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə apellyasiya baxışına apellyasiya icraatında iştirak edən dövlət ittihamçısı X5 apellyasiya protestini geri götürdüyünə görə xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar