Məhkəmə qərarları › İş №1(104)-311/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-311/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-311/2023 25.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və X2 ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X3, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2023-cü il tarixli 1(100)-88/2023 nömrəli hökmü ilə (hakimlər A.E.Məmmədov (sədrlik edən), M.M.Məmmədzadə və R.N.Ələkbərli) xx xxxxx 1982-ci ildə Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Qaracəmirli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 12 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilməsi, ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının sonunda yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndinin ərazisində yerləşən arxın kənarından yabanı halda bitmiş çətənə (kannabis) kollarının tinglərini torpaqdan çıxarıb əldə edərək onları yaşadığı evə daşımış, orada qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin tinglərini 17 (on yeddi) ədəd dibçəkdə əkməklə onlara aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 12 may 2022-ci il tarixdə saat 12 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı yaşadığı ev və həyətyanı sahəsinə baxış keçirilərkən evin yataq otağında olan sandıqçanın içərisindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin» İİİ siyahısı ilə müəyyən edilmiş 15 (on beş) ədəd, ümumi təmiz çəkisi 1,10 qram olan bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 2 (iki ədəd) ümumi təmiz çəkisi 0.06 qram olan narkotik təbiətli çətənə bitkisinin şitilləri olmaqla ümumilikdə 1,16 qram çəkisi olan 17 (on yeddi) ədəd, külli miqdarda əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və barəsində daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun ilk dəfə məhkum olunmağını və himayəsində 71 yaşlı ağır xəstəlikdən əziyyət çəkən anasının olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında məhkum apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi apellyasiya şikayətinin məzmununda yer almış dəlilləri müdafiə etdi və şikayətinin dəlillərinə uyğun çıxış etdi. Bildirdi ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törədir, əməlini səmimi etiraf edir və peşmandır, cəmiyyət üçün təhlükə yaratmır. Şikayətin dəlillərinin nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməsini, hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin məhkuma cəza təyin edərkən işin hallarını, məhkumun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə aldığını, onun törətdiyi cinayət əməlinə uyğun cəza təyin etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar yalnız apellyasiya şikayətinin və ya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətin və ya protestin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərinin müddəalarına əməl edilməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, məhkum birinci instansiya məhkəməsinin ona sərt və ağır cəza təyin etməsindən narazıdır. Belə ki, şikayətdə qeyd edilir ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində kifayət qədər yüngülləşdirici halların olmasını nəzərə almamışdır. Ona görə də hesab edir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilməli, onun cəzası yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də CPM-nin 397-ci maddəsinin tələblərindən çıxış etməklə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində də yoxlamışdır. Kollegiya müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində düzgün nəticəyə gəlmiş, işin faktiki hallarını tam, hərtərəfli araşdırmış və müəyyən edilmiş halları obyektiv meyarlar əsasında qiymələndirərək qanuni və əsaslı qərar qəbul etmişdir. Həmçinin, məhkəmə tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü və ondan verilmiş apellyasiya şikayətinin dəlillərini araşdırdıqdan sonra belə nəticəyə gəlmişdir ki, qanuni və əsaslı olan bu məhkəmə aktının cəza ilə bağlı hissəsinin dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Plenum həmin qərarında daha sonra məhkəmələrə izah etmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı sadalanan kriteriyalar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qəsdin obyekti, təqsirin forması, cinayətin ağırlıq dərəcəsi, cəzanı yüngülləşdirən hallar, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatları işin müəyyən edilmiş halları çərçivəsində düzgün qiymətləndirmiş, cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədi ilə bağlı qanunvericilyin tələblərini kifayət qədər nəzərə almışdır. Belə ki, hökmdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, himayəsində üç azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlindən peşman olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və təqsirli bilindiyi maddə üzrə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinin təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tam, hərtərfli araşdıraraq və işüzrə müəyyən edilmiş hallara obyektiv qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi təqsirkar Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əsasları, növü və müddəti ilə bağlı düzgün nəticəyə gəlmiş, cəza təyini zamanı, həm də bütövlükdə cinayət icraatı zamanı cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini gözləmiş, qanuni və əsaslı qərar qəbul etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, məhkəmənin qanuni və əsaslı olan hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2023-cü il tarixli 1(100)-88/2023 nömrəli hökmü məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar