Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-314/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin 04 aprel 2023-cü il tarixli hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(125)-72/2023 nömrəli hökmü ilə (sədrlik edən Kənan Hüseynov) xx xxxxxx 1979-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 6, mənzil 33-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında həbs edilməsi, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və onun narkoloji dispanserində qeydiyyatda olmasının nəzərə alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 47,085 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən saat 19:30 radələrində Gəncə şəhəri, Dəyirmanın dairəsinin yaxınlığında saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı polietilen sellofana bükülmüş 47,085 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hökmdə CM-nin 59-cu maddəsinə istinad edərək Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını yüngülləşdirən hal kimi qeyd edib, amma cəzanın təyin olunması zamanı həm bu halı, həm onun əvvəllər məhkum olunmamasını nəzərə almadan cinayət əməlinə uyğun olmayan cəza təyin etmişdir. Təqsirləndirilən şəxs anası ağır şəkər xəstəsidir, bu barədə sənəd əlavə olunmuşdur. Məhkəmə kollegiyasının iclasında müdafiəçi apellyasiya şikayətini müdafiə edib göstərdi ki, birinci instansiya məhkəməsi müdafiə etdiyi şəxsə cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını formal olaraq nəzərə almışdır. Hesab edir ki, qeyd etdiyi hallar Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyini üçün əsas ola bilər. Ona görə şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum apellyasiya şikayətini müdafiə etdi və göstərdi ki, əməlindən səmimi peşmandır, anası ağır şəkər xəstəsidir. Qeyd olunanların nəzərə alınıb şikayətin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etmədi və göstərdi ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində işə baxarkən işin faktiki hallarını və cəzanı yüngülləşdirən halları nəzərə alaraq ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyət daşıyan bütün hallar araşdırılmış və qanuni hökm çıxarılmışdır. Hesab edir ki, cəzanın yüngülləşdirilməsi və ya daha yüngül cəza ilə əvəz edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası hökmün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmənin hökmü cəza ilə bağlı hissədə dəyişdirilməlidir. İş materiallarında olan sənədlərdən məlum olur ki, təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı uşağı, yaşlı və şəkər xəstəsi olan anası var, əməlindən peşmandır, ailənin yeganə qazanc gətirənidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göründüyü kimi Azərbaycan Respunliksınım cinayıt qanunu cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah edilməsinə və həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi CM-nin 32-ci maddəsinin şərh edilməsinə dair qərarında qeyd etmişdir ki, cəza sitəm olmayıb məhkumun islah olunmasına xidmət etməlidir. Apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi apelyasiya şikayətinə mahiyyəti üzrə baxarkən himayəsində 1 azyaşlı uşağının olmasını, anasının xəstəliyini CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. CM-in 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Kollegiyanın qənaətinə görə təqsirləndirilən şəxsin barəsində müəyyən edilmiş cəzanı yüngülləşdirən yeni hallar müvafiq olaraq onun cəzasına da təsir etməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Kollegiya Təqsirləndirilən şəxs barəsində müəyyən etdiyi cəzanı yüngülləşdirən halların məcmusunu qiymətləndirərkən qeyd edir ki, təqsirkar Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının dəyişdirilmədən saxlanılması ədalətli cəza anlayışı ilə ziddiyyət təşkil edir. Buna görə də məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanunamüvafiqdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi 234.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 13 iyul 2022-ci il tarixdən 14 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və 04 aprel 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək hökm çıxarıldıqdan sonra həbsdən saxlandığı 1 (bir) ay 27 (iyirmi yeddi) gün cəmi 1 (bir) ay 29 (iyirmi doqquz) gün həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində 2 (iki) il 8 (səkkiz) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 405.1 və 405.1.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, hökm Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Müdafiəçi2 apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(125)-72/2023 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdən 14 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və 04 aprel 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək hökm çıxarıldıqdan sonra həbsdən saxlandığı 1 (bir) ay 27 (iyirmi yeddi) gün cəmi 1 (bir) ay 29 (iyirmi doqquz) gün həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 8 (səkkiz) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-314/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-314/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver