Məhkəmə qərarları › İş №1(104)-316/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-316/2023

19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-316/2023 19.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, sudro tərcüməçi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirl bilinərək məhkum edilmələrinə dair Şəmkir Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 1(076)- 36/2023 saylı hökmündən zərərçəkmiş şəxslər və təqsirləndirilən şəxs X4 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 1(076)-36/2023 saylı hökmü ilə (sədrlik edən M.T.Mustafayev) xx xxxxxx 1996-cı il tarixdə Tovuz rayonu, Əyyublu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, işsiz, subay, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, 25 aprel 2022-ci ildən 26 aprel 2022-ci ilədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzasının icrası müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə Tovuz rayonunun hüdudlarını tərk etməmək, Tovuz rayonu, Əyyublu kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, orta təhsilli, işsiz, evli, himayəsində iki azyaşlı uşaqları olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, cəzasının icrası müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, ünvan 2nında yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, həmçinin iş üzrə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. İşin halları Hökmə əsasən, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 20 aprel 2022-ci il tarixdə saat 19 radələrində tamah məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyətilə əvvəlcədən aralarında razılaşdıqları vəzifələrin bölgüsünə əsasən, Təqsirləndirilən şəxs2 ona evdə heç kimin olmaması haqqında məlumat verməklə, onun ailə üzvləri ilə birgə yaşadığı X3 məxsus Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evinə daxil ola bilməsi üçün çöl darvazanın qapısını açmış, Təqsirləndirilən şəxs1 isə qanunsuz olaraq həyətyanı sahəyə, oradan da evə daxil olmuş, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq daxil olduğu evin Təqsirləndirilən şəxs2 ona qabaqcadan videogörüntü ilə yeri barədə məlumat verdiyi yataq otağında yerləşən yataq dəstinin altında gizlədilmiş X5 məxsus, həmin tarixə olan məzənnə ilə 22.741,58 (iyirmi iki min yeddi yüz qırx bir manat əlli səkkiz qəpik) manat dəyərində olan 1.077.800 (bir milyon yetmiş yeddi min səkkiz yüz) rus rublu məbləğində pulu gizli talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyətilə 2022-ci ilin fevral ayında saat 11-12 radələri arasında Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən, ailə üzvləri ilə birlikdə yaşadığı evin müxtəlif otaqlarında saxlanılan, qayınanası Zərərçəkmiş şəxs2 məxsus bir ədəd fialet paxlava formalı, ağ rəngli qaşı olan 6 qram çəkidə, 583 əyarlı 510 (beş yüz on) manat dəyərində qızıl üzüyü, bir ədəd çəhrayı rəngli brilyant qaşlı, ətrafında ağ xırda qaşları olan 8 qram çəkidə, 750 əyarlı 840 (səkkiz yüz qırx) manat dəyərində qızıl üzüyü, həmçinin əri Zərərçəkmiş şəxs1 məxsus bir ədəd sibir qaşlı, 7 qram çəkidə, 583 əyarlı 595 (beş yüz doxsan beş) manat dəyərində qızıl üzüyü, bir ədəd “fialet” ağ rəngli qaşı olan, 5 qram çəkidə, 583 əyarlı 425 (dörd yüz iyirmi beş) manat dəyərində qızıl üzüyü, ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 məxsus 1.350 (bir min üç yüz əlli) manat və Zərərçəkmiş şəxs1 məxsus 1.020 (bir min iyirmi) manat dəyərində əmlakı gizli talayıb oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 20 aprel 2022-ci il tarixdə saat 19 radələrində təkrarən tamah məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyətilə əvvəlcədən aralarında razılaşdıqları vəzifələrin bölgüsünə əsasən, sonuncuya evdə heç kimin olmaması haqqında məlumat verməklə, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birgə yaşadığı X3 məxsus Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evinə daxil ola bilməsi üçün çöl darvazanın qapısını açmış, sonuncu isə qanunsuz olaraq həyətyanı sahəyə, oradan da evə daxil olmuş, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq daxil olduğu evin Təqsirləndirilən şəxs2 ona qabaqcadan videogörüntü ilə yeri barədə məlumat verdiyi yataq otağında yerləşən yataq dəstinin altında gizlədilmiş X5 məxsus həmin tarixə olan məzənnə ilə 22.741,58 (iyirmi iki min yeddi yüz qırx bir manat əlli səkkiz qəpik) manat dəyərində olan 1.077.800 (bir milyon yetmiş yeddi min səkkiz yüz) rus rublu məbləğində pulu gizli talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin gəldiyi nətcəyə görə həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 qeyd olunan hərəkətləri ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmişlər. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxslər Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxslərin barəsində ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan daha ağır cəza olan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişlər. Apellyasiya şikayətində qeyd edilmişdir ki, verilmiş ittihamın mahiyyətindən də aydın görünür ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət hadisəsi onlara qarşı qərəzli şəkildə törədilib və onlara xeyli maddi və mənəvi ziyan dəyib. Təqsirləndirilən şəxslər onlara vurmuş olduqları maddi ziyanı tam şəkildə ödəməyiblər. Hətta Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlində özünü təqsirli bilməyib. Lakin buna baxmayaraq məhkəmə hər iki təqsirləndirilən şəxsin barəsində çox yüngül cəza təyin edib. Onlar zərərçəkmiş şəxs olaraq təqsirləndirilən şəxslərin barəsində təyin olunmuş cəzanın dəyişdirilməsini və hər iki təqsirləndirilən şəxsin barəsində daha ağır cəza təyin edilməsini, hər iki təqsirləndirilən şəxsin həbs olunmasını xahiş edirlər. Həmçinin birinci instansiya məhkəməsinin həmin hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd etmişdir ki, “belə ki, hüquqlarını müdafiə etdiyi məhkum Təqsirləndirilən şəxs1 istər ibtidai istintaqda, istərsə də məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək törədilmiş cinayət əməlində onun heç bir təqsirinin olmamasını, digər məhkum Təqsirləndirilən şəxs2 ilə 2022-ci ilin fevral ayının əvvələrində instaqram sosial şəbəkəsi vasitəsi ilə tanış olaraq Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəli mobil telefonla və həmin nömrənin “WhatsApp” proqramı ilə danışıb münasibət saxlamasını, Təqsirləndirilən şəxs2 özünə məxsus qızıl əşyalarını satmaq istəməsini və buna görə ona kömək etməsini xahiş etməsini, bu məqsədlə Təqsirləndirilən şəxs2 ona Şəmkir rayonu Dəllər-Cəyir kəndində yerləşən subartezian quyusunun yanına gəlməsini xahiş etməsini, o da həmkəndlisi Qədim adlı şəxsin VAZ 2107 markalı avtomaşını ilə Dəllər-Cəyir kəndinə getmiş, Şəlalənin küçədəki subartezian quyusuna doğru gedib əlindəki salafan torbanı subartezian quyusundakı yumru daşın altına qoyub uzaqlaşmasını görmüş, o da həmin salafan torbanın içərisindəki qızılları götürüb gəldiyi avtomaşınla yaşadığı Tovuz rayonun Əyyublu kəndinə qayıtmış, kəndlərindəki Ceyhun adlı qızıl alqı-satqı işi ilə məşğul olan şəxsə həmin qızılları təqdim edərək 1730 manat məbləğində pul ala biləcəyini, həmin Ceyhun adlı şəxsin yanında Təqsirləndirilən şəxs2 mobil telefonla zəng edərək məlumat vermiş, Şəlalə ona verdiyi qızılların həmin qiymətə satmasına razı olmasını bildirdikdən sonra qızılları 1730 manata Ceyhun adlı şəxsə satıb pulunu götürmüş, razılaşdıqları kimi qızılların dəyəri olan 1730 manat pulu Dəllər-Cəyir kəndində qızılları götürdüyü subartezian quyusundakı yumru daşın altına qoymuş Şəlalə də həmin qızılın dəyəri olan 1730 manatı götürüb getmiş, 2022-ci ilin mart ayının sonlarında Şəlalə ilə telefonla danışarkən Təqsirləndirilən şəxs2 ailəsində münasibətlərinin pis olmasını, özünə məxsus pulunun olmasını və saxlamaq üçün ona vermək istəməsini bildirmiş, həmin pulları Şəlalədən almaq üçün dostu Elvin adlı şəxsə məxsus avtomobillə Şəlalənin yaşadığı evin yarğan adlanan tərəfinə gəlmiş və Şəlalənin ona yaylığa bükülü vəziyyətdə verdiyi pulları alıb Elvinin maşınına minib Tovuz rayonun yaşadığı Əyyublu kəndinə qayıtmış, kəndə çatanda yaylığa bükülmüş pulları çıxarıb sayaraq 822.000(səkkiz yüz iyirmi iki min) rus rublu olmasını müəyyən etmiş, həmin pulları Elvinə göstərmiş, heç bir narahatçılıq olmamasını, münasibətdə olduğu qızın saxlamaq üçün ona verdiyi pullar olmasını bildirmiş, həmin puldan saxlamaq üçün Elvinə ümumilikdə 230.000(iki yüz otuz min) rus rublu vermiş, həmin pulun 300.000 (üç yüz min) rublunu dəyişdirib 5900 (beş min doqquz yüz) manat pul almış, həmin pulun 5000 (beş min) manatını atasının maaş kartına yükləyərək internetdə udduğu pul olmasını atasına bildirmiş, xx.xx.2022-ci il tarixdə Tovuz rayonun Qovlar qəsəbəsindəki valyuta dəyişmə məntəqəsində 200.000 (iki yüz min) rus rublu dəyişdirib 3900 (üç min doqquz yüz) manatını götürmüş, həmin günü Şəmkir rayon Polis Şöbəsinin əməliyatçıları tərəfindən Qovlar qəsəbəsindən qayıdarkən saxlanılmış və üzərindəki 3900 manatı, atasının kartına vurulmuş 4700 manat pulu və Elvinə verilmiş 230.000 rus rublu Şəmkir rayon Polis Şöbəsində istintaqa təqdim etmiş, nəticədə həmin dövr rus rublunun məzənnəsi ilə müəyyən edilərək polis şöbəsində qaytardığı puldan qalmış 2700 (iki min yeddi yüz) manat pulu isə məhkəmə baxışı zamanı Vaqif Vəliyevin qohumu Fazil Abdullayevə qəbzlə təqdim etmiş, hesab etmişdir ki, Təqsirləndirilən şəxs2 özünə məxsus olmasını bildiyi və Şəlalənin ona saxlamaq üçün verdiyi, cəmisi 822.000 rubl pulu tam miqdarda qaytarmış, sonradan ona məlum olduğu kimi həmin pullar Fazil Ablullayevin evində olmuş və pulların sahibi Vaqif Məmmədov olmuş, ona görə ona verilmiş 822.000 rublun həmin vaxta olan məzənnəsi ilə AZN-ni və faktiki olaraq saxlanmış rublu tam miqdarda sahibinə qaytarmışdır. Məhkum Təqsirləndirilən şəxs1 heç kimin evinə qanunsuz daxil olmamasını, həmin pulları Təqsirləndirilən şəxs2 ona yaylığa bükülü vəziyyətdə təqdim etməsini, sonradan həmin pulların Təqsirləndirilən şəxs2 tərəfindən qanunsuz götürülməsini polis əməkdaşlarından öyrənməsini, həmin 822000 rub pulları tam miqdarda sahibinə qaytarmasını, bu səbəbdən əməlində heç bir cinayətin olmamasını, sadəcə olaraq telefonla tanış olduğu Təqsirləndirilən şəxs2 inanmamalı və həmin pulları saxlamaq üçün ondan qəbul etməməli olmasını səmimi olaraq bildirmişdir. Hüquqlarının müdafiəçisi olduğu məhkum Təqsirləndirilən şəxs1 şübhəli qismində saxlanılarkən Şəmkir rayon Polis Şöbəsinin əməliyyatçıları tərəfindən 6 sutka ərzində heç bir əsas olmadan polis şöbəsinin inzibati binasının 3-cü mərtəbəsindəki əməliyyatçıların kabinetində saxlanılaraq fiziki işgəncələrə məruz qalmasına dözməyərək guya həmin pulları Təqsirləndirilən şəxs2 videogörüntü ilə ona yerini bildirdiyinə görə şəlalənin qaynatası Fazil Abdullayevin evinə girərək götürməsi barədə ifadə verməyə məcbur edilmişdir. Ancaq, bütün istintaq müddətində istintaqçı da onun Fazil Abdullayevin evinə daxil olaraq pul götürməsinə inanmaması səbəbindən istintaqın ilk vaxlarından belə ifadəsini hadisə yerində adi qaydada və ya videogörüntü ilə yoxlanılması istintaq hərəkəti də aparılmamışdır. İstintaqın sonrakı mərhələsində isə Təqsirləndirilən şəxs2 müxtəlif inzibati orqanlara öz xətti ilə yazdığı ərizələrində həmin pulları yaşadığı evin arxa tərəfinə gələrək yaylığa bükülü vəziyyətdə ona verməsini etiraf etmişdir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 (sudro tərcüməçinin iştirakı ilə) və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 zərərçəkmiş şəxslərin apellyasiya şikayətinə etiraz etdilər, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, Şəmkir Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 zərərçəkmiş şəxslərin apellyasiya şikayətinə etiraz etdilər, şikayətin təmin edilməməsini, Şəmkir Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı Rəşad Alıkişiyev məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisinin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Təqsirləndirilən şəxs1 əməli istər ibtidai istintaq orqanı, istərsə də, birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir. Həmçinin iş üzrə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə ona istinad olunan cinayəti törətməkdə təqsiri təsdiq edilmişdir. Ona görə də müdafiəçinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Həmçinin zərərçəkmiş şəxslərin apellyasiya şikayətləri üzrə birinci instansiya məhkəməsindəki dövlət itihamçısının təqsirləndirilən şəxslərə cəza təyini zamanı təklif etdiyi həddə cəza təyin edilməsinə etirazı olmadığını bildirdi. Hüquqi məsələlər Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətlərin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətlərin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Müdafəçi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə qiymətləndirmə Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən, həmçinin müdafiə tərəfinin mövqeyindən aydın olur ki, müdafiə tərəfi işin faktiki hallarını mübahisələndirir. Belə ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs1 bəraət verilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir, 129-cu maddəsinin İİİ hissəsində isə müəyyən edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 39.3-cü maddəsinə əsasən əməldə cinayət hadisəsi və cinayət tərkibi olmadıqda, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - cinayət hadisəsi olmadıqda; (CPM-nin 42.1.1) - əməldə cinayət tərkibi olmadıqda; (CPM-nin 42.1.2) - cinayətin törədilməsinə aidiyyəti olmadıqda; (CPM-nin 42.1.3) - təqsirliliyi sübuta yetirilmədikdə; (CPM-nin 42.1.4) Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; -bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa; - bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; - bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə Həmn Məcəllənin 349.3-cü maddəsində hökmün qanuniliyinin və əsaslılığının nədən ibarət olması təsbit edilmiş, qeyd edilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin normada (CPM-nin 349.5-ci madd.) daha sonra qeyd edilir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. «Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının Cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş, CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmçinin, CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Bundan başqa CPM-nin 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlili məhkumun CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməməsi, həmin cinayət əməlini törətməsi ilə bağlı təqsirinin sübuta yetirilməməsi və ona görə də ona CM-nin həmin maddələri ilə bəraət verilməli olmasıdır. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlilləri əsasında yoxlanılarkən müəyyən edilmişdir ki, məhkəmə işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs1 əməlində CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətlərini müəyyən edib düzgün nəticəyə gəlmiş, öz hökmünü qanuni yolla əldə edilmiş sübutlarla əsaslandıraraq Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericliyinə əməl etmişdir. Belə ki, işdə olan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxslə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. İşin qeyd olunan faktiki halları işdə olan sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərdiyi xüsusatlarla, digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkum Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edildiyindən apellyasiya şikayətlərində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi, CM-nin həmin maddələri ilə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun ibtidai istintaq zamaı ona elan olunmuş ittihamda özünü təqsirli blməsi barədə verdiyi ifadələri, birinci instansiya məhkəməsində dindidirlmiş digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxain və şahidlərin ifadələri, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyi və məhkəmə tərəfindən tədqiq edilmiş digər məhkəməistintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs1 əməli CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə əsaslı olaraq təqsirli bilinib cəzalandırılmışdır. İş materiallarından və birinci instansiya məhkəməsinin hökmündən də göründüyü kimi, məhkumun əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməllərin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməllərini düzgün qiymətləndirmişdir. Cinayət işinin materiallarından həmçinin görünür ki, məhkum və onun müdafiəçisi eyni dəlilləri birinci instansiya məhkəməsində də irəli sürmüş və onların irəli sürdükləri dəlillər müdafiəçinin iştirakı ilə hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilməməsi və həmin əməli törətməsini inkar etməsi birinci instansiya məhkəməsində işə baxılarkən dindirilmiş digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri, ekspertiza rəyi, məhkəmədə tədqiq olunmuş cinayət işini materialları, o cümlədən baxış protokolları, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, eləcə də cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin məhkəmə baxışında həmin xüsusatlarla bağlı verdiyi ifadəsini məhkəmə iclasında tədqiqi edilmiş sübutlarla təkzib edildiyindən haqlı olaraq həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək həmin ifadəyə tənqidi yanaşmış və bu ifadəni ittihamı təkzib edən sübut növü kimi qəbul etməmiş, onun bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güddüyü qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxslə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi hərəkətlərini müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq bir daha qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinə əsasən Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməsi ilə bağlı təqsirinin sübuta yetirilməməsi qənaətinə gəlmək, ona CM-nin həmin maddələri ilə bəraət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir faktiki və hüquqi əsaslar yoxdur. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində əsassız olaraq təqsirli bilinməsinə dair dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri əsassız sayır və müdafiə tərəfinin həmin dəlilləri irəli sürməsini məhkumun məsuliyyətdən yayınmaq məqsədi güdməsi kimi qiymətləndirir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, Təqsirləndirilən şəxs1 haqlı olaraq CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilərək ona cəza təyin etmişdir. Məhkəmə tərəfindən işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkum Təqsirləndirilən şəxs2 münasibətdə işin faktiki halları və təqsirlilik məsələsi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs2ın əməli mötəbərliyi heç bir şübhə doğurmayan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmişdir. Təqsirləndirilən şəxs2 əməli CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Zərərşəkmiş şəxslərin apellyasiya şikayətinin məhkumlara təyin edilmiş cəzanın yüngüllüyü ilə bağlı dəlilləri üzrə qiymətləndirmə Məhkəmə kollegiyası məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumların şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə almış, CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Hökmdən görünür ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 cinayət nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam şəkildə könüllü ödəməsini, Təqsirləndirilən şəxs1 isə Nümayəndə dəymiş ziyandan qismən ödəniş etməsini (iş materiallarından görünür ki, zərərçəkmiş şəxs Vaqif Məmmədova vurulmuş 22741, 58 manat məbləğində maddi ziyandan 17378,08 manat məbləği, Zərərçəkmiş şəxs1 vurulmuş 1020 manat məbləğində ziyanın tam məbləği zərərçəkmiş şəxslərə ödənilmişdir), Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, eləcə də təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə müsbət xarakterizə edilmələrini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, həmin halları və cəzalarını ağırlaşdıran hallarının olmamasını nəzərə alaraq onlara təqsirli bilindikləri maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Məhkum edilmiş şəxslərə cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyinetmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3 və 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq, qanuni və ədalətli nəticə çıxarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə razılaşır və zərərçəkmiş şəxslərin apellyasiya şikayətinin məhkumlara təyin edilmiş cəzanın ağırlaşdırılmalı olması ilə dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, zərərçəkmiş şəxslər və təqsirləndirilən şəxs X4 müdafiəçisi Müdafiəçi1 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Şəmkir Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs X4 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirl bilinərək məhkum edilmələrinə dair Şəmkir Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 1(076)- 36/2023 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar