Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-317/2023 13.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Nurulu Firidun Bilal oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 188.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin «29» mart 2023-cü il tarixli, 1(076)-97/2023 nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin (hakim Taleh Musayev) «29» mart 2023-cü il tarixli, 1(076)-97/2023 nömrəli hökmü ilə xx xxxxxx 1976-cı il tarixdə Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, işsiz, ailəli, himayəsində iki nəfər azyaşlı, bir nəfər yetkinlik yaşına çatmayan uşaqları olan, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Könüllü kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətmişdir. Belə ki, o, 2022-ci ilin əvvələrində istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Abbaslı kəndinin şimal-şərq hissəsində, Beton zavod adlanan ərazidə, Bakı- Qazax magistral yolunun sol tərəfində, Şəmkir rayonu Abbaslı bələdiyyəsinin mülkiyyətində olan 0,05 ha kənd təsərrüfatı təyinatlı örüş otlaq-torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində 60 kv.m (x=601373, y=4511660) ölçüdə, mişar daşından özbaşına tikinti işləri aparmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, məhkum apellyasiya şikayətində hökmün dəyişdirilməsini və barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 188.3-cü maddəsi ilə ona 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdən narazıdır. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmiş bələdiyyənin ondan heç bir şikayət və tələbi yoxdur. Təyin edilmiş cəzanı ədalətli hesab etmir. Təyin edilmiş cəza işin hallarına və onun şəxsiyyətinə uyğun deyildir. Ona görə də barəsində ədalətli cəza təyin edilməsini xahiş edir. Himayəsində 3 yetkinlik yaşına çatmayan uşağı, xəstə və yaşlı anası vardır. Özü sürücüdür. Ailəsini bu yolla dolandırır. Ailənin yeganə qazanc gətirən şəxsidir. İlk dəfə cinayət əməli törətmişdir. Zərərçəmiş şəxs bələdiyyənin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tərəfindən ona cəza təyin edilərkən qeyd edilən hallar nəzərə alınmamışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və əlavə olaraq göstərdi ki, məhkum olunmamışdan əvvəl sürücü kimi Tovuz rayonunda işləmişdir. Hazırda ona təyin edilmiş cəza işini davam etdirməsinə mane olur və bu hal da ailəsinin maddi ehtiyacı ödənilmir. Hazırda Qarabağ ətrafı ərazilərdə ona uyğun iş vardır, lakin təyin edilmiş cəza ona həmin işi yerinə yetirməsinə imkan vermir. Odur ki, qeyd olunanları nəzərə alaraq barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini və ona yüngül azadlığın məhdudlaşdırılması cəzaının təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və göstərdi ki, Təqsirləndirilən şəxs sürücüdür. Məsuliyyətə cəlb edilməzdən əvvəl Tovuz rayonunda avtomobil sürmüşdür. Hazırda Qarabağ ətrafı ərazilərdə iş olsa da, təyin edilmiş cəza səbəbindən işləyə bilmir. Odur ki, qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən məhkumun əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq CM-in 188.3-cü maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edərkən şəxsiyyətini, ailə vəziyyətini kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində yüngül cəza növü təyin edildiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət hadisəsinin məhkum Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məhkumun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, işdə olan və tədqiq olunan sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətində də əməlin tövsifi, təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmir. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə nəzərdə tutulur ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №- li qərarının 8-ci bəndində göstərilir ki, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı cəzanı yüngülləşdirən halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Lakin bu zaman məhkəmə həmin məsələ barədə qərarını hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəzasını yüngülləşdirən halların məcmusunun müstəsna hal kimi qiymətləndirilməsi üçün Qanunda göstərilən əsaslar mövcud olmadığından Təqsirləndirilən şəxs məhkum edildiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halların mövcudluğunu sübut edən hallar və dəlillər yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş cəzanın məhkumun ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınması CM-in 58.3-cü maddəsində nəzərdə tutulmuş cəza təyin etmənin ümumi prinsiplərindən olsa da, cəza təyin etmənin müstəsna forması olaraq qanunda nəzərdə tutulmuş sanksiyanın aşağı həddindən də az cəza təyin edilməsi üçün CM-in 62-ci maddəsində təsbit edilən konkret müstəsna hallar nəzərə alınmalıdır. Lakin hazırki cinayət işinin materiallarında belə hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinin tələblərini, eləcə də məhkumun cəzasını yüngülləşdirən (himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini) halları və ağırlaşdıran halların olmamasını nəzərə almış və Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünü aşağı həddə yaxın bir müddətə təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun barəsində olan yüngülləşdirici halların məcmusu, ona təqsirli bilindiyi CM-in maddəsinin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsi üçün əsas olsa da, həmin halların müstəsna hallar kimi nəzərə alınaraq məhkumun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün Qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Eyni zamanda, məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növü və həddi ilə də razılaşır və hesab edir ki, təyin edilmiş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və məhkuma təyin edilmiş cəzanın həddinin azaldılması, onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd olunan CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı olan dəlillər əsassızdır və məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi üçün qanunvercilikdə nəzərdə tutulmuş heç bir faktiki və hüquqi əsaslar yoxdur. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin «29» mart 2023-cü il tarixli, 1(076)- 97/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin «29» mart 2023-cü il tarixli, 1(076)-97/2023 nömrəli hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-317/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-317/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver