Məhkəmə qərarları › İş №1(104)-324/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-324/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-324/2023 12.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(042)-18/2023 saylı qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gədəbəy Rayon Məhkəməsinin (hakim F.B.Mirzəquliyev) xx.xx.2023-cü il tarixli, 1(042)- 18/2023 saylı qərarı ilə 14 avqust 1996-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, evdar qadın, himayəsində iki azyaşlı uşaq olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Plankənd kəndində yaşayan, 09 dekabr 2022-ci il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilməsi və cinayət məsuliyyətindən azad еdilməsi, barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv еdilməsi qərara alınmış, həmçinin iş üzrə məhkəmə xərci ilə bağlı məsələ həl edilmişdir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihama görə Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə saat 10:30 dəqiqədə Zərərçəkmiş şəxs məxsus Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi Univermaqda olan qızıl-zinət əşyaları satış mağazasına yaxın qohumları ilə birlikdə müştəri qismində daxil olaraq, mağazada heç kəsin onu görmədiyinə əmin olduqdan sonra özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs piştaxtanın üzərinə seçim edilməsi üçün qoyduğu 01 ədəd 625 manat dəyərində kustar üsulla hazırlanmış, 3,45 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində 32 ədəd təxminən hər biri 0.020 karat ölçüdə, 04 ədəd hər biri təxminən 0.056 karat ölçüdə, ümumilikdə, 36 ədəd rəngsiz, şəffaf brilyant qaşı olan, gümüş rəngli üzüyü və 01 ədəd 595 manat dəyərində kustar üsulla hazırlanmış, 4,43 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində 01 ədəd təxminən 0.050 karat ölçüdə, 10 ədəd hər biri təxminən 0.025 karat ölçüdə, 04 ədəd hər biri təxminən 0.020 karat ölçüdə, 04 ədəd hər biri təxminən 0.010 karat ölçüdə, 02 ədədin hər biri təxminən 0.005 karat ölçüdə, ümumilikdə, 21 ədəd rəngsiz, şəffaf brilyant qaşlar olan, sarı rəngli qızıl üzüyü, ümumilikdə, 1220 (min iki yüz iyirmi) manat dəyərində özgə əmlakını gizli yolla talayib oğurluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından Dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cinayət qanununun müddəalarına uyğun təklif etdiyi həddə cəza təyin edilməklə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, dövlət ittihamçısı kimi yekun nitqi ilə çıxış edərək, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini təklif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayəti etiraf etməsini, cinayət nəticəsində vurulmuş ziyanı ödəməsini, zərərçəkmişin ondan şikayətçi olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb və "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək barəsində cinayət təqibinə xitam verilməsini ona münasibətdə yetərli islah edilmə vasitəsi kimi qanuni, əsaslı və ədalətli hesab etmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsi ilə bağlı cinayət işi üzrə Gədəbəy rayon məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası CM-nin tutulmuş oğurluq cinayəti 177.1-ci maddəsində nəzərdə böyük ictimai təhlükə törətməyən cinayət olmaqla mülkiyyət əlehinə olan cinayətlər fəslinə aiddir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən məhkəmə Azərbaycan Respublikası CPM-nin 139 və 353cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları göstərilməlidir. Həmin qərarın 4-cü bəndinə görə CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Bu zaman isə belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hamilə olmasını, himayəsində iki az yaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Lakin məhkəmə cəza təyini zamanı qeyd edilənləri cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də, onların qəbul edilməsinin motivlərini qərarın təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs öz əməlindən səmimi peşman belə olmamış, üzüklərin yadından çıxaraq birini barmağına taxdığını digərini isə cibinə qoyduğunu bildirmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, bunun konkret olaraq nədə ifadə olunmasını hökmdə əsaslandırmamış, yalnız formal arayış əsasında onun müsbət xarakterizə olunması qənaətinə gəlmişdir. Göründüyü kimi, məhkəmə qeyd olunan Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla məhkəmə yekun qərarının həmin hissəsində obyektivliyini təmin edə bilməmiş və həmin halları qərarda əsaslandırmamışdır. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran halları nəzərə almamış, onlara hüquqi qiymət verməmiş, nəticədə çıxarılmış qərar törədilmiş cinayətə adekvat olmamış və bunun da nəticəsində eyni qəbildən olan cinayət işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalətli cəza siyasətinin həyata keçirilməsi istiqamətində düzgün mövqe nümayiş etdirilməmişdir. Həmçinin qeyd edilməlidir ki, mülkiyyət əlehinə olan cinayətlər üzrə cinayət məsuliyyətindən azad etmə Azərbaycan Respublikası CM-nin 73-1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə həyata keçirilə bilər və həmin maddələrin siyahısında CM-nin 177-ci maddəsi ümumiyyətlə yoxdur... Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsi ilə bağlı cinayət işi üzrə Gədəbəy rayon məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı cinayət qanunu normasının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi əsası ilə ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cinayət qanununun müddəalarına uyğun təklif etdiyi həddə cəza təyin edilməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Rəşad Alıkişiyev apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış edərək apellyasiya protestinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmaqla onun CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddəsinin sahksiyasında nəzərdə tutulan hədd daxilində ona cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Fuad İsgəndərov dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə etiraz edərək protestin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarını dətişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə etiraz edərək, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə şdədiyini bildirdi, protestin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarını dətişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, apellyasiya protestinin təmin edilməməsi barədə təqsirləndirilən şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli mötəbərliyi heç bir şübhə doğurmayan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirmiş və onun CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya protestinin dəlillərindən görünür ki, protestdə Təqsirləndirilən şəxs əsassız və qanunsuz olaraq CM-nin 177.1-ci maddəsi ilə məsuliyyətdən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi iddia edilir. Protestdə məhkəmə qərarının əsassız və qanunsuz olması ilk növbədə məhkəmənin cəza təyini zamanı Təqsirləndirilən şəxs hamilə olmasını, himayəsində iki az yaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də, onların qəbul edilməsinin motivlərini qərarın təsviri-əsaslandırıcı hissəsində göstərməməsi ilə əsaslandırılmışdır. CM-nin 58.3-cü maddəsinin tələbinə görə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə alınmalıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsi müzakirə edilməmiş, buna görə də məhkəmə protestdə qeyd edilən halları cəzanı yüngülləşdirən hallar kimi deyil, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət məsuliyyətindən azad edilməsi qənaətinə gələrkən nəzərə alınmalı olan hallar kimi qeyd etmiş, bu halların mövcud olmasını isə iş materiallarında olan mötəbər məlumatlarla əsaslandırmışdır. Ona görə də məhkəmə kollegiyası protestin məhkəmə tərəfindən cəzanı yüngülləşdirən halların qəbul edilməsinin motivlərini qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilməməsi barədə dəlilini əsassız hesab edir. Mülkiyyət əlehinə olan cinayətlər üzrə cinayət məsuliyyətindən azad etmənin Azərbaycan Respublikası CM-nin 73-1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə həyata keçirilə bilməsi və həmin maddələrin siyahısında CM-nin 177-ci maddəsinin ümumiyyətlə olmaması, ona görə də Təqsirləndirilən şəxs əsassız və qanunsuz olaraq CM-nin 177.1-ci maddəsi ilə məsuliyyətdən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsinin əsassız və qanunsuz olması ilə bağlı protestin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, CM-nin 73.2 və 73-1.1-ci maddələrində göstərilən cinayət əməllərini törətmiş şəxslərin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi imperativ xarakter daşıyır. CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslərin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilməsi isə dispozitiv xarakterə malikdir. Yəni CM-nin 73.2 və 73-1.1-ci maddələrində göstərilməyən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər də zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. Bundan başqa, həmin Qərarda qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 73-1.1-ci maddəsində sadalanan cinayət əməllərinin sırasında göstərilməməsi həmin əməli törətmiş şəxsin CMnin 73.1-ci maddəsində göstərilən şərtlər əsasında cinayət məsuliyyətindən azad edilməsini istisna etmir. İşin halları kimi müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətmiş, bundan sonra oğurladığı əmlakı Zərərçəkmiş şəxs Piriverdi oğluna qaytarmış, yəni, ona vurduğu zərəri tam aradan qaldırmış, ondan üzür istəmiş, onunla barışıq əldə etmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs Piriverdi oğlu məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını, sonuncunun ona vurduğu ziyanı tamamilə ödədiyini, onunla barışdığını bildirmiş, məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq cinayət işinə xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. İşin halları ilə həmçinin müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağı var, hazırda uşaqları Rusiya Federasiyasındadır, cinayət məsuliyyətinə cəlb edildiyi üçün təqsirləndirlən şəxsin onların yanına getmək imkanından məhrum olmuşdur, bundan başqa o, üçüncü uşağa hamilədir (həmin hal apellyasiya icraatı zamanı təqdim edilmiş tibbi arayışla da təsdiq olunur). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsini və həmin maddənin şərh edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında nəzərdə tutulmuş məhkəmənin böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə təqsirləndirlən şəxsin cinayət məsuliyyətindən azad etməsi hüququnun olduğunu, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olduğunu, hazırda uşaqların Rusiya Federasiyasında olduqlarını, cinayət məsuliyyətinə cəlb edildiyi üçün təqsirləndirlən şəxsin onların yanına getmək imkanından məhrum olunduğunu, onun üçüncü uşağa hamilə olduğunu, zərərçəkmişə vurduğu ziyanı tam olaraq aradan qaldırdığını və onunla barışdığını, həmçinin zərərçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışdığını, onu bağışladığını və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etdiyini nəzərə alaraq, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad еdilməli və onun barəsində оlan cinayət işi üzrə cinayət təqibinə xitam vеrilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyəti, zərərçəkmişə vurduğu ziyanı tam olaraq sonuncuya ödəməsi və onunla barışması, eləcə də işin müəyyən edilmiş yuxarıda qeyd edilən digər halları, o cümlədən təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olması CM-nin 73.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsinə imkan verir. Azərbaycan Rеspublikası CPM-nin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarında olan təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışında məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, zərəçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, onunla barışdığını bildirmiş, məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, xüsusən böyük ictimai təhlükə törətməyən cinayət olmasını, şəxsiyyətini, zərərçəkmişə vurduğu ziyanı tam olaraq sonuncuya ödəməsini və onunla barışmasını, eləcə də işin müəyyən edilmiş yuxarıda qeyd edilən digər hallarını, o cümlədən təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını nəzərə alaraq CM-nin 73.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsinə dair düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya protestinin dəlilləri əsassızdır və həmin dəlillər əsasında birinci instansiya məhkəməsinin qərarı ləğv edilə bilməz. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(042)-18/2023 saylı qərarı əsaslı olduğundan apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya protesti isə təmin edilməməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(042)-18/2023 saylı qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar