Məhkəmə qərarları › İş №1(104)-328/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-328/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-328/2024 09.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli, 1(021)-91/2024 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli, 1(021)-91/2024 saylı hökmü ilə (hakim Fuad Babaşov) xx.xx.1975-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə onun Bərdə rayon Polis Şöbəsində 28 fevral 2024-cü il tarixdən 1 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddətin bir günü azadlıqdan məhrumetmənin 1 (bir) gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalında dərhal həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin 7 may 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi və onun yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata götürülməsi qərara alınmışdır. Həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Bərdə Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli, 1(021)-91/2024 saylı hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, işinə yenidən baxılaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 1,144 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamış, 28 fevral 2024-cü il tarixdə saat 17:10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Əliyev prospektində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 17:55 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 1,144 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan, onun ailə vəziyyətini, həyat şəraitini nəzərə almadan hökm çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən narazı olmasının səbəbi ona təyin olunmuş cəzanın ağır olmaqla onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamasıdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi, işinə yenidən baxılaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir, özünü ona istinad edilən cinayət əməlinin törədilməsində təqsirli bilir, hazırda himayəsində olan xəstə anasının onun köməyinə ehtiyacı var. Ona görə də şikayətdə göstərinlərin nəzərə alınmasını, ona mümkün olduğu qədər köməklik edilməsini, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edilərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə alındığını, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayətinin əsas dəlilləri məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması, həmin halların nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 234.1-ci maddələri üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddələr ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin etirafedici ifadələrini, eləcə də zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini, icra sənədini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədlərini sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətində müdafiə tərəfi işin faktiki hallarını, təqsirlilik məsələsini və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmamasını qeyd etmiş, həmin halların nəzərə alınaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məhkəmə iclasında qeyd olunan dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8.1, 41.2, 58.3, 59-cu maddələrini rəhbər tutaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, eləcə də səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, məhkumluğunun olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi, həmçinin əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış, ona CM-in 234.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə düzgün nəticəyə gəlinmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Seyidov X1 Şəhər Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4 hissəsi ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına; Mingəçevir Şəhər Xalq Məhkəməsinin xx.xx.1996-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib əmlakı müsadirə edilməklə 9 il azadlıqdan məhrum etmə cəzasına; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına; Binəqədi Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına; Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə təqsirli bilinib 1 il azadlıqdan məhrum etmə cəzasına; Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 3 ay 5 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Çəzaçəkmə müddətinin əvvəli 21 dekabr 2018-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxsin məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməsinə baxmayaraq, həmçinin birinci instansiya məhkəməsi həmin halı təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə almamasına baxmayaraq əvvəllər qəsdən cinayət törətdiyinə görə məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş cəza təyininin ümumi əsaslarını nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş və hazırki halda məhkuma təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirici və ağırlaşdırıcı halları, apellyasiya instansiyasında tədqiq edilən halları təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasında hökmün dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli, 1(021)-91/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli, 1(021)-91/2024 saylı hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar