Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-329/2023 06.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Samux Rayon Məhkəməsinin «13» aprel 2023-cü il tarixli, 1(058)-15/2023 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Samux Rayon Məhkəməsinin (hakim Gündüz Şirinov) «13» aprel 2023-cü il tarixli, 1(058)-15/2023 nömrəli hökmü ilə xx.xx.1994-cü ildə Yəmən Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Gəncə şəhəri, Cavadxan küçəsi, ev 158 B-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməsi və yaşayış yeri üzrə Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd üzəri yapışqanlı lentə sarılmış şəffaf polietilen kəsiyində təmiz çəkisi 1,178 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 03 yanvar 2023-cü il tarixdə saat 14:25-də Samux Rayon PŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu, Qarayeri qəsəbəsində kənd arasında “Sovxoz” adlanan ərazidə saxlanılaraq, Samux rayon PŞ-nin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarının sağ yan cibinin üstündə yerləşən kiçik ölçülü cibdən həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq, daşıyıb üzərində saxladığı 1 (bir) ədəd üzəri yapışqanlı lentə sarınmış şəffaf polietilen kəsiyində təmiz çəkisi 1,178 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin ondan aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, apellyasiya protestində hökmün dəyişdirilməsi və məhkumun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi xahiş edilmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin şəxsiyyətini xarakterizə edən halları nəzərə almadan ona daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Hazırki cinayət işi üzrə məhkəmə öz hökmündə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Təqsirləndirilən şəxs 1,178 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin əldə edərək saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitə olan psixotrop maddə-metamfetamin miqdarı şəxsi istehlak miqdarından 7 dəfə çoxdur. Məhkəmə hökm çıxararkən Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitənin növü və çəkisini törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran hallardan olmasını hesab etməmiş, cəza təyini zamanı həmin xüsusatları nəzərə almamışdır. Təqsirləndirilən şəxs psixotrop maddə-metamfetamin şəxsi istehlak miqdarından cüzi artıq (məsələn, 0.20-0.50 qram və sair) olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəza ilə uyğun cəza təyin edilməsi ədalətlilik prinsipinin pozulması deməkdir. Məhkəmənin təyin etdiyi cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyildir. Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 69.3, 70.1, 70.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində törətdiyi xırda talama inzibati xətasına görə inzibati qaydada 30 gün inzibati həbs cəzası təyin edilmişdir. Yuxarıda göstərilənlər və hazırki, cinayətin xarakteri Təqsirləndirilən şəxs dəfələrlə cinayət və inzibati məsuliyyətə cəlb edilməsi, islah olunmamasını onun şəxsiyyətinin mənfi xarakterizə olunmasını göstərir. Hazırki halda məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. CM-in 72.1-ci maddəsində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Şəxsin səmimi peşman olması onun könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal köməklik göstərməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi hərəkətlərdə özünü göstərir, yəni şəxsin törətdiyi əməldən peşman olması qeyd olunan hərəkətlərlə təsdiq olunmalıdır. Sadalanan hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir. Buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdiriən hal kimi nəzərdə tutulmuşdur. İşin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətdikdən-qanunsuz psixotrop maddə metamfetamini əldə etdikdən dərhal sonra deyil, polis əməkdaşları tərəfindən ifşa olunduqdan sonra, ifadə verərkən məsuliyyətini yüngülləşdirmək məqsədi ilə törətdiyi əməli etiraf etmişdir. Beləliklə də məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqda haqlı olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəza təyin edilərkən məhkəmənin gəldiyi nəticələr işin halları ilə uyğunsuzluq təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini və məhkum barəsində daha ağır cəza – azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya protestinə etiraz etdi, protestin dəlilləri ilə razılaşmayaraq göstərdi ki, əməlindən peşmandır, müalicə olunmuş, hal hazırda heç bir narkotik vasitə və psixotrop maddədən istifadə etmir. Tutulduqdan sonra qohumları və ona yaxın olan şəxslər ondan üz döndərmiş, buna görə də ayrı-ayrı vaxtlarda 3 dəfə müalicə olunmuşdur. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini, apellyasiya protestinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya protestinə etiraz etdi və göstərdi ki, şəxsə ağır cəza təyin edilməklə onun islah olunması mümkün deyildir. Məhkum özü də səmimi peşmanlığını ifadə edir, islah yolunda olduğunu göstərir və törətdiyi cinayət əməlinin onu cəmiyyətdə və ailədə nə dərəcədə nüfuzdan saldığını dərk edir. Həmçinin şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmaq hər zaman mümkün olmur. Azadlığın məhdudlaşdırılması cəzası da kifayət qədər ağır cəzadır. Mövcud məhkəmə təcrübəsi onu göstərir ki, gənc adamların bu yaşda həbsə düşməsi onlara mənfi təsir edir və gələcək həyatlarında ciddi problemlərə gətirib çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılması hüdudlarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin təmin olunmasına dair dövlət ittihamçısının, apellyasiya protestinin təmin edilməməsinə dair məhkumun və müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, dövlət ittihamçısının apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət hadisəsinin məhkum Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məhkumun etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya protestində də əməlin tövsifi, təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası məhkuma təyin edilən cəzanın növü və həddi ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları (törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını) və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını yuxarı həddə təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı cəza təyin etmişdir. Təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkumun cəzasının daha ağır cəza ilə əvəz edilməsi üçün qanuni əsaslar yoxdur. CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs yuxarı həddə - 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Apellyasiya protestinin təmin ediləcəyi təqdirdə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı ona 1 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini təklif etmişdir. Dövlət ittihamçısı istər məhkəmə çıxışında, istərsə də protestdə maddənin sanksiyasında 2 alternativ cəza nəzərdə tutulduğu təqdirdə, təqsirləndirilən şəxsə hansı səbəbdən məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Dövlət ittihamçısı apellyasiya protestində məhkuma daha ağır cəza təyin edilməsinin zəruriliyini onunla əsaslandırmağa çalışmışdır ki, şəxs əvvəllər məhkum olunmuş, inzibati məsuliyyətə cəlb olunmuş və şəxsin barəsində nəzərə alınmış yüngülləşdirici hallar əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, düzdür, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin onun məhkumluğu Qanunla müəyyən edilmiş qaydada ödənilmiş və hazırda məhkumluğu yoxdur. Məhkumluğu Qanunla müəyyən edilmiş qaydada ödənilmiş şəxsə cəza təyini zamanı onun əvvəllər məhkum olunmasının nəzərə alınması isə həm Cinayət Qanununun, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarının tələblərinə ziddir. CM-in 83.1-ci maddəsinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 50-ci bəndində qeyd olunur ki, CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin onun məhkumluğu Qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Belə olduğu halda onun əvvəllər məhkum olunmasının şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınması və məhz bu səbəbdən ona ən ağır cəza təyin edilməsi qanunvericiliyin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarının tələblərinə uyğun deyildir. Bundan başqa protestdə məhkumun əvvəllər inzibati məsuliyyətə cəlb edilməsi qeyd edilmiş, lakin bunun cəza təyini zamanı hansı qisimdə nəzərə alınmalı olması ilə bağlı hər hansı əsaslandırma aparılmamışdır. Belə ki, həmin hal CM-də ağırlaşdırıcı hal kimi nəzərdə tutulmamışdır. Eyni zamanda CM-in 61.2-ci maddəsinə görə cəza təyin edilərkən həmin Məcəllənin 61.1.1—61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Eyni zamanda bu halın məhkumun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmasına dair qanunvericilikdə və mövcud məhkəmə təcrübəsində hər hansı göstəriş mövcud deyil. Həmçinin cəzanı yüngülləşdirən hallarla əlaqədar apellyasiya protestinin dəlillərinin araşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən iş materialları yenidən tədqiq edilmiş, birinci instansiya məhkəməsinin məhkum barəsində nəzərə aldığı yüngülləşdirici hallara dair iş materiallarında sübutların mövcudluğuna qiymət verilmiş və belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi yüngülləşdirici halları nəzərə alarkən iş materiallarına əsaslanmış və apellyasiya protestinin dəlilləri iş materialları ilə təkzib edilir. İş materiallarından görünür ki, məhkum ibtidai istintaqın ilk günlərindən törətmiş olduğu cinayət əməlini səmimi etiraf etmiş, əməlindən peşmançılıq çəkmiş və öz əməlinə tənqidi münasibət bəsləmişdir. Qeyd olunan hal onu cinayət törətdikdən sonra öz əməlinə tənqidi münasibət bəsləməyən və əməlindən peşmançılıq keçirməyən digər məhkumlardan fərqləndirmək üçün ciddi əsasdır. Bundan başqa məhkumun apellyasiya instansiya məhkəməsinin iclasında davranışı, təqsirini etiraf etməsi, törətdiyi əməldən səmimi peşman olmasını, sağalmasını və narkotik vasitə və psixotrop maddədən istifadə etməməsini, müalicə olunmasını bildirməsi, məhkəmə kollegiyasında belə bir inam yaradır ki, məhkum islah yoluna qədəm qoymuş və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 234.1-ci maddəsi ilə törədilən cinayət əməlinin ziyan vurduğu münasibətlərin ən birincisi elə şəxsin öz sağlamlığıdır. Belə olan halda məhkəmə tərəfindən məhkuma cəza təyin edilərkən, onun cinayətə qədər və cinayətdən sonrakı davranışı, öz davranışı ilə islah yoluna qədəm qoyması, cinayət əməlini törətdikdən sonra yeni cinayət əməlləri törətməsi ehtimalı nəzərə alınmalıdır. Bundan başqa iş materiallarına əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə İƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Cavadxan küçəsi, ev 158 B-də yaşayır. Nümayəndəliyə onun barəsində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əməlindən peşman olan və yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmələr cəza təyin edərkən, tövsif olunan maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəzanın təyin edilməsi qənaətinə gəldikdə bunu hökm və qərarlarında əsaslandırmalıdırlar. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Hökmdən görünür ki, cəza təqsirləndirilən tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını nəzərə alınmaqla təyin edilmiş, məhkuma CM-in təqsirli bilindiyi maddəsinin sanksiyasının həddində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası islah təsiri baxımından yetərli olmaqla sosial ədalət prinsipinin tələblərinə uyğun olmuş və CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün heç bir qanuni əsas yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin məhkuma təyin edilmiş cəzanın yüngül olması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, yuxarıda şərh olunanlara əsasən məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası və onun həddi ədalətli, qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin edilmiş cəza da kifayət qədər ciddi və ağır, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi CM-in ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində birbirilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə kollegiyası bu konteksdən çıxış edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları düzgün olaraq nəzərə almış, qanuni və əsaslı hökm çıxarmışdır. Məhkəmə kollegiyası təyin edilmiş cəza məsələsini müzakirə edərkən aşağıdakıların da nəzərə alınmasını zəruri hesab edir. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğu və həbsin çox zaman mənfi nəticələr doğurduğu və hüquq pozucularını islah etmədiyi tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakılar qeyd edilmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez-tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyyədə aşağıdakılar bildirilir: - Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. - Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. - Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. Tövsiyyədə diqqətə çatdırılır ki, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrumetmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanın (şərti cəzanın) təyin edilməsi, zərərçəkənlə hüquq pozucusu arasında mediasiya (vasitəçilik) və zərərçəkənə dəymiş ziyanın kompensasiyası; hərəkət sərbəstliyinin məhdudlaşdırılması nəzərə alınmalıdır. Cəza təyin edilməsinin məntiqi əsaslarındakı məqsəd digər məsələlərlə yanaşı azadlıqdan məhrumetmə cəzalarından istifadəni azaltmaq, ictimai sanksiyaların və tədbirlərin istifadəsini genişləndirmək və mediasiya (vasitəçilik) və ya zərərçəkənə dəymiş ziyanın kompensasiyası kimi fərqli tədbirlərdən istifadə etməkdir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X4 Şurası Nazirlər Komitəsinin tövsiyyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyyələrə məhkəmə kollegiyası xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan yüngülləşdirici halları, həm də apellyasiya instansiyasında tədqiq edilən halları təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təyin edilmiş cəzanın ağırlaşdırılmasını məqsədəmüvafiq hesab etmir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, dövlət ittihamçısının apellyasiya protesti təmin edilməməli, Samux Rayon Məhkəməsinin «13» aprel 2023-cü il tarixli, 1(058)- 15/2023 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Samux Rayon Məhkəməsinin «13» aprel 2023-cü il tarixli, 1(058)-15/2023 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə münasibətdə dəyişdirilmədən, apellyasiya protesti isə təmin edilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-329/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-329/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver