Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-331/2023 08.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2023cü il tarixli 1(100)-114/2023 nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 1(100)-114/2023 nömrəli (hakimlər A.E.Məmmədov (sədrlik edən), M.M.Məmmədzadə və R.N.Ələkbərli) hökmü ilə xx xxxx 1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Bərdə şəhəri, Koroğlu küçəsi ev 10-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 27 iyul 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ayrıayrılıqda təmiz çəkiləri 6,230 qram, 9,218 qram, 0,241 qram, 0,270 qram, 0,272 qram, 0,121 qram, ümumi təmiz çəkisi 16,352 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanında evin həyətində yerləşən şkafın içərisində saxlamış, 27 iyul 2022-ci il tarixdə saat 11 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı həmin evin həyətində yerləşən şkafın içərisindən 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 6,230 qram, 9,218 qram, 0,241 qram, 0,270 qram, 0,272 qram, 0,121 qram, külli miqdarda, yəni, ümumi təmiz çəkisi 16,352 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum apellyasiya şikayəti verərək işinə yenidən baxıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iki azyaşlı uşağı var, heç bir yerdə işləmir, anası ağır ürək xəstəsidir, atası 1992-ci ildə müəmmalı şəkildə itgin düşübdür. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum verilmiş apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, narkotik vasitəni satmaq məqsədi olmamışdır. Buna görə işinə düzgün baxılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi verilmiş apelyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və bildirdi ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə olan əməlinin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli tam sübuta yetirilmiş, onun əməlinin düzgün olaraq CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Eləcə də məhkuma cəza təyin edilərkən şəxsiyyəti, ailə vəziyyəti kifayət qədər nəzərə alınmışdır. Buna görə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair təqsirkarın və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin olunmamasına dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə daşıması sübuta yetirilmədiyindən, onun CM-in 234.4.3-cü maddəsi ilə olan əməlinin CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Göstərilən dəlillərə hüquqi münasibət bildirən məhkəmə kollegiyası dindirilmiş şahidlərin ifadələrini, özünün verdiyi qismən etirafedici ifadələri, cinayət işində olan materiallarını və işin faktiki hallarını əsas götürərək həmin dəlilləri ittihamı təkzib edən sübut növü kimi qəbul etmir və məhkumun cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi kimi qiymətləndirir. CM-in 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 234.1-1-ci maddəsinə görə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 234.2-ci maddəsinə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 234.4-cü maddəsinə görə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.2. təkrar törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə; 234.4.4. kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsdə aşkar olunub götürülmüş narkotik vasitələrin miqdarının külli miqdardan dəfələrlə artıqdı, həmin narkotik vasitələri qanunsuz olaraq əldə edib,pul qarşılığında daşıyıb saxlayıb, bu hal telefon danışıqları və sms bildirişləri ilə təsdiq edilir. Bundan başqa məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin,psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahid ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instasniya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Cinayət işinin materiallarından da görünür ki, məhkum eyni dəlilləri birinci instansiya məhkəməsində ifadə verən zaman da irəli sürmüş və onun irəli sürdüyü dəlillər müdafiəçisinin iştirakı ilə hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmışdır. Kollegiya qeyd edir ki, hökm cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən halların siyahısı, bu halların əlamətləri tam göstərilmişdir. Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən qanunla müəyyən edilmiş hallar nəzərdə tutulmuş, 59.2-ci maddəsində məhkəmənin ayrı-ayrı halları da cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasının mümkünlüyü təsbit edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların isə olmaması kimi qiymətləndirsə də ədalətli həddə cəza təyin etməmişdir. Apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, habelə anasının xəstəliyini, onun apellyasiya baxışı zamanı davranışını nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum tərəfindən apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 1(100)-114/2023 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 5 (beş) ilə endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-331/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-331/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver