Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-337/2023 04.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin «05» aprel 2023-cü il tarixli, 1(125)-79/2023 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin (hakim Orxan Cəfərli) «05» aprel 2023-cü il tarixli, 1(125)-79/2023 nömrəli hökmü ilə xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş və ya götürülməmiş, işsiz, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdən 07 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 04 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələrinin qoyulması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının onun yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılması, onun narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs istıntaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,204 qram təşkil edən narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 05 may 2022-ci il tarixdə saat 18 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən Gəncə şəhəri, Təbriz küçəsi, “ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Şöbəsinə gətirilərək üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd salfet kağız bükümdə olan 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0.204 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, apellyasiya protestində hökmün dəyişdirilməsi və Təqsirləndirilən şəxs daha ağır cəza növü azadlıqdan-məhrumetmə cəzasının təyin edilməsi xahiş edilmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə şəxsin əməlini etiraf etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir. İbtidai istintaq tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilsə də, məhkəmə hesab etmişdir ki, onun əməlində residiv mövcud deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş, xx.xx.2021-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” Qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs “8 noyabr Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilərək o, cəzadan azad edilmişdir. Amnistiya Qərarının 7-ci bəndinə əsasən Amnistiya Qərarı əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Təqsirləndirilən şəxs ödənilməmiş digər məhkumluğu olmadığından məhkəmə onun əməlində cinayətlərin residivini və ya məsuliyyəti ağırlaşdıran digər halları müəyyən etməmişdir. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də, onların qəbul edilməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin ağırlaşdıran hal olmaması qənaətinə gələrkən səhvə yol vermişdir. Belə ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 234.4.3, 93.1.2-ci maddələrinə əsasən 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilib azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” Qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs “8 noyabr Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilərək o, cəzadan azad edilmişdir. “8 noyabr Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzalardan azad edilsinlər. CM-nin 234.4.3-cü maddəsinin sanksiyasına əsasən həmin cinayətə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əvvəllər törətmiş olduğu cinayət ağır cinayət hesab olunur. Məhkəmə isə Amnistiya Qərarının 7-ci bəndinə əsasən Amnistiya Qərarı əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi barədə müddəanı əvvəllər ağır cinayət törətməyə görə məhkum edilmiş Təqsirləndirilən şəxs münasibətdə nəzərə almaqla qanun normasını düzgün tətbiq etməmişdir. Beləliklə də, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi kimi cəzasını ağırlaşdıran hal mövcuddur. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə isə hazırkı halda nəinki hüququn aliliyinin mövcudluğunu təmin etməmiş, əksinə cinayət qanununun normalarını düzgün tətbiq etməmişdir. Göstərilənlərə əsasən, Gəncə Şəhər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair 5 aprel 2023-cü il tarixli hökmü cinayət qanununun müddəalarına uyğun təklif etdiyi həddə daha ağır cəza növü təyin edilməklə dəyişdirilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini, hökmün dəyişdirilməsini və məhkuma cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya protestinə etiraz etdi, protestin dəlillərinin əsassız olduğunu, təmin edilməsi üçün əsasların olmadığını bildirdi və apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum apellyasiya protestinin dəlilləri ilə razı olmadığını, protestin dəlillərinin əsassız olduğunu bildirdi və protestin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq göstərdi ki, əməlindən peşman olmuşdur, gələcəkdə bir daha bu cür əməllərə yol verməyəcəkdir. Odur ki, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Göründüyü kimi dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə iş materiallarına əlavə edilmiş digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilir. Apellyasiya protestində də əməlin tövsifi və təqsirlilik məsələsi mübahisələndirilmir. Apellyasiya protestinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti. Apellyasiya protestinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya protestində məhkumun əməlinin cinayətlərin residivini yaratması, bu halın birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması və buna görə də məhkuma təyin edilmiş cəzanın yüngül olması mübahisələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 234.4.3, 93.1.2-ci maddələrinə əsasən 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilib azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” Qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs “8 noyabr Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilərək o, cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. “8 noyabr Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndindən görünür ki, Amnistiya Aktı əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Lakin Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu cinayət əməlindən görünür ki, o, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş və CM-in 15.4-cü maddəsinə əsasən onun törətmiş olduğu cinayət ağır cinayət hesab olunur. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin əməlinə görə Qanunla müəyyən olunmuş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, yenidən qəsdən az ağır cinayət əməli törətmişdir. Amnistiya qərarı ilə Təqsirləndirilən şəxs əvvəlki məhkumluğunun götürülməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı qeyd edilməsi zəruridir ki, həmin Qərarın 7-ci bəndi yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş şəxslərə münasibətdə tətbiq edilə bilər. Təqsirləndirilən şəxs isə əvvəllər ağır cinayət əməli törətdiyindən ona münasibətdə Amnistiya qərarının 7-ci bəndinin tələbləri tətbiq edilə bilməz və o, məhkumluğu Qanunla müəyyən olunmuş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən az ağır cinayət əməli törətmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cazanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya protesti əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olub törətdiyi cinayəti etiraf etməsini cəzasını yüngülləşdirən hal, əməlində cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi qəbul edir. CM-in 234.1-ci maddələrinin sanksiyasının yuxarı həddində üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan ona CM-in 234.1-ci maddəsinin sansksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası və ya sanksiyada nəzərdə tutulan daha ciddi cəza növünün, yəni azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Eyni zamanda yuxarıda sadalanan hallardan da göründüyü kimi məhkum Təqsirləndirilən şəxs barəsində CM-in 62 və ya 70-ci maddələrinin tətbiqi üçün Qanunda göstərilən hallar mövcud deyil. Həmin maddələrin tətbiqi üçün məhkəmə kollegiyası heç bir əsas tapa bilmir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi barədə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yarandığından, Qanunun tələbinə əsasən ona azadlıqdan məhrum etmə cəzası orta həddə təyin edilməlidir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. CM-in 56.1.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin maddəyə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə o, azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin «05» aprel 2023-cü il tarixli, 1(125)-79/2023 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalı, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin başlanğıcı 04 iyu 2023-cü il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsə alınmalıdır. Göstərilənlərə əsasən və CPM-in 397, 398, 399, 404, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin «05» aprel 2023-cü il tarixli, 1(125)-79/2023 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınsın. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, 04 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm və qərar icraya yönəldilənə kimi dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-337/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-337/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver