Məhkəmə qərarları › İş №1(104)-34/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-34/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-34/2023 17.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Goranboy Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(045)-21/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Goranboy Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(045)-21/2022 saylı hökmü ilə (sədrlik edən Tural Ələkbərov) xx xxxx 1982-ci il tarixdə Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 15 dekabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Zərərçəkmiş şəxs3 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin may ayında dəqiq məlum olmayan gündə dələduzluq edilməsi, Zərərçəkmiş şəxs8 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin may ayında dəqiq məlum olmayan gündə dələduzluq edilməsi, Zərərçəkmiş şəxs1 qarşı (X13 xəstəliklə əlaqədar təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq dələduzluq etməsi ilə bağlı) Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin sentyabr ayında dəqiq məlum olmayan gündə dələduzluq edilməsi, Zərərçəkmiş şəxs1 qarşı (Zərərçəkmiş şəxs1 xəstəliklə əlaqədar təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq dələduzluq etməsi ilə bağlı) Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin sentyabr ayında dəqiq məlum olmayan gündə dələduzluq edilməsi ilə bağlı epizodlar üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməsi, X5 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin oktyabr ayında dəqiq məlum olmayan gündə dələduzluq edilməsi ilə bağlı epizoddan “təkrarən” sözünün xaric edilməsi qərara alınmışdır. Goranboy Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(045)-21/2022 saylı hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda 2020-ci ilin may ayında dəqiq məlum olmayan gündə Goranboy rayonu Dəliməmmədli şəhər sakini Zərərçəkmiş şəxs3 xəstəliklə əlaqədar təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq sonuncunun Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində yerləşən poçt vasitəsi ilə onun adına göndərdiyi 2200 manat pulu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda təkrarən 2020-ci ilin may ayında dəqiq məlum olmayan gündə Goranboy rayonu Düzqışlaq kənd sakini Zərərçəkmiş şəxs8 onu və anası X1 xəstəliklə əlaqədar təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq 4000 manat pulu Zərərçəkmiş şəxs8 Goranboy rayonu Dəliməmmədli şəhərində yaşayan tanışı Şahid2 vasitəsi ilə alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda təkrarən 2020-ci ilin avqust ayında dəqiq məlum olmayan gündə Goranboy rayonu Şadılı kənd sakini X13 xəstəliklə əlaqədar təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq sonuncunun qaynatası Zərərçəkmiş şəxs1 Goranboy rayonu Şadılı kəndində 2000 manat pulu, bunun ardınca 2020-ci ilin sentyabr ayında dəqiq məlum olmayan gündə isə 1000 manat pulu Goranboy rayonu Şadılı kəndində ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 3000 manat pulu Zərərçəkmiş şəxs1 alıb ələ keçirməklə dələduzdluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda təkrarən 2020-ci ilin sentyabr ayında dəqiq məlum olmayan gündə Goranboy rayonu Şadılı kənd sakini Zərərçəkmiş şəxs1 xəstəliklə əlaqədar təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq sonuncudan Goranboy rayonu Şadılı kəndində 3000 manat pulu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda təkrarən 2020-ci ilin oktyabr ayında dəqiq məlum olmayan gündə Gəncə şəhər sakini X6 xəstəliklə əlaqədar təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq sonuncunun Gəncə şəhərindən poçt vasitəsi ilə göndərdiyi 1500 manat pulu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda təkrarən 2020-ci ilin oktyabr ayında dəqiq məlum olmayan gündə Goranboy rayonu Şadılı kənd sakini X9 xəstəliyi ilə əlaqədar dövlət tərəfindən verilən, lakin müddəti başa çatmış təqaüdünü bərpa etdirəcəyinə yalan vəd verib Sadiq Cabbarlının atası Zərərçəkmiş şəxs7 aldadaraq 1500 manat pulu Zərərçəkmiş şəxs7 Goranboy rayonu Şadılı kəndində yaşayan tanışı X8 vasitəsi ilə alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda təkrarən 2020-ci ilin dekabr ayında dəqiq məlum olmayan gündə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs6 xəstəliklə əlaqədar təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq sonuncudan ünvan 2 ünvanda 3000 manat pulu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda təkrarən 2020-ci ilin dekabr ayında dəqiq məlum olmayan gündə Şəmkir rayonu Mehirli kənd sakini Zərərçəkmiş şəxs2 əvvəlcədən mərhum bacısı X7 xəstəliklə əlaqədar təqaüdə çıxaracağı ilə bağlı aldığı 1500 manat pulun üzərinə 1000 manat pul əlavə edilməsi nəticəsində xəstəliyi ilə bağlı təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq sonuncudan Goranboy rayonu Şadılı kəndində 1000 manat pulu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda təkrarən 2021-ci ilin fevral ayında dəqiq məlum olmayan gündə Goranboy rayonu Tapqaraqoyunlu kənd sakini Zərərçəkmiş şəxs5 xəstəliklə əlaqədar dövlət tərəfindən verilən, lakin müddəti başa çatmış təqaüdünü bərpa etdirəcəyinə yalan vəd verib aldadaraq sonuncudan Goranboy rayonu Şadılı kəndində 2500 manat pulu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda təkrarən 2021-ci ilin fevral ayında dəqiq məlum olmayan gündə Goranboy rayonu Tapqaraqoyunlu kənd sakini Zərərçəkmiş şəxs9 xəstəliklə əlaqədar təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq sonuncudan Goranboy rayonu Şadılı kəndində 3000 manat pulu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda təkrarən 2021-ci ilin fevral ayında dəqiq məlum olmayan gündə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs4 onu və atası X2 xəstəliklə əlaqədar təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs4 Goranboy rayonu Şadılı kəndində 7000 manat pulu alıb ələ keçirməklə dələduzluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan hökm çıxarmışdır. Belə ki, ona qarşı irəli sürülən ittiham əsassızdır. Onun əməlində heç bir cinayət tərkibi yoxdur, ona istinad edilən cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Zərərçəkmiş şəxslərin heç birindən aldatma yolu ilə pul almamışdır. Zərərçəkmiş şəxslər onun bu sahə üzrə səlahiyyətli şəxs olmadığını bildikləri halda ona birbaşa və digər şəxslər vasitəsilə hansı məqsədlə pul göndərdiklərini bilirdilər, bu hal onların özlərinin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələrində öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin və şahidlərin verdikləri ifadələrlə ibtidai istintaq zamanı verdikləri ifadələr arasında olan ziddiyyətlər onu deməyə əsas verir ki, ifadələr şəxslərin sözlərindən deyil, istintaq orqanının mülahizəsinə uyğun təhrif edilmiş şəkildə hazırlanmışdır. Ona görə də işinə yenidən baxılaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxsin ittiham olunduğu əməl üzrə təqsirliliyinin sübuta yetirilmədiyini, işin obyektiv araşdırılmadığını, yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar əsasında qanunsuz və əsassız ittiham hökmünün çıxarıldığını qeyd edərək apellyasiya şikayətinin təmin edilməsini, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsə bəraət verilməsini, təqsirli bilindiyi halda ona təyin edilmiş cəza həddinin azaldılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edildiyini, məhkuma cəza təyin edilərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün qanunvericiliyin tələblərinə uyğun dəyişdirilməsini, CM-in 75-ci maddəsinin tələbi baxımından cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmiş epizodlar üzrə qanunamüvafiq qərar qəbul edilməsini, təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsə ittiham olunduğu maddələr üzrə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs istinad olunan 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərəçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi həmin hissədə əməlin tövsifində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirmişdir. Odur ki, apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxslərin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməsi xahişini onunla əsaslandırır ki, zərərçəkmiş şəxslərin heç birindən aldatma yolu ilə pul almış, onun əməlində heç bir cinayət tərkibi olmamış, ona istinad edilən cinayət əməllərini törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edərkən ona əsaslanır ki, işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə müəyyən vaxtlarda heç bir səlahiyyəti olmadığı halda təkrarən zərərçəkmiş şəxslərin pulunu ələ keçirməklə dələduzluq etmişdir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan, “İşin halları” bölməsində təsvir edilmiş işin faktiki hallarını şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunan faktiki halların Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə müqayisəsi isə onu göstərir ki, həmin cinayət-hüquqi norması təqsirkarın əməlinə düzgün şamil edilmişdir. Təqsirəndirilən şəxsin əməli, mötəbərliyi heç bir şübhə doğurmayan CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən onun əməlini düzgün qiymətləndirmişdir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyin, İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkəmə kollegiyası təqsirəndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin hissədə təmin edilərək məhkuma bəraət verilməsini mümkün hesab etmir. Təqsirləndirilən şəxs həmin cinayətləri törətməsi sübuta yetirildiyindən, əməllərdə cinayət tərkibi olmaması, onun təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar apellyasiya şikayətində göstərilən bu dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Zərərçəkmiş şəxs3 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin may ayında dəqiq məlum olmayan gündə dələduzluq edilməsi, Zərərçəkmiş şəxs8 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin may ayında dəqiq məlum olmayan gündə dələduzluq edilməsi, Zərərçəkmiş şəxs1 qarşı (X13 xəstəliklə əlaqədar təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq dələduzluq etməsi ilə bağlı) Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin sentyabr ayında dəqiq məlum olmayan gündə dələduzluq edilməsi, Zərərçəkmiş şəxs1 qarşı (Zərərçəkmiş şəxs1 xəstəliklə əlaqədar təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq dələduzluq etməsi ilə bağlı) Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin sentyabr ayında dəqiq məlum olmayan gündə dələduzluq edilməsi ilə bağlı epizodlar üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, həmin epizodlar üzrə özünü təqsirli bildiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, X5 qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməli 2020-ci ilin oktyabr ayında dəqiq məlum olmayan gündə törətmişdir və bu əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. Zərərçəkmiş şəxs7 qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməli 2020-ci ilin oktyabr ayında dəqiq məlum olmayan gündə törətmişdir və bu əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. Zərərçəkmiş şəxs6 qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməli 2020-ci ilin dekabr ayında dəqiq məlum olmayan gündə törətmişdir və bu əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. Zərərçəkmiş şəxs2 qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməli 2020-ci ilin dekabr ayında dəqiq məlum olmayan gündə törətmişdir və bu əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. Zərərçəkmiş şəxs5 qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməli 2021-ci ilin fevral ayında dəqiq məlum olmayan gündə törətmişdir və bu əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. Zərərçəkmiş şəxs9 qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməli 2021-ci ilin fevral ayında dəqiq məlum olmayan gündə törətmişdir və bu əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarında qeyd edilir ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrıayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Azərbaycan Respublikası CM-nın 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Qeyd edilən Məcəllənin 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanir. CM-nin 177-ci maddəsinin maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 178.2.2-ci maddəsinə münasibətdə X5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9 qarşı dələduzluq edilməsi epizodların hər biri ayrı-ayrılıqda qiymətləndirməklə müəyyən edilir ki, qeyd edilən epizodlar böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxildir və bu kateqoriyadan olan cinayətlər üzrə cinayət məsuliyyətə cəlb etmə müddəti cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək iki il müəyyən edilmiş, lakin, qeyd edilən cinayətlər üzrə hadisənin törədildiyi vaxtdan iki ildən artıq müddət keçmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Zərərçəkmiş şəxs4 qarşı dələduzluq edilməsi epizodu CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid olduğundan, həmin cinayətə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti yeddi il müəyyən edildiyindən qeyd edilən cinayətə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbyacan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin apelyasiya məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi üzrə X5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9 qarşı dələduzluq edilməsi epizodları ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsində göstərilən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən CPM-in 44.2.1-ci maddəsinə əsasən həmin maddələr üzrə ona cəza təyin edilməməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 44.2-ci maddəsinə görə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 43-cü maddəsində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası sadalanan hüquq normalarına, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Odur ki, məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, Təqsirləndirilən şəxs X5 qarşı 1500 manat, Zərərçəkmiş şəxs7 qarşı 1500 manat, Zərərçəkmiş şəxs6 qarşı 3000 manat, Zərərçəkmiş şəxs2 qarşı 1000 manat, Zərərçəkmiş şəxs5 qarşı 2500 manat, Zərərçəkmiş şəxs9 qarşı 3000 manat ziyan vurmaqla dələduzluq edilməsi epizodlarına münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və həmin epizodlar üzrə özünü təqsirli bilmədiyindən ona təqsirli bilindi CM-nın 178.2.2-ci maddəsinə əsasən cəza təyin edilməməklə ittiham hökmü çıxarılmalı, onun təqsirli bilindi Zərərçəkmiş şəxs4 onu və atası X2 xəstəliklə əlaqədar təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq sonuncudan Goranboy rayonu Şadılı kəndində 7000 manat pulu alıb ələ keçirməklə dələduzluq etməsi ilə bağlı epizoddan “təkrarən” sözü xaric edilməklə ona təqsirli bilindiyi CM-nin 178.2.4-cü maddəsi ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2 və 44.2.1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nın 178-ci maddəsinin 2-ci hissəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı qanunvericiliyin aşağıdakı normalarını nəzərə alır: Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 4-cü bəndinə görə Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa, cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır». Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); şərti məhkumetmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi) hüquq verir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göründüyü kimi, qanunvericilik özündə hər bir halda, o cümlədən yüngülləşdirici halların mövcudluğu halında mümkün qədər yüngül cəza təyin edilməli olmasını ehtiva edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM-in 9-cu maddəsi). Humanizm prinsipi cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının məhkəməyə təkrar müraciət hüququ adlanan 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu Konstitusiya maddəsi ilə uzlaşan Azərbaycan Respublikası CPMnin “məhkəməyə təkrar müraciət etmək hüququnun təmin edilməsi” adlanan 35.2.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüququna malikdir. Məhkum edilmiş şəxsin bu hüququnu həyata keçirərək cəzasının yüngülləşdirilməsi barədə etdiyi xahişinin təmin edilməsi heç də birinci instansiya məhkəməsində işə baxılmasından sonra məhkumun vəziyyətini yüngülləşdirən yeni halların ortaya çıxmalı olduğunu ehtiva etmir. Əksinə, işə birinci instansiya məhkəməsində baxılarkən ortada olmuş hallar əsasında apellyasiya qaydasında yüngülləşdirmənin mümkünlüyünü özündə ehtiva edir. İstinad olunanlara əsasən məhkəmə kollegiyası humanizm pinsipini rəhbər tutaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsində sadalanan yüngülləşdirici halların məcmusu, eləcə də ağırlaşdırıcı halların olmaması nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhruetmə cəzasının həddinin 2 ilə endirilməsi daha məqsədə müvafiq və ədalətlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.4-cü maddələrinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1 və 399.1.5-ci maddələrinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1 və 405.1.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Goranboy Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(045)-21/2022 saylı hökmü apellyasiya şikayətinə münasibətdə təqsirləndirilən şəxsə cəza təyin edilməsi hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs İslan qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinməklə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə üzrə ona cəza təyin olunmamalı, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cəza təyin edilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(045)-21/2022 saylı hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Azərbaycan Respublikası CPM-in 39.1.3 və 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən həmin maddə üzrə ona cəza təyin edilməsin. Hökmdən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cəza təyin olunmasına dair müddəalar çıxarılsın. Zərərçəkmiş şəxs4 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2021-ci ilin fevral ayında dəqiq məlum olmayan günündə 7000 (yeddi) min manat ziyan vurulmaqla dələduzluq edilməsi ilə bağlı epizoddan “təkrarən” sözü xaric edilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Goranboy Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(045)-21/2022 saylı hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar