Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-341/2024 02.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası-X3 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və X5 ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X9, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 128ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli 1(100)-23/2024 saylı hökmü ilə (hakimlər D.H.İmanov (sədrlik edən), R.N.Ələkbərli və E.İ.Rüstəmov) 25 avqust 1968-ci il tarixdə Bərdə rayonu, Leninabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Bərdə rayonu, Samux kəndində qeydiyyatda olmaqlayaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 120.2.4 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-in 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il 6 (altı) ay müddətə, CM-in 128-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 iyun 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. İşin halları İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, sağlamlığın qısa müddətə pozulmasına səbəbolmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş və şəxsi münasibətlər zəmnində xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs təxminən 2011-ci il tarixdən etibarən istifadə etdiyi və Bərdə rayonu, Samux kəndi ərazisində yerləşən 1.95 hektar ölçüdə əkin sahəsinin sərhədində olan Bərdə rayonu, Samux kənd bələdiyyəsinin torpaq fonduna aid olmaqla, xx.xx.2018-ci il tarixli icarə müqavilələri əsasında həmkəndlisi X1 etdiyi 3.15 ha və 2.65 ha ölçüdə olan torpaq sahələrinin sərhədlərinin mərzləşdirilməsi,həmin bələdiyyə əmlakına dair üstün alıcılıq hüququnun mübahisələndirilməsi gedişatında xx.xx.2022-ci il tarixdə, təxminən saat 11 radələrində Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 7 saylı Bərdə Ərazi idarəsinin əməkdaşı Şahid12 tərəfindən mübahisəli torpaq sahəsi ölçülərkən Çapay Sadıqlı ilə aralarında yaranan mübahisə zamanı sol əli ilə sonuncunun sağ qulaq nahiyyəsinin arxa hissəsindən bir dəfə yumruqla vuraraq beyin silkələnməsinə səbəb olan başın ənsə nahiyəsinin qançırı, sağ qulaq pərdəsinin travma yırtığı ilə müşayiət edilən, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gələn və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət yetirmişdir. Bundan sonra uzun müddət davam edən torpaq mübahisəsi zamanı Çapay Sadıqlı tərəfindən özünün və ailəsininnalayiq ifadələrə məruz qaldığından yaşadığı kənddə nüfuzdan düşməsini qəbul etməyərək sonuncunu qisas almaq niyyəti ilə öldürmək qərarına gəlmiş, 26 iyun 2022-ci il tarixdə, təxminən saat 16 radələrində Bərdə rayonu, Samux kəndi ərazisində yerləşən özünə məxsus əkin sahəsinin ayaq tərəfində mal-qarasını rahatlayarkən Çapay Sadıqlının istifadəsində olan “VAZ 2121” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin təxminən 500 metr irəlidə, həmin əkin sahəsinin baş hissəsində, Samux kəndi istiqamətində torpaq yolun sağ tərəfində dayandığını görüb Çapay Sadıqlının da orada olduğunu yəqin edərək, sonuncunu qəsdən öldürmək niyyətini daha da qətiləşdirib Çapay Sadıqlıya yaxınlaşaraq eyni niyyətlə əvvəlcədən əlində gətirdiyi özünə məxsus torpaqsahəsində istifadə etdiyi eni 5 sm, uzunluğu 55 sm ölçüdə olan kustar üsulla dəmir materialdan hazırlanmış tiyəsi və 1.40 sm uzunluğunda nisbi silindir formalı açıq bozumtul rəngli taxta materialdan hazırlanmış dəstəyi olan, tiyəsinin bir kənarı-ülgücü itilənmiş soyuq silah hesab edilməyən təsərrüfatməişət təyinatlı əmək aləti olan kərənti (dəryaz) ilə Çapay Sadıqlının baş nahiyəsinə bir neçə dəfə zərbə vurduqdan sonra kərəntinin sınmış tiyəsinin 38.5 sm uzunluğunda olan hissəsini sağ əlinə alaraq eyni niyyətlə sonuncuyaqarşı rəhmsizlik nümayiş etdirib, Çapay Sadıqlıya xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq, onun bədən səthinin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr yetirməklə, başın təpə nahiyəsinin 2 (iki) ədəd, ənsə nahiyəsinin 2 (iki) ədəd, döş qəfəsi nahiyəsinin daxilə keçməyən 1 ədəd, sol bud nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sol əlin İ-ci barmağının 1 (bir) ədəd, sol bazunun 1 (bir) ədəd, sol saidin 2 (iki) ədəd, sol said, dirsək və sol bazu nahiyələrini əhatə edən sahənin 1 (bir) ədəd, sol əlin ovuc səthində 1 (bir) ədəd sağ bazu nahiyəsində 1 (bir) ədəd, sağ dirsək nahiyəsində 1(bir) ədəd, sağ əlin İci barmağın 1 (bir) ədəd kəsilmiş yaraları ilə müşayiət edilən və canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olansağlamlığa yüngül zərərvurma əlamətlərinə aid edilən cəmi 15 ədəd, sol əlin İ-baş barmağının qəlpəli sınığı ilə müşayiət edilən və canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma əlamətlərinə aid edilən cəmi 1 ədəd, ürəyin, qara ciyərin və ağciyərin kəskin qanitirmə ilə nəticələnən yaralanması və Vİ-Vİİ-Vİİİ qabırğaların kəsilməsi ilə döş boşluğuna keçən 8 (səkkiz) ədəd və sağ qabırğaaltı nahiyədə 1 (bir) ədəd, sağ qasıq nahiyəsində 1 (bir) ədəd, göbək nahiyəsində 1 (bir) ədəd, qarın boşluğuna keçən deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən, dərəcəsinə görəbirlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan, ölümlə nəticələnən sağlamlığa ağır zərərvurma əlamətlərinə aid edilən cəmi 11 ədəd olmaqla, ümumilikdə 27 ədəd müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək X6 müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, şəxsi münasibətlər zəminində xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verərək, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-in 120.2.4 və 128-ci maddələrindən CM-in 120.1 və 128-ci maddələrinə tövsif edib ədalətli cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətində qeyd etmişdir ki, “Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə ona CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilərkən özünü təqsirli bilməyərək göstərmişdir ki, onun Çapay Sadıqlıya çoxlu zərbələr vurmasının səbəbi onun tez bir zamanda ölməsini istəməsi ilə əlaqədar olmuşdur. Bundan əlavə, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində həmkəndlisi Ç.Sadıqlının onun ünvanına "var-yox" söyüşü etməsinin səbəbini soruşmaq, Çapay ondan üzr istəyərsə onu vurmamaq, üzr istəməyib ona qarşı əvvəlki nalayiq hərəkətlərini davam etdirsə onu öldürmək, aralarında olan bu mübahisəyə bu yolla son qoymaq olmuşdur. O, həmin yerə yaxınlaşıb "latok"un kənarı, yolun sol tərəfi ilə Çapaya tərəf gəlmiş və ona "sən kimin var-yoxuna söyürdün" deyə soruşmuşdur. Çapay isə "yaxşı edirəm oğraş, sən məni öldürmək istəyirsən" deməsi onu özündən çıxarmış, buna gorə də o, əsəbinin, həyacanının qarşısını ala bilməmişdir. Çapayı öldürmək məqsədi ilə sağ əlində tutduğu kərəntinin tiyəsi ilə onun ayaq üstə vəziyyətində baş nahiyəsinə bir dəfə vurmuş, zərbədən kərəntinin tiyəsi qaynaq yerindən qırılmış, o bir andaca Çapayın həyatına son verməklə aralarında olan ədavəti onun ölümü ilə tamamlayıb bu işi bitirmək üçün kərəntinin sınmış uc hissəsini əlinə götürüb onun ürək nahiyyəsinə zərbə endirmiş, lakin Çapay əl-qolu ilə ona mane olub ona həmin nahiyədən istədiyi kimi zərbə endirməyə imkan verməmişdir. Eyni zamanda, kərəntinin arxa tərəfində sınan yeri onun əlini zədələdiyindən zərbəsi də istədiyi kimi alınmamış, Çapayın ürək nahiyyəsinə yerdə vurduğu birinci zərbə onun sinəsinin sümüyünə dəymişdir. Bundan sonra onun boğaz nahiyyəsinə zərbə endirmək istəsə də, Çapay əl qolu ilə maneçilik törətdiyindən həmin nahiyədə zərbə endirə bilməmiş, Çapay əlləri ilə sinə və boğaz nahiyyəsini qoruduğundan onun qarın nahiyəsindən xatırlamadığı sayda ardıcıl zərbələr endirmiş, həmin zərbələrdən sonra Çapay ona müqavimət göstərə bilməmiş, təxminən 50-60 saniyə ərzində Çapayı öldürmüşdür. Çapaya zərbələr endirərkən onu və ailəsini söyməsinə, onu kənddə hörmətdən salan hərəkətlərinə görə bir andaca onun həyatına son vermək niyyətində olmuş, Çapaya əzab-əziyyət vermək niyyəti olmamışdır. Hadisə zamanı ətrafda onları görə biləcək şəxs olmamışdır. Onun zərbəsindən sonra Çapay ona hər hansı bir söz deməmiş və sonra özü könüllü olaraq polis əməkdaşlarına könüllü təslim olmuşdur. Bundan başqa, əsas şahid kimi ifadəsi nəzərə alınmış C Məmmədovun adından yazılmış ifadədə hadisənin guya 10-15 dəqiqə davam etməsi heç bir mötəbər sübutla, o cümlədən onun özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə təkzib olunmuş, bu ibtidai istintaqı aparan müstəntiqin ona prosessual rəhbərliyi həyata keçirən prokurorun işin nəticəsi ilə maraqlı olmasına, Məmmədovun Ç.Sadıqlıya xüsusi əzab və işgəncə verməsinə dair ittihamın təsdiq edilməsinə yönəlmiş süni ittiham sübutlarının toplanmasına hesablanmışdır. Bundan əlavə, Şahid2 adından yazılmış həmin ifadədə, o göstərilmişdir ki, Xazər Çapayın baş nahiyəsində kərənti ilə vurduqdan sonra Çapay su arxı ilə "Niva" markalı avtomobilinin arasında yıxılıb qalmışdır, Çapay ancaq əllərini qabağa tutub Xazərə vurmamağı üçün yalvarmış, onu köməyə çağırmışdır. Ancaq o, öz canının dərdindən Çapaya kömək edə bilməmişdir, Çapayın yalvarış səsləri hələ də onun qulağından getməmişdir. Çapay ona- "gəl mənə kömək elə"- sözlərini çox desə də, o, Xazərin qorxusundan yaxın gedə bilməmişdir. Xazər Çapaya əlindəki kərənti ilə zərbələr vurarkən Çapayın əlində heç nə olmamışdır. Təxminən 10-15 dəqiqə müddətində Xazər Çapaya əlindəki kərəntinin tiyəsi ilə çoxlu zərbələr endirmişdir. Ancaq o, zərbələrin sayını dəqiq xatırlamamışdır. Xazər Çapayın başına kərənti ilə vurduqdan sonra Çapay yerə yıxılmış, Çapay yerdə olarkən Xazər onu vuran zaman Çapay "Appılış, gəl, maa kömək elə" demişdir. Eyni zamanda, ittiham aktına əsasən, Şahid2 ifadəsinin yerində yoxlanmasi zamani da guya o, ifadəsində göstərilənləri təsdiq etmişdir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, ittiham aktında Şahid2 adından yazılmış ifadələr həqiqəti əks etdirməsinə, onun ibtidai istintaq və məhkəmə istintaqı dövründə vermiş olduğu ifadələr ziddiyyətli olmuş, Şahid2 Təqsirləndirilən şəxsla üzləşməsi istintaq hərəkətinin, eyni zamanda, Şahid2 ifadəsinin yerində yoxlanması istintaq hərəkətinin gedişatını əks etdirən videogörüntülərə baxdıqda Şahid2 vermiş olduğu ifadələr arasında kəskin ziddiyyətlərin olması müəyyən edilmiş və Şahid2 anlaqlı vəziyyətdə olmaqla, dediklərinin mahiyyətini başa düşmək qabiliyyətinin olmaması barədə müdafiə tərəfində əsaslı şübhələr yaranmışdır. Belə ki, Şahid2 ifadəsinin yerində yoxlanması istintaq hərəkətinin gedişini özündə əks etdirən videogörüntülərə baxdıqda müəyyən edilmişdir ki, Şahid2 mustəntiq tərəfindən verilən sualları tam dərk etməmiş, hadisənin mahiyyətini qavramamış, o, müstəntiq tərəfindən, eyni zamanda, istintaq hərəkətində iştirak edən mütəxəssis tərəfindən yönləndirilmişdir”. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-in 120.2.4-cü maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edib ona ədalətli cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər, habelə CM-in 128-ci maddəsi ilə istinad olunan əməl üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bu hissədə cinayət məsuliyyətindən azad olunmasına və cinayət təqibinə xitam verilməsinə razı olduqlarını bildirdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı Qalib Rizvanov apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir. Həmçinin iş üzrə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə ona istinad olunan cinayəti törətməkdə təqsiri təsdiq edilmişdir. Həmçinin bildirdi ki, birinci instansiya məhkəməsinin məhkum edilmiş şəxsin barəsində olan yüngülləşdirici halları və ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq, ona CM-in 120.2.4-cü maddəsi ilə ədalətli cəza təyin etmiş, təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsas yoxdur. Bununla yanaşı qeyd etdi ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə istinad olunan əməl üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi nəzərə alınaraq, qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası da cinayət işinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, məhkum edilmiş şəxsin əməlinin CM-in 120.1 və 128-ci maddələrinə tövsif edilməsi və ona aşağı həddə cəza təyin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən məhkum edilmiş şəxsin özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə onun Azərbaycan Respublikası CM-in 120.2.4 və 128-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4 və 128-ci maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxmış birinci instansiya məhkəməsi Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, cinayət hadisəsi baş vermişdir, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 128-ci maddələrinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 120.2.4 və 128-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X7 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası xüsusilə vurğulamağı zəruri hesab edir ki, apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Təqsirləndirilən şəxs əməlində xüsusi amansızlıq mövcud deyildir. Bununla bağlı kollegiya qeyd edir ki, “Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında “AzərbaycanRespublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2002ci il tarixli qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adamöldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adamöldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqlaadamöldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adamöldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki o, Çapayı öldürmək məqsədilə kərəntini malqaranın otarıldığı yerdən götürərkən onun yanında heç kim olmamışdır. O, Çapay Sadıqlıya əlindəki kərəntinin tiyəsi ilə zərbələr endirdikdə Çapay qışqıraraq, “Qoymayın, bu məni öldürür”- demişdir. O, Çapaya əlindəki kərəntinin tiyəsi ilə zərbələr endirdikdə Çapayın səsinə Şahid2 gəlmiş, o, Cəmaləddinə “aralaş burdan” deyərək, Cəmaləddini qovmuşdur. O, Çapaya əlindəki kərəntinin tiyəsi ilə zərbələr endirdikdə Çapayın əlində hər hansı bir əşya, taxta parçası olmamışdır. Çapay ona heç müqavimət belə göstərə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs qeyd olunan ifadəni əvvəlki vəkilinin iştirakı ilə vermiş, lakin sonradan yeni vəkil işə daxil olduqdan sonra o ifadəsini dəyişərək qeyd etdiklərini danmışdır. Həmçinin, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi günü xatırlamır. Hadisə gününə kimi Xazər və Çapayın münasibətlərinin nə yerdə olmasından xəbəri olmamışdır. Hadisə günü o, heyvan otarmış, həmin vaxt Xazər əlində kərənti ilə onun yanından keçib getmiş, o isə heyvanların yanında olmuşdur. Onun qoyun otardığı yerlə Çapayın ara məsafələri təqribən 70 metr olmuşdur. O, Xazər və Çapayın aralarında olan münasibətləri bilməmiş və Xazərin Çapayı vurmasını təqribən 70 metrdən görmüşdür. O, Xazərin Çapayı kərənti ilə vurmasını görmüş və bundan sonra həmin ərazidən uzaqlaşmışdır. O, Xazərin Çapayı bir dəfə vurmasını gördükdən sonra həmin ərazidən çıxıb getmişdir. Xazər Çapayı hansı vəziyyətdə vurmasını görməmişdir. Xazərin Çapayın baş nahiyyəsindən vurmasını görmüşdür. O, hadisə baş verən ərazidə olmamışdır. Müstəntiqin yazdığı ifadənin məzmunu ona aydın olmamışdır. İbtidai istintaq zamanı videoçəkliş zamanı olan təfərrüatlar yadında qalmamışdır. Onun görmə qabiliyyəti normaldır. Xazərin Çapaya neçə dəfə zərbə vurmasını görməmişdir. O, Xazərə yaxınlaşmamış və həmin ərazidən uzaqlaşmışdır. Xazər ona “gəlmə səni də öldürərəm” demişdir. Çapayın öldürməsindən xəbəri olmamışdır. O, Çapaydan hər hansı bir səs eşitməmişdir. O, şəxsiyyət vəsiqəsini nə vaxt almasını bilmir. Lakin Şahid2 hadisədən qısa müddət keçdikdən sonra ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, «onu kənd arasında Appılış adı ilə çağırırlar. 26 iyun 2022-ci il tarixdə, saat 16 radələrində Bərdə rayonu, Samux kəndində pay torpaqları yerləşən ərazidə Bərdə rayonu, Samux kənd sakini Çapay Sadıqovun torpağında sonuncunun qoyunlarını otaran zaman Çapay əkin sahələrinin arası ilə gedən torpaq yolun sol tərəfində, “su latoku” adlandırılan su arxının pilitəsinin üzərində, özünə məxsus ağ rəngli “Niva” markalı avtomobilinin yanında, arxası həmkəndlisi Təqsirləndirilən şəxs pay torpağına, üzü isə torpaq yolun sağ tərəfində yerləşən əkin sahəsinə tərəf oturmuşdur. Həmin gün saat 16 radələrində o, Çapayın olduğu yerdən təxminən 100 metr aralı məsfədə qoyunları otararkən, Təqsirləndirilən şəxs da öz pay torpağının baş tərəfində iri buynuzlu mal-qarasını örüşləmişdir. Birdən o, pay torpağı sahəsindən Samux kənd sakini Təqsirləndirilən şəxs əlində kərənti ilə öz pay torpaq sahəsinin baş tərəfindən həmin torpaq sahəsinin içərisi ilə Çapayın oturduğu yerə, yəni öz torpaq sahəsinin ayaq hissəsinə gəldiyini görmüşdür. Xazər Çapay istiqamətində Çapaya: “sən mənim arvadımı söymüsən”- deyərək gəlmişdir. Çapay bu zaman oturaqlı vəziyyətdə olmuşdur. Çapay oturaqlı vəziyyətdə olarkən Xazər Çapayın başından kərəntinin tiyəsi ilə bir dəfə zərbə vurmuş, ardınca yenidən ikinci dəfə Çapayın başından kərəntinin tiyəsi ilə zərbə vurmuşdur. Bu zaman Çapay Xazərə qışqıraraq, yalvaraq, “bəsdi, daha vurma, bəsdi, qurban olum, burax” demişdir. Çapay qışqıraq, ona: “Appılış, gəl, mənə kömək elə”demişdir. O bu zaman Xazərə tərəf gedərək onun əlində olan kərəntini almaq istəmişdir. X8qları yerə çatmasına təxminən 6-7 metr qalmış Xazər kərəntini başının üzərinə qaldırıb ona tərəf tutaraq: “yaxın gəlmə, sənin başını üzərəm”- sözlərini demişdir. O, qorxduğundan arxaya tərəf qaçmışdır. Xazər kərəntinin tiyəsi ilə üçüncü dəfə Çapayın başından vurduqda kərəntinin taxtası qırılmışdır. Xazər kərənti qırıldıqdan sonra kərəntinin üzərində tiyəsi olan taxta hissəsindən tutaraq Çapayın qarın hissəsinə ard-arda dayanmadan zərbələr vurmuşdur. Xazərin gözü dönmüşdür. Həmin vaxt da Çapay Xazərə yalvararaq vurmağı dayandırmasının istəmişdir. Xazər Çapayın qarın nahiyəsinə zərbələr vurduqdan sonra Çapayın səsi kəsilmişdir. Çapay qan içində olmuş və özünə məxsus avtomobili ilə su arxının arasında yıxılıb qalmışdır. Bu zaman o, baş verənləri bir qədər uzaqdan durub müşahidə etmişdir. Çapayın səsi kəsildikdən sonra Xazər qışqıraraq “öldü”- demişdir. Bundan sonra Xazər ona tərəf baxaraq “get, indi də Çapayın qoyunlarını yeyərsən” demişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Şahid2 ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələr arasında ziddiyyətlər olsa da, iş materiallarına əlavə olunmuş 07 iyul 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Şahid2 xx.xx.2022-ci il tarixdə, təxminən saat 16 radələrində əkin sahəsinə Çapay Sadıqlının qoyunlarını otaran zaman kəndlisi Təqsirləndirilən şəxs əlində kərənti (dəryaz) ilə gəlib ondan Çapayın yerini souşduğunu, Xazərin Çapaya yaxınlaşaraq əlindəki kərənti ilə Çapaya çoxlu sayda zərbələr endirdiyini, Çapay kömək üçün onu çağırsa da Xazərdən qorxduğu üçün köməklik göstərə bilmədiyini bildirərək,cinayət hadisəsinin yeri və şəraitini göstərərək cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 07 iyul 2022-ci iltarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun şahid qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Bundan əlavə, iş materiallarına əlavə olunmuş “üzləşdirmə haqqında” protokoldan görünür ki, aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə: “Çapayı əlindəki kərənti iləgəlib sən öldürdün. Sən əlindəki kərənti ilə Çapayı öldürərkən Çapay məni köməyə çağırdı, ancaq sən Çapaya kömək etməyimə imkan vermədin, məni qovdun ” sözlərini demişdir. Həmçinin iş materiallarına əlavə olunmuş 26 iyun 2022-ci il tarixli, 15 saylı məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, X2 meyitinin bədənində aşağıdakı xəsarətlərürəyin, qara ciyərin və ağciyərin yaralanması və Vİ-Vİİ-Vİİİ qabırğaların kəsilməsi ilə döş boşluğuna keçən 8 (səkkiz) ədəd, döş qəfəsi nahiyəsində döş boşluğuna keçməyən 1 (bir) ədəd və sağ qabırğaaltı nahiyədə 1 (bir) ədəd, sağ qasıq nahiyəsində 1 (bir) ədəd, göbək nahiyəsində 1 (bir) ədəd, qarın boşluğuna keçən deşilmiş-kəsilmiş yaralar, sol bud nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, başın təpə nahiyəsinin 2 (iki) ədəd,ənsə nahiyəsinin 2 (iki) ədəd kəsilmiş-çapılmış yaraları, sol əlin İ-ci barmağının 1 (bir)ədəd, sol bazunun 1 (bir) ədəd, sol saidin 2 (iki) ədəd, sol said, dirsək və sol bazu nahiyələrini əhatə edən sahənin 1 (bir) ədəd, sol əlin ovuc səthində 1 (bir) ədəd sağ bazu nahiyəsində 1 (bir) ədəd, sağ dirsək nahiyəsində 1 (bir) ədəd, sağ əlin İ-ci barmağın 1 (ədəd) kəsilmiş yaraları, sol əlin İ barmağının qəlpəli sınığı vardır. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişlər, qeyd olunan xəsarətlərdən sol əlin İ-baş barmağının qəlpəli sınığı küt əşyanın təsirindən törənmişdir, qalan digər deşilmiş-kəsilmiş, kəsilmiş-çapılmış və kəsilmiş yaralar kəsici kənara və iti uca malik alətin (alətlərin) təsirindən törənmişlər, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə kərəntinin tiyəsi ilə törənə bilərlər, dərəcələrinə görə a) sol əlin İ-baş barmağının qəlpəli sınığı canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa azağır zərər vurmaya aiddir. b) ürəyin, qara ciyərin və ağciyərin yaralanması və Vİ-Yİİ-Vİİİ qabırğaların kəsilməsi ilə döş boşluğuna keçən 8 (səkkiz) ədəd və sağ qabırğaaltı nahiyədə 1 (bir) ədəd, sağ qasıq nahiyəsində 1 (bir) ədəd, göbək nahiyəsində 1 (bir) ədəd, qarın boşluğuna keçən deşilmiş-kəsilmiş yaraları birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. c) başın təpə nahiyəsinin 2 (iki)ədəd, ənsə nahiyəsinin 2 (iki) ədəd, döş qəfəsi nahiyəsinin daxilə keçməyən 1 ədəd, sol bud nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sol əlin İ-ci barmağının 1 (bir) ədəd, sol bazunun 1 (bir) ədəd, sol saidin 2 (iki) ədəd, sol said, dirsək və sol bazu nahiyələrini əhatə edən sahənin 1 (bir) ədəd, sol əlin ovuc səthində 1 (bir) ədəd sağ bazu nahiyəsində 1 (bir) ədəd, sağ dirsək nahiyəsində 1 (bir) ədəd, sağ əlin İ-ci barmağın 1 (bir) ədəd kəsilmiş yaraları canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X2 ölümünə səbəb döş və qarin nahiyəsinin döş və qaın boşluğuna keçən deşilmiş-kəsilmiş yaralanmaları ilə əlaqədar ürəyin, qara ciyərin, ağ ciyərin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Qeyd olunanlardan göründüyü kimi, hadisə zamanı Təqsirləndirilən şəxs əməlində xüsusi amansızlıq aşkar şəkildə mövcud olmuşdur. Cəza məsələsinə gəldikdə isə, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən CM-in 120.2.4-cü maddəsi ilə təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CMin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun könüllü olaraq istintaq orqanına gedib törətdiyi cinayət əməlini etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi sanksiyasında nəzərdə tutulan ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını məqsədəuyğun hesab etməmiş, həmin maddədə nəzərdə tutulan 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzasının orta həddində (17 il 6 ay) cəza təyin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyinetmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq, qanuni və ədalətli nəticə çıxarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. Bununla belə, kollegiya Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə cəza təyin edilməsi ilə bağlı qeyd edir ki, CM-nin 15-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin böyük ictimasi təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması nəzərə alınmaqla, belə nəticəyə gəlmək olar ki, həmin əmələ münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi bir ildir. CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti (iki il) keçdiyinə görə ona cəza təyin edilməməlidir. Azərnaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, müdafiəçinin apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 128ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli 1(100)-23/2024 saylı hökmü Təqsirləndirilən şəxs cəza təyin edilməsinə aid hissədə dəyişdirilsin. CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin və bu hissədə cinayət təqibinə xitam verilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli 1(100)-23/2024 saylı hökmündən Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə cəza təyin edilməsinə və CM-in 66.3-cü maddəsinin tətbiqinə dair müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs üzərində Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2024cü il tarixli 1(100)-23/2024 saylı hökmünə əsasən CM-in 120.2.4-cü maddəsi ilə təyin edilmiş 17 (on yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli 1(100)-23/2024 saylı hökmü qalan hissələrdə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-341/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-341/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver