Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-342/2023 21.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 1(100)-144/2023 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 1(100)-144/2023 saylı hökmü ilə (sədrlik edən F.N.Mahmudov, hakimlər D.H.İmanov və E.İ.Rüstəmov) xx xxxxxx 1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinin tələblərinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, çəzaçəkməninbaşlanğıcının 23 iyul 2022-ci il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin edilməsi, onun yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 1(100)-144/2023 saylı hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, işinə yenidən baxılaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən vahid niyyətlə satış məqsədi ilə tərkibinə görə eyni olan külli miqdarda, yəni ümumi təmiz çəkisi 6.28 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldəedib 28 iyun 2022-ci il tarixdə həmin narkotik vasitə heroindən 0.206 qramını üzərində saxlamaqla daşımış, 28 iyun 2022-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən 32 saylı tam orta məktəbin yaxınlığında saxlanılıb Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmiş və şəxsi axtarış zamanı əyinində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,206 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra o, həmin narkotik vasitə heroinin qalan 6.074 qramını qanunsuz olaraq üzərində saxlamaqla daşımış, 23 iyul 2022-ci il tarixdə saat 11:00 radələrində BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində,ünvan 2 ünvanının yaxınlığında saxlanılmış və BNMİ-nin QBRŞ-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zamanı əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,801 qram, 1,390 qram, 1,010 qram, 1.116 qram, 0,942 qram, 0,815 qram olan ümumi təmiz çəkisi 6,074 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan hökm çıxarmışdır. Belə ki, ona qarşı irəli sürülən ittiham əsassızdır. Onun əməlində heç bir cinayət tərkibi yoxdur, ona istinad edilən cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Polis əməkdaşları onun üzərini axtaran zaman heç bir şey çıxmamışdır, ona narkotik vasitə istifadəçisi olduğunu deyərək üzərinə az miqdarda narkotik vasitə qoyulacığını dedikdən sonra qorxub razılaşmışdır. Üzərindən çıxan narkotik vasitə ona məxsus olmamışdır. Bu hallara birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxsin ittiham olunduğu əməl üzrə təqsirliliyinin sübuta yetirilmədiyini, işin obyektiv araşdırılmadığını, yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar əsasında qanunsuz və əsassız ittiham hökmünün çıxarıldığını qeyd edərək apellyasiya şikayətinin təmin edilməsini, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsə bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edilərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə alındığını, ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs istinad olunan 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi həmin hissədə əməlin tövsifində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməsi xahişini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs heç bir cinayət əməli törətməmişdir, üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus deyil, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur, müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə tərəfindən rədd edilmiş və buna dair məhkəmə tərəfindən heç bir əsas göstərilməmişdir. Məhkəmə tərəfindən hökmdə olan ifadələr doğru qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərkən ona əsaslanır ki, işin hallarından göründüyü kimi ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında yerdən bir ədəd gümüşü rəngli kağıza bükülmüş kütlə aşkar etmişdir. Həmin kütləni götürüb içərisinə baxarkən onun narkotik vasitə heroin olduğunu aşkar eləmişdir. Həmin kütləni yerdən götürüb üzərində gəzdirmişdir. Həmin narkotik vasitəni istifadə etməmişdir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri 32 saylı tam orta məktəbin yaxınlığında olarkən mülki geyimdə 2 nəfər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini polis əməkdaşı kimi təqdim etmişdirlər. Sonra polis əməkdaşları onu Gəncə şəhər BPİ-nə dəvət etmiş, oda heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onu xidməti avtomobilləri ilə Gəncə şəhər BPİnin inzibati binasına gətirmişdirlər. İdarənin xidməti iş otağında hüquqlarımın müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilərmiş, əgər seçməkdə tərəddüd edirsə bu günki növbətçi vəkilin yardımından istifadə edə bilərmiş. Ona təqdim olunmuş vəkillərin siyahısından X2 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirtmişdirlər. Şəxsi axtarış zamanı ona təklif etdilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, dövriyyəsi qanunla qadağan olunmuş narkotik vasitə varsa təqdim etsin. O, da polis əməkdaşlarına üzərində olan 1 ədəd gümüşü rəngli kağıza bükülmüş kütləni təqdim etmişdir. Sonra kütləyə baxış keçirilmiş, onu elektron tərəzidə çəkmiş, ümumi çəkisinin 0,34 qram olması müəyyən edilmişdir. 23 iyul 2022-ci il tarixdə saat təxminən 11:00 radələrində ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşı olduqlarını bildirmişdirlər. Onun üzərində qanunsuz olaraq narkotik vasıtə saxlamağında şübhəli olduğunu bildirmişdirlər. Barəsində əməliyyat axtarış tədbırlərinin keçirilməsi haqqında qərarla tanış etdilmiş sonra onu BNMİnin QBRŞ-nə dəvət etmişdirlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və onu hüquq və vəzifələrim izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bundan sonra o əynində olan şalvarının sol yan cibindən 6 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də üzərindən qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Bundan sonra həmin sellofan bükümlərə baxış keçirilmişdir. Baxış zamanı bükümlərin içərisindən qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqdim etdiyi bükümlər elektron tərəzi ilə çəkilməklə - 7.37 qram olması müəyyən edildikdən sonra içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Sorğu zamanı o, uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olduğunu, təqdim etdiyi narkotık vasitə heroini təxminən 1 həftə bundan öncə Bərdə rayonu ərazisində Faiq adlı şəxsdən öz istifadəsi üçün 120 manata əldə etdiyini bildirmişdir. Ona polis idarəsində olan zaman heç bir zor tətbiq edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı görüntüləri özündə əks etdirən DVD diskə baxış zamanı, həmçinin Təqsirləndirilən şəxs məxsus mobil nömrələrə baxış zamanı ona məxsus mobil nömrələrlə müxtəlif şəxslər arasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid məzmunda müxtəlif SMS mətnlərin mövcud olması müəyyən edilir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan, “İşin halları” bölməsində təsvir edilmiş faktiki halların şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunan faktiki halların Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə müqayisəsi isə onu göstərir ki, həmin cinayət-hüquqi norması təqsirkarın əməlinə düzgün şamil edilmişdir. Təqsirəndirilən şəxsin əməli, mötəbərliyi heç bir şübhə doğurmayan CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən onun əməlini düzgün qiymətləndirmişdir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyin, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkəmə kollegiyası təqsirəndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilərək məhkuma bəraət verilməsini mümkün hesab etmir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar apellyasiya şikayətində göstərilən bu dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 41.2, 58.3, 59-cu maddələrini rəhbər tutaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, həmçinin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış, ona CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş cəza təyininin ümumi əsaslarını nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasını təyin etmiş və hazırki halda məhkuma təyin olunmuş həmin cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirici və ağırlaşdırıcı halları, apellyasiya instansiyasında tədqiq edilən halları təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 1(100)-144/2023 saylı hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 1(100)-144/2023 saylı hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-342/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-342/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver