Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-342/2024 18.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və X1 ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 may 2024-cü il tarixli 1(100)-256/2024 nömrəli hökmündən Zərərçəkmiş şəxs, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 may 2024-cü il tarixli 1(100)-256/2024 nömrəli (hakimlər R.N.Ələkbərli (sədrlik edən), M.M.Məmmədzadə və A.E.Məmmədov) hökmü ilə xx xxxxxxx 1990-cı ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Goranboy rayonu, Əhmədabad kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o məhkəmə iclas zalında həbs edilmiş, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 14 may 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Hökmə əsasən Təqsirləndirilən şəxs qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər yetirmişdir. Belə ki, o, 04 mart 2023-cü il tarixdə həmkəndliləri Şahid1, Şahid2, Zərərçəkmiş şəxs və sonuncunun ögey qardaşı Şahid3 ilə birlikdə iştirak etdiyi Goranboy rayonunun Dəliməmmədli şəhərində yerləşən “Tac” şadlıq sarayında keçirilən toy məclisindən çıxıb taksi ilə yaşadıqları Goranboy rayonu, Əhmədabad kəndinə gəlib həmin gün saat 22 radələrində kəndə çatdıqdan sonra taksidən düşərək kəndarası torpaq yolla evlərinə doğru piyada hərəkətdə olarkən toy məclisində qəbul etdiyi spirtli içkinin təsiri altında alkoqol sərxoşluğu vəziyyətində ucadan ünvansız nalayiq ifadələr işlədərkən, Zərərçəkmiş şəxs həmin nalayiq ifadələri öz ünvanına aid olmasını zənn etməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunun onu itələyib yerə yıxması və Şahid3 onu təpiklə vurmasından sonra Şahid1 və Şahid2 tərəfindən aralaşdırılmalarına və Zərərçəkmiş şəxs ondan 2-3 metr kənarlaşmasına baxmayaraq, qisas almaq məqsədilə yerdən götürdüyü iri daş parçasını ataraq Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən vurub sonuncuya baş beyinin yüngül dərəcəli əzilməsi, sol gicgah nahiyəsinin epidural qansızması, baş-beyin kürələrarası lövhələrinin hematoması, alın sümüyünün solda kəllə əsasına və orbitin yuxarı damına keçən az yerdəyişən sınıqları, üzün və sol göz almasının yumşaq toxumalarının əzilməsi kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya xarakterik xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək hökmün yenidən apellyasiya qaydasında baxılaraq məhkuma daha ağır cəza verilməsini xahiş etmişdir. Bundan başqa hökmdən müdafiəçi apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-nin 126.1-ci maddəsindən CM-nin 130.1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməsini, bu mümkün olmadıqda Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini və ya barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə CM-nin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini xahiş etmişdir. Eləcədə hökmdən məhkum apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, işinə yenidən baxılaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs əməli CM-nin 126.1-ci maddəsindən CM-nin 130.1-ci maddəsinə yəni zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə görə zəruri müdafiə (zəruri müdafiə vəziyyətində olma) CM-nin 36-cı maddəsində «özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət» kimi təsbit edilmişdir. CM-nin 36.1-ci maddəsinə görə zəruri müdafiə həddini aşmaq hesab edilir. Göründüyü kimi, cinayət qanunu şəxsin özünü və ya başqa şəxsləri, dövlətin və cəmiyyətin mənafelərini ictimai-təhlükəli qəsdlərdən qorumaq (müdafiə etmək) hüququnu tanıyır. Müdafiənin zəruriliyini də qanun məhz onda görür ki, bu cür müdafiə şəxsin özünün və ya başqasının həyatını, sağlamlığını, hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini təhlükə altına alan ictimai təhlükəli qəsdlə şərtləndirilmiş olur. Müdafiə olunmaq hüququ dedikdə isə, şəxsin qəsddən yayınması, məsələn zorakılıq edən şəxsdən qaçıb-qurtarması deyil, qəsd edənə zərər vurmaq yolu, yəni ona yönəlmiş aktiv hərəkətlərlə qarşılıq verməsi (qəsdi dəf etməsi) ehtiva olunur. Belə nəticə həm zəruri müdafiə anlayışına CM-nin 36.1-ci maddəsində verilən tərifdən bilavasitə irəli gəlir, həm də zəruri müdafiənin məhz hüquq olaraq nəzərdə tutulmasından (ictimai təhlükəli qəsddən yayınmaq imkanlarının mövcudluğundan asılı olmayaraq yaranmasından, hüquqdan istifadə etmək və yaxud istifadə etməmək kimi məsələnin həllinin isə müstəsna olaraq həmin hüququn mənsub olduğu şəxsin iradəsindən asılı olmasından) törəyir. Odur ki, şəxsin ictimai-təhlükəli qəsddən qəsd edənə zərər vurmaq yolu ilə deyil, başqa üsullarla qurtarmaq imkanının olub-olmaması müdafiənin zəruri və yaxud zəruri olmayan (qəsd edənə zərər vurmanın yolverilən və yaxud yolverilməyən) kimi qiymətləndirilməsində cinayət-hüquqi məna kəsb etmir və belə imkanların olması əsasına görə ictimai-təhlükəli qəsdə məruz qalmış şəxsin vəziyyətinin zəruri müdafiə kimi qəbul edilməməsi CM-nin 36-cı maddəsinin ziddinə olaraq şəxsin zəruri müdafiəyəyə (ictimai təhlükəli qəsddən qorumağa) olan hüququnun inkar edilməsi kimi özünü göstərir. CMnin 36-cı maddəsi ictimai-təhlükəli qəsdə məruz qalmış şəxsin bu qəsddən qorunmaq hüququna malik olmasını, yəni qəsdin mövcudluğu ilə şərtləndirilən zəruri müdafiə vəziyyətində olduğunu təsbit etdiyi halda, ibtidai istintaq orqanının sübutlara müvafiq surətdə müəyyən edilmiş saydıqların halların ziddinə olaraq Təqsirləndirilən şəxs zəruri müdafiə vəziyyətində olan şəxs kimi qəbul etməməsi və bu səbəbdən də Təqsirləndirilən şəxs zəruri müdafiə həddindən hərəkət edib-etməməsini lazımınca araşdırmayıb onu CM-nin 126.1-ci maddəsi ilə ittiham etməsi işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına, cinayət qanunu normalarının düzgün təfsir edilməsinə əsaslanan mövqe və bunun nəticəsi olaraq işin faktiki halları ilə uzlaşan qənaət, yəni əmələ cinayət qanunu normasının düzgün tətbiq edilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum zərərçəkmiş şəxsin verdiyi apellyasiya şikayətinə etiraz etdi, özünün və müdafiəçisinin apellyasiya şikayətlərini müdafiə etdi və bildirdi ki, hadisə zamanı hava qaranlıq olduğundan daşın kimə dəydiyini görməmiş, istintaq zamanı uydurma şahidlərin yalan ifadələri ilə onun əməli qəsdən sağlamlığa ağır zərər vurma kimi göstərilmişdir. Odur ki, zərərçəkmişin apellyasiya şikayətinin təmin edilməməsini onların apellyasiya şikayətlərinin təmin edilərək əməlinin düzgün tövsif olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi zərərçəkmiş şəxsin verdiyi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, onların apellyasiya şikayətlərini müdafiə etdi, apellyasiya şikayətlərinin təmin edilərək Təqsirləndirilən şəxs əməlinin CM-nin 130.1-ci maddəsinə tövsif edilərək ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs müdafiə tərəfinin apellyasiya şikayətlərinə etiraz etdi və təmin edilməməsini, özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, hökmün dəyişdirilərək, Təqsirləndirilən şəxs ağır cəza təyin olunması barədə qərar qəbul edulməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz etdi və şikayətlərin dəlillərinin əsassız olduğunu bildirərək əməlin hüquqi tövsifi, həmçinin təyin edilmiş cəza dəyişdirilməməlidir. Məhkumun əməli ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşür. Birinci instansiya məhkəməsi cəza təyin edərkən də məhkumun şəxsiyyətini, ailə vəziyyətini kifayət qədər nəzərə almış, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin etmişdir. Ona görə də apellyasiya şikayətlərinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Müdafiə tərəfinin apellyasiya şikayətlərində məhkumun əməlinin düzgün tövsif olunmaması qeyd edilərək Təqsirləndirilən şəxs əməlinin 130.1-ci maddəsinə tövsif olunması xahiş edilmişdir. Məhkəmə kollegiyası məhkumun əməlinin CM-in 130.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: 23 sentyabr 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üzləşən zaman onlar Təqsirləndirilən şəxs daşla qəsdən Zərərçəkmiş şəxs vurmasını hər ikisi təsdiq edərək bir-birinin üzünə qarşı demişlər; 24 sentyabr 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, Şahid2 və Zərərçəkmiş şəxs üzləşən zaman onlar Təqsirləndirilən şəxs daşla qəsdən Zərərçəkmiş şəxs vurmasını hər ikisi təsdiq edərək bir-birinin üzünə qarşı demişlər; 24 sentyabr 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, Şahid1 və Zərərçəkmiş şəxs üzləşən zaman onlar Təqsirləndirilən şəxs daşla qəsdən Zərərçəkmiş şəxs vurmasını hər ikisi təsdiq edərək bir-birinin üzünə qarşı demişlər; 22 sentyabr 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, şahidlər Şahid2 və Şahid3 üzləşən zaman onlar Təqsirləndirilən şəxs daşla qəsdən Zərərçəkmiş şəxs vurmasını hər ikisi təsdiq edərək bir-birinin üzünə qarşı demişlər; 25 sentyabr 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, şahidlər Şahid1 və Şahid3 üzləşən zaman onlar Təqsirləndirilən şəxs daşla qəsdən Zərərçəkmiş şəxs vurmasını hər ikisi təsdiq edərək bir-birinin üzünə qarşı demişlər 22 sentyabr 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, Şahid3 və Təqsirləndirilən şəxs üzləşən Şahid3 Təqsirləndirilən şəxs daşla qəsdən Zərərçəkmiş şəxs vurmasını təqsirləndirilən şəxsin üzünə qarşı demişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X2 X4 Mingəçevir şəhər şöbəsinin məhkəmə-tibb ekspertizasının 11 aprel 2023-cü il tarixli, 214 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar olunan xəsarətlər- baş beyinin yüngül dərəcəli əzilməsi, sol gicgah nahiyəsinin epidural qansızması, baş-beyin kürələrarası lövhələrinin hematoması, alın sümüyünün solda kəllə əsasına və orbitin yuxarı damına keçən az yerdəyişən sınıqları, üzün və sol göz almasının yumşaq toxumalarının əzilməsi qərarda göstərilən müddətdə və səraitdə, yəni xx.xx.2023-cü il tarixdə hər hansı bir bərk küt alətlə, o cümlədən daş parçası ilə zərbə nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcəsinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir, Zərərçəkmiş şəxs bədənində olan xəsarətləri özü-özünə yetirməsi az inandırıcıdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X2 X4 Goranboy şöbəsinin məhkəmə-tibb ekspertizasının 15 mart 2023-cü il tarixli, 131a nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən bədəni üzərində müəyyən edilmiş xəsarət(lər)- qarının ön divarının sol yan səthinin və sol bazunun hematomaları küt əşyanın, o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən təpiklə vurulma zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Göründüyü kimi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini qismən etiraf etsə də, onun əməli cinayət işində olan sübutlarla tam təsdiq edilmişdir. Məhkumun ifadələri birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materiallar və işin faktiki halları ilə tam təkzib olunur. Beləliklə, müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 130.1-ci maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Apellyasiya şikayətlərində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və məhkumun əməlinin tövsif edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. İş materialları ilə sübut edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zaur Əliyevin həyatı üçün təhlükəli olan sağlamlığına ağır xəsarət yetirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan cinayət əməlinin hazırki iş üzrə təqsirləndirilən şəxs tərəfindən törədilməsi ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilir və birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə əməli düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, təqsirləndirilən şəxsin təqsiri müəyyənləşdirilərkən sübutların CM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Belə olan halda məhkəmə kollegiyası məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Daha sonra, zərərçəkmiş şəxsin apellyasiya şikayətində məhkumun əməlinin tövsifi, işin faktiki halları və təqsirlilik məsələsi mübahisə doğurmamış, cəzanın həddinin ağırlaşdırılması iddia edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilən cəza ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alaraq qanuni və əsaslı cəza təyin etmişdir. Təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkuma təyin edilmiş cəzanın həddinin artırılması üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan yüngülləşdirici halları, həm də apellyasiya instansiyasında tədqiq edilən halları təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təyin edilmiş cəzanın ağırlaşdırılmasını məqsədəmüvafiq hesab etmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin edilmiş cəza da kifayət qədər ciddi və ağır, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi CM-in ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 may 2024-cü il tarixli 1(100)-256/2024 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-342/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-342/2024
18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver