Məhkəmə qərarları › İş №1(104)-36/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-36/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-36/2025 19.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 1(125)-224/2024 nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və Azərbaycan Respublikası Baş prokurorunun müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhər Məhkəməsinin (hakim Orxan Cəfərli) 24 iyun 2024-cü il tarixli, 1(125)- 224/2024 saylı hökmü ilə xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olan, Gəncə şəhər Apellyasıya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə AR-nın CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilirərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda həmin Qərar üzrə cəza çəkən, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hal-hazırda ünvan 2lan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün– cəmi 4 (gün) müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması və hazırda Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmiş, həmçinin hökmlə maddi sübutlar və məhkəmə məsrəflərinə aid məsələlər də həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs (bundan sonra Təqsirləndirilən şəxs) təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib uzərində saxlamaqla daşımışdır. Belə ki, o istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 440 qram olan narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən, 22 iyun 2023-cü il tarixdə saat 13 radələrində Gəncə şəhər BPİ-nin 3-cu PB- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Bağmanlar küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhəri 3-cü PB-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan 1 ədəd mavi rəngli sellofan paketin içərisindən, ümümi çəkisi 440 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək işinə yenidən baxılmasını və barəsində ədalətli və humanist qərar çıxarılmasını xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin hökmü ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum edilmişdir. Odur ki, işinə yenidən baxılmasını və barəsində ədalətli və humanist qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli hökmü cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli hökmü cinayət qanununun müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməlidir. CM-nin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-nin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarına əsasən “Birinci hökm çıxarılanadək şəxsə başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, CM-nin 66.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edə biləcək maksimum həddi 3 il olduğu halda, məhkəmə qanunun bu tələbinə riayət etməmiş, Təqsirləndirilən şəxs qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Beləliklə də məhkəmə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Məhkəmə iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, törətdiyi əməldən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini, məhkəmə tərəfindən barəsində olan yüngülləşdirici halların kifayət qədər nəzərə alınmadığını və barəsində ağır cəza təyin edildiyini bildirdi. Ona görə də, şikayətin təmin edilərək təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, məhkum barəsində olan yüngülləşdirici halları nəzərə alaraq təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya protestini müdafiə edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli hökmü cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair məhkumun və müdafiəçisinin, apellyasiya şikayətinin təmin olunmayaraq və apellyasiya protestinin təmin olunmasına dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli hökmü cinayət qanunvericiliyinin normaları düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadəsi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmiş, apellyasiya şikayətində də təqsirlilik məsələsi, əməlin tövsifi və işin faktiki halları mübahisələndirilməmişdir. Məhkəmə məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması inamına gəlmiş, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə qanuni, əsaslı və düzgün nəticəyə gəlmişdir. Məhkəmə məhkumun əməlinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını kifayət qədər araşdırmış və nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir və hazırki halda məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsi və məhkum olunduğu maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Cinayət işinin materiallarından da görünür ki, məhkum eyni dəlilləri birinci instansiya məhkəməsində ifadə verən zaman da irəli sürmüş və onun irəli sürdüyü dəlillər müdafiəçisinin iştirakı ilə hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmışdır. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Həmçinin birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli hökmü cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə apellyasiya protestinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, CM-nin 66.1-ci maddəsinə əsasən,cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-nin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarına əsasən “Birinci hökm çıxarılanadək şəxsə başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, CM-nin 66.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edə biləcək maksimum həddi 3 il olduğu halda, məhkəmə qanunun bu tələbinə riayət etməmiş, Təqsirləndirilən şəxs qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Beləliklə də məhkəmə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1 və 398.1.4-cü maddələrinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məcəllənin 399.1 və 399.1.5-ci maddələrinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya protesti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 1(125)-224/2024 nömrəli hökmü cinayət qanunvericiliyinin normaları düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Şərh olunanlara əsasən, CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 1(125)-224/2024 nömrəli hökmü dəyişdirilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün– cəmi 4 (gün) müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar