Məhkəmə qərarları › İş №1(104)-361/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-361/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-361/2023 20.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin «01» may 2023-cü il tarixli, 1(076)-126/2023 nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin (hakim Taleh Musayev) «01» may 2023-cü il tarixli, 1(076)-126/2023 nömrəli hökmü ilə xx xxxxxx 1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Samux rayonu, Sarıqaya kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən ona Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökm ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanması və onun hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsinin nəzərə alınması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyətilə 08 sentyabr 2022-ci il tarixdə, saat 09 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Günəş” ticarət mərkəzində Zərərçəkmiş şəxs məxsus “Şövqi” adlı qızıl-zinət əşyaları mağazasının qapısının açıq olmasını, satıcının və kənar şəxslərin isə mağazada olmadığını görüb içəri daxil olaraq vitrinin üzərinə qoyulmuş bir ədəd qutunun içərisindən 9 ədəd, hər biri 850 manat dəyərində, 585 əyarlı, 10 qram çəkisi olan “Zimeyka” formalı qızıl boyunbağı, 15 ədəd hər biri 595 manat dəyərində, 585 əyarlı, 7 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 4 ədəd, hər biri 595 manat dəyərində, 585 əyarlı, 7 qram çəkisi olan “Tros” formalı qızıl boyunbağı, 1 ədəd, dəyəri 635 manat olan, 585 əyarlı, 7,5 qram çəkidə “Pandora” formalı qızıl boyunbağı, 3 ədəd, hər biri 380 manat dəyərində, 585 əyarlı, 5 qram çəkisi olan “Buğda” formalı qızıl boyunbağı, 20 ədəd, hər biri 255 manat dəyərində, 585 əyarlı, 3,5 qram çəkisi olan qızıl boyunbağı və klonları, 4 ədəd, hər biri 550 manat dəyərində, 585 əyarlı, 7 qram çəkisi olan qızıl boyunbağı və klonları, 7 ədəd, hər biri 210 manat dəyərində, 585 əyarlı, 2,5 qram çəkisi olan klonlar, 3 ədəd, hər biri 160 manat dəyərində, 585 əyarlı, 1,9 qram çəkisi olan uşaq üçün sadə boyunbağı, 4 ədəd, hər biri 380 manat dəyərində, 585 əyarlı, 4,5 qram çəkisi olan dörd künc toxunuşlu boyunbağı və 1 ədəd, dəyəri 595 manat olan, 585 əyarlı, 7 qram çəkidə tək qaşlı boyunbağını oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 32.095 (otuz iki min doxsan beş) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, himayəsində bir azyaşlı uşağı var, anası xəstədir, atası vəfat edib. Özünündə xəstəliyi var və əməliyyat olunmalıdır. Həmin halları nəzərə alaraq hökmün dəyişdirilməsini, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, törətdiyi əməldən peşman olduğunu, səhv etdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Ona görə də, şikayətin təmin edilərək təyin edilmiş cəzanın yüngülləşdirilməsini, ona köməklik edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, məhkum barəsində olan yüngülləşdirici halları nəzərə alaraq təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını, məhkumun əməlinin cinayət işində olan sübutlarla tam təsdiq edildiyini, məhkumun əməlinin düzgün qiymətləndirilib tövsif edildiyini və məhkuma təyin edilmiş cəzanın ədalətli olduğunu bildirdi, şikayətin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmiş, apellyasiya şikayətində də təqsirlilik məsələsi, əməlin tövsifi və işin faktiki halları mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətmiş olduğu cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları (Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini) və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almış, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasının qeyri-mümkün olması inamına gəlmiş, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə qanuni, əsaslı və düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını kifayət qədər araşdırmış və nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını ən aşağı həddə təyin etmişdir və hazırki halda məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsi və ya təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, məhkum olunduğu maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Eyni zamanda qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi CM-in 66.5-ci maddəsinin tələblərinə əsasən cəza təyin edərkən də düzgün nəticəyə gəlmiş, təyin edilmiş cəzaları qismən toplamış və Təqsirləndirilən şəxs aşağı həddə cəza təyin etmişdir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin səbəb və əsasları ilə əlaqədar qeyd edir ki, cinayət işinin materiallarında olan hökmün surətindən, eləcə də DİN BƏSİİ-in tələbnaməsindən görünür ki, məhkum Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(042)-37/2022 saylı ilə CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayət əməli törətdikdən sonra barəsində cinayət işinin istintaqı davam etdiyi müddətdə, yenidən eyni xarakterli cinayət əməli törətmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ilkin cinayət əməli ilə Təqsirləndirilən şəxs hazırki cinayət əməli onun hərəkətlərində cinayətlərin residivini yaratmasa belə, onun şəxsiyyətini mənfi xarakterizə edən hal olmaqla, onu cinayət törətməyə meyilli olan bir şəxs kimi xarakterizə edir. Qeyd olunan hal məhkumun şəxsiyyətini səciyyələndirməklə yanaşı, onun islah yoluna qədəm qoymamasını, bu cür əməllərdən çəkinməməsini göstərir. Məhkəmə kollegiyasına işin bu halı məhkum Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə islah edilməsinin mümkünlüyü nəticəsinə gəlməyə əsas verir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin «01» may 2023-cü il tarixli, 1(076)-126/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin «01» may 2023-cü il tarixli, 1(076)-126/2023 nömrəli hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar