Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-367/2023 08.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X10 və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Nurulu Firidun Bilal oğlunun katibliyi, Xüsusi ittihamçı X2 nümayəndəsi (vəkil) Müdafiəçi1, X1 və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.1 və 148ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1(125)-168/2023 nömrəli hökmündən məhkum və onun müdafiəçisi Müdafiəçi3 və xüsusi ittihamçının vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Şəhər Məhkəməsinin (hakim Kənan Hüseynov) «25» aprel 2023-cü il tarixli, 1(125)-168/2023 nömrəli hökmü ilə xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2Renessans Palace” yaşayış kompleksi, 3 nömrəli bina, “E” bloku, 823 nömrəli mənzildə yaşayan X6 CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona CM-in 147.1-ci maddəsi ilə 300 saat ictimai işlər cəzası, CM-in 148-ci maddəsi ilə 300 saat ictimai işlər cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X5 qəti olaraq 450 saat ictimai işlər cəzasının təyin edilməsi, X4 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması və hökmün icrasının Bakı şəhər Probasiya idarəsinə həvalə edilməsi hökm edilmişdir. Hökmə əsasən, X6 2022-ci ilin aprel ayından oktyabr ayına qədər olan dövr ərzində müxtəlif vaxtlarda “instagram” və “whatsapp” sosial şəbəkələrində ona məxsus hesabların hekayə bölmələrində yalan olduğunu bilə-bilə X3 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yayaraq böhtan atmış və internet informasiya ehtiyatında X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq təhqir etmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum, onun müdafiəçisi Müdafiəçi3 və xüsusi ittihamçının vəkili Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Məhkum və onun müdafiəçisi apellyasiya şikayətində hökmün ləğv edilməsini və məhkuma bəraət verilməsini, xüsusi ittihamçının vəkili apellyasiya şikayətində hökmün ləğv edilməsini və X5 azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum və onun müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hökmünü işdə olan yazılı və video sübutlara istinad edərək əsaslandırmışdır. Məhkəmənin qənaətinə əsasən gündəlik həyatda istifadə edilən bir sıra sözlər təhqirdir və bu baxımdan Nəsibova Turanə cəzalandırılmalıdır. Ancaq məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır və Nəsibova Turanəyə qarşı irəli sürülmüş ittiham doğru deyildir. Belə ki, məhkəmə öz hökmünü ittiham tərəfinin mənbəyi və əldə edilməsi bəlli olmayan, nəticə etibarı ilə mötəbər olmayan sübutlarla əsaslandırıb. İttiham tərəfi xüsusi ittihama dair ərizə ilə məhkəməyə müraciət etdiyi zaman ərizəyə əlavə etdikləri məlumatların heç biri mötəbər sübut sayıla bilməz. Belə ki, həmin sübutların hansı yol ilə əldə edilməsi mübahisəlidir. İttiham tərəfi məhkəməyə ərizə ilə müraciət etdiyi zaman kimin tərəfindən yaradılması məlum olmayan “myschoolbytuana” “turannhüquq məktəbi”, “turanasgoldampire” və “bigbossbusinessschool” instagram səhifələrində olan yazışmalara istinad etmişdir. Həmin səhifələrin təqsirləndirilən şəxsə aid olduğunu göstərən heç bir sübut yoxdur. Qeyd edilməlidir ki, böhtan və təhqir cinayətinin tərkibinin yaranması üçün həmin məlumatların kütləvi olaraq yayılması lazımdır. Burada önəmli olan məsələ yayılmış məlumatların kütləvi olması və yayılmış məlumatların təqsirləndirilən şəxs tərəfindən edilməsidir. Gəncə Şəhər Məhkəməsində işə baxılarkən təqsirləndirilən şəxs yayılmış məlumatların ona aid səhifələrdən yayılmadığını bildirsə də, məhkəmə bununla bağlı hər hansı bir ətraflı araşdırma aparmamışdır. Məhkəmə yalnız ittiham tərəfinin özlərinə məxsus telefonla çəkdiyi video görüntüləri əsas qəbul edərək (həmin görüntülərin telefonla çəkildiyini məhkəmə özü qəbul edir.) səhifələrin təqsirləndirilən şəxs Turanə Nəsibovaya aid olduğu qənaətinə gəlmişdir. Əslində həmin səhifələr təqsirləndirilən şəxsə aid deyil. Onun tərəfindən istifadə edilməyib. Həmin səhifələrdə yayılmış ona aid məlumatlar onun tərəfindən yüklənməyib. Bu baxımdan şəxsin istifadəsində olmayan səhifələrdən yayılmış məlumatlara görə nə kimi təqsiri ola bilər sual doğuran haldır. Məhkəmə öz hökmünü işdə olan görüntülərlə əsaslandırmışdır. Həmin görüntülərdə məhkəmənin öz hökmündə bildirməsinə əsasən qeyd edilən görüntülər ittiham tərəfinin öz telefonu ilə komputerdən çəkilmişdir. Məhkəmə həmin çəkilmiş görüntüləri sübut kimi qəbul edərək yuxarıdakı sosial media hesablarının təqsirləndirilən şəxsə aid olması qənaətinə gəlmiş və həmin yazıların mətnində təhqir və böhtan əməllərinin olmasını aşkarlamışdır. Məhkəmənin bu yanaşması tamamilə qəbul edilməzdir. Çünki, elmi texniki tərəqqi dövründə yaşadığımız bu dünyada onlarla, yüzlərlə proqram vardır ki, həmin proqramlar vasitəsi ilə istənilən şəxsin adından videolar hazırlanaraq sosial media vasitəsi ilə yaymaq olar. Yaxud arxa fonda sosial media səhifəsindən götürülmüş şəkil ilə video görüntüləri birləşdirərək yeni videolar hazırlana bilər. Hətta buna dair fikirlərə ittiham tərəfinin özünün ifadəsində rast gəlmək olur. Xüsusi ittihamçı Şəhanə Mehrəliyeva öz ifadəsində bildirir ki, guya təqsirləndirilən şəxs onun adından “yanıx_sahane” adlı instagram səhifəsi yaratmışdır. İttiham tərəfinin bu fikri əsas alınsa əgər instagram səhifəsi yaratmaq mümkündürsə o zaman təqsirləndirilən şəxs Turanə Nəsibovanın adından da səhifə yaratmaq mümkündür. Həmin səhifələrə fərqli videolar da yükləmək mümkündür. Hazırki iş üzrə yalnız ittiham tərəfinin komputerindən telefon vasitəsi ilə çəkilmiş görüntülər mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, həmin görüntülərə ittiham tərəfinin kənardan müdaxilə etmək imkanları olmuşdur. Bu da özlüyündə həmin sübutların mötəbərliyini şübhə altına alır. Bundan başqa məhkəmə işə baxarkən Şahid2 şahid qismində dindirmişdir. Həmin şəxs təqsirləndirilən şəxsə qarşı məhkəməyə müraciət etmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə işin icraata götürülməsindən imtina edilmişdir. Daha sonra Şahid2 apellyasiya şikayəti vermiş, lakin onun şikayəti təmin edilməmişdir. Bir işdə xüsusi ittiham üzrə şikayət verən şəxs digər işdə şahid kimi dindirilmişdir. Burada şahidin obyektivliyi qərəzsiz olması sual altındadır. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı telefonunun “i Cloud” proqramına daxil olunaraq oradan məlumatların oğurlanması ehtimalına dair sənədləri məhkəməyə təqdim etmişdir. Ancaq məhkəmə bu arayışa heç bir münasibət bildirməmişdir. Məhkəmə hökmündə hansı kəlimələrin böhtan, hansıların təhqir olmasına münasibət bildirməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını, hökmün ləğv edilərək, X4 CM-in 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Xüsusi ittihamçının vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə T.Nəsibovaya həddən artıq yüngül cəza təyin etmişdir. Halbuki törədilmiş cinayətin xarakteri, subyektiv cəhətləri – qəsdən və təkrar törədilməsi, motivi və məqsədi, bununla yanaşı son nəticədə yaratdığı fərdi və ictimai rezonansı geniş şəkildə təhlil edilməklə nəzərə alınmalı idi. Məhkəmə iclaslarında T.Nəsibova törətmiş olduğu cinayət əməlindən peşmançılıq ifadə etməmiş, qeyri-adekvat davranış nümayiş etdirmiş və aqresiya sərgiləmişdir. Bu hal isə onun islah olunmamasını göstərir. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə, yəni cəzanın yüngüllüyü işin faktiki hallarını və miqyasını tam əhatə etmir və uyğunsuzluq yaradır. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və onun müdafiəçisi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun çıxış etdilər, şikayətin təmin edilməsini, məhkumun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən xüsusi ittihamçının vəkili məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu bildirdi, məhkumun əməlinin cinayət işində olan kifayət qədər mötəbər sübutlarla təsdiq olunduğunu göstərdi, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi Məsələlər: Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılması hüdudlarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Məhkum və onun müdafiəçisi apellyasiya şikayətində T.Nəsibovanın barəsində bəraət hökmü çıxarılmasını iddia etmişlər. CPM-in 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: -cinayət hadisəsi olmadıqda; (CPM-in 42.1.1) -əməldə cinayət tərkibi olmadıqda; (CPM-in 42.1.2) -cinayətin törədilməsinə aidiyyəti olmadıqda; (CPM-in 42.1.3) -təqsirliliyi sübuta yetirilmədikdə; (CPM-in 42.1.4) Lakin yuxarıda göstərilən halların heç biri T.Nəsibovanın hərəkətlərində müşahidə edilməmişdir. Əksinə onun qeyd olunan cinayət əməlini törətməsi, xüsusi ittihamçının və şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş sosial şəbəkə və internet informasiya ehtiyatlarından çoxsaylı çıxarışlar və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi apellyasiya şikayətində xüsusi ittihamçı Ş.Mehralıyeva barəsində paylaşılmış video və foto şəkillərin kim tərəfindən paylaşılmasının qeyri-müəyyən olduğuna, həmin video və fotoşəkillərin T.Nəsibova tərəfindən paylaşılmasına dair iş materiallarında heç bir sübut olmadığına istinad edərək T.Nəsibovaya bəraət verilməsini iddia etmişlər. Lakin məhkəmə kollegiyası müdafiə tərəfinin bu iddialarını əsaslı hesab etmir və iş materiallarında olan flaş karta əlavə edilmiş T.Nəsibova tərəfindən çəkilmiş və müxtəlif sosial şəbəkələrdə paylaşılmış videolara istinad edərək müdafiə tərəfinin dəlillərinin təkzib edildiyini qeyd edir. Belə ki, ittiham tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş flaş kartda “VİD-20230227-WA0008” adlı faylda olan görüntülərdən görünür ki, “turanannhuquqmektebi” adlı “instagram” səhifəsinin hekayə bölümündə paylaşılan videoda Turanə Nəsibova özünü çəkərək aşağıdakıları bildirmişdir: “ Onsuz da nə Eduard Məmmədovu, nə Şəhanə Mehraliyevanı, yəni artıq belə görünür ki, yəni nə Gülnar Mehraliyevanı, nə Sara Şərifovanı, nə də onların digər podruqalarını cəzalandırası deyil. Çünki kikboksyordu, bayraq qaldırıbdı göylərə. Mənim və uşağımım döyülməsi ilə bağlı heç bir polis, yəni adekvat bir nəticə vermir bizə. Ancaq, ancaq, ancaq təzədən həmin o insanları döyməklə əvəzləşdirə bilərik bu məsələni. Yəni bunu da ancaq mən fikirləşirəm ki, qanuni oğrular bunu eləyə bilər. Qəşəng, Eduardın qabağını kəsib, qəşəng eş*ək kimi döyərlər, xahiş edirəm, heç olmasa qanuni oğrular buna qulaq assınlar, məni və övladımı döyüblər. X13, xahiş edirəm, kimsə bu adamları döysün mən rahatlıyım. Şəxsi zəmində və sair olan məsələlər döyməklə həll olunmur, bura rinq deyil. Tem bole qadınla uşağını döymək. Mənə çox maraqlıdır ki, həmin o, belə deyim də, adını qadın qoyan Şəhanə, adını qadın qoyan Gülnar və adını qadın qoyan həmin Sara və rəfiqələri və mənim əlimdən tutan iki nəfər digər şəxs, hansı ki, mənlə uşağımı eş*ək balası kimi çırpdılar, həqiqətəndə o insanların uşaqlarına bir zərbə, bir.”. Bundan başqa flaş kartda “VİD-20221018-WA0081” adlı faylda olan görüntülərdən görünür ki, telefondan çəkilmiş “Whatsapp” sosial şəbəkəsinin statusunda paylaşılan videoda Turanə Nəsibova özünü çəkərək aşağıdakıları bildirmişdir: “Şəhanə duxun çatardı, mənimlə təkbətək gələrdin də. Sən nə hər dəfə gah polisin dalınca girirsən, gah Eduardı götürürsən dalınca gəlirsən, gah bacını götürürsən dalınca gəlirsən? Kişi qızısansa, bir dəfə üzümə təkbətək çıx? Gö*ün çatmır, vot tak. Tı bolnaya ştoli? Sən bilmirsən ki, mən və mənim övladım toxunulmazdır, biz millət vəkilinin ailəsiyik? İstəyərəm söyərəm də, dövlətin ixtiyarında olan insanam, istəyərəm sənə söyərəm də, elə söyürəm də, vot tak, tı tryapka Şəhanə. Duxun çatır tək gəl. Sən mənə və mənim oğl... övladıma toxunduğun üçün sən po*unu yeyib əziyyətini çəkəcəksən.”. Bundan əlavə flaş kartda “b0b4fadb-09fd-45c7-b1b9-3e848bac3bda” adlı faylda olan görüntülərdən görünür ki, “turanannhuquqmektebi” adlı “instagram” səhifəsinin hekayə bölümündə paylaşılan hekayədə “@POLİSAZERBAYCAN” işarələnərək aşağıdakılar göstərilmişdir: “Bəsdir polis Azərbaycan!Bəsdir gizlətdiz Şəhanə ilə Eduardın qanunsuzluqlarını. Bizi ppx maşınında daşıdılar ,oğlumun dili qatlandı.Bəsdirin əl çəkin! Qızımı öldürdükləri kimi oğlumu da öldürmək istəyirlər.Bir nəfər obyektiv yanaşsın.PPX maşınında Muradımı daşıyıblar kömək edin.Oğlumun dili qatlanıb . Kömək edin!”. Bundan başqa flaş kartda “489c60aa-a459-4cb7-8fbc-c92ecce762f7” adlı faylda olan görüntülərdən görünür ki, “dietoloq_turana_123_” adlı “instagram” səhifəsinin hekayə bölümündə paylaşılan şəkildə Şəhanə Mehraliyevanın binanın dəhlizində arxadan çəkilmiş fotosu paylaşılaraq aşağıdakılar yazılmışdır: “Kişiyə görə qapıma gələn Şəhanə Mehraliyeva.Kürdəmirli”. Bundan əlavə flaş kartda “cbed7aac-3570-45d2-aac7-9be55b4a0157” adlı faylda olan görüntülərdən görünür ki, “myschoolbytuana” adlı “instagram” səhifəsinin hekayə bölümündə paylaşılan şəkildə Şəhanə Mehraliyevanın fotosu paylaşılaraq “@LEYLA999”, “@SHAHANA_MEHRALİYEVA” və “@DTX_AZERBAİJAN” işarələnib aşağıdakılar yazılmışdır: “Rədd ol Şəhanə! Rədd ol.Bu ölkədə sənə yer yoxdur!Sən alçaq və mənəviyyatsız birisən! Gəl Muraddan üzr istə!”. Qeyd olunan videolarla bağlı Turanə Nəsibova həmin videoların onun tərəfindən çəkilmədiyini, videoların hər hansı başqa şəxs tərəfindən çəkilərək paylaşıldığını bildirilmişdir. Lakin həmin video görüntülərdən müəyyən olunur ki, Şəhanə Mehraliyevanı təhqir edən və böhtan atan şəxs açıq-aşkar Turanə Nəsibovadır. Daha sonra həmin videolarda təhqir və böhtan cinayət əməllərinin mövcud olubolmamasına dair müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarına əlavə edilmiş “Whatsapp” sosial şəbəkəsində paylaşılmış videodan görünür ki, T.Nəsibova bildirir ki, “Şəhanə duxun çatardı mənimlə təkbətək gələrdin də, sən hər dəfə gah polisin dalınca girirsən gah Eduardı götürüb dalımca gəlirsən, gah bacını götürüb dalımca gəlirsən, kişi qızısansa bir dəfə üzümə təkbətək çıx, gö*ün çatmır. Bundan əlavə o, təhqirlərə davam edərək bildirir ki, “tı balnaya ştoli” (tərcümədə sən xəstəsən), sən bilmirsən ki, mən və mənim övladım toxunulmazıq? Biz millət vəkilinin ailəsiyik?, istəyərəm səni söyərəmdə mən dövlətin ixtiyarında olan insanam, istəyərəm sənə söyərəm də, elə söyürəmdə “tı tryapka Şaxana” (tərcümədə sən cın*ırsan Şəhanə), duxun çatırsa tək gəl, sən mənə toxunduğun üçün “po*unu” yeyib əziyyət çəkəcəksən. Həmin videoda istifadə edilmiş “gö*ün çatmır”, “tı balnaya ştoli” (tərcümədə sən xəstəsən)”, “tı tryapka Şaxana” (tərcümədə sən cın*ırsan Şəhanə) və “po*unu yeyib” sözləri açıq təhqirdir və Ş.Mehrəliyevanın şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığı üçün onun əməllərində CM-nin 148-ci maddəsinin tərkib əlaməti yaranmışdır. Bundan əlavə “myschoolbytuana” İnstaqram sosial şəbəkəsinin hər kəsin baxışına açıq olan “status” bölməsində 1 dəqiqəlik video paylaşılaraq videoda aşağı hissədə SHAHANA_MEHRALİYEVA qeyd etməklə, bildirir ki, bu və digər xanımlara adları çəkilən hər bir kəs, xəbərdarlıq olundu dəfələrlə ki, gəlin üzür istəyin, yəni ki, telefon zəng etməklə yox, gəlin evə, evdə uşağımızdan üzr istəyin, təbii ki, xanım özünə sığışdırıb üzr istəməyə gəlmədi, sadəcə zənglə həll etmək istədilər, buna görə mən, yəni bütün sənədi göstərməyəcəm yalnız belənçiyinə göstərəcəm (bu an vərəqin baş hissəsində Azərbaycan Respublikasının gerbi və altında Azərbaycan Respublikası yazısı görsənir), cinayət işi açıldı, maddələr açıldı, məhkəməyə artıq verildi, inşallah ki, məhkəmələrdə görüşəcik, mən dəfələrlə sizə müraciət etdim, mediasiyaya müraciət etdim, heç birinə gəlmədiz, indi cinayət işi başlayıb, artıq həbsə düşsəz məndən inciməyin. Göründüyü kimi həmin məlumatlar böhtan olduğu üçün T.Nəsibovanın torətmiş olduğu bu əməldə CM-nin 147.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Belə ki, T.Nəsibova bildirir ki, o, Ş.Mehrəliyevaya dəfələrlə xəbərdarlıq edib, bundan sonra onun şikayəti üzrə Ş.Mehrəliyeva barəsində cinayət işi açılıb, maddələr qoyulub və iş məhkəmədədir və Ş.Mehrəliyevanı həbs gözləyir. Hətta bu dediyi böhtan xarakterli şərlərin dahada inandırıcı olması üçün baş hissəsində Azərbaycan Respublikasının gerbi və altında Azərbaycan Respublikası yazısı olan bir vərəq göstərir. Lakin cinayət işinin materiallarında Ş.Mehrəliyeva barəsində hər hansı bir cinayət işi açılması və məhkəməyə verilməsi barədə hər hansı məlumat yoxdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfi həmin “myschoolbytuana” səhifəsinin T.Nəsibovaya məxsus olmadığını və digər şəxs və ya şəxslər tərəfindən istifadə edildiyini göstərmişdir. Lakin həmin səhifədə paylaşılmış videodan görünür ki, həmin video iki şəxs arasında olan söhbəti əks etdirmir. Yəni, T.Nəsibova ictimaiyyətə (onu izləyənlərə) müraciət edərək həmin videoda çıxış edir və Şəhanə Mehralıyeva haqqında qeyd edilən ifadələri bildirir. Belə olan halda məhkəmə kollegiyası öz daxili inamına əsaslanaraq və işin faktiki hallarını əsas götürərək, eləcə də T.Nəsibovanın həmin videonu ictimaiyyətə müraciət edərək çəkməsini əsas götürərək qeyd olunan səhifənin T.Nəsibovaya məxsus olması və həmin videonun qeyd olunan səhifədə onun tərəfindən paylaşılması qənaətinə gəlir. Belə ki, T.Nəsibovanın qeyd olunan videoda istifadə etdiyi söz və ifadələrdən görünür ki, video sosial şəbəkələrdə paylaşılmaq məqsədi ilə çəkilib. Belə olan halda T.Nəsibovanın özü tərəfindən çəkilmiş olan bir videonun onun tərəfindən deyil, digər bir şəxs tərəfindən paylaşılmasına dair göstərilən dəlillərə məhkəmə kollegiyası tənqidi yanaşır və əsaslı hesab etmir. Məhkəmə kollegiyası müdafiə tərəfinin hər bir dəlilini təhlil edərək və həmin dəlilləri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə birlikdə müqayisə edərək belə nəticəyə gəlir ki, müdafiə tərəfi T.Nəsibovanın ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirsizliyini sübut etmək üçün dəlillər irəli sürmüş, birinci instansiya məhkəməsi tərəfindən bu arqumentlər ətraflı araşdırılmış, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs və çoxsaylı şahidlər dindirilmiş, digər sübutlar yoxlanılmış və müdafiə tərəfinin irəli sürdüyü dəlillərin əsassız olduğu və məhkuma qarşı irəli sürülmüş ittihamı təkzib edən arqumentlər kimi qiymətləndirməyin mümkün olmaması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış bu ətraflı araşdırmanı kifayət hesab etmiş, apellyasiya araşdırması məhkəmə istintaqı aparılmadan keçirilmiş, lakin apellyasiya şikayətinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də məhkum Turanə Nəsibova tərəfindən ona qarşı irəli sürülmüş ittihamda əks olunmuş əməl törədilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, T.Nəsibovanın əməlində cinayət tərkibi vardır və onun əməli zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş sosial şəbəkələrdə paylaşılmış çoxsaylı videolar və məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, T.Nəsibovanın əməlində cinayət tərkibinin olmaması ilə əlaqədar apelyasiya şikayətində göstərilən dəlillər tam əsassızdır və iş üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə ziddiyyət təşkil edir. Beləliklə də, apelyasiya şikayətində göstərilən dəlillər iş materiallarında olan sübutlarla tam təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək məhkum barəsində bəraət hökmü çıxarılması üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növü və həddi ilə bağlı aşağıdakıları qeyd edir. Birinci insatansiya məhkəməsi məhkuma CM-in 147.1 və 148-ci maddələri ilə hər iki maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasını təyin edərkən X4 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən, cinayətləri təkrar törətməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə almış və son nəticədə ona ictimai işlər cəzasının təyin edilməsi yolu ilə islah olunmasının mümkün olması nəticəsinə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi hökmdə bu nəticəyə gəlməsinə səbəb olan heç bir halı qeyd etməmişdir. CM-in 58.1-ci maddəsinin son cümləsində göstərilmişdir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qanunun mənasından da göründüyü kimi, məhkəmə hökmündə şəxsə daha ciddi cəzanın təyin edilməsi əsaslandırılmalıdır. Əsaslandırma dedikdə qanun normalarının və ya işin faktiki hallarının sadəcə olaraq sadalanması başa düşülməməli, ən azından bu əsaslandırma kənar müşahidəçini qane edəcək səviyyədə olmalıdır. Yəni şəxs Qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq, ona nə üçün yüngül cəza təyin edilmədiyini, nə üçün ən ağır cəza təyin edildiyini açıq şəkildə görməli və bu təyin edilən cəzanın ədalətliliyi inandırıcı olmalıdır. Bu fikir CM-in 58-ci maddəsində və CPM-in 349-cü maddəsində ətraflı əks olunmuşdur. CM-in 58.3-cü maddəsindən də göründüyü kimi, məhkəmə cəza təyin edərkən 1) törədilmiş cinayətin xarakterini; 2) ictimai təhlükəlilik dərəcəsini; 3) təqsirkarın şəxsiyyətini; 4) cəzanı yüngülləşdirən və ağırlaşdıran halları; 5) təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İşin hallarından görünür ki, T.Nəsibova əmək fəaliyyəti ilə məşğuldur və ona CM-in 147.1 və 148-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cərimə cəzasının deyil, ictimai işlər cəzasının təyin edilməsi onun əmək fəaliyyətinə də mənfi təsir göstərəcəkdir. Məhkəmə kollegiyası o qənaətdədir ki, T.Nəsibova barəsində cəzanı yüngülləşdirən halların məcmusu məhkuma təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü, yəni cərimə cəzası təyin etməklə cəzanın məqsədinə və məhkumun islah olunmasına nail olunmasının mümkün olduğu nəticəsinə gəlməyə əsas verir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum T.Nəsibovaya cəza təyini zamanı düzgün nəticəyə gəlməmiş, məhkumun barəsində olan cəzanı yüngülləşdirən halları, ailə vəziyyətini, himayəsində bir azyaşlı uşağının olmasını kifayət qədər dəyərləndirməmiş, onun şəxsiyyətinə və törətdiyi cinayət əməlinə adekvat cəza növü müəyyən edilməmişdir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Xüsusi ittihamçının vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyasının münasibəti: Xüsusi ittihamçının vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətdən görünür ki, şikayət yalnız vəkil tərəfindən imzalanmış və 15 may 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə elektron qaydada daxil olmuşdur. Lakin xüsusi ittihamçı tərəfindən vəkilə verilmiş etibarnamə 18 oktyabr 2022-ci il tarixədək qüvvədə olmuşdur (bax İ cild i.v. 6). Yəni, xüsusi ittihamçının vəkili apellyasiya şikayəti verən gün onun apellyasiya şikayəti vermək üçün qüvvədə olan etibarnaməsi olmamış və o, apellyasiya şikayəti vermək hüququna malik olmamışdır. CPM-in 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittihamçının vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməli və həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. CPM-in 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 404-cü maddəsində göstərilmişdir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, məhkum və onun müdafiəçisinin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməli, xüsusi ittihamçının vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 391, 397, 398, 399, 403, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Xüsusi ittihamçının vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1(125)-168/2023 nömrəli hökmü məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə cəzaya aid hissədə dəyişdirilsin. X5 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə 1000 (bir min) manat cərimə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 1000 (min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X5 qəti olaraq 1500 (min beş yüz) manat cərimə cəzası təyin edilsin. Qərarın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-367/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-367/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver