Məhkəmə qərarları › İş №1(104)-374/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-374/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-374/2023 05.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və X5 ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-90/2023 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesi üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Roman Ələkbərlinin sədrliyi, hakimlər Dadaş İmanov və Nural Əliyevdən ibarət tərkibdə) xx.xx.2023-cü il tarixli, 1(100)-90/2023 nömrəli hökmü ilə xx.xx.1985-ci ildə Ağdam rayonu, Şıxbabalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olan, Ağdam rayonu, Quzanlı qəsəbəsi, ev 639-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının çəkilmə müddətinin onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması, hökmün icrasına nəzarətin Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya Şöbəsinə həvalə olunması hökm edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. İŞİN HALLARİ: Hökmə əsasən, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ, sürücülük vəsiqəsi olmadan və sərxoş halda idarə edib ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 19 iyun 2021-ci il tarixdə saat 13:00 radələrində "X9" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ, sürücülük vəsiqəsi olmadan və sərxoş halda idarə etdiyi "Moskviç 412" minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər-Borsunlu-Hindarx yolunun Bərdə rayonu ərazisindən keçən 68-ci kilometrliyində "X9" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli olduğu halda bunu etməyərək, 80-90 km/saat sürətlə yolun sağ zolağı ilə Hindarx qəsəbəsi istiqamətində hərəkətdə olan zaman, avtomobil üzərində idarəetməni itirmiş, avtomobil yolun sağ kənarına çıxaraq aşmış, nəticədə o, ehtiyatsızlıqdan avtomobildə olmuş sərnişin X3 başın sağ gicgah nahiyəsinin qançırı, sağ gicgah, təpə və kəllə əsası sümüklərinin sınıqları, beyin qişalarına, yumşaq qişa altına, beyin toxumasına və mədəciklərinə qansızma, sol bazu sümyünün açıq sınığı, sol çiyinüstü, sağ bayır topuq, sağ diz oynağı nahiyələrinin sıyrıqları, sağ diz oynağı, sol qoltuq nahiyələrinin əzilmiş yaraları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, almış olduğu xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir APELLYASİYA TƏLƏBİNİN ƏSASLANDİRİLMASİ Apellyasiya protestinin dəlilləri: Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən birinci instansiya məhkəməsində məhkəmə baxışında iştirak etmiş Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-90/2023 nömrəli hökmünün Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində ona daha ağır əsas cəza təyin edilməklə dəyişdirilməsi xahiş edilmişdir. Dövlət ittihamçısı apellyasiya apellyasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində dövlət ittihamçısı kimi iştirak edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 05 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məhkəməyə təklif etmişdir. Lakin məhkəmə iş üzrə gəldiyim nəticələri və təklifləri nəzərə almayaraq ittiham olunduğu maddənin sanksiyasında müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, Təqsirləndirilən şəxs onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəza təyin etmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə məhkum olunmasına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 04.2023-cu il tarixli hökmü cəzanın yüngüllüyü əsasına görə, ona daha ağır cəza təyin edilməklə dəyişdirilməlidir. Məhkəmə CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs əsassız olaraq yüngül cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə aldığını göstərsə də, faktiki olaraq buna əməl etməmiş, cəza təyini zamanı Təqsirləndirilən şəxs cinayət əməlini məhz nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, həmçinin sərxoş vəziyyətdə törətməsini nəzərə almamışdır. Yuxarıda göstərilən, məhkəmə istintaqı nəticəsində müəyyən olunaraq məhkəmənin hökmündə də öz təsdiqini tapan həmin hallar Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasına dəlalət edərək ona maddənin sanksiyasının ən aşağı həddində olmaqla yüngül cəza təyin edilməsini deyil, məhz maddənin sanksiyası həddində daha ağır cəza təyin edilməsinə, işin halları nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsinin mümkün olmamasına baxmayaraq məhkəmə bunun əksinə əsas cəza kimi E.Əİİyevə 5 il mıiddətə azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə uyğun hesab etmişdir. Halbuki, CM-nin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağıriaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət ağır cinayətlər kateqoriyasına aid olmaqla qeyd edilən əməl subyektiv cəhətdən ehtiyatsızlıqla törədilir. Cinayətin subyekti 16 yaşına çatmış, anlaqlı fiziki şəxs hesab edilir. Obyekt qismində yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyekt qismində isə insanın həyat və ya sağlamlığınının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Təqsirləndirilən şəxs törətdiyi əməl yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətinin daha təhlükəli forması olmaqla əməlin ictimai təhlükəliliyi birbaşa cinayətin subyekti ilə bağlıdır. Belə ki, göstərilən cinayət əməli Təqsirləndirilən şəxs tərəfindən həm nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan, yəni sürücülük vəsiqəsi olmadan, həm də sərxoş vəziyyətdə törədilmiş və əməl nəticəsində bir nəfər şəxs sağlamlığını yox, məhz həyatını itirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını, onun tərəfindən dəymiş maddi zərərin ödənilməsini, əməlindən səmimi peşmanlığını təqsiriəndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alsa da, həmin halları Cinayət Məcəlləsinin məhz hansı maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə aldığını qeyd etməmiş, həmin halların gəldiyi nəticəyə təsirini tutarlı dəlillərlə əsaslandırmamış, E.Əİİyevə maddənin sanksiyasının ən aşağı həddində - 5 il müddətə azadlıqdan məlırum etmə cəzası təyin etmişdir, hansı ki, həmin həddə cəzanın təyin edilməsi cəzanı ümumi rejimli deyil, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini şərtləndirmişdir. Məhkəmə öz gəldiyi nəticəni əsaslandırmaq üçün Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halları yalnız formal olaraq qeyd etməklə kifayətlənmiş, himayəsində yetkinlik yaşına çatınayan uşaqlarını olmasının, əməlindən səmimi peşman olmasının, ona qarşı heç bir şiakyət və tələbin olmamasının, onun tərəfindən dəymiş maddi zərərin ödənilməsinin ona təyin ediləcək cəzanın həddinə hansı formada təsir edəcəyini ümumiyyətlə əsaslandırmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Lakin qeyd edilən halın olması təqsirləndirilən şəxsə maddənin sanksiyasında minimum olan, cəzaçəkmə müəssisəsinin növünə təsir edən 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini mütləq şərtləndirmir. Belə ki, Azərbaycan Respublikası CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutıılmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi həmin normanın tətbiqi məhkəməyə yalnız əsas cəza kimi 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasından daha ağır cəza təyin etməsini qadağan edir. Məhkəmənin istinad etdiyi digər yüngülləşdirici hallara gəldikdə isə qeyd etmək lazımdır ki, məhkəmə həmin halları da hökmündə əsaslandırmamışdır. Belə ki, məhkəmə təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi zərərin ödənilməsini cəzanı yüngülləşdirən hal kimi göstərsə də, iş materiallarında olan zərər çəkmiş şəxsin hüquqi varisinin notarial qaydada təsdiq edilmiş ərizələrində təqsirləndirilən şəxsin hər hansı maddi zərər ödəməsi göstərilməmiş, yalnız məhkəmə iclasında ifadə verərkən təqsirləndirilən şəxs tərəfindən maddi zərərin ödənilməsini bildirməsi əsas götürülmüş, həmin zərərin məbləğinin hansı meyarlara əsasən təyin edilməsi qeyri-müəyyən olaraq qalmışdır. Bununla da, məhkəmə tərəfindən cəzanı yüngülləşdirən hal qismində nəzərə alınan bu hal da sübut olunmamışdır. Bundan əlavə, məhkəmə E.Əİİyevin əməlindən səmimi peşman olmasının məhz hansı hərəkətlərində ifadə edilməsini hökmündə əsaslandırmamışdır. Tərəflərin məhkəmə kollegiyasındakı mövqeləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Rəşad Alıkişiyev apellyasiya protestini müdafiə edərək, protestdə göstərilən məzmunda çıxış etdi və birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilmiş protestin təmin edilərək məhkuma dövlət ittihamçısının təklif etdiyi cəza həddi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilərək hökmün dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi Razmik Aslanov dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti ilə razı olmadığını, məhkum Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək məhkəmənin hökmünü dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Nüşabə Cəbrayılova dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə etiraz etdiklərini, protestin əsassız olduğunu bildirdilər və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Müdafiəçi Nüşabə Cəbrayılova çıxışında həmçinin birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halların isə mövcud olmadığı, təqsirləndirilən şəxsin şəxsiyyəti, törədilmiş cinayətin ehtiyatsızlıq nəticəsində tərədilməsi, eləcə də onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin və şikayətinin olmaması nəzərə alınaraq təqsirləndirilən şəxsə ədalətli cəza təyin edildiyini, həmin cəzanın ağırlaşdırılmasına heç bir əsasın olmadığını bildirdi və məhkəmə kollegiyasından nəzərə alınmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərin müddəalarına əməl edilməsini apellyasiya tələblərinin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Cinayət hadisəsinin məhkum tərəfindən törədilməsi özünün ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmiş, apellyasiya şikayətlərində də təqsirlilik məsələsi, əməlin tövsifi və işin faktiki halları mübahisələndirilməmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində məhkum barəsində daha ağır cəza təyin edilməsi iddia edilmişdir. İttiham tərəfinin dəlilləri üzrə məhkuma təyin edilmiş cəzaya məhkəmə kollegiyasının münasibəti: Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, məhkumun cəzasını yüngülləşdirən halları (Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını, onun tərəfindən dəymiş maddi ziyanın ödənilməsini, əməlindən səmimi peşman olmasını), məhkumun cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın məhkumun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə düzgün nəticəyə gəlmiş, lakin həmin cəzanın müddətini müəyyən edərkən işin hallarını kifayət qədər araşdırmamış və nəzərə almamışdır. Yuxarıda qeyd edildiyi kimi apellyasiya protestində məhkuma daha ağır cəza təyin edilməsi iddia edilmişdir. Məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi məhkuma həmin maddənin sanksiyasının ən aşağı həddində cəza təyin etmişdir. Lakin məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın həddi ilə razılaşmır və aşağıdakıları qeyd edir. İşin müəyyən olunmuş hallarından görünür ki, məhkum qeyd olunan cinayət əməlini sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan törətmiş, o, avtomobili saatda 80-90 kilometr saat sürətilə hərəkət etdirərək qeyd olunan cinayət əməlini törətmiş və bir şəxsi həyatdan məhrum etmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulmağı zəruri hesab edir ki, məhkumun törətdiyi əməl hər nə qədər ehtiyatsızlıqdan törədilsə də, nəzərə almaq lazımdır ki, məhkum dərk etdiyi halda sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan avtomobil idarə etmiş və yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli olduğu halda, bunu etməyərək avtomobili 80-90 km/saat sürəti ilə idarə edərək hazırki əməli törətmişdir. Qeyd olunan hallar (məhkumun avtomobili sərxoş vəziyyətdə idarə etməsi və yol şəraitini nəzərə alıb sürət həddini düzgün seçməməsi) məhkumu oxşar analoji cinayətləri törətmiş məhkumlardan fərqləndirməyi zəruri edir. Məhkumun həm sərxoş vəziyyətdə, həm də sürücülük hüququ olmadan avtomobili idarə etməsi onun əməlinin ictimai təhlükəliliyini əsaslı şəkildə artıran haldır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. «X9» Azərbaycan Respublikasının Qanununun tələblərini sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan pozan və bir nəfərin şəxsin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanın müddəti müəyyən edilərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, törədilmiş cinayət əməlinin xarakteri, məhkumun törədilmiş cinayət əməlindəki rolu gələcək davranışlarında ictimai qaydaya, birgəyaşayış qaydalarına əməl edəcəyinə əsaslı şübhələr yaradır və bu məhkuma daha sərt cəza, yəni azadlıqdan məhrum etmə növündə cəzanın həddinin artırılmasına əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, bu yolla məhkumun islah olunmasına nail olmaq mümkündür. Məhkəmə kollegiyası məhz məhkumun şəxsiyyətini, davranışını, tərətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, həmçinin ümumilikdə işin hallarını nəzərə alaraq bu nəticəyə gəlir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, məhkumun şəxsiyyətinə uyğun olmasını, sosial ədalətin bərpası məqsədi daşımasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunması nəzərdə tutulan cəza, cəzanın məqsədinə xidmət edir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-nin 1.2 və 2.2-ci maddələri). Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-nin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. CPM-nin 399.1 və 399.1.5-cü maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası apellyasiya protestini dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü məhkuma təyin edilmiş əsas cəzaya aid hissədə apellyasiya pritestinə münasibətdə dəyişdirilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-nin 397, 398, 399, 404, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-90/2023 saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 03 (üç) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan, yəni 05 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm və qərar icraya yönəldilənə kimi dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qalan hissədə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar