Məhkəmə qərarları › İş №1(104)-379/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-379/2023

14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-379/2023 14.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin 3 may 2023-cü il tarixli, 1(125)-31/2023 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin 3 may 2023-cü il tarixli, 1(125)-31/2023 saylı hökmü ilə (hakim Orxan Cəfərli) xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasıvətəndaşı, evli, himayəsidə bir azyaşlı uşağı olan, ali təhsilli, Gəncə Beynəlxalq xəstəxanasında marketoloq vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Atatürk prospekti 254, mənzil 16da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzasını iş yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanması, hökmün icrasının onun yaşayış yeriüzrə Probasiya şöbəsinə tapşırılması, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 3 may 2023-cü il tarixli, 1(125)-31/2023 saylı hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, D.Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində yerləşən avtotəmir sexində əvvəllər qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ondan özünə məxsus saatı qaytarmasını tələb edən zaman çoxsaylı insanların gözü qarşısında heç bir əsaslı səbəb olmadan sonuncunu nalayiq söyüşlərlə söyüb təhqir edərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək sağ əli ilə Zərərçəkmiş şəxs sol əlin İİİ barmağını tutub qanırmaqla, ardınca isə sağ əli ilə sol gözaltı nahiyəsinə yumruq zərbəsi vurub eyni zamanda ağız nahiyəsindən dartıb yerə yıxmaqla Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid edilən sağ bazu-çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol əlin İİİ barmağının yarası və sol gözün alt qapağının qançırı xəsarətləri yetirib qərəzli xuliqanlıq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan hökm çıxarmışdır. Belə ki, ona qarşı irəli sürülən ittiham əsassızdır. Onun əməlində heç bir cinayət tərkibi yoxdur, ona istinad edilən cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi hökm çıxararkən yalnız zərərçəkmiş şəxsin ifadəsini əsas götürmüş, digər sübutlara isə qiymət verməmişdir. Avto təmir sexində bir neçə nəfər tanımadığı şəxsin yanında zərərçəkmiş şəxs onu nalayiq söyüşlərlə təhqir etməyə başlamış, o da əli ilə zərərçəkmiş şəxsin ağzını tutmuşdur ki, nalayiq ifadələr işlətməsin, bu zaman zərərçəkmiş şəxs onun əlindən çıxmaq istəmiş, həmin vaxt hər ikisi yerə yıxılmışdır, zərərçəkmiş şəxs xəsarəti yerə yıxılarkən almışdır. O, zərərçəkmiş şəxsi vurmamış, onaheç bir xəsarət yetirməmişdir. Yalnız zərərçəkmiş şəxslə mübahisə etmiş və onun təhqir etməsinin qarşısını almaq üçün ağızını tutan zaman ikisi də yerə yıxılmışdır. Bu hallara birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxsin ittiham olunduğu əməl üzrə təqsirliliyinin sübuta yetirilmədiyini, işin obyektiv araşdırılmadığını, yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar əsasında qanunsuz və əsassız ittiham hökmünün çıxarıldığını qeyd edərək apellyasiya şikayətinin təmin edilməsini, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsə bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edilərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə alındığını, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində islah işləri cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs istinad olunan 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi həmin hissədə əməlin tövsifində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməsi xahişini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs heç bir cinayət əməli törətməmişdir, zərərçəkmiş şəxsi vurmamış, onaheç bir xəsarət yetirməmişdir, yalnız zərərçəkmiş şəxslə mübahisə etmiş və onun təhqir etməsinin qarşısını almaq üçün ağızını tutan zaman ikisi də yerə yıxılmışdır, zərərçəkmiş şəxs xəsarəti yerə yıxılarkən almışdır, müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə tərəfindən rədd edilmiş və buna dair məhkəmə tərəfindən heç bir əsas göstərilməmişdir. Məhkəmə tərəfindən hökmdə olan ifadələr doğru qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı ildən tanıyır. 2019-cu ilin mart ayında təxminən bir il müddətinə Cahidlə qeyri-rəsmi münasibətləri olmuş, 2020-ci ilin əvvəlləri Cahidlə münasibətləri pozulmuşdur. Buna səbəb Cahidin onu yersiz yerə döyməsi, nalayiq söyüşlərlə təhqir etməsi olmuşdur. Cahidlə təsadüfən harada qarşılaşanda tanış kimi görüşmüş, söhbətləşmişlər, ancaq Cahidlə hər hansı bir sevgi münasibətləri qalmamışdır. Cahiddə saatının qutusu və elektrik yığan aparatı qalmışdır.O, hər dəfə Cahiddən əşyalarını istəsə də, ona müxtəlif yalanlar danışaraq, əşyalarını verməmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində Cahidə zəng edərək harada olduğunu soruşmuş, Cahid də ona demişdir ki, Gəncə şəhəri D. Qorqud küçəsində yerləşən avto təmir sexindədir. O, həmin avtotəmir sexinə gedərək, Cahidə demişdir ki, əşyaları versin. Cahid ona demişdir ki, özü nə vaxt istəsə o vaxt da əşyalarını qaytaracaq. Bundan sonra Cahid əvvəlcə sol əlindən tutaraq sol orta barmağını sındırmaq istəmiş, bundan sonra yumruqla sol gözündən vurmuşdur. O, başı gicəllənib yerə yıxılmış, avto təmir sexinin işçilərindən gəlib onu Cahidin əlindən alıb Cahidi oradan uzaqlaşdırmışlar. O da DİN-in 102 xidmətinə müraciət etmişdir. Cahid harada gördü onu nəlayiq sözlərlə təhqir edir, avtomobilinə təpik vurur, ona alçaldıcı sözlər deyir. Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsi təxminən 5-10 dəqiqə davam etmiş və həmin vaxtı avto təmir sexində işləyən şəxslər oraya toplaşmışdır. Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsinə səbəb onda qalan saatının qutusunu və elektrik yığan aparatını istəməyi olmuşdur. Təqsirləndirilən şəxs onu döyən zaman əlində hər hansı bir əşya olmamış, onu yalnız əli döyərək xəsarət yetirmişdir. Hazırda Cahidlə barışmışdır. Bu barədə notarial ərizəni məhkəməyə təqdim edərək məhkəmətərəfindən nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 16 aprel 2022-ci il tarixli 529 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər — sağ bazu çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol əlin İİİ barmağının yarası və sol gözün alt qapağının qançırı—bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir,əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan, “İşin halları” bölməsində təsvir edilmiş faktiki halları şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunan faktiki halların Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 221.1-ci maddəsi ilə müqayisəsi isə onu göstərir ki, həmin cinayət-hüquqi norması təqsirkarın əməlinə düzgün şamil edilmişdir. Təqsirəndirilən şəxsin əməli, mötəbərliyi heç bir şübhə doğurmayan CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən onun əməlini düzgün qiymətləndirmişdir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyin, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkəmə kollegiyası təqsirəndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilərək məhkuma bəraət verilməsini mümkün hesab etmir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar apellyasiya şikayətində göstərilən bu dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 41.2, 58.3, 59-cu maddələrini rəhbər tutaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, həmçinin əməlində cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını nəzərə almış, ona CM-in 221.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş cəza təyininin ümumi əsaslarını nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasını təyin etmiş və hazırki halda məhkuma təyin olunmuş həmin cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirici və ağırlaşdırıcı halları, apellyasiya instansiyasında tədqiq edilən halları təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin 3 may 2023-cü il tarixli, 1(125)-31/2023 saylı hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 3 may 2023-cü il tarixli, 1(125)-31/2023 saylı hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar