Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-383/2023 27.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X3 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin 11 may 2023-cü il tarixli 1(125)- 16/2023 nömrəli hökmündən məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Şəhər Məhkəməsinin 11 may 2023-cü il tarixli 1(125)-16/2023 nömrəli (sədrlik edən Kənan Hüseynov) hökmü ilə xx xxx 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, Z.Hacıyev küçəsi 22/12, mənzil 11-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 41,197 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlamaqla daşımış barəsində qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və üzərində gəzdirməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında 23 fevral 2022-ci il tarixdə, saat 19:40 dəqiqədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Zülfi Hacıyev küçəsində yerləşən “H2O” avtoyuma məntəqəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz Rayon Polis İdarəsinin inzibati binasına gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin sağ yan cibində gəzdirdiyi 1 ədəd “Argo” markalı siqaret qutusunun içərisindən kağız paketdə təmiz çəkisi 41,197 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək hökmü ləğv edib, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Həmçinin hökmdən məhkum apellyasiya şikayəti verərək azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət qanunvericiliyinin tələbinə əsasən, təqsirləndirilən şəxsin təqsirliliyinə dair sübutlar əsaslı olmalıdır, onun təqsirli bilinməsi əsas sübutlarla sübut edilməlidir. Əgər təqsirləndirilən şəxsin təqsirliliyinə dair şübhə də varsa, bu şübhə sübutlarla aradan qaldırılmalı, əks halda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Hazırkı vəziyyətdə nəinki təqsirliliklə bağlı şübhə vardır, həmçinin cinayət işinin içərisində İrzayevin əleyhinə ittiham tərəfindən irəli sürülmüş bütün faktların gerçəkliyi əks etdirmədiyi aşkar olur. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun ilk məhkumluğunu, ailəli olmağını və himayəsində 2 azyaşlı övladının olmasını, gəncliyini, ailədə ondan başqa gəlir gətirənin olmaması nəzərə alınaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməlidir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətlərini dəqiqləşdirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətlərini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi və bildirdi ki, təqsirləndirilən şəxsin ilk məhkumluğu, ailəli olmağı və himayəsində 2 azyaşlı övladının olması, gəncliyi, ailədə ondan başqa gəlir gətirənin olmaması nəzərə alınmalıdır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi daha ədalətli olardı. Təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən hallar tam nəzərə alınmamışdır. Buna görə şikayətlərin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən işin hallarını, məhkumun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə aldığını, onun törətdiyi cinayət əməlinə uyğun cəza təyin etdiyini bildirdi və apellyasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin(bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi şahidlərin ifadələri, maddi sübutlar və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirilmişdir. Apellyasiya şikayətlərində məhkuma ədalətli cəza, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətlərinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 9.2, 58 və 59cu maddələrini rəhbər tutaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmiş, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədalətli bərpa etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs barəsində olan və tədqiq edilən işin hallarını, təyin edəcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq məhkuma azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məqsədə müvafiq hesab etmir. Apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qeyd edilmiş əsaslar birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmışdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclüçəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları iləəlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 11 may 2023-cü il tarixli 1(125)-16/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 11 may 2023-cü il tarixli 1(125)-16/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-383/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-383/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver