Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-387/2023 14.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 1(021)-19/2023 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Bərdə Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 1(021)-19/2023 nömrəli (sədrlik edən Qamət Əbilov) hökmü ilə 25 avqust 1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, işsiz, Bərdə şəhəri, Füzuli küçəsi ev 21A-da qeydiyyatda olmaqla Bərdə şəhəri, Füzuli küçəsi ev 91-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 05 avqust 2022-ci il tarixindən 07 avqust 2022-ci il tarixinədək kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, CM-nin 52-1ci maddəsinə əsasən üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumilikdə təmiz çəkisi 1,641 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək üzərində saxlamış, 05 avqust 2022-ci il tarixdə saat 20:55 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Füzuli küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,641 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində daha ağır cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Eyni zamanda Respublikamızda narkomaniyaya qarşı aparılan daha kəskin və ciddi mübarizə tədbirləri nəzərdən qaçırılmamalı idi. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni tənzimləyə beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il tarixli protokolu ilə edilmiş düzəlişlərlə «Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına», «Psixotrop maddələr haqqında» 1971-ci il Konvensiyasına və «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» 1988-ci il tarixli Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halların nədə ifadə olunması və bunların nəyə görə cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində açıqlamamışdır. Beləliklə də məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apelyasiya protestini müdafiə edərək onun məzmununa uyğun çıxış etdi və protestin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi apellyasiya protestinə etiraz etdi və bildirdi ki, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həm törədilmiş cinayətin xarakterinə, həm də təqsirkarın şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərinə xidmət edir, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi təqsirləndirilən şəxsin ailəsini ağır vəziyyətə salacaqdır, buna görə protestin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs apellyasiya protestinə etiraz etdi və bildirdi ki, himayəsində iki azyaşlı uşaqları və yaşlı anası var, əməlindən peşmandır, protestin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin və protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Dövlət ittihamçısı apellyasiya protestində təqsirləndirilən şəxs barəsində daha ağır cəza – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya protestinin məhkuma daha ağır cəza yəni, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı dəlilini araşdıran kollegiya aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən halların siyahısı, bu halların əlamətləri tam göstərilmişdir. Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən qanunla müəyyən edilmiş hallar nəzərdə tutulmuş, 59.2-ci maddəsində məhkəmənin ayrı-ayrı halları da cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasının mümkünlüyü təsbit edilmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi məhkumun himayəsində azyaşlı uşaqlarının və yaşlı anasının olmasını, əməlini etiraf etməsini, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqda haqlı olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı davranışı ilə nümayiş və sübut etməsini, eləcə də, yuxarıda qeyd edilən onun cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alaraq barəsində daha ağır cəza təyin edilməsi üçün heç bir əsas tapa bilmir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya protestində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 1(021)-19/2023 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya protesti təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 1(021)-19/2023 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-387/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-387/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver