Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-390/2023 27.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X4 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(021)-29/2023 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(021)-29/2023 nömrəli hökmü ilə (hakim Fuad Babaşov) xx xxxxx 1981-ci il tarixdə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri, Bakı küçəsində yerləşən X5 və Texnologiya kollecinin yataqxanasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu andan yəni, 23 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin edilməsi və onun yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata götürülməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs o, binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlama cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 22 sentyabr 2022-ci il tarixdə, saat 02 radələrində, Bərdə şəhəri, Bakı küçəsində yerləşən Zərərçəkmiş şəxs şifahi müqavilə əsasında icarəyə götürüb işlətdiyi “Sizin” marketin qapısının şüşəsini küt alətlə sındıraraq həmin mağazaya qanunsuz daxil olmaqla oradan 250 (iki yüz əlli) manat nağd pulu, 96 manatlıq “Ani 50” adlı uduş lotereyasını, 78 (yetmiş səkkiz) manat dəyərində 30 ədəd göy rəngli “Winston” markalı siqareti, 52 (əlli iki) manat dəyərində 20 ədəd “Rothmans” markalı siqareti, 66 (altmış altı) manat dəyərində 30 ədəd “Palmall” markalı siqareti, 36 (otuz altı) manat dəyərində 10 ədəd “Winston” nazik markalı siqareti, 41 (qırx bir) manat dəyərində 10 ədəd göy rəngli “Sobranie” markalı siqareti, 37 (otuz yeddi) manat dəyərində 10 ədəd qara nazik “Kent 4” markalı siqareti, 63 (altmış üç) manat dəyərində 30 ədəd “Keno” markalı siqareti, 21 (iyirmi bir) manat dəyərində 10 ədəd qırmızı rəngli “Keno” markalı siqareti və 41 (qırx bir) manat dəyərində 10 ədəd ağ rəngli “Sobranie” markalı siqareti gizli olaraq talamaqla oğurlayıb Zərərçəkmiş şəxs ümumilikdə 781 (yeddi yüz səksən bir) manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1,282 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə qanunsuz əldə edərək üzərində saxlamış, 23 sentyabr 2022-ci il tarixdə saat 16:40 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Bakı küçəsində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindən yəni, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,282 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün CM-nin 234.1-ci maddəsinə aid hissədə cinayətlərin sadə residivinə görə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ İdarəsindən alınmış tələbnamədə göstərilən məlumatlardan, hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 02 iyul 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 iyul 2018-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin qərarı ilə 04 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək həmin hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarsa da, qeyd olunan hökm üzrə CM-in 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqdan sonra yenidən hazırki hökm üzrə qəsdən cinayət törətdiyinə görə onun əməlində cinayətlərin sadə residivi vardır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə cinayət qanunu normasını düzgün tətbiq etməməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə əməlində cinayətlərin sadə residivinin olmasını müəyyən etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini, hökmün CM-nin 234.1-ci maddəsinə aid hissədə cinayətlərin sadə residivinə görə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi apellyasiya protestinə etiraz etdi, protestin dəlillərinin əsassız olduğunu, təmin edilməsi üçün əsasların olmadığını bildirdi və apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsində iştirak edən məhkum apellyasiya protestinin dəlilləri ilə razı olmadığını və protestin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Göründüyü kimi dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə iş materiallarına əlavə edilmiş digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilir. Apellyasiya protestində də əməlin tövsifi və təqsirlilik məsələsi mübahisələndirilmir. Apellyasiya protestinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya protestində məhkum barəsində CM-nin 234.1-ci maddəsi ilə cəza təyin edilərkən cinayətlərin sadə residivin üzrə cəza təyin edilməməsini və birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması və buna görə də məhkuma CM-nin 234.1-ci maddəsi ilə cəza təyin edilərkən səhvə yol verilməsi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Cinayət işinin materiallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02 iyul 2007-ci il tarixli, İş№ A0521/07 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; Bərdə rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin 7(001)-350/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, nəzarətə götürülmüş və cəzanın sonu ilə əlaqədar xx.xx.2018-ci il tarixdə Bərdə rayon İcra və Probasiya şöbəsində şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyat kitabından çıxarılmışdır; Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 31 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02 iyul 2007-ci il tarixli, İş№ A-0521/07 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 iyul 2018-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin qərarı ilə 04 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını çəkib qurtardığı gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair xx.xx.2009-cu il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Həmçinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 dekabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Cinayət işində olan hökmün və qərarın surətindən göründüyü kimi Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02 iyul 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli qərarı ilə 04 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək həmin hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarsa da, CM-in 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqdan sonra yenidən hazırki hökm üzrə qəsdən cinayət törətdiyinə görə onun əməlində cinayətlərin sadə residivi vardır və ona CM-in 65.2-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilməlidir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bundan başqa hökmdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, CM-nin 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin etmişdir. Nəzərə alınsa ki, CM-in 65.2-ci maddəsinə görə sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz, bu halda məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməkdə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya protesti əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını cəzasını yüngülləşdirən hallar, əməlində cinayətlərin sadə residivinin olmasını cəzasını ağırlaşdıran hallar kimi qəbul edir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivi olduğundan ona CM-in 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası və ya sanksiyada nəzərdə tutulan daha ciddi cəza növünün, yəni azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi barədə qeyd edir ki, onun əməlində cinayətlərin sadə residivi yarandığından, Qanunun tələbinə əsasən ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. CPM-in 399.1 və 399.1.4-cü maddələrinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403.0.1-ci maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu norması məhkəmə tərəfindən tətbiq edilmədikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti təmin edilməli, hökm dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 399, 403, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(021)-29/2023 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin hazırkı hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası qismən toplanma yolu ilə qəti olaraq ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-390/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-390/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver