Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-400/2023 06.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və X4 ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X5 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 1(100)-55/2023 saylı hökmündən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X2 və Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 1(100)-55/2023 saylı hökmü ilə (sədrlik edən E.İ.Rüstəmov, hakimlər F.N.Mahmudov və R.N.Ələkbərli) xx.xx.2001-cı ildə Ağdaş şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan Bakı şəhəri, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 10, mənzil 12-də yaşayış yeri üzrə qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 4 A, mənzil 13-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib, 4 (dörd) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 10 avqust 2022-ci il tarixdən hesablanması, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının icrasının isə əsas cəzanın çəkilib qurtarmasından sonra başlanması qərara alınmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 1(100)-55/2023 saylı hökmündən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X2 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin hökmdən həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdə, saat 01 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi Mersedes Benz E 200 markalı, Az 99- GE-907 dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə şəhərin mərkəzi istiqamətində 70 km/saatda sürətlə hərəkət etdirərək Ş.İ.Xətai prospekti ilə kəsişmədə olan svetoforun qırmızı işığında yolayrıcına daxil olmuş və sağ tərəfdən həmin prospektlə svetoforun yaşıl işığında yolayrıcına daxil olan X3 idarə etdiyi VAZ-21074 markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, «X9» Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin, 33-cü maddəsinin 4-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, svetoforun qırmızı işığında hərəkətini davam etdirməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı, yolayrıcına daxil olmadan dayanmalı, yolayrıcına svetoforun yaşıl işığında daxil olan nəqliyyat vasitələrinə yol verməli, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə, başqa əmlaka zərər vurmamalı və avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq sürətlə idarə etməməli, hərəkət üçün təhlükə yarandığı andan nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda bunları etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da hadisənin baş verməsinə etinasız yanaşmış, nəticədə sürücü Səbuhi Məmmədov kəllə tağı və kəllə əsası sümüklərinin xətti formalı sınığı, baş beyin yarım kürrəsində xırda ölçülü qansızmalar, başın yumşaq toxumalarına sol təpə-gicgah nahiyələrinə uyğun hissələrinə qansızma, hər iki ağ ciyərin və dalağın cırılması, döş qəfəsinin sol tərəfində İ,İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ,İX,X,Xİ,Xİİ qabırğaların onurğayanı xətti üzrə, döş fəqərəsinin İ,İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ,İX,X,Xİ,Xİİ qabırğaların orta körpücük xətti üzrə sınıqları, hər iki körpücük sümüyünün orta 1/3hissədən qapalı sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma ilə nəticələnən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Belə ki, birinci instansiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmadan, təqsirləndirilən şəxsin ailə vəziyyətini, həyat şəraitini nəzərə almadan hökm çıxarmış, ona olduqca ağır cəza təyin etmişdir, həmin cəza onun şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Belə ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir, özünü ona istinad edilən cinayət əməlinin törədilməsində təqsirli bilir, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda İİ Qarabağ döyüşlərində iştirak etmişdir, üçüncüdərəcəli əlildir, «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» medalla və «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalla təltif olunmuşdur, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, zərərçəkmiş şəxsin hüquqi varisinə 8000 manat məbləğində pul ödənilmişdir, bundan başqa onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Göründüyü kimi birinci instansiya məhkəməsi onun barəsində yüngülləşdirici halları nəzərə almadan hökm çıxartmışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi, təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halların nəzərə alınmaqla ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökmdən narazıdır. Hesab edir ki, təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza çox yüngül olmaqla, onun törətdiyi əməlin təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun deyildir. Belə ki, məhkəmə tərəfindən həddən artıq yüngül cəzanın təyin edilməsi heç də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət edə bilməz. Hazırki iş üzrə məhkəmənin təyin etdiyi cəzanın həddi olduqca yüngül və ədalətsiz cəzadır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və məhkəmə ondan şikayətçi olduğunu nəzərə almamışdır. Hesab edir ki, məhkəmə qeyd olunanları nəzərə alıb məhkuma daha ağır cəza təyin etməlidir. Odur ki, hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, əvvəllər məhkum olunmamış, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda İİ Qarabağ döyüşlərində iştirak etmiş, üçüncüdərəcəli əlildir, «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasınagörə» medalla və «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalla təltif olunmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, zərərçəkmiş şəxsin hüquqi varisinə 8000 manat məbləğində pul ödənilmişdir. Ona görə də şikayətdə göstərilənlərin nəzərə alınmasını, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərdiyi məzmunda çıxış edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti ilə qismən razılaşaraq birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edildiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə uyğun qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi və əlavə olaraq birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısının təklif etdiyi cəza ilə razıdır, ona görə də müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin isə həmin cəza həddində təmin olunmasına etirazının olmadığını göstərdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, müdafiəçinin apellyasiya şikayətinin dəlilləri məhkum edilmiş şəxs barəsində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması, həmin halların nəzərə alınaraq ona aşağı həddə cəza təyin edilməsindən, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin dəlilləri isə təyin edilmiş cəzanın yüngül olması, işin faktiki halları nəzərə alınaraq təqsirləndirildən şəxsə daha ağır cəzanın təyin olunmasından ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətlərinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin tam etirafedici ifadələrini, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-nın 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətlərində işin faktiki halları, təqsirlilik məsələsi və əməlin hüquqi tövsifi mübahisələndirilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngül olmasını mübahisələndirmiş, təqsirləndirilən şəxslə barışmamasını əsas gətirərək ondan şikayətçi olduğunu bildirmiş, bu səbəbdən də təqsirləndirildən şəxsə daha ağır cəzanın təyin edilməsini, müdafiə tərəfi isə təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları sadalamaqla həmin halların kifayət qədər nəzərə alınmamasını qeyd etmiş, həmin halların nəzərə alınaraq təqsirləndirilən şəxsə aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın məhkumun islah olunmasına təsirini, məhkumun şəxsiyyətini, həmçinin əməlini etiraf etməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda İİ Qarabağ döyüşlərində iştirak etməsini, üçüncüdərəcəli əlil olmasını, «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasınagörə» medalla və «Hərbi xidmətdə fərqlənməyə görə» 3cü dərəcəli medalla təltif olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə 8000 manat məbləğində pulun ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi, eyni zamanda əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsi ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə təyin edilməsini qanunamüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası da hesab edir ki, həmin cəza ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan yüngülləşdirici halları, həm də apellyasiya instansiyasında müəyyən edilən halları təyin ediləcək cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq həmin cəzanı ədalətli və adekvat hesab edir, təyin edilmiş cəzanın ağırlaşdırılmasını və ya yüngülləşdirilməsini məqsədəmüvafiq hesab etmir. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məsələsi diqqətdə saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin olunmuş cəzanın ağırlaşdırılması və ya yüngülləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə mütənasib olmazdı. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsinin «X8rşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə barəbər ədalətin bərqərar edildiyi aydın görünməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş təyin edilmiş cəzanın ağırlaşdırılması və ya yüngülləşdirilməsi ədalət prinsipinə (maddə 8), humanizm prinsipinə (maddə 9), cəzanın məqsədinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58) zidd olardı. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Odur ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olduğundan apellyasiya şikayətlərində göstərilən dəlillər tam əsassızdır və qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsasında hökmün dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 1(100)-55/2023 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 1(100)-55/2023 saylı hökmü təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-400/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-400/2023
06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver