Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-408/2023 26.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası-X1 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X2, Zərərçəkmiş şəxs5 Bürcəli qızı, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin «24» may 2023-cü il tarixli , 1(125)-6/2023 saylı hökmü ilə (sədrlik edən O.N.Cəfərli) xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 475 ünvanında qeydiyyatda olmaqla yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1- ci maddələri ilə təqsirli bilinərək barəsində 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxsə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl şərti olaraq azad etmənin ləğv edilməsi, CM-in 67-ci maddəsinə əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 6 (altı) ay 5 (beş) gün hissəsi hazırki hökmlə təyin edilmiş 2 (iki) 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanaraq, ona qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən ona Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-131/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 17 avqust 2021-ci il tarixdən hesablanması qərara alınmış, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-131/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı hazırda çəkməsi nəzərə alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o 31 oktyabr 2020-ci il tarixdə saat 09 radələrindən saat 16 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinə sonuncunun evdə olmamasından istifadə edərək, evin plastik pəncərəsinə güc tətbiq edib açmaqla qanunsuz daxil olub oradan 1 ədəd 100 manat dəyərində elektriklə işləyən çörək sobasını, 1 ədəd 4 litr tutumlu 70 manat dəyərində elektriklə işləyən samovarı, 1 ədəd 1 kvadratmetrlik 200 manat dəyərində olan kaşmir xalçanı, birinin dəyəri 15 manat olmaqla 30 manat dəyərində 2 ədəd balışı, 1 ədəd 80 manat dəyərində yorğanı, 1 ədəd 120 manat dəyərində olan ədyalı, 1 ədəd 80 manat dəyərində LG markalı DVD aparatını, birinin dəyəri 8 manat olmaqla 16 manat dəyərində 2 ədəd anten blokunu, 1 ədəd həmin blokun 5 manat dəyərində olan paylayıcısını, 1 ədəd 80 manat dəyərində Supermax markalı krosnu aparatını, 1 ədəd 30 manat dəyərində gərginlik tənzimləyicisini, 1 ədəd 1200 manat dəyərində kompressor aparatını, birinin dəyəri 55 manat olmaqla 110 manat dəyərində 2 ədəd Boss markalı akkumlyatoru, 1 ədəd 65 manat dəyərində Siemens markalı dreli, 1 ədəd 65 manat dəyərində laqondanı, birinin dəyəri 5 manat olmaqla 20 manat dəyərində 4 ədəd qayçını ümumilikdə Zərərçəkmiş şəxs2 2241 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs3 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinə sonuncunun evdə olmamasından istifadə edərək, evin hasarından aşmaqla qanunsuz daxil olub oradan birinin dəyəri 150 manat olan 450 manat dəyərində 3 ədəd Avropa qapısını, ümumilikdə 225 manat dəyərində 10 qutu lominatı, 50 manat dəyərində 30 metr elektrik naqilini, ümumilikdə Zərərçəkmiş şəxs3 725 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar 04 iyun 2021-ci tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinə sonuncunun evdə olmamasından istifadə edərək qanunsuz daxil olub oradan birinin dəyəri 150 manat 300 manat dəyərində 2 ədəd pereparatoru, birinin dəyəri 20 manat olan 40 manat dəyərində 2 ədəd pereparatoru, 1 ədəd 80 manat dəyərində müşahidə kamerasının yaddaş qurğusunu, 1 ədəd 95 manat dəyərində “Atek” markalı laqondanı, 1 ədəd 160 manat dəyərində “İnterskol” markalı böyük pereparatoru, 1 ədəd 40 manat dəyərində əl direlini, 1 ədəd 70 manat dəyərində Bosch markalı kiçik pereparatoru, 30 manat dəyərində 15 metr ölçüdə elektrik uzadıcını, ümumilikdə Zərərçəkmiş şəxs1 815 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar 06 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 Bürcəli qızına məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinə güc tətbiq edib açmaqla qanunsuz olaraq otaqda yerləşən paltar rəfinin içərisindən 300 manat pulu, 1200 manat dəyərində “HP” markalı notbuk tipli kompüteri, 1 ədəd 85 manat dəyərində kişi çantasını, 1 ədəd 100 manat dəyərində “Samsung J1”markalı mobil telefonu, 1 ədəd 50 manat dəyərində “Persol” markalı kişi eynəyini, 4 ədəd ümumi dəyəri 160 manat olan “Omega” markalı kişi qol saatlarını, 1 ədəd 100 manat dəyərində “Rolex” markalı qadın qol saatını, 1 ədəd 15 manat dəyərində “Bulqari Aqua” markalı 100 ml həcmdə kişi ətrini, 1 ədəd 25 manat dəyərində “VGR” markalı üzqırxan aparatını, birinin dəyəri 300 manat olan 600 manat dəyərində 2 ədəd xrustal meyvə qablarını, birinin dəyəri 250 manat olan 500 manat dəyərində 2 ədəd “TOM” xrustal konfet qabı,1 ədəd 30 manat dəyərində “LG” markalı mobil telefonu, 1 ədəd 260 manat dəyərində “Samsung A3” markalı mobil telefonu, 1 ədəd 130 manat dəyərində “Karaca Lucca” markalı çəngəl-bıçaq dəstini, 1 ədəd 5 manat dəyərində “YNS” markalı qaşıq dəstini, 1 ədəd 90 manat dəyərində içərisində qab-qacaq olan çantanı, 1 ədəd 100 mnat dəyərində Samsung markal DVD aparatını, ümumilikdə Zərərçəkmiş şəxs5 3750 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs4 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə sonuncunun evdə olmamasından istifadə edərək evin plastik pəncərəsinə güc tətbiq etməklə qanunsuz daxil olub oradan 20 manat dəyərində 2 kiloqram dana ətini, 1 ədəd 32 sm dioqonallı 800 manat dəyərində “Samsung” markalı “televizoru, 18 manat dəyərində kişi ətrini, ümumilikdə Zərərçəkmiş şəxs4 838 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmündən narazı olduğunu bildirmiş və işinə yenidən ədalətlə baxılmasını xahiş etmişdir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi cəza təyini zamanı barəsində olan yüngülləşdirici halları yetərincə nəzərə almamış, həmçinin ona hökmlərin məcmusu üzrə cəza təyin edərkən cəzaları düzgün toplamamış və ona ağır cəza təyin etmişdir. Ona görə də Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsini və yüngül cəza təyin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı Rəşad Alıkişiyev apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin məhkum edilmiş şəxsin barəsində olan yüngülləşdirici və ağırlaşdırıcı halları, əməlində cinayətlərin resdivinin olmasını nəzərə alaraq ona ədalətli cəza təyin etdiyini, təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmadan saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs5 Bürcəli qızı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o apellyasiya şikayəti verməsə də, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin olunan cəzadan narazıdır. Belə ki, ona dəymiş maddi və mənəvi ziyan ödənilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü CPM-in 397.2-ci maddəsinin tələblərinə əsasən dəyişdirilməlidir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, məhkum edilmiş şəxsə istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi məhkumun edilmiş şəxsin barəsində olan yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və ona ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən məhkum edilmiş şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş və şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə onun Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsii və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, cinayət hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun səmimi peşmanlığını, törətdiyi cinayət nəticəsində vurulmuş zərəri qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin resdivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq, ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Belə ki, cinayət işinin materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.5, 29, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli Qərarına əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli Hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 6 (altı) ay 5 (beş) gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, 11 noyabr 2020-ci il tarixdə cəza müddətinin sonu ilə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilməmiş hesab olunur. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan müddəaları nəzərə alaraq Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə, əməlində cinayətlərin residivinin olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Birinci instansiya məhkəməsi habelə cinayətlərin və hökmlərin məcmusu üzrə ona qəti olaraq 5 il müddətə azadlıqdan məhrumetmə cəzasını ədalətli və qanuni təyin etmişdir. Lakin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə təqsirli bilindiyi maddələrlə qanuni və ədalətli cəza təyin etsə də, cinayətlərin və hökmlərin məcmusu üzrə cəzaları toplayarkən cinayət qanunu normasını düzgün tətbiq etməyərək səhvə yol verdiyindən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən hökm cəza təyini hissəsində dəyişdirilməlidir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 17-ci bəndində qeyd edilmişdir ki, “məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır”. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan normaları nəzərə almadan Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları əvvəlcə hökmlərin məcmusu üzrə, daha sonra isə cinayətlərin məcmusu üzrə toplayaraq, həmçinin cəzaçəkmə müddətinin əvvəlini Sumqayıt Şəhər Məhkəməsinin hökmündə göstərilən tarixdən hesablayaraq cinayət qanunu normasını yanlış tətbiq etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 1(125)-6/2023 saylı hökmü Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyini hissəsində dəyişdirilməli, ona Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 1(125)-6/2023 saylı hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 1(060)-131/2022 saylı hökmü ilə təyin edilmiş 3 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 4 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdən 26 iyul 2023-cü il tarixədək 1 il 11 ay 8 gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 2 il 9 ay 22 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Həmçinin Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl şərti olaraq azadetmə ləğv edilməli, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş 2 il 9 ay 22 gün müddətə azadlıqdan məhrumetmə cəzasına Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 6 ay 5 gün hissəsi qismən birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə qəti olaraq 3 il 22 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli isə hazırki qərarın çıxarıldığı 26 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 1(125)-6/2023 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 1(125)-6/2023 saylı hökmü Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyini hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 1(125)- 6/2023 saylı hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 1(060)-131/2022 saylı hökmü ilə təyin edilmiş 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdən 26 iyul 2023-cü il tarixədək 1 (bir) il 11 (on bir) ay 8 (səkkiz) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 2 (iki) il 9 (doqquz) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl şərti olaraq azadetmə ləğv edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrumetmə cəzasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 6 (altı) ay 5 (beş) gün hissəsi qismən birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablansın Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Rafiq Cəfərov Hakimlər Salman Hüseynov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(104)-408/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-408/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver