Məhkəmə qərarları › İş №1(104)-409/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-409/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-409/2023 10.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X4 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X1, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 may 2023-cü il tarixli 1(100)- 231/2023 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 may 2023-cü il tarixli 1(100)-231/2023 saylı (hakimlər R.N.Ələkbərli (sədrlik edən), D.H.İmanov və M.M.Məmmədzadə) hökmü ilə xx xxxx 1969-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, B.Əliyev küçəsi bina 6, mənzil 39-da qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən 21 yanvar 2022-ci il tarixdən 22 yanvar 2022ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında həbs edilməsi, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 18 may 2023-cü il tarixdən hesablanması, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs təkrar satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 430 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, bundan başqa, təkrar istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.385 qram təmiz çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2022-ci il tarixdə, saat 07 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 41 ünvanında yerləşən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin altında gizlətmiş olduğu bir ədəd polietilen torbanın içərisində 430 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin həmin gödəkçənin sol döş cibində gizlətmiş olduğu bir ədəd sellofan torbacığın içərisində olmaqla təkrar əldə etdiyi 1.385 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs 1.385 qram narkotik vasitə olan heroini və təkrarən 430 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamış, 21 yanvar 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılıb üzərinə baxış keçirilərkən həmin narkotik vasitələr aşkar edilib götürülmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən şəxsi istehlak miqdarından 9 dəfə çox miqdarda narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından 86 dəfə çox miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, yəni 2 növdə olmaqla narkotik vasitə aşkar edilib götürülmüşdür. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi qeyd edilsə də İİ qrup əlil olması səbəbindən narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə bağlı hər hansı əməliyyat məlumatının olmaması və buna görə də həmin narkotik vasitələri şəxsi istehlak məqsədilə əldə edib saxlaması qənaətinə gəlsə də, istifadə etdiyi halda nəyə görə Təqsirləndirilən şəxs heroindən istifadə ilə bağlı hər hansı əlamətin aşkar edilməməsinə qiymət verməmiş, məhkəmənin gəldiyi həmin nəticə məhkəmə iclasında tədqiq edilmiş heç bir sübutla, o cümlədən məhkəmə-narkoloji ekspertizasının rəyi ilə təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün işin obyektiv hallarına uyğun gəlməyən, satış məqsədilə təkrarən narkotik vasitə heroini və narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamasından ibarət olan həqiqəti gizlətməyə çalışan ifadələr verərək ondan aşkar olunmuş narkotik vasitələr yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyini, bu zaman satış məqsədinin olmadığını göstərmişdir ki, məhkəmə də, öz növbəsində, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi qeyd olunan xüsusatların özünümüdafiə xarakterli olmasını nəzərə almadan həmin ifadəyə əsaslanaraq sonuncunun narkotik vasitələri satış məqsədi olmadan şəxsi istehlakı üçün əldə etməsi kimi yanlış nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Bununla belə, hazırki cinayət işi üzrə məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələr heroin və qurudulmuş marixuananın şəxsi istehlak miqdarından kifayət qədər çox olmaqla miqdarını (müvafiq olaraq 9 və 86 dəfə) və işin yuxarıda sadalanan digər hallarını nəzərə almamışdır. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün, iş üzrə ibtidai istintaq zamanı verilmiş əməliyyat tapşırığına cavab məktubunun tam mətnini hökmdə əks etdirmək əvəzinə, hökmdə natamam formada həmin cavab məktubunun bir hissəsini qeyd etmiş, həmin məktubda Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin dairəsinin müəyyən edilməməsinin qeyd edildiyini göstərsə də, məktubda keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroin və və narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə üzərində saxlanmasının müəyyən edilməsinin qeyd edildiyini göstərməmiş, həmin məlumatın yoxlanması və təkzib edilməsi istiqamətində hər hansı mövqe bildirməmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək onun məzmununa uyğun çıxış etdi və protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs apellyasiya protesti ilə razı olmadığını bildirib hökmün qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi protestə etiraz etdi və bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəçisidir, bu hal ekspert rəyi ilə də təsdiq edilir. Buna görə protestin təmin edilməməsini və məhkəmənin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apelyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apelyasiya şikayəti və ya apelyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apelyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin CM-in 234.1-ci maddəsi ilə olan əməlinin CMin 234.4.2-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda qeyd edilən narkotik vasitələr aşkar edildikdən sonra onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, həmçinin o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, şübhəli şəxs kimi dindirilərkən üzərindən aşkar edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda olan narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığını bildirmiş, bundan sonra o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və təqsirləndirilən şəxs kimi də dindirilərkən üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığına dair ifadəsini bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə qeyd edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və üzərində daşıması barədə ifadə verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin,psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin əməlində narkotik maddələrin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və Ali Məhkəməinin Plenumunun qeyd edilən Qərarında sadalanan əlamətlərin olması nə ibtidai araşdırma orqanı tərəfindən aparılan istintaq zamanı, nə də məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əməliyyat-axtarış tədbirləri keçirilmiş lakin Təqsirləndirilən şəxs narkotik vasitənin dövriyyəsi ilə məşğul olması təsdiq edilməmişdir. İş üzrə müəyyən edilən fakt Təqsirləndirilən şəxs narkotik vasitənin aşkar edilməsindən ibarət olmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməsi, yəni külli miqdarda narkotik vasitənin dövriyyəsi məşğul olması ilə bağlı ittiham verilməsi düzgün olmamışdır. Təqsirləndirilən şəxsin “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayəti törətməsi iş materialları ilə təsdiq edildiyindən birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 234.4.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 may 2023-cü il tarixli 1(100)-231/2023 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 may 2023-cü il tarixli 1(100)- 231/2023 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar