Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(104)-411/2023 01.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Nurulu Firidun Bilal oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin «23» may 2023-cü il tarixli, 1(066)-54/2023 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum tərəfindən verilmiş apellyasiya şikayəti əsasında cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin (hakim Qələmdar Abbasov) «23» may 2023-cü il tarixli, 1(066)-54/2023 nömrəli hökmü ilə xx.xx.1990-cı ildə Kəlbəcər şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, Kolin tikinti şirkətinin nəzdində olan DKT şirkətində sürücü işləyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər şəhəri Sülh küçəsi ev 6-da daimi qeydiyyatda olmaqla Gəncə şəhəri 38-ci hərbi şəhərcik ev 394, mənzil 26-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 gün Göygöl RPŞ-nin MSY-də saxlanılması, həbsdə saxlamanın bir günü islah işləri növündə cəzanın dörd gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanaraq, ona qəti olaraq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 11 (on bir ) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzasının təyin olunması, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin onun işlədiyi və qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İŞİN HALLARİ Verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq 1 ədəd 7,62 kalibrli olmaqla, həmin kalibrə malik “AK”, “AKM”, “AKMS” modelli avtomatik tüfənglərdə, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən və təyinatı üzrə istifadəyə (atəşə) yaralı patronu əldə edib üzərində olan əl çantasının içərisində gizlədərək saxlamış, 29 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Kəlbəcər rayonundan Göygöl rayonuna gələn zaman Göygöl rayonu Toğanalı kəndinin inzibati ərazisində yerləşən stasionar postda xidmət aparan Göygöl RPŞ-nin Sarısu Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon Polis şöbəsinə gətirilmiş və əl çantasına baxış keçirilən zaman əl çantasının içərisində gizlədərək qanunsuz olaraq saxladığı 1 ədəd 7,62 kalibrli olmaqla, həmin kalibrə malik “AK”, “AKM”, “AKMS” modelli avtomatik tüfənglərdə, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən və təyinatı üzrə istifadəyə (atəşə) yaralı patron aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Dövlət ittihamçısı apellyasiya protestində hökmün dəyişdirilməsini və məhkuma daha ağır cəza təyin edilməsini, məhkum apellyasiya şikayətində hökmün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. APELLYASİYA PROTESTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə, təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növ zəmin yaratmış olmuşdur. Cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, cinayətin obyekti ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan ictimai münasibətlərdir. Son illər ərzində insanların ölümü və ya müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnən silahlı ixtişaşların sayının artması ölkənin ictimai həyatında ciddi rezonans doğuran məsələlərdən birinə çevrilmişdir. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də, onların qəbul edilməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Hazırki halda məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. İşin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs hazrıki cinayət əməlini törətdikdən-qanunsuz olaraq döyüş sursatı əldə etdikdən dərhal sonra deyil, polis əməkdaşları tərəfindən ifşa olunduqdan sonra, ifadə verərkən məsuliyyətini yüngülləşdirmək məqsədi ilə törətdiyi əməli etiraf etmişdir. CM-nin 228.1-ci maddəsinin sanksiyasında üç cəza növü olmasına baxmayaraq, hətta azadlığın məhdudlaşdırılması cəzası olduğu halda, ən yüngül cəza növünün aşağı həddini təyin etməklə yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş, qanunun yuxarıda qeyd olunan normalarının tələblərini kobud şəkildə pozmaqla beləliklə də cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Təqsirləndirilən şəxsin şəxsiyyətinə nəzər yetirdikdə görmək olur ki, sonuncu kriminallığa meyilli şəxsdir, hətta cinayət işini başlanması səbəb olan Təqsirləndirilən şəxs əl çantasının içərisində olan eynək qutusundan 3 ədəd ağ rəngli kağız bükümlərin içərisindən bitki toxumları (kannabis) və 1 ədəd patron olmuşdur. Həmin toxumlar yararsız olsa belə təqsirləndirilən şəxsin əlavə olaraq narkotik vasitə və psixotrop maddələrə də meyilli şəxs olmasını və onun şəxsiyyətini mənfi xarakterizə edir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdən narazıdır. Hökmdən göründüyü kimi o, bir ədəd patrona görə məhkum edilmişdir. Məcburi köçkündür, əvvəllər heç bir cinayət törətməmişdir, ali təhsillidir, ailəli olmaqla himayəsində iki azyaşlı uşağı vardır. Həmin patronu təsadüf nəticəsində tapmış, saxlamaqda heç bir məqsədi olmamışdır. Hesab edir ki, bir ədəd patron əldə edib saxlamağı az əhəmiyyətli olduğundan nə şəxsiyyətə, nə cəmiyyətə, nə də dövlətə heç bir zərər yetirə bilməz, yaxud da zərər yetirmək təhlükəsi yaratmır. Odur ki, məhkəmənin hökmünün ləğv edilməsini xahiş edir. Cinayət prosesi tərəflərinin mövqeyi: Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini və məhkum barəsində daha ağır cəza – azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Eyni zamanda məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, məhkumun əməlinin cinayət işinin materiallarında olan kifayət qədər mötəbər sübutların məcmusu ilə təsdiq olunduğunu bildirdi. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətində göstərilən məzmunda çıxış edərək və şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, etdiyi əməlin cinayət olmasını ümumiyyətlə bilməmişdir. Belə ki, o, bilmişdir ki, Kəlbəcər rayonundan gələrkən 4 polis postundan keçəcəkdir. Həmin əməlin cinayət olmasını bilsə həmin patronu postlara çatana qədər tullayar, üzərində daşımazdı. O, avtomobil sürücüsüdür və işğaldan azad edilmiş ərazilərdə gedən tikinti-bərpa işlərində sürücü kimi iştirak edir. Hərbi xidmətə yararlı olmadığı üçün hərbi xidmətdə olmamış və bir patrona görə ona cinayət işi başlanacağını bilməmiş, patronu brelok kimi istifadə etmək məqsədi ilə özündə saxlamışdır. Patronu Kəlbəcər rayonu ərazisində yerdən tapmış və üzərində daşımışdır. Patronu götürərək üzərində daşımaqda heç bir məqsədi olmamış, patrondan özünə brelok düzətmək istəmişdir. Bundan başqa çantasında olmuş çətənə toxumlarını türkəçarə kimi mədə pozuntusunda istifadə edirlər. Çətənə toxumunu əzib suya qataraq bir neçə dəfə içmişdir. Heç vaxt narkotik vasitədən istifadə etməmişdir və istənilən yerdə analiz verə bilər. Eyni zamanda apellyasiya protestinə etiraz etdi, protestin dəlilləri ilə razılaşmayaraq göstərdi ki, himayəsində iki azyaşlı uşağı vardır. O, patronu tapıb üzərində daşıdığına görə peşmançılıq hissi keçirir. Apellyasiya protestinin təmin edilməməsini, ona bəraət verilməsini xahiş edir. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, apellyasiya şikayətində göstərilən məzmunda çıxış etdi, apellyasiya şikayətinin təmin edilməsini və hökmün ləğv edilərək Təqsirləndirilən şəxs bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Eyni zamanda apellyasiya protestinə etiraz etdi, məhkum barəsində olan yüngülləşdirici halların nəzərə alınaraq apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Cinayət işində olan sübutlar: Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, Gəncə şəhəri 38-ci hərbi şəhərcik ev 394, mənzil 26- da ailəm ilə birlikdə yaşayır, evlidir, 2 azyaşlı övladı var. 2022ci ilin may ayından “Colin” tikinti şirkətinin nəzdində DKT şirkətində yük maşınlarının sürücüsü işləmişdir, təxminən 1 ay bundan əvvəl isə həmin şirkətdə işlər müvvəqqəti olaraq dayandığından işdən ayrılmışdır. Mahiyyəti üzrə bildirmişdir ki, o, əvvəllər narkotik vasitə qəbul etməmişdir. Kəlbəcər rayonunda işlədiyi dövrlərdə rayon ərazisində yabanı halda yetişmiş çətənə kollarının toxumları diqqətini çəkdiyi üçün onlardan yığıb üzərində saxlamışdır. Təxminən 2022-ci ilin noyabr ayının sonlarında yenə də Kəlbəcər rayonu ərazisində olduğu zaman 1 ədəd avtomat silahlarında istifadə olunan patron tapmışdır. Həmin patronu hərbiçilərə və ya polis əməkdaşlarına vermək niyyəti ilə üzərində saxlamışdır. 29 noyabr 2022-ci il tarixdə şirkət tərəfindən ailə üzvləriylə görüşmək üçün ona 3 günlük icazə verildiyindən saat təxminən 16:30 radələrində Kəlbəcər rayonundan çıxıb tanımadığı yol maşını ilə Gəncə şəhərinə yola düşmüşdür. Göygöl rayonu Toğanalı kəndində yaradılmış stasionar postda xidmət aparan Göygöl rayon Polis şöbəsinin əməkdaşları onu saxlamışlar. Nəzarət qaydasında əl çantasına baxdıqları zaman ona məxsus eynək qutusunun içərisində saxladığı çətənə bitkisinin toxumlarını və 1 ədəd patronu görüb onu Göygöl RPŞ-nə gətirmişlər. Göygöl RPŞ-də təhqiqatçı tərəfindən o, narkotik vasitələrin istifadəsinə şübhəli şəxs qismində tutulmuş və onun istəyi ilə dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmış və eynək qutusunda saxladığı çətənə toxumları ilə birlikdə 1 ədəd avtomat patronunu da aşkar edib götürmüşlər. Təyin edilmiş ekspertiza qərarından sonra onun Kəlbəcər rayonunda yığdığı çətənə toxumlarının tərkibində narkotik olmadığından onu müvəqqəti saxlama yerindən azad eləmişlər. Bundan sonra əl çantasında saxladığı 1 ədəd avtomat patronuna görə barəsində toplanmış materialın istintaqa göndəriləcəyini və onun yenidən polis şöbəsinə dəvət olunacağı izah edildikdən sonra o, yaşadığı ünvana getmişdir. Daha sonra isə işləmək üçün Kəlbəcər rayonuna getmişdir. Həmin vaxtdan da işlər dayanan vaxta qədər orada olmuşdur. Buna görə də barəsində Göygöl RPŞ-də aparılan araşdırma ilə bağlı rayon polis şöbəsinə dəvət olunmasına baxmayaraq gələ bilməmişdir. 17 mart 2023-cü il tarixdə polis əməkdaşları onu saxladıqları zaman barəsində axtarış elan olunduğunu bilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Göygöl rayon Polis şöbəsinin Sarısu Polis bölməsinin sahə rəisi vəzifəsində xidmət edir, rütbəsi polis baş leytenantıdır. Hazırda Göygöl rayonu Toğanalı kəndində yerləşən stasionar postda xidmət aparır. 29 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Göygöl rayonu Toğanalı kəndində yerləşən stasionar postda xidmətdə olarkən sonradan adı onlara məlum olan Təqsirləndirilən şəxs Kəlbəcər rayonundan Göygöl rayonu istiqamətində keçmək üçün posta yaxınlaşmışdır. Təqsirləndirilən şəxs əlində çanta olduğundan işğaldan azad olunmuş rayonlardan qayıdan şəxslərin oradan hər hansı qanunsuz əşyaların keçirilməsinin qarşısını almaq məqsədi ilə üzərlərində götürdükləri çantalara baxış keçirilməsi zəruri olduğundan, Təqsirləndirilən şəxs də çantasına nəzarət etmək üçün ondan əl çantasını açmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs əl çantasının içərisində olan eynək qutusunun içərisində ilk baxışdan narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar toxumlar olması diqqətlərini çəkmişdir. Bundan başqa 1 ədəd də avtomat silahlarında istifadə olunan patron olmasını müşahidə etmişlər. Təqsirləndirilən şəxs əl çantası ilə birlikdə Göygöl RPŞ-nə gətirib təhvil vermişlər. Göygöl RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı Razim Yadigarlı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs istəyi ilə dəvət olunmuş vəkil Namiq Həsənovun və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra isə onun əl çantasına baxış keçirilmiş və çantanın içərisində olan eynək qabından 3 ədəd ağ rəngli bükümdə olan narkotik vasitəyə bənzər kütlələr və 1 ədəd avtomat silahlarında istifadə olunan patron aşkar edilərək götürülmüşdür. Baxış və götürmə ilə bağlı baş təhqiqatçı Razim Yadigarlı tərəfindən protokol tərtib edilmiş, baxış və götürmə videolentə alınmış və protokol iştirakçılara oxunduqdan sonra imzalarıyla təsdiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göygöl rayon Polis şöbəsinin Sarısu Polis bölməsinin sahə polis nəfəri vəzifəsində xidmət edir, rütbəsi polis serjantıdır. Hazırda Göygöl rayonu Toğanalı kəndində yerləşən stasionar postda xidmət aparır. Postda işğaldan azad olunmuş rayonlara getmək üçün icazəsi olmayan şəxslərin buraxılmaması, eyni zamanda icazəsi olan şəxslərin işğaldan azad olunmuş rayonlara gedərkən və geri qayıdarkən həmin şəxslərin oradan üzərlərində və ya əl çantalarında, getdikləri avtomobillərdə qanunla qadağan olunmuş hər hansı əşya və s. hər hansı qanunsuz əşyaları keçirilməsinin qarşısını almaq məqsədi ilə xidmət aparırlar. 29 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Göygöl rayonu Toğanalı kəndində yerləşən stasionar postda xidmətdə olarkən sonradan adı onlara məlum olan Təqsirləndirilən şəxs Kəlbəcər rayonundan Göygöl rayonu istiqamətində keçmək üçün posta yaxınlaşmışdır. Təqsirləndirilən şəxs işğaldan azad olunmuş rayonlara girişçıxış icazəsini portalda yoxladıqda onun “Colin” şirkətində işçi kimi qeydiyyatda olmasını müəyyən etmişlər. Bundan sonra isə onun əl çantasının olmasını gördükdə nəzarət etmək üçün ondan əl çantasını açmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs əl çantasının içərisində olan eynək qutusunun içərisində bitki toxumlarına oxşar toxumlar olması diqqətlərini çəkmişdir. Bundan başqa 1 ədəd də avtomat silahlarında istifadə olunan patron olmasını müşahidə etmişlər. Təqsirləndirilən şəxs əl çantası ilə birlikdə Göygöl RPŞ-nə gətirib təhvil vermişlər. Sahə rəisi Şahid1 tərəfindən raportla məruzə edildikdən sonra Göygöl RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı Razim Yadigarlı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs istəyi ilə dəvət olunmuş vəkil Namiq Həsənovun və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra isə onun əl çantasına baxış keçirilmiş və çantanın içərisində olan eynək qabından 3 ədəd ağ rəngli bükümdə olan narkotik vasitəyə bənzər kütlələr və 1 ədəd avtomat silahlarında istifadə olunan patron aşkar edilərək götürülmüşdür. Baxış və götürmə ilə bağlı baş təhqiqatçı Razim Yadigarlı tərəfindən protokol tərtib edilmiş, baxış və götürmə videolentə alınmış və protokol iştirakçılara oxunduqdan sonra imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əl çantasının içərisində olan eynək qutusundan 3 ədəd ağ rəngli kağız bükümlərin içərisindən bitki toxumları və 1 ədəd patron aşkar edilərək götürülmüş, baxış zamanı aşkar edilmiş büküm və 1 ədəd patron zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitki toxumlarını və 1 ədəd patronu Kəlbəcər rayonunda işlədiyi zaman yığıdığını və tapdığını, həmin kütlədən və patrondan başqa heç bir yerdə saxlamadığını bildirmiş, bu barədə iştirakçıların iştirakı ilə protokol tərtib olunmuş və protokola əlavə edilməsi üçün “Samsung” markalı videoaparatın tətbiqindən istifadə edilməklə video çəkiliş aparılmış və 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan Məhkəmə-ballistik ekspertizasının 30 noyabr 2023-cü il tarixli 16/1353 nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş – 1 ədəd 7,62 kalibrli olmaqla, həmin kalibrə malik “AK”, “AKM”, “AKMS” modelli avtomatik tüfənglərdə, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patrondur və təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Kəlbəcər şəhər İnzibatı Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 508 nömrəli arayışından və arayışa əlavə edilmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Kəlbəcər şəhəri Sülh küçəsi ev 6-da daimi qeydiyyatda olmaqla məcburi köçkün kimi Gəncə şəhəri Məhsəti qəsəbəsi XVİİ küçədə müvəqqəti məskunlaşnış, himayəsində 2016cı il təvəllüdlü X4 və 2018-ci il təvəllüdlü X2 adlı ıkı azyaşlı uşağı var və yaşadığı yer üzrə müsbət səciyələndirilir. Ali təhsillidir, 2012-ci ildə Sumqayıt Dövlət Universitetinin Tarix fakultəsini bitirmişdir. Hüquqi Məsələlər Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası apellyasiya protestinin və şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya protesti təmin edilməməli, apellyasiya şikayəti təmin edilməli və Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə kollegiyasının gəldiyi nəticə Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs döyüş sursatı hesab edilən təxminən 2 manat dəyərində olan 1 ədəd patronu əldə etməsi, özü ilə gəzdirərək həmin patronu əl çantasında saxlamasından ibarət olan əməlinin əhəmiyyətliliyi, ictimai təhlükəliliyi, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməsi və ya zərər yetirmək təhlükəsi yaratması ilə bağlı həm ibtidai istintaq orqanının, həm də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “X3rşı”, “X5rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs döyüş sursatını qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamışdır. Qeyd olunan hərəkətlərinə görə o, CM-in 228.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmiş və barəsində həmin maddə ilə ittiham hökmü çıxarılmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 228.1-ci maddəsinin əlamətləri formal cəhətdən mövcud olsa da, lakin onun həmin hərəkətləri az əhəmiyyətli olmuş, ictimai təhlükəli olmamış, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməmiş və ya zərər yetirmək təhlükəsi yaratmamışdır. CM-nin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Göründüyü kimi Qanunun tələbinə görə az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan əməllər cinayət hesab edilmir. Hazırki CM-nə görə ictimai təhlükəlilik yalnız cinayət sayılan əməllərə şamil edilir. İctimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münasibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır. İctimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır. İctimai təhlükəliliyin dərəcəsi yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Qanunvericilikdə ictimai təhlükəlilik əlaməti mövcud olmadığına görə cinayət sayılmayan az əhəmiyyətli əməli xarakterizə edən 2 meyar müəyyən edilmişdir:
1. CM-in xüsusi hissəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin formal olaraq az əhəmiyyətli sayılan əməldə mövcud olması;
2. İctimai təhlükəlilik əlaməti mövcud olmadığı üçün belə əməlin şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirə bilməməsi və ya zərər yetirmək təhlükəsi yarada bilməməsi. Əməlin az əhəmiyyətli sayılmasını baş vermiş əməldə təzahür edən əlamətlər şərtləndirə bilər. (cinayətin törədilmə üsulu, cinayətin motiv və məqsədi, başa çatdırılması səviyyəsi və s.). Qanunla bir sıra cinayətlərin zəruri tərkib əlaməti qismində vurulmuş ziyanın əhəmiyyətli, külli və ya xüsusilə külli miqdarda olması tələb olunur. Belə hallarda vurulmuş faktiki ziyan əhəmiyyətli, külli və ya xüsusilə külli miqdarda olmadıqda, törədilmiş əməl formal cəhətdən də Məcəllədə nəzərdə tutulan cinayət tərkibini yaratmır. Cinayət əməli məcburi qaydada cəzalanmalı əməldir. CM-in 14.1-ci maddəsində cinayətə “bu Məcəllə ilə cəza təhdidi altında” əməl kimi qiymət verilir. Qanunla ictimai təhlükəli sayılan əmələ görə müvafiq cəza növü nəzərdə tutan sanksiya müəyyən edilmişdir. CM-in 41.1-ci maddəsində cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi tədbir kimi müəyyən edilir. Cəza cinayət törətməkdə təqsirli sayılan şəxsə tətbiq olunmaqla onun barəsində qanunla müəyyən edilən məhrumiyyətlər yaratmaqda və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasında ifadə olunur. Törədilən əmələ görə cəza tətbiq etmək mümkün deyilsə, belə əməl cinayət sayıla bilməz. Cinayət qanunvericiliyində təqsirli şəxsin cinayət cəzasından azad edilməsini nəzərdə tutan müvafiq maddələrin mövcud olması əməlin cəzalanmalı olmasının cinayət əməlinin zəruri əlaməti sayılmasını istisna etmir. Cəza və əməlin cəzalanmalı olması anlayışlarını eyniləşdirmək olmaz. Cəza törədilmiş cinayət əməlinin hüquqi nəticəsi olmaqla, cinayət hüququnda müstəqil kateqoriyadır. Qanunverici orqan ilk dəfə olaraq CMin 14.1-ci maddəsində cinayət hüququnda cinayət əməlinin əlamətlərini tam əhatə etməklə üç müstəqil institutu birləşdirmişdir. Bu anlayışlar isə cinayət qanunu, cinayət və cəzadan ibarətdir. Törədilmiş əməlin az əhəmiyyətli sayılmasının müəyyən edilməsi isə təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının səlahiyyətinə aiddir. Baş vermiş əməldə az əhəmiyyətlilik əlaməti aşkar edildikdə, cinayət işi başlanmır, başlanmış cinayət işinə isə əməldə cinayət tərkibi olmadığından bəraətverici əsaslarla xitam verilir, məhkəmə baxışı zamanı isə bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası hazırki işin faktiki hallarını və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun hərəkətlərində döyüş sursatını qanunsuz olaraq əldə etmə, daşıma və saxlama əməlləri formal cəhətdən mövcud olsa da, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirmədiyindən və ya zərər yetirmək təhlükəsi yaratmadığından bu əməl CM-nin 14.2-ci maddəsinə əsasən ictimai təhlükəli sayılmayan az əhəmiyyətli kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs həmin əməli cinayət hesab oluna bilməz. İstintaq orqanı və birinci instansiya məhkəməsi onun əməlinin cinayət hüquqi qiymətləndirilməsində səhvə yol vermişdir. Çünki baş vermiş hadisənin məqsədi və motivi, törədilməsi üsulu, eləcə də nəticələri məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas verir. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs həmin 1 ədəd patronu “Vətən Müharibəsi” zamanı döyüş əməliyyatlarının həyata keçirildiyi Kəlbəcər rayonu ərazisindən tutulmamışdan 3 gün əvvəl tapmış və üzərində daşımışdır. Yəni, Təqsirləndirilən şəxs həmin patronu əldə etməklə bağlı öncədən niyyəti olmamış, bunu qabaqcadan arzu etməmiş, planlaşdırmamışdır. Üstəlik onun bu əməlin törədilməsində məqsədi və motivi də qeyri müəyyəndir. Təqsirləndirilən şəxs 1 ədəd patronu qanunsuz əldə edərək saxlamaqda və daşımaqda təqsirli bilən birinci instansiya məhkəməsi o məsələyə qiymət verməmişdir ki, o, həmin patronu təsadüfən tapmışdır (əldə etmişdir), həmin patronun özündə saxlanmasına heç bir əhəmiyyət verməmiş, həmin patrondan gələcəkdə hər hansı hüquqa zidd məqsədlə istifadə etmək niyyətində olmamış, polis əməkdaşları tərəfindən onun üzərindən həmin 1 ədəd patron aşkar edilməsi nəticəsində, o, həmin patronu evinə gətirə bilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi hökmdə göstərməmişdir ki, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə şəxsiyyətə, cəmiyyətə və dövlətə hər hansı bir zərər vurmuş və ya belə bir təhlükə yaratmışdırmı? Bundan başqa məhkəmə kollegiyası hazırki əməlin subyektinin xüsusiyyətləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində iki azyaşlı uşağı vardır. Bundan başqa həmçinin iş materialları ilə müəyyən edilir ki, o, ali təhsilli olmuş, hazırki əməlinə qədər hər hansı cinayət əməlinə yol verməmiş və məhkum olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti ilə əlaqədar işin müəyyən olunmuş halları onun ictimai təhlükəli və cinayət törətməyə meyilli bir şəxs olmadığını göstərir. Həmçinin onun hazırki əməli öz işini itirməsinə səbəb ola və ailəsini də olduqca ağır maddi vəziyyətə sala bilər. Məhkəmə kollegiyası qeyd edir ki, yerdən tapdığı 1 ədəd patrona görə ali təhsilli, ailəli və himayəsində iki azyaşlı uşağı olan şəxsin məqsədi və motivi qeyri-müəyyən olan, hər hansı əhəmiyyəli nəticələrə səbəb olmayan, həmçinin şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməlinin cinayət hesab edilməsi və onun məhkum edilməsi CM-in norma və prinsiplərinə ziddir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun hərəkətlərində döyüş sursatını qanunsuz olaraq əldə etmə, daşıma və saxlama əməlləri formal cəhətdən mövcud olsa da, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirmədiyindən və və zərər yetirmək təhlükəsi yaratmadığından CMnin 14.2-ci maddəsinə əsasən onun əməli ictimai təhlükəli sayılmayan az əhəmiyyətli əməl kimi qiymətləndirilməlidir. CPM-in 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri-digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Məhz yuxarıda sadalananları nəzərə alan məhkəmə kollegiyası gəldiyi nəticəni ədalətli və əsaslı sayır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 62-ci bəndinə görə məhkəmə baxışı nəticəsində CM-in 14-cü maddəsində göstərilən hal (təqsirləndirilən şəxsə istinad edilən hərəkət və ya hərəkətsizlikdə cinayət qanununda nəzərdə tutulmuş əməlin əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə əməlin ictimai təhlükəli olmadığı, yəni şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirmək təhlükəsi yaratmadığı) və yaxud CM-in 36-40-cı maddələrində nəzərdə tutulmuş müvafiq olaraq zəruri müdafiə, cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması, son zərurət, əsaslı risk, əmrin və ya sərəncamın yerinə yetirilməməsi kimi hallar müəyyən edildikdə, bunlar əməldə cinayət tərkibinin olmaması kimi qiymətləndirilməli, müvafiq olaraq da şəxsə bəraət verilməsini (dövlət ittihamçısı ittihamdan imtina etdikdə həmin əsasla cinayət təqibinə xitam verilməsini) şərtləndirən əsas kimi nəzərdən keçirilməlidir. CPM-nin 399.1, 399.1.2 və 399.1.3-cü maddələrinə görə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-nin 42.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətə aidiyyəti sübuta yetirilmədikdə və ya şəxsin təqsirliliyi sübuta yetirlmədikdə təqsirləndirilən şəxsə bəraət verilməlidir. CPM-nin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq və prosesual əsas kimi CPM-in 42.1.2-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayət tərkibi əlamətləri olmadığından CM-in 228.1-ci maddəsi ilə ona, əməlində cinayət tərkibi olmadığından bəraət verilməlidir. CPM-nin 42.2.3-cü maddəsində göstərilmişdir ki, həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə CPMin 42.1.2-ci maddəsinə əsasən ona bəraət verilməlidir. CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-nin 350.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut 01 ədəd patron Azərbaycan Respublikası DİN-in Təchizat idarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirənin predmeti olan əmlaklar aşkar olunmamışdır. Məhkəmə ekspertizanın keçirilməsi ilə əlaqədar iş üzrə 63,90 (altmış üç manat doxsan qəpik) manat məbləğində pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Eyni zamanda CPM-in 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq tutulması, CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi, barəsində qətimkan tədbiri seçilməsi və qanunsuz ittiham hökmü çıxarılması nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ izah edilməlidir. Məhkəmə kollegiyası apellyasiya protestinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi CPM-in 397.1 və 397.2-ci maddələrinin vermiş olduğu səlahiyyətlərdən istifadə edərək və apellyasiya şikayətinin dəlilləri əsasında yoxlama apararaq yuxarıda ərtaflı şəkildə araşdırılmış faktlara görə Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə bəraət verilməli olması, onun əməlinin və özünün ictimai təhlükəli olmadığı qənaətinə gəldiyindən, məhkəmə hökmündə apellyasiya protestinin dəlillərinə (əməlinin və özünün ictimai təhlükəli olması, ona təyin olunmuş cəzanın ağırlaşdırılmalı olmasına dair məsələlərə) münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və CM-in 14.2-ci, CPM-in 42, 344-347, 349, 350, 352-353, 356, 397, 398, 399-403, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq
HÖKM ETDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin «23» may 2023-cü il tarixli, 1(066)-54/2023 nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs qanunsuz olaraq tutulması, həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi, barəsində qanunsuz ittiham hökmü çıxarılması nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. İş üzrə maddi sübut 01 ədəd patron Azərbaycan Respublikası DİN-in Təchizat idarəsinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertizaların keçirilməsinə çəkilmiş 63,90 (altmış üç manat doxsan qəpik) manat ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.